Regional
transformasiyanın əsas aktoru: Azərbaycan
Cənubi Qafqazda son illərdə baş verən
proseslər klassik diplomatik danışıqların
hüdudlarını aşaraq iqtisadi və logistika sahələrində
konkret transformasiyalar yaratmağa başlayıb. Türkiyə
ilə Ermənistan arasında quru ticarətinin birbaşa həyata
keçirilməsi istiqamətində atılan addımlar hələ
tam mənada sərhədlərin açıldığı
bir mərhələyə işarə etməsə də,
siyasi durğunluğun iqtisadi axın vasitəsilə
yumşaldıldığı yeni bir prosesi təmsil edir. Bu
inkişaf simvolik jestdən daha çox, regional ticarətin
yenidən strukturlaşdırılmasına yönəlmiş
praqmatik addım kimi qiymətləndirilməlidir. Diplomatiya əksər
hallarda siyasi mətnlər və lider görüşləri
üzərindən irəliləyir; lakin Cənubi Qafqazda
artıq iqtisadi təmasların diplomatik prosesi
stimullaşdırdığı bir mərhələyə
daxil olunduğu müşahidə edilir.
Bu kontekstdə iqtisadi münasibətlərin
başlanması, qarşılıqlı asılılıq
yaratmaq potensialı baxımından klassik təhlükəsizlik
mərkəzli yanaşmaların yerini geo-iqtisadi məntiqin
tutduğunu göstərir. Sərhəd keçid məntəqələrinin
texniki olaraq bağlı qalması ilə ticarətin faktiki
şəkildə başlaması arasındakı hibrid vəziyyət,
regionun yeni siyasət formalaşdırma üsulunu ortaya qoyur.
Bu model siyasi həll tam başa çatmadan iqtisadi təmasların
qurula biləcəyini göstərir və tərəflərin
geri dönüşü çətin olan inteqrasiya prosesinə
qədəm qoyduğunu düşündürür.
Cənubi Qafqazın tarixi həssaslığı nəzərə
alındıqda, iqtisadi inteqrasiyanın sabitlik yaradan mexanizm
kimi dəyərləndirilməsi diqqətəlayiqdir. Nəqliyyat
şəbəkələrinin açılması, ticarət
həcminin artması və qarşılıqlı iqtisadi
maraqların formalaşması uzunmüddətli perspektivdə
münaqişə xərclərini yüksəldən bir
balans yarada bilər. Bu səbəbdən diplomatik
normallaşmadan iqtisadi açılışa keçid təkcə
iki ölkə arasındakı münasibətlərə
deyil, bütövlükdə regional nizamın
formalaşmasına təsir göstərmək potensialına
malikdir.
Türkiyə–Ermənistan quru ticarətinin
başlanması: Strateji mənası
Türkiyə ilə Ermənistan arasında quru ticarətinin
birbaşa həyata keçirilməsi texniki tənzimləmə
kimi görünsə də, regional güc balansı
baxımından strateji nəticələr doğura biləcək
bir addımdır. Uzun illər Gürcüstan üzərindən
dolayı formada həyata keçirilən ticarət fəaliyyətlərinin
hüquqi və logistika baxımından sadələşdirilməsi
xərcləri azaldaraq ticarət həcminin artması
potensialını yaradır. Bu vəziyyət iki ölkə
arasında iqtisadi təmasların artmasına və özəl
sektor səviyyəsində yeni əlaqələrin
qurulmasına zəmin hazırlayacaqdır.
Bu inkişafın ən diqqətçəkən tərəfi
siyasi fikir ayrılıqları tam şəkildə həll
edilməmişkən iqtisadi əməkdaşlığın
başlanmasıdır. Bu isə iqtisadi rasional yanaşma ilə
siyasi ehtiyatların bir-birindən ayrıldığı yeni
bir yanaşmanı əks etdirir. Xüsusilə qlobal ticarət
şəbəkələrinin yenidən
formalaşdığı bir dövrdə tərəflərin
logistika üstünlüyü əldə etmək
motivasiyası siyasi mübahisələri arxa plana keçirə
bilir.
Türkiyə baxımından bu addım Orta Dəhliz
strategiyasının cənub qolunun gücləndirilməsi deməkdir.
Ermənistan üçün isə iqtisadi izolyasiyanın
azalması və alternativ ticarət kanallarına
çıxışın təmin edilməsi mümkün
ola bilər. Lakin bu prosesin davamlılığı və
genişlənməsi böyük ölçüdə Azərbaycanla
aparılan sülh prosesinin gedişatından və regional təhlükəsizlik
balansından asılı olacaqdır.
Gürcüstanın balans strategiyası: Tranzit mərkəz
mövqeyini qoruma axtarışı
Gürcüstanın xarici işlər naziri Maka
Botçorişvilinin yeni nəqliyyat xətlərinin
Gürcüstan üçün təhdid deyil,
tamamlayıcı element olduğu barədə açıqlamaları
regiondakı geo-iqtisadi transformasiyanın mühüm göstəricisidir.
Gürcüstan uzun illərdir Cənubi Qafqazın əsas
tranzit mərkəzi kimi mövqelənmiş və Qara dəniz
limanları ilə dəmir yolu infrastrukturu sayəsində
Şərq–Qərb ticarətinin başlıca keçid
nöqtəsinə çevrilmişdir. Bu səbəbdən
yeni marşrutların işə düşməsi ilk
baxışda rəqabət təsəvvürü yarada bilər.
Lakin Gürcüstanın son bəyanatları artan
yük həcmi fonunda tək bir xəttin kifayət etməyəcəyinə
dair anlayışın formalaşdığını göstərir.
Qlobal ticarətdə alternativ marşrutlara tələbat
artdıqca çoxşaxəli dəhliz sisteminin regional tutumu
artıracağı düşünülür. Bu yanaşma
sıfır cəmlı rəqabət əvəzinə
tamamlayıcı inteqrasiya anlayışının ön plana
çıxdığını nümayiş etdirir.
Gürcüstanın bu mövqeyi diplomatik gərginliyi
azaldan və regional əməkdaşlığı təşviq
edən diskurs formalaşdırır. Eyni zamanda Tbilisinin öz
tranzit roluna olan inamını əks etdirir. Yeni xətlər
istifadəyə verilsə belə, Gürcüstanın
coğrafi üstünlüyü və mövcud infrastrukturu
onu regional logistika tənliyində əvəzolunmaz etməyə
davam edəcəkdir.
Regional transformasiyanın əsas aktoru: Azərbaycan
Cənubi Qafqazda ticarət və logistika
balanslarının yenidən formalaşması müzakirə
edilərkən prosesin mərkəzində dayanan aktorun Azərbaycan
olduğu reallığı nəzərdən
qaçırıla bilməz. Türkiyə ilə Ermənistan
arasında quru ticarətinin başlanması ilk baxışda
iki ölkə arasındakı normallaşma addımı kimi
görünsə də, geo-iqtisadi və geosiyasi nəticələri
baxımından birbaşa Bakını maraqlandırır. Azərbaycan
təkcə coğrafi mövqeyinə görə deyil; enerji
infrastrukturu, Orta Dəhlizdəki rolu və Naxçıvan
bağlantısı səbəbilə də regional logistika
memarlığının əsas dayağıdır. Bu səbəbdən
atılan hər yeni addım Bakı üçün həm
fürsət, həm də strateji hesablamalar tələb edən
inkişafdır.
Azərbaycanın əsas prioritetlərindən biri
ölkənin tranzit mərkəz mövqeyinin zəifləməməsi,
əksinə daha da güclənməsidir. Xəzər dənizi
vasitəsilə Orta Asiyaya uzanan bağlantılar,
Bakı–Tbilisi–Qars dəmir yolu xətti və enerji boru kəmərləri
Azərbaycanı Şərq–Qərb oxunun ayrılmaz elementi
halına gətirmişdir. Türkiyə–Ermənistan quru ticarətinin
başlanması, əgər Azərbaycanın bu şəbəkə
daxilindəki mərkəzi rolunu möhkəmləndirərsə,
müsbət qarşılanacaqdır. Lakin yeni marşrutlar Azərbaycanı
bypass (sistemin fasiləsiz işləməsi üçün
xüsusi ehtiyat marşrut, alternativ marşrut) edən alternativ
sistem formalaşdırarsa, Bakının yanaşması daha
ehtiyatlı olacaqdır. Deməli məsələ təkcə
ticarətin başlaması deyil, onun hansı marşrut üzərindən
və hansı iqtisadi paylaşım modeli ilə həyata
keçiriləcəyidir.
Naxçıvan faktoru Azərbaycanın
strategiyasında xüsusi yer tutur. Naxçıvanın əsas
ərazi ilə fasiləsiz və aşağı xərcli
bağlantı əldə etməsi təkcə iqtisadi deyil,
eyni zamanda siyasi və psixoloji qazanc deməkdir. Türkiyə
ilə Ermənistan arasında ticarət keçidlərinin tənzimlənməsi
uzunmüddətli perspektivdə Naxçıvan üzərindən
keçə biləcək yeni logistika xətlərinin
önünü aça bilər. Bu vəziyyət Azərbaycanın
daxili bütövlüyü və regional inteqrasiya vizyonu
baxımından mühüm mərhələ təşkil
edir. Lakin bu bağlantının təhlükəsizlik və
suverenlik aspektləri Bakı üçün vazkeçilməzdir;
hər hansı beynəlxalq nəzarət və ya idarəetmə
mexanizmi Azərbaycanın suverenlik həssasiyyətləri ilə
uyğun olmalıdır.
Azərbaycanın strategiyasının ikinci
ölçüsü regional güc balansı ilə
bağlıdır. Cənubi Qafqaz uzun illər böyük
güclərin rəqabət meydanı olmuşdur. Rusiyanın
tarixi təsiri, Qərbin artan diplomatik marağı və
Türkiyənin regiondakı aktiv rolu tənliyi
çoxqatlı etmişdir. Bu şəraitdə Azərbaycan
balans siyasəti aparan və öz maraqlarını maksimuma
çatdırmağa çalışan aktor kimi önə
çıxır. Türkiyə–Ermənistan ticarətində
atılan yeni addım Bakının bu balans siyasətini daha
diqqətlə aparmasını zəruri edir. Çünki
iqtisadi normallaşma prosesi təkcə iki ölkə
arasında deyil, bütövlükdə regional güc
bölgüsündə təsirlər yarada bilər.
İqtisadi baxımdan Azərbaycan üçün ən
mühüm məsələ tranzit gəlirlərinin
artırılması və logistika xidmətləri sektorunun
genişləndirilməsidir. Yeni ticarət axınları liman
idarəçiliyi, anbarlama, gömrük xidmətləri və
daşıma şirkətləri üçün yeni imkanlar
yarada bilər. Xüsusilə Xəzər keçidli yüklərin
Avropaya çatdırılmasında Azərbaycanın rolu
artarsa, ölkə həm iqtisadi gəlir əldə edəcək,
həm də strateji dəyərini yüksəldəcəkdir.
Bu kontekstdə Azərbaycanın hədəfi tək bir xətt
üzərindən deyil, çoxsaylı marşrutlar
arasında mərkəzi qovşaq nöqtəsi olmaqdır.
Bununla yanaşı, Azərbaycanın strateji
hesablamasında risk amilləri də mövcuddur. Prosesin nəzarətsiz
irəliləməsi və ya Azərbaycanın təhlükəsizlik
gözləntilərinin yetərincə
qarşılanmaması daxili siyasətdə tənqidlərə
səbəb ola bilər. Eyni zamanda ticarətin başlaması
ilə Ermənistanın iqtisadi baxımdan güclənməsi
Bakı üçün diqqətlə izlənilməli
inkişaf olacaqdır. Azərbaycan iqtisadi inteqrasiyanı dəstəkləyərkən
eyni zamanda təhlükəsizlik və siyasi maraqlarını
qoruyacaq mexanizmlərin yaradılmasını tələb edəcəkdir.
Azərbaycan mərkəzli yeni logistika nizamının
uğuru Bakının prosesə aktiv iştirakından
asılıdır. Əgər Azərbaycan infrastruktur
yatırımlarını sürətləndirər, tranzit
siyasətlərini elastikləşdirər və regional əməkdaşlığı
dəstəkləyən çərçivə təqdim edərsə,
Cənubi Qafqazda iqtisadi inteqrasiyanın əsas
daşıyıcısına çevrilə bilər. Əks
halda yeni xətlər fərqli mərkəzlərdə cəmləşə
və Azərbaycanın gözlədiyi geo-iqtisadi qazanc məhdud
qala bilər.
Nəticə etibarilə Azərbaycan üçün
məsələ yalnız Türkiyə–Ermənistan ticarətinin
başlanmasından ibarət deyil. Əsas sual bu
inkişafın Azərbaycanın regional mövqeyinə necə
təsir göstərəcəyidir. Əgər proses
düzgün idarə olunarsa, Bakı Cənubi Qafqazda ticarət
və logistikanın yenidən formalaşdığı bu mərhələdə
mərkəzi aktor mövqeyini daha da möhkəmləndirə
bilər. Lakin bu, strateji hesablamaların diqqətlə
aparılmasını və iqtisadi qazanc ilə təhlükəsizlik
narahatlıqları arasında həssas balansın
qurulmasını tələb edir. Bu səbəbdən Azərbaycan
yeni dövrün passiv izləyicisi deyil, onun memarlarından
biri olmağa çalışır.
Logistika alanslarının yenidən qurulması
Cənubi Qafqazda ticarət və logistika balansları
artıq tək bir xətt üzərindən müəyyən
edilmir. Çoxşaxəli marşrut məntiqi risklərin
bölüşdürülməsi və tutumun
artırılması baxımından daha dayanıqlı model
təqdim edir. Türkiyə–Ermənistan quru ticarətinin
başlanması bu şəbəkə strukturunun cənub
qolunu gücləndirmək potensialına malikdir.
Bu transformasiya yalnız iqtisadi deyil, geosiyasi nəticələr
də doğuracaqdır. Tranzit yolların şaxələndirilməsi
hər hansı bir aktorun təkbaşına dominant
olmasını çətinləşdirir və daha
balanslı güc bölgüsü yaradır. Bu isə
regional sabitlik baxımından müsbət inkişaf kimi qiymətləndirilə
bilər.
Lakin yeni logistika nizamının uğuru texniki
infrastrukturun modernləşdirilməsi, gömrük
prosedurlarının uyğunlaşdırılması və
siyasi koordinasiyanın davam etdirilməsindən
asılıdır. Əks halda gözləntilərlə
praktik tətbiq arasında boşluq yarana bilər.
Nəticə: Cənubi Qafqazda yeni geo-iqtisadi
dövrün astanası
Türkiyə–Ermənistan quru ticarətinin
başlanması və Gürcüstanın tamamlayıcı
yanaşması Cənubi Qafqazda diplomatik diskursun iqtisadi
praktikaya çevrildiyini göstərir. Bu inkişaf təkbaşına
tarixi problemləri aradan qaldıran qırılma deyil; lakin
regional nizamın təhlükəsizlik mərkəzli strukturdən
geo-iqtisadi mərkəzli memarlığa doğru təkamül
etdiyini nümayiş etdirməsi baxımından kritik əhəmiyyət
daşıyır. Artıq regiondakı güc balansı
yalnız hərbi potensial və ya siyasi ittifaqlarla deyil, tranzit
xətləri, ticarət həcmi və logistika şəbəkələri
üzərindən də müəyyən edilir.
Bu yeni tənlikdə Azərbaycanın rolu həlledicidir.
Bakı həm coğrafi mövqeyi, həm də enerji və nəqliyyat
infrastrukturu sayəsində Cənubi Qafqazdakı iqtisadi
inteqrasiyanın mərkəzində dayanır. Türkiyə
ilə Ermənistan arasında ticarətin birbaşa həyata
keçirilməsi, əgər Azərbaycanın tranzit mərkəz
mövqeyini gücləndirən çərçivədə
inkişaf edərsə, regional sabitliyi möhkəmləndirə
bilər. Lakin Azərbaycanın təhlükəsizlik həssasiyyətləri
və iqtisadi paylaşım gözləntiləri nəzərə
alınmadan atılan addımlar prosesin kövrəkliyini
artıra bilər. Buna görə də yeni logistika
nizamının davamlılığı Bakının aktiv
iştirakı və razılığı ilə
mümkündür.
Cənubi Qafqazda çoxşaxəli marşrut sisteminə
keçid sıfır cəmlı rəqabət
anlayışını zəiflətmək potensialına
malikdir. Tək bir dəhlizin dominantlığına əsaslanan
köhnə model yerini bir-birini tamamlayan tranzit şəbəkələrinə
verir. Bu transformasiya həm ticarət həcmini artıra, həm
də tərəflər arasında iqtisadi
qarşılıqlı asılılıq yaradaraq
münaqişə riskini azalda bilər. Lakin bu potensialın
reallaşması üçün texniki uyğunlaşma,
infrastruktur yatırımı və siyasi koordinasiya davamlı
şəkildə təmin edilməlidir.
Yaxın perspektivdə müəyyənedici amil
diplomatik iradənin iqtisadi inteqrasiya ilə dəstəklənib-dəstəklənməyəcəyidir.
Əgər tərəflər qısamüddətli siyasi
hesablamalar əvəzinə uzunmüddətli iqtisadi
qazancı önə çəkən yanaşma qəbul edərlərsə,
Cənubi Qafqaz kövrək rəqabət məkanı olmaqdan
çıxaraq strateji ticarət körpüsünə
çevrilə bilər. Əks halda atılan addımlar
simvolik xarakter daşıya və region yenidən geosiyasi gərginliklərin
mərkəzinə qayıda bilər.
Son nəticədə “Diplomatiyadan İqtisadiyyata”
keçid təkcə diskurs dəyişimi deyil; regional
güc istehsal mexanizminin transformasiyasını ifadə edir. Azərbaycan
mərkəzli yeni logistika nizamı düzgün idarə
edildiyi təqdirdə Cənubi Qafqazda daha balanslı, daha
inteqrasiya olunmuş və daha proqnozlaşdırıla bilən
iqtisadi memarlıq formalaşdıra bilər. Bu proses hələ
tamamlanmamışdır; lakin region tarixi olaraq ilk dəfə
iqtisadi rasional yanaşma ilə geosiyasi hesablamaların eyni
istiqamətdə irəliləyə biləcəyi bir mərhələdə
dayanır.
Mehmet Gökhan Özçubukçu
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin
(DASAM) sədri, Beynəlxalq Münasibətlər üzrə
mütəxəssis (Türkiyə)
Xüsusi olaraq “Xalq Cəbhəsi” üçün
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.10.