“Xocalı
soyqırımını Ermənistan təkbaşına
törətməyib”-Niyaməddin Orduxanlı
“Xocalı faciəsi Azərbaycan xalqının
yaddaşından heç zaman unudulmayan ən ağır səhifələrdən
biri kimi qalacaq. Bu hadisəni Ermənistan təkbaşına
törətməyib. Ağır cinayətin şəriki Rusiyanın
366-cı alayı, rus əsgəri, zabitidir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının
Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.
Niyaməddin Orduxanlı bildirib ki, Xocalı faciəsi
bəşəriyyətin ən ağır müharibə
cinayətlərindən biri kimi qəbul olunur: “Söhbət
mülki əhaliyə qarşı sistemli və məqsədli
zorakılıq aktından gedir. Günahsız körpələrə,
uşaqlara, qadınlara, qocalara edilən ən ağır
işgəncələrdən danışanda ilk olaraq Azərbaycan
xalqının yaddaşına Xocalı soyqırımı
düşür. Məhz bu insanlar öz milli kimliyinə,
türk kökənli olduğuna, dini dəyərlərinə,
islam dininin daşıyıcısı olduğuna görə
amansızlıqla qətlə yetiriliblər. Xocalı
soyqırımı siyasi, hüquqi və mənəvi müstəvidə
həm regional, həm də qlobal miqyasda ciddi nəticələr
doğuran bir cinayətdir. Bunu hər bir azərbaycanlı
ürək ağrısı ilə xatırlayır.
Xocalıda dinc əhaliyə qarşı törədilmiş
qətliam beynəlxalq humanitar hüququn, Cenevrə
Konvensiyalarının və onların Əlavə
Protokollarının kobud şəkildə pozulmasıdır.
Yüzlərlə mülki şəxsin qətlə yetirilməsi,
əsir və girovların işgəncəyə məruz
qalması, qadın və uşaqların xüsusi qəddarlıqla
öldürülməsi müharibə cinayətləri və
insanlığa qarşı cinayətlər kateqoriyasına
daxildir.
Bu hadisələr həm də 1948-ci il
“Soyqırımı cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında”
Konvensiyanın ruhuna və mahiyyətinə zidd əməllər
kimi qiymətləndirilir. Xocalıda baş verənlər
etnik mənsubiyyətə görə azərbaycanlı
mülki əhalinin hədəfə alınması ilə
müşayiət olunduğundan, hadisənin
soyqırımı kimi tanınması istiqamətində Azərbaycan
dövləti sistemli diplomatik və hüquqi fəaliyyət
aparır.
Beynəlxalq hüquq baxımından belə cinayətlərə
görə məsuliyyət həm fərdi, həm də
dövlət məsuliyyəti formasında tətbiq oluna bilər.
Bu baxımdan Ermənistanın siyasi-hərbi rəhbərliyinin
və əməliyyatda iştirak etmiş silahlı birləşmələrin
məsuliyyət məsələsi daim gündəmdə
saxlanılır. Və təsadüfü deyil ki, 2023-ci il 24
saatlıq antiterror əməliyytından sonra vaxtı ilə
Xocalıda soyqırımı törətmiş şəxslər
həbs edildi və onlar ən ağır cəzalara layiq
görüldülər. Düzdür, bu cinayətdə
iştirak etmiş Səriksiyan-Köçəryan
cütlyü də var. Və mütləq şəkildə
bu adamlar və cinayətdə iştirak edən şəxslərin
hər biri öz layiqli cəzalarını alacaqlar. Xocalı
Soyqırımının 34 il ərzində dünya dövlətlərinə
və beynəlxalq təşkilatların diqqətinə
çatıdrılması istiqamətində görülən
işlərə də toxunmaq istəyirəm. Uzun illərdir
ki, Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla
Əliyevanın təşəbbüsü ilə “Xocalıya
ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası
çərçivəsində Xocalı soyqırımı
haqqında acı reallıqların dünya ictimaiyyətinə
çatdırılması, beynəlxalq təşkilatlarda və
parlamentlərdə faciənin tanınmasına nail
olunması, informasiya müharibəsində həqiqətlərin
müdafiəsinin təmin edilməsi istiqamətində səmərəli
fəaliyyət bu gün də uğurla davam etdirilir. Yüzlərlə
bu istiqamətdə beynəlxalq tədbirlər keçirilib,
onlarla ölkələrdə Xocalı Soyqırım ilə
bağlı sənədli filmlər, rəsmi faktlar təqdim
olunub. Beynəlxalq mediada yüzlərlə məqalələr
dərc edilib. Bütün bunların həyata keçiriməsində
Leyla xanımın böyük əməyi olub. Məhz bu faəliyyətin
nəticəsi idi ki, həm də Amerikanın müxtəlif
ştatları Xocalı hadisələrini soyqırımı
və ya kütləvi qətliam kimi tanıyıb, 57 müsəlman
ölkəsini birləşdiyi İslam Əməkdaşlıq
Təşkilatı və Türk Dövlətləri Təşkilatı
Xocalı hadisələrinə dair xüsusi qətnamə qəbul
edib”. Niyaməddin Orduxanlı əlavə edib ki, beynəlxalq
hüquq və insan haqları platformalarında Xocalı məsələsi
gündəmdə saxlanılır: “Bu, uzunmüddətli və
ardıcıl diplomatik fəaliyyətin nəticəsidir. Sonda
bir daha Xocalı Soyqırımın bütün
qurbanlarına Allahdan rəhmət diləyirəm. Bu gün
onların ruhu şaddır ki, Azərbaycan tam suverenliyinə
qovuşub. Azərbaycan bu cinayətdə iştirak edən,
hüquqi və siyasi müstəvidə cəzasız qalan
cinayətkarların cəzalandırılması istiqamətində
ardıcıl siyasəti yürütməkdə davam edir. Biz
dövlət olaraq, gec-tez buna da nail olacağıq!”
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.3.