“Cənubi Qafqazın gələcəyi
sülhdən keçir”
Tənzilə Rüstəmxanlı: “Davamlı sülh
regional təhlükəsizlik üçün yeganə
çıxış yoludur”
Cənubi Qafqazda onilliklər boyu davam etmiş
münaqişəsindən sonra bölgənin gələcək
taleyini müəyyənləşdirəcək əsas məsələ
yekun sülh sazişinin imzalanması olaraq qalır. 2020-ci ildə
qələbə ilə nəticələnən Vətən
müharibsi və 2023-cü ildə həyata keçirilən
antiterror tədbirləri ilə Azərbaycan öz ərazi
bütövlüyünü təmin etsə də,
postmünaqişə mərhələsində davamlı
sülhün hüquqi və siyasi çərçivəsi hələ
tam formalaşmayıb. Bu isə regionda sabitliyin və
uzunmüddətli təhlükəsizliyin təmin
olunmasını çətinləşdirir.
Eyni zamanda qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər,
yeni müharibə və qarşıdurmalar, böyük
dövlətlər arasında artan rəqabət Cənubi
Qafqazı da bu proseslərin bir parçasına çevirir.
İran ətrafında gərginlik, Yaxın Şərqdə
davam edən müharibələr, Ukrayna böhranı, eləcə
də digər bölgələrdə yaşanan siyasi
sarsıntılar Azərbaycan–Ermənistan sülh prosesinə
beynəlxalq diqqətin azalmasına və yeni risklərin
yaranmasına səbəb olur. Belə bir mürəkkəb
şəraitdə sülhün perspektivləri, xarici güclərin
prosesə mümkün təsiri və əldə olunacaq
razılaşmaların icra mexanizmləri cəmiyyətdə
geniş müzakirə olunur.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı
“Xalq Cəbhəsi”nə müsahibəsində məhz bu
suallara aydınlıq gətirərək Azərbaycan–Ermənistan
sülh danışıqlarının hazırkı vəziyyətini,
regional və qlobal faktorların prosesə təsirini,
sülhün icrası və dayanıqlılığı ilə
bağlı riskləri, eləcə də cəmiyyətin
sülhə psixoloji hazırlıq səviyyəsini ətraflı
şəkildə dəyərləndirib...
- Tənzilə xanım, Sizcə, hazırkı mərhələdə
sülh danışıqları real nəticəyə nə
qədər yaxındır?
- Azərbaycan və Ermənistan arasında sülh
danışıqları uzun illərdir davam edir, lakin hələlik
yekun sülh sazişi imzalanmayıb. Müharibənin bitməsindən
altı il keçir. ABŞ vasitəçiliyi ilə
keçirilən görüşlərdə, o cümlədən
Donald Trampın təşəbbüsü ilə tərəflər
müəyyən razılıqlar əldə ediblər. Arada
ictimaiyyətə verilən mesajlar olsa da, real və yekun
sülh hələ təmin olunmayıb. Hazırda məqsəd
tərəflərin sülhə nail olması və
qarşılıqlı anlaşmanı gücləndirməkdir.
- Regionda dəyişən geosiyasi balans sülh prosesinə
hansı yeni riskləri yaradır?
- Bəzi qlobal hadisələr, xüsusilə bölgədə
baş verən münaqişələr (İran ətrafı
gərginlik, Suriyada və Livanda müharibə, Hindistan-Pakistan
qarşıdurması, Ukraynada müharibənin genişlənməsi,
eləcə də Latın Amerikası ölkələrindəki
vəziyyəti) Azərbaycan-Ermənistan sülh prosesinin diqqət
mərkəzindən çıxmasına səbəb olub. Azərbaycan
tərəfi məsələnin gündəmdən kənarda
qalmasını istəmir və sülh prosesini
yekunlaşdırmaq, gələcəkdə mümkün
problemlərin qarşısını almaq niyyətindədir.
- Xarici güclərin prosesə təsiri sülhün
dayanıqlılığına mane ola bilərmi?
- Azərbaycan öz torpaqlarında separatçı
rejimin varlığına son qoyub. Ermənistan isə hələ
sülh sazişini imzalamaq üçün hərtərəfli
addım atmır, konstitusiyanın dəyişilməsi şərtini
yerinə yetirmir. Buna paralel olaraq, bu dövlət
silahlandırılır. Müxtəlif dövlətlər Ermənistanla
birlikdə hərbi təlim keçirlər. Verilən
mesajlardan aydın olur ki, bəzi güclər regionda sülh
istəmir. Rusiya Cənubi Qafqazda davamlı sülhdə
maraqlı deyil. İran Azərbaycanla Ermənistan arasında nəinki
davamlı sülhün, hansısa təmasların
olmasını belə istəmir. Rəsmi Tehran bu iki ölkə
arasında müharibənin yenidən alovlanmasını istəyir.
Avropanın ən böyük dövləti olan Fransa da bu
bölgədə davamlı sülhü istəmir. Bunun bir səbəbi
Yelisey Sarayındakıların erməni milyarderlərindən
maddi asılılığıdırsa, digər səbəbi
Türkiyə faktorudur. Hindistan da bu bölgədə
sülhün olmasını istəmir. Çünki, Azərbaycanın
ən yaxın müttəfiqləri olan Türkiyə və
Pakistanı Hindistan özünün ən qatı düşməni
hesab edir. Amma bununla belə bölgədəki digər qlobal və
regional problemlərin fonunda Azərbaycan və Ermənistan
üçün sülhün əldə olunması həm
siyasi, həm də təhlükəsizlik baxımından
böyük əhəmiyyət daşıyır.
- Sülh sazişi imzalansa belə, icra mexanizmlərinin
işləməməsi ehtimalı varmı?
- Sazişin qəbul edilməsi, postsovet mərhələdə
davam edən Azərbaycan-Ermənistan
qarşıdurmasını formal olaraq bitirir və tərəfləri
münaqişə sonrası əməkdaşlıq modelinə
keçirir. Bu, bölgədə “qarşıdurma geosiyasəti”ndən
“inteqrasiya geosiyasəti”nə keçid kimi qiymətləndirilə
bilər. Nəticə etibarilə, bu sazişin gələcəyi
yalnız imza mərasimlərində deyil, icra mərhələsində
veriləcək real qərarlarda müəyyənləşəcək.
Sənədin kağız üzərindəki prinsiplərini
həyatda qorumaq üçün həm güclü siyasi iradə,
həm də effektiv beynəlxalq zəmanət mexanizmləri
lazımdır. Azərbaycan tərəfində həm siyasi
iradə, həm də zəmanət verə biləcək
güc var.
- Cəmiyyətin sülhə psixoloji
hazırlığı hazırkı durumda yetərlidirmi?
- Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti
nümayəndələrinin ilk görüşü və
parlament sədrlərinin dialoqu Vaşinqtonda start verilmiş
sülh prosesinin, sadəcə, kağız üzərindəki
bəndlərdən ibarət olmadığını, onun ən
dərin qatlara – cəmiyyətlərin necə deyərlər,
qəlbinə enmək niyyətini ortaya qoyur. Bu, uzun bir yolun
başlanğıcıdır. Bu yol asan olmayacaq. Həm Ermənistan
daxilindəki revanşist qüvvələrin təxribatları,
həm də bəzi kənar güclərin pozucu fəaliyyəti
kimi ciddi maneələr gözlənilir. Lakin otuzillik
münaqişənin verdiyi ən böyük dərs ondan ibarətdir
ki, sülhün alternativi yoxdur. Azərbaycan öz tarixi qələbəsi
ilə sülhün memarı olmaq üçün siyasi iradə
və güc nümayiş etdirir.
- Sizcə, sülh prosesi daha çox diplomatik nəticədir,
yoxsa strateji zərurət?
- Azərbaycan və Ermənistan arasında sülh
sazişinin imzalanması Cənubi Qafqazda sabitlik, regional əməkdaşlıq
və iqtisadi inkişaf üçün tarixi zərurətdir.
2020-ci il müharibəsi və 2023-cü il antiterror tədbirlərindən
sonra işğala son qoyan Azərbaycan, beynəlxalq hüquq
prinsipləri əsasında, xüsusilə ərazi
bütövlüyünün qarşılıqlı
tanınması şərtilə yekun sülhün tərəfdarıdır.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.4.