Sülh zirvəsi
uzaqdadır: Rusiyanın tələbləri prosesi çətinləşdirir
Rusiya–Ukrayna müharibəsi beynəlxalq siyasi gündəmin
ən kritik məsələlərindən biri olaraq qalır və
bu münaqişənin dayandırılması
üçün müxtəlif diplomatik təşəbbüslər
davam etdirilir. ABŞ administrasiyası, xüsusilə Donald
Tramp dövründə, tərəflər arasında sülh əldə
etmək məqsədilə bir sıra cəhdlər göstərib.
Lakin Rusiya tərəfindən irəli sürülən sərt
və maksimalist tələblər, Ukraynanın ərazi
bütövlüyü və Avroatlantik inteqrasiya məsələlərinə
dair mövqeyi, eləcə də Avropa ölkələrinin fərqli
maraqları danışıqların mürəkkəbliyini
artırır.
“Rusiya maneəsi”
Milli Məclisin deputatı Arzuxan Əlizadə “Xalq Cəbhəsi”
nə bildirib ki, ABŞ administrasiyası, xüsusilə də
Donald Trump dönəmində Rusiya–Ukrayna müharibəsinin
dayandırılması istiqamətində ciddi cəhdlər
göstərilsə də, real nəticələr hələlik
qənaətbəxş deyil.
Deputatın sözlərinə görə, Tramp
seçki dövründə müharibəni qısa müddətdə,
hətta 24 saat ərzində dayandıra biləcəyini bəyan
etsə də, danışıqlar prosesi bu münaqişənin
son dərəcə mürəkkəb xarakter
daşıdığını ortaya qoydu: “Sonradan müharibənin
6 ay ərzində yekunlaşacağı bildirilsə də,
artıq bir ildən çox vaxt keçməsinə
baxmayaraq, ciddi irəliləyiş əldə
olunmayıb.ABŞ-nin vasitəçiliyi ilə aparılan
danışıqlar, o cümlədən Əbu-Dabidə və
daha sonra Cenevrədə keçirilən raundlar əsaslı
nəticə verməyib. Yeganə konkret razılaşma
humanitar xarakterli əsir mübadiləsi olub ki, bu da
münaqişənin mahiyyətinə təsir edən faktor
sayılmır.
Danışıqların nəticəsiz
qalmasının əsas səbəbi Rusiya tərəfinin irəli
sürdüyü qəbuledilməz tələblərdir.
Moskva işğal etdiyi ərazilərin Rusiya torpağı
kimi tanınmasını, Ukraynanın Avroatlantik məkana
inteqrasiyadan imtina etməsini və NATO məsələsinin
gündəmdən çıxarılmasını tələb
edir. Bu şərtlər isə Ukrayna üçün həm
siyasi, həm də konstitusion baxımdan mümkün deyil.
Heç bir Ukrayna rəhbəri belə tələbləri qəbul
etməklə öz siyasi gələcəyinə son qoya bilməz.
Ərazi məsələləri yalnız xalqın iradəsi
və konstitusion mexanizmlər çərçivəsində
həll oluna bilər. Eyni zamanda, Rusiyaya ediləcək güzəştlər
gələcəkdə daha ağır tələblərin
ortaya çıxmasına zəmin yarada bilər.
Tramp administrasiyası müharibənin tezliklə
dayandırılmasında maraqlıdır və bu, əsasən
ABŞ-da qarşıdan gələn siyasi proseslərlə
bağlıdır. Bununla belə, Ukraynanın ərazi itkilərinə
razılaşması real görünmür. Əgər
danışıqlarda ciddi nəticə əldə olunmazsa,
Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi
qaçılmaz olacaq.
Avropa ölkələri də məsuliyyəti daha
çox bölüşməli, Ukraynaya dəstəyi
artırmalı və Rusiyaya qarşı təzyiqləri
gücləndirməlidir. Onun fikrincə, yalnız Rusiyanın
zəiflədiyi bir şəraitdə müharibənin
dayandırılması mümkün ola bilər və
başqa yol bu münaqişəni dayandırmaq
üçün real görünmür.
“Üçtərəfli zirvə ehtimalı”
Politoloq Oqtay Qasımov vurğulayıb ki,
hazırkı şəraitdə Ukrayna Prezidenti Volodimir Zelenski
ilə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə
üçtərəfli görüşün keçirilməsi
ehtimalı kifayət qədər aşağıdır.
Onun sözlərinə görə, belə bir
görüş yalnız o halda mümkün ola bilər ki, tərəflər
prinsipal məsələlər üzrə razılığa
gəlsinlər və müzakirə üçün
yalnız liderlərin qərar verməli olduğu müəyyən
nüanslar qalsın: “Bu tip görüşlər adətən
danışıqlar prosesinin yekun mərhələsində
baş tutur. Yəni əsas məsələlər əvvəlcədən
razılaşdırılır, liderlər isə sadəcə
bu razılaşmaları siyasi səviyyədə təsdiqləyirlər.
Hazırda tərəflər arasında xüsusilə ərazi
məsələləri ilə bağlı mövqelər
ciddi şəkildə fərqlənir və bu ziddiyyətlər
hələlik uzlaşdırıla bilmir. Məhz bu səbəbdən
indiki mərhələdə belə bir zirvə
görüşünün real nəticə verməsi
ehtimalı olduqca zəifdir. Hətta nəzəri baxımdan
belə bir görüş baş tutsa belə, onun uğurla
yekunlaşacağını demək çətindir”.
Oqtay Qasımovun fikrincə, Donald Trampın real nəticələr
olmadan görüşə qatılmamaq mövqeyi də
ABŞ-ın diplomatik yanaşmasından irəli gəlir.
Amerika Birləşmiş Ştatları hesab edir ki, tərəflər
bütün məsələləri əvvəlcədən
razılaşdırmalı, danışıqlar faktiki olaraq
yekunlaşmalı və liderlər masaya əyləşdikdə
yalnız formal təsdiq mərhələsi qalmalıdır”.
Politoloq əlavə edib ki, bu yanaşma daha əvvəl
digər beynəlxalq proseslərdə də müşahidə
olunub: “ABŞ belə bir diplomatik uğuru həm beynəlxalq
arenada nüfuzunun gücləndirilməsi, həm də Donald
Trampın daxili siyasi gündəmində, xüsusilə
aralıq seçkilər ərəfəsində siyasi
dividendlər əldə etmək baxımından əhəmiyyətli
hesab edir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.3.