Ağbənd-Kəlalə
körpüsü: “Azərbaycan-İran arasında ticarət
dövriyyəsinə birbaşa təsir göstərəcək”
Baş nazirin müavini Şahin Mustafayev Ağbənd–Kəlalə
avtomobil körpüsünün tikintisinin artıq başa
çatdığını və sərhəd-gömrük
infrastrukturunun inşası tamamlandıqdan sonra
körpünün istismara verilməsinin nəzərdə
tutulduğunu bildirib. Körpünün istismara verilməsinin
Azərbaycan üçün üstünlükləri nədir?
Millət vəkilləri, iqtisadçılar “Xalq Cəbhəsi”nə
bu barədə danışıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov söyləyib
ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün
istifadəyə verilməsi praktik olaraq Azərbaycan və
İran arasında ticarət dövriyyəsinə birbaşa təsir
göstərəcək: “Əsasən Azərbaycan üzərindən
daşınan yüklərin həcmində artımlar var. Bu
baxımdan xüsusən də alternativ nəqliyyat
yollarından istifadə olunması vacibdir. Təbii ki,
İranla Azərbaycan arasında ticarət dövriyyəsi də
son illər orta hesabla yarım milyard dollar ətrafında dəyişir.
Bu isə ondan xəbər verir ki, ticarət əlaqələrinin
daha da genişləndirilməsi, xüsusən də idxal-ixrac
əməliyyatlarının həcminin artırılması
baxımından belə bir nəqliyyat yoluna ehtiyac var”.
“Quru nəqliyyata müsbət təsir göstərəcək”
Deputat qeyd edib ki, digər tərəfdən xüsusən
nəzərə alsaq ki, hazırda Zəngəzur dəhlizi
istifadəyə verilənə qədər Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan arasında quru yolu əlaqəsi
məhz İran vasitəsilə həyata keçirilir: “Belə
bir avtomobil yolunun istifadəyə veriləcəyi, eyni zamanda,
gömrük buraxılış məntəqəsinin
qurulmasıdır. Həm də Azərbaycanın əsas hissəsi
ilə Naxçıvan arasındakı quru nəqliyyata
müsbət təsir göstərəcək”.
Ən vacib məqamlardan biri
V.Bayramovun sözlərinə görə, ən vacib məqamlardan
biri yükdaşımalardır: “Çünki Azərbaycan
üzərindən yükdaşımaların həcmində
artımlar var. Yükdaşımalar alternativ nəqliyyat
yollarından istifadəni daha da aktuallaşdırır. Bu
kontekstdən Azərbaycan həm də fərqli istiqamətlərdə
nəqliyyat və logistik infrastrukturun genişləndirilməsində
maraqlıdır. Yalnız Şərq-Qərb deyil, eyni zamanda,
Şimal-Cənub Nəqliyyat dəhlizi də bu kontekstdə Azərbaycan
üçün prioritet məsələlərdəndir. Azərbaycan
Şimal-Cənub Nəqliyyat dəhlizinə həm dəstək
olan, həm də maliyyələşdirilməsində
iştirak edən dövlətlərdəndir. Bu da nəticə
etibarı ilə həmin dəhliz vasitəsilə daha
çox yüklərin şimaldan hətta Hindistana qədər
daşınmasına imkan yaradır. Bu kontekstdən şimal-cənub
istiqamətində də yeni nəqliyyat
qovşaqlarının, eləcə də logistik infrastrukturun
inkişaf etdirilməsi bütövlükdə Azərbaycan
üzərindən daşınan yüklərin həcminin
artmasına imkan yaradacaq”.
İqtisadçı Eldəniz Əmirov söyləyib
ki, Ağbənd-Kəlalə avtomobil yolu hazırda Azərbaycan
üçün aktual olan iki nəqliyyat dəhlizinin seqmenti
olaraq çıxış edir: “Birincisi, perspektivdə Şərq-Qərb
dəhlizinin məhz Naxçıvan üzərindən
keçən hissəsinin bir parçası olaraq
çıxış edəcək. Çünki Şərq-Qərb
dəhlizi Xəzər dənizindən Azərbaycana daxil
olduqdan sonra artıq iki istiqamət üzrə ayrılacaq, ənənəvi
Gürcüstan marşrutundan əlavə olaraq işğaldan
azad olunmuş ərazilərimizə keçəcək.
Buradan da yenə iki hissəyə ayrılacaq. Biri Zəngəzur
dəhlizi üzərindən Naxçıvana, digəri isə
məhz Ağbənd-Kəlalə avtomobil körpüsündən
keçərək Naxçıvana çatacaq”.
“Bu körpü dörd dəhliz seqmenti olaraq
çıxış edəcək”
E.Əmirovun bildirdiyinə görə, bu layihə həm
də Şimal-Cənub Nəqliyyat dəhlizi üçün
strateji əhəmiyyət daşıyır:
"Çünki qarşıdakı dönəmdə məhz
Ağbənd-Kəlalə avtomobil yolu Cənub-Qərb nəqliyyat
dəhlizinin bir seqmenti olacaq. Cənubdan gələn yüklər
Azərbaycana daxil olduqdan sonra Naxçıvana keçmək
üçün məhz bu marşrut üzərindən də
gedə bilər, eyni zamanda da şimal-qərb istiqamətdən
də. Yəni başqa sözlə, Ağbənd-Kəlalə
avtomobil körpüsü Şimal-Cənub dəhlizinin, Şərq-Qərb
dəhlizinin, Şimal-Qərbin və həmçinin Cənub-Qərbin
seqmenti ola bilər. Yəni bu körpü dörd dəhliz
seqmenti olaraq çıxış edəcək”.
Zəngəzur dəhlizinə alternativ
O həmçinin diqqətə çatdırıb
ki, körpü Zəngəzur dəhlizinə alternativ olaraq
çıxış edir: “Zəngəzur dəhlizinə
alternativ o baxımdan ki, həm Ermənistan tərəfi, həm
də İran tərəfi üçün bəlli olanda ki,
Azərbaycanı Naxçıvanla birləşdirən və
Azərbaycanın Türkiyə üzərindən qərbə
çıxışını təmin edən digər bir
alternativ var, təbii ki, bu perspektivdə rəqabət
mühitinin də daha yuxarı səviyyədə təmin
olunmasına xidmət etmiş olur”.
Ölkənin regiona inteqrasiyası
İqtisadi və Sosial Araşdırmalara Yardım
İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, Ağbənd-Kəlalə
avtomobil körpüsünün açılması tək nəqliyyat
subyekti deyil, həm də ölkənin regiona
inteqrasiyasını təmin edir: “Bu, həm də Orta Dəhlizin
fəaliyyətinin bir istiqaməti və hissəsidir ki, bu da
artıq gələcək inteqrasiya, gələcək ticari əlaqələrin
genişlənməsi, tranzit logistika xətlərinin fəaliyyətinin
işə düşməsidir. Bu da ölkəmizin həm
xarici iqtisadi əlaqələrinin genişləndirilməsini,
həm də ölkədə sahibkarlığın xarici
bazarlara çıxışını təmin edəcək”.
Onun sözlərinə görə, digər tərəfdən
bu, Orta Dəhlizin və Zəngəzur dəhlizinin
imkanlarına əhəmiyyətli töhfələr verəcək:
“Sözsüz ki, bu cür körpülərin
açılması nəqliyyat infrastrukturunun da təkmilləşdirilməsinə
şərait yaradır və bu baxımdan ölkəmizin nəqliyyat-logistika
imkanlarını genişləndirir. Bu da həm qeyri-neft
sektorunun inkişafına əhəmiyyətli təsir göstərir,
həm də burada yük axınının və yük
ötürülməsinin imkanlarını və sürətini
artırır”.
Sülh prosesinə töhfə
E.Kərimli qeyd edib ki, bundan başqa bu, həm də
sülh prosesinə töhfənin artıq tam
formalaşmasına imkan yaradır: “Həmçinin qonşu
ölkələrlə iqtisadi əlaqələrin və
yükdaşımaların sürətlənməsinə və
başlamasına bir infrastruktur obyekti kimi imkanlar yaradacaq. Hesab
edirəm ki, bu, gələcəkdə həm Qarabağ
iqtisadi, həm Zəngəzur iqtisadi zonasının
imkanlarını genişləndirəcək, həm də
bölgənin iqtisadiyyatına müsbət təsir göstərəcək”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.5.