Dağ saflığına bələnən
şair
Tanınmış şair Tapdıq Əlibəylinin
yaradıcılığını təhlil etmək fikrindən
uzağam. Bu, ədəbiyyatşünasların işidir. Mən
bu yazıda şairin doğulduğu el-obasına
bağlılığının
yaradıcılığında necə əks olunması və
şəxsi keyfiyyətləri barədə bəzi fikirlərimi
bölüşmək istəyirəm. İnsanın
doğulub boya-başa çatdığı məkanın,
onun tarixi-milli yaddaşında mühüm və danılmaz
bir rol oynadığı şübhəsizdir. Həmin məkanın
insanın xarakterinə, düşüncə tərzinə,
duyğularına və hətta
yaradıcılığına təsiri çox
böyükdür. Bu baxımdan şair-publisist Tapdıq
Əlibəylinin doğulduğu yerə olan dərin
bağlılığı, ruhunun saflığı, təbiətindəki
saflıq, şeirindəki təbiilik və sadəlik, onun
bütün yaradıcılığına xasdır. Sadəliyi
onun böyüklüyüdür. Bu bağlılıq, həm
də onun daxili aləmi ilə təbiətin vəhdətini
ortaya qoyan bir sənətkarlıq nümunəsidir. Şair
gözəl yazır:
Ayna bulaqları düşüb dillərə,
Çeşmələr daşlardan
qaynayıb-daşır...
Qayalar dibinə sinən hər dərə
Dərinlik diliylə dinib-danışır.
Şairin bütün yaradıcılığında
olduğu kimi, bu şeirdə də quru, şablon və pafoslu
ifadələr yoxdur. Misraların dili ilə deyir ki, insanın
sinəsində yerləşən ürəkdən gələn
sözlər dərinlikdən, daşlardan süzülüb gələn
saf, təmiz olar, pafoslu danışıq isə keçicidir.
Şair hər bir təbiət elementini yalnız fiziki olaraq
deyil, həm də metaforik olaraq insan ruhunun, düşüncələrinin
və hisslərinin ifadəsi kimi göstərir. İstifadə
olunan obrazlar bir-biri ilə qarşılıqlı əlaqədədir
və təbiət qanunlarının insanlar üzərindəki
təsirinin rəmzidir. Bu şeir həm də insanın daxili
dünyasının təbiətlə əlaqəsini əks
etdirir.
Şair doğma kəndi Bürzünbülü elə
gözəl tərənnüm edir ki, sanki canlı tabloya
tamaşa edirsən:
Quzeydə şehlənir yarpız, gicitkən,
Cincilim, əvəlik, əməköməci...
Güneydə mehlənir turşəng
...böyürtkən,
Baharda lalələr güney sevinci.
Burda cücərən də, pöhrələnən
də
Hərəsi ad alıb öz rişəsindən.
Adlar cərgəsində möhürlənəndə,
Bürzünbül kəndimiz bəlli səsindən.
Tapdıq Əlibəyli gözəl təbiəti olan
bu elin, yurdun yetirməsi olaraq mənəvi dəyərləri
yüksək tutmasını da həssaslıqla qələmə
alıb. Şair müxtəlif şəxslərin xarakterləri
və davranışları üzərində cəmiyyətin
yüksək əxlaqını belə təqdim edir:
Qapıları açar-qıfıl görməyən
Bir el etməz əmanətə xəyanət.
Qonağına iti belə hürməyən
Kişilərin xislətində sədaqət.
Ağsaqqalı, ağbirçəyi bir örnək,
Qız-gəlini ismət-həya timsalı.
Oğulları ər yolunu seçərək,
Dəyanətdə sərt, sal qaya misalı.
Şeirdə ağsaqqal, ağbirçək, ismət-həya,
etibar, sədaqət və dürüstlük təqdim edilir.
"Qapıları açar-qıfıl görməyən"
ifadəsi dürüst bir elin həyat tərzini rəmzləşdirir.
Əmanətə xəyanət etməmək, cəmiyyətdə
əxlaqlı və dürüst bir davranış tərzinin
təməlini təşkil edir. Bu, həm də etimad və məsuliyyət
duyğularının rəmzidir.
Tapdıq Əlibəyli mənim doğulub boya-başa
çatdığım Yardımlı rayonunun Hamarkənd kənd
orta məktəbinin məzunudur. O vaxt Bürzünbül kəndində
səkkizillik məktəb olduğu üçün
şagirdlər 9-10 sinifləri Hamarkənd kənd orta məktəbində
oxuyurdular. Tapdıq Əlibəyli 1978-ci ildə orta təhsilini
tərifnamə ilə bitirərək ali məktəbə qəbul
olub.
Qeyd edim ki, Hamarkənd kənd orta məktəbi
tanınmış maarif xadimi Qulam müəllim Qasımovun
direktor işlədiyi vaxtlarda (50 il) təkcə rayonun deyil, eləcə
də respublikanın qabaqcıl təhsil ocaqlarından biri
olub. Məktəbin təhsildəki uğurları təsadüfi
deyildi. Direktorun ciddiyyəti, tələbkarlığı,
eyni zamanda qayğıkeşliyi, müəllimlərin dərslərə
ürəklərini verməsi, valideynlərin məktəblə
sıx əlaqəsi uğurların təməlində
dayanırdı.
Elə ona görə də burada təhsil alan
şagirdlərin çoxu ali məktəblərə qəbul
olaraq uğurla kariyeralarına davam etdirirdilər. Hamarkənd
kənd orta məktəbinin məzunları arasında
Tapdıq Əlibəylinin də özünə layiq yeri olub.
Ali məktəbə qəbul olmaq onun həyatında yeni bir səhifənin
başlanğıcını qoyub...
Söhbətlərində Tapdıq Əlibəyli
Hamarkənd kənd orta məktəbini təkcə təhsil
aldığı bir yer kimi deyil, həm də həyatda ona
istiqamət verən, ruhunu zənginləşdirən bir ocaq
kimi qiymətləndirir. O, məktəbin mənəvi dəstəyini
vurğulayır, xüsusilə də məktəbin direktoru Qulam
müəllim Qasımovun pedaqoji bacarıqlarından bəhs
edərək, ona olan minnətdarlığını ifadə
edir. Məktəb yalnız təhsil cəhətdən mükəmməl
olmaqla qalmayıb, həm də şagirdlərin yüksək
milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində
mühüm rol oynayırdı. Tapdıq Əlibəyli məktəbdə
aldığı təhsili və qazandığı
davranış qaydalarının həyatında önəmli
bir iz buraxdığını dəfələrlə qeyd edib.
Aldığı təhsil onu yalnız elmi sahədə deyil,
həm də mənəvi inkişaf yolunda irəliləməyə
təkan verib, cəmiyyətdə hörmətli bir şəxs
olmasında mühüm rol oynayıb.
Bəzən bir şairin şəxsiyyəti ilə
yaradıcılığı arasında uçurum olur;
yazılan, deyilən söz həyat tərzi ilə tərs
mütənasib olur. Tapdıq Əlibəylinin isə şəxsiyyəti
və yaradıcılığı, ictimai fəaliyyəti vəhdət
təşkil edir, tamdır, bütövdür və bir
çoxlarına nümunədir. Öz imzasını ədəbiyyatda
və cəmiyyətdə təsdiq etmiş şair, publisist,
ziyalı və ictimai xadim olan Tapdıq Əlibəyli həm
şəxsi həyatı, həm də
yaradıçılığı ilə düşüncə
adamı və cəmiyyətə xidmət edən bir şəxsiyyəti
təcəssüm etdirir.
Tapdıq Əlibəylinin ədəbiyyata münasibəti
dərin və fəlsəfidir. O, ədəbiyyatın
yalnız sözlərlə deyil, ruhla da
yazıldığını, insanın daxili aləminə
daxil olmağın və ona təsir etmənin vacibliyini
vurğulayır. Özünün də dediyi kimi: "Ədəbsiz
ədib ədəbiyyata yalnız xələl gətirə bilər…"
Bu söz, onun ədəbiyyata və sözün gücünə
olan münasibətini, həmçinin ədəbiyyatın
müsbət təsirini qorumağa olan
bağlılığını və şəxsiyyətini
göstərir. O, ədəbiyyat vasitəsi ilə cəmiyyətə
həqiqətləri çatdırmağa
çalışır, bilir ki, hər bir doğru fikir, hər
bir düzgün yola işarə, cəmiyyətin
inkişafında rol oynayır.
Tapdıq Əlibəylinin ədəbiyyata
yanaşması qədər həyatda da özünəməxsus
bir səmimiyyəti və dürüstlüyü vardır.
Onun insanlara qarşı olan açıq və səmimi
münasibəti hər zaman mənim diqqətimi çəkib.
Bir neçə il əvvəl Naxçıvanda keçirilən
və Muxtar Respublikanın 100 illiyinə həsr olunmuş
"Türk dünyasına açılan Şərq
qapısı" adlı möhtəşəm konfransda
iştirak edərkən Tapdıq Əlibəyli ilə yol
yoldaşı oldum. Bir ata sözümüz vardır.
Deyirlər qardaşın necə adamdır? Cavab verir
ki, yol yoldaşı olmamışam. Tanımaq demək, sadəcə
tanış olmaq deyildir. Tanımaq, insanın daxili
varlığını, onun seçdiyi yolu,
düşündüyü və qərar verdiyi anları
anlamaqdır. Tapdıq Əlibəylini illər öncə
tanısam da, bu yol yoldaşlığımızda onu yenidən
tanımaq və daha dərindən söhbət etmək
imkanım oldu. Bir neçə günlük səfərimiz
onun düşüncə dünyasına bir daha daxil olmaq
üçün yeni bir fürsət verdi. Şəxsiyyətinə
və yaradıçılığına böyük
hörmətim olan Tapdıq Əlibəylini yenidən kəşf
etdim. Axı onun poeziyası obrazların çalarları ilə
zəngindir. Əlbəttə, bu zənginliyi şərtləndirən
onun öz təbiəti və təbiiliyidir. Könlü
meşə, çəmən dilində dinən, çicəyin,
gülün dilini bilən şair yazır :
Dindi könül meşə, çəmən dilində,
Heyrətimə misra-misra bələndim.
Öz dili var, çiçəyin də, gülün
də,
Uşaqlıqdan bu əsrara bələdəm...
Ağaclar da duyğuludur yaz çağı,
Göz oxşayan gözəlliklər bərq vurur.
Təbiətin tər, qənirsiz, naz çağı
İlham sözə, söz ilhama vurulur...
Heyrətinə misra-misra bələnən, ilhamı
sözə, sözün isə ilhamına vurulduğu sevimli
şairimizin şeiriyyətində gözəlliklər bərq
vurur. Mən də elə bu ovqatda dəyərli Tapdıq
Əlibəylini qarşıdan gələn 65 illliyi münasibətilə
səmimi qəlbdən təbrik edirəm. Uğurların bol
olsun! Neçə gözəl illərə...
Musa QASIMLI
Milli Məclisin deputatı, AMEA-nın müxbir
üzvü, professor
Xalq Cəbhəsi .- 2026.-5 mart (№9).- S.15.