Gender bərabərliyi: “qadınlar cəmiyyətin
bütün sahələrində əvəzsiz rol
oynayırlar”
8 Mart – Beynəlxalq Qadınlar Günü tarixən
qadınların hüquq və azadlıqları uğrunda
apardığı mübarizənin simvolu olmaqla yanaşı,
bu gün artıq müasir cəmiyyətlərdə gender bərabərliyinin
real vəziyyətinin qiymətləndirildiyi, dövlət
siyasətinin, ictimai münasibətlərin və sosial
düşüncə tərzinin obyektiv şəkildə təhlil
edildiyi mühüm bir tarixə çevrilib. Bu gün
qadına verilən dəyər yalnız təntənəli
çıxışlar, simvolik jestlər və ya rəsmi tədbirlərlə
deyil, onun gündəlik həyatda hansı imkanlara malik
olması, hansı çətinliklərlə üzləşməsi
və bu çətinliklərin necə aradan qaldırılması
ilə ölçülür.
Azərbaycan cəmiyyətində qadın
anlayışı dərin tarixi və mədəni köklərə
söykənir. Qadın ailənin təməl sütunu, nəsillərin
formalaşdırıcısı, milli-mənəvi dəyərlərin
qoruyucusu kimi qəbul olunmaqla yanaşı, müasir dövrdə
ölkənin sosial-iqtisadi və ictimai-siyasi inkişafında
da fəal iştirakçıya çevrilir. Son illərdə
qadınların təhsilə çıxış
imkanlarının genişlənməsi, elm, səhiyyə, mədəniyyət,
media və sahibkarlıq sahələrində artan fəallığı,
dövlət idarəçiliyində və parlament
mühitində təmsilçiliyinin yüksəlməsi bu dəyişimin
bariz nümunələrindəndir.
Dövlət səviyyəsində gender bərabərliyinin
təmin edilməsi istiqamətində atılan addımlar
hüquqi və institusional çərçivənin
formalaşdırılmasına xidmət edir. Qadın
hüquqlarının qorunması, sosial müdafiə mexanizmlərinin
gücləndirilməsi, məşğulluq imkanlarının
artırılması və zorakılığa qarşı
mübarizə sahəsində qəbul olunan qərarlar bu siyasətin
əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, beynəlxalq
öhdəliklər və qlobal gender gündəliyi ilə
uyğunlaşma Azərbaycanın bu sahədə strateji
mövqeyini gücləndirir.
Lakin gender bərabərliyi məsələsi
yalnız qanunvericilik müstəvisində həll edilən
texniki bir mövzu deyil. Qadının ailədə qərarvermə
prosesində iştirakı, iş mühitində karyera
yüksəlişi imkanları, əmək bazarında bərabər
rəqabət şəraiti, siyasi və ictimai həyatda
söz sahibi olması cəmiyyətin real mənzərəsini
əks etdirən əsas göstəricilərdir. Bu müstəvidə
irəliləyişlərlə yanaşı, hələ də
qalmaqda olan sosial stereotiplər, ənənəvi yanaşmalar
və gender rollarına dair məhdudlaşdırıcı təsəvvürlər
qadınların potensialının tam reallaşmasına mane
ola bilir.
Xüsusilə əmək bazarında qadınların
daha çox aşağı və orta vəzifələrdə
cəmlənməsi, rəhbər və qərarverici postlarda
az təmsil olunması, ailə və iş həyatının
uzlaşdırılmasında üzləşilən çətinliklər,
eləcə də ictimai-siyasi proseslərdə fəallığın
arzu olunan səviyyədə olmaması bu sahədə ciddi
müzakirə tələb edən məsələlərdəndir.
Digər tərəfdən, məişət
zorakılığı, sosial risklər və regionlar üzrə
imkan fərqləri də gender bərabərliyi mövzusunun həssas
tərəflərini təşkil edir.
Məhz bu səbəbdən 8 Mart təkcə bayram
deyil, həm də cəmiyyət üçün
güzgü rolunu oynayan bir gündür. Bu tarix
qadınların qazandığı uğurlarla yanaşı,
mövcud boşluqların, sistemli problemlərin və gələcək
çağırışların açıq şəkildə
gündəmə gətirilməsi üçün
mühüm fürsət yaradır. Qadınların ailədə,
işdə və ictimai-siyasi həyatda rolunun gücləndirilməsi
üçün hansı konkret addımlar atılır, bu
addımlar real həyatda hansı nəticələri verir və
mövcud çatışmazlıqların aradan
qaldırılması üçün hansı mexanizmlər
yetərsiz qalır – bütün bu suallar 8 Mart kontekstində
daha aktual və prinsipial xarakter alır.
Bu müzakirələr bir daha göstərir ki, gender
bərabərliyi yalnız qadınların hüquqları məsələsi
deyil, bütövlükdə cəmiyyətin sosial ədalətə,
davamlı inkişafa və sağlam gələcəyə
doğru irəliləməsinin əsas şərtlərindən
biridir.
Əvəzsiz rol
Deputat Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, bu günə
yanaşması bir qədər fərqlidir və qadınlara
verilən dəyər yalnız ilin bir günü ilə məhdudlaşmamalıdır.
Onun sözlərinə görə, qadınlara göstərilən
hörmət və diqqət ilboyu, gündəlik həyatın
bütün mərhələlərində hiss etdirilməlidir.
Deputat qeyd edib ki, 8 Mart beynəlxalq səviyyədə
qadınlara həsr olunan bir gün kimi qəbul olunsa da, Azərbaycan
cəmiyyətində qadınlara hər zaman yüksək dəyər
verilib: “Biz qadınlarımıza böyük dəyər
veririk. Mənim mövqeyim bundan ibarətdir ki, qadınlara təkcə
ilin bir günü deyil, hər günü dəyər verməliyik.
Qadınlar cəmiyyətin aparıcı qüvvələridirlər.
Qadınlar həm ailədə, həm də cəmiyyətin
bütün sahələrində mühüm və əvəzsiz
rol oynayırlar. Qadınlar anadırlar, bacıdırlar və
hər bir kişinin həyatında ən əhəmiyyətli
rollardan birincisini məhz qadınlar oynayır. Həm ailədə,
həm də ümumilikdə cəmiyyətdə
qadınların rolu kifayət qədər yüksəkdir. Bu
baxımdan qadınlara sadəcə formal deyil, real və
davamlı şəkildə dəyər verilməlidir”.
Deputat qadınların xarakterinə də toxunaraq
bildirib ki, onların gücü çox zaman görünməz
olsa da, cəmiyyətin formalaşmasında həlledici rol
oynayır: “Qadınlar nə qədər zərifdirlərsə,
bir o qədər də güclüdürlər. Güclü
qadınlar cəmiyyətdə güclü kişilər
yetişdirirlər. Onlar həm oğul kimi, həm də ailə
başçısı kimi kişilərin formalaşmasına
birbaşa təsir göstərirlər. Ailədə həyat
yoldaşına dəyər verməklə, ona xüsusi önəm
göstərməklə kişinin cəmiyyətdə
özünə möhkəm mövqe və uğurlu karyera
qurmasına şərait yaradırlar”.
O, bu fikrini tarixi bir nümunə ilə əsaslandıraraq
qeyd edib ki, qadına verilən dəyər birbaşa cəmiyyətdə
hörmətin formalaşmasına təsir edir: “Şamilin məşhur
bir ifadəsi var ki, cəmiyyətdə hörmət
qazanmasının əsas səbəbi ondan ibarət idi ki,
anam mənə xüsusi önəm verirdi, həyat
yoldaşım mənə önəm verirdi və bunu cəmiyyət
görürdü. Nəticədə cəmiyyət də
hörmətlə yanaşmağa başladı. Bu nümunə
qadının rolunun nə qədər əhəmiyyətli
olduğunu açıq şəkildə göstərir”.
Deputat 8 Martla bağlı şəxsi
yanaşmasını da bölüşərək bildirib ki,
bu günün mövcud formatı hər kəs tərəfindən
eyni cür qəbul edilmir: “Mənim 8 Martla bağlı fərqli
yanaşmam var. Hesab edirəm ki, bu gün bizim mentalitetimizə
tam uyğun deyil. Bəlkə də bu, mənim şəxsi
baxışımdır. Mən düşünürəm ki,
qadınlara hər gün dəyər verilməlidir. Xüsusi
Analər Günü formatı daha uyğun ola bilər. Bu məsələyə
yenidən baxılmasına ciddi ehtiyac var”.
Sonda Arzuxan Əlizadə bütün qadınları təbrik
edib, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar
arzulayıb: “İstənilən halda
qadınlarımızı təbrik edirəm. Yaxşı ki
varsınız, yaxşı ki cəmiyyətdə bu qədər
əhəmiyyətli rol oynayırsınız. Bütün
qadınlarımıza ən yüksək dəyərləri,
cəmiyyətdə xüsusi mövqeyə malik
olmalarını, bütün istəklərinə nail
olmalarını arzulayıram. Karyera məsələlərində,
ailə münasibətlərində xoşbəxtlik diləyirəm.
Bir daha qeyd edirəm ki, qadınlar bizim üçün önəmlidir.
Bu baxımdan hər birinizi səmimi qəlbdən təbrik
edirəm”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-5 mart (¹9).- S.9.