Rəqəmsal mühitin fəsadları:
uşaqları necə qoruyaq?
Müasir dövrdə internet, sosial şəbəkələr
yaşantımızın əsas hissəsinə çevrilib.
Onun xeyirli tərəfləri çox olsa da, eyni anda zərərləri
də kifayət qədərdir, xüsusilə də
azyaşlılar və yeniyetmələr üçün.
Dünyanın bir neçə ölkəsi artıq
uşaqların sosial şəbəkələrdən istifadəsinə
qadağa qoyub və bu ölkələrin sayı getdikcə
artır.
Bundan əlavə, sosial şəbəkələrin tənzimlənməsi
uşaqlar üçün riskləri azaldır. Azərbaycanda
da bu istiqamətdə addım atılıb. Belə ki,
Prezident İlham Əliyev “Uşaqların rəqəmsal
mühitdə zərərli məzmun və təsirlərdən
qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam
imzalayıb.
Sözügedən sərəncam, eləcə də
uşaqların sosial şəbəkələrdən, yeni
texnologiyalardan istifadəsi zamanı onların təhlükəsizliyinin
təmin edilməsi barədə mütəxəssislər
fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.
“Yeni texnologiyaların təhlükəli tərəflərini
gözdən qaçırmaq olmaz”
Media eksperti Azər Həsrət söyləyib ki, yeni
texnologiyalar çox sürətli bir şəkildə
inkişaf edərkən bunun təhlükəli tərəflərini
də gözdən qaçırmaq olmaz: “Ona görə də
Azərbaycan Prezidenti “Uşaqların rəqəmsal mühitdə
zərərli məzmun və təsirlərdən qorunması
ilə bağlı tədbirlər haqqında” Sərəncam
imzalayıb. Əslində, biz bununla yeni nəsli qorumağa
daha ciddi şəkildə səy göstərmiş oluruq”.
Ekspert qeyd edib ki, Azərbaycanda yeni texnologiyalardan
istifadə senzuraya məruz qalmır, yəni azaddır: “Hər
kəs yeni texnologiyalardan istədiyi kimi istifadə edə
bilir. Amma bu da bərabərində boşluqlar gətirir,
problemlər yaradır. O problemlərin qarşısını
almaq, önləmək üçün məhz dövlətin
qayğısına, qayda-qanunlarına ehtiyac var. Ona görə
də Prezident bu sərəncamı imzalayıb. Yəni məqsəd
odur ki, yeni texnologiyalardan düzgün və uyğun şəkildə
istifadə edilsin”.
Zərərli istifadədən çəkindirmə
A.Həsrətin sözlərinə görə, bu,
hansısa şəkildə yeni texnologiyaları əngəlləmək
məqsədi güdmür, yaxud da bunun məqsədi yetişməkdə
olan nəslin yeni texnologiyalardan uzaq tutulması deyil: “Əksinə,
burada yeni texnologiyalardan, rəqəmsal imkanlardan, süni
intellektdən maksimum istifadə etmək üçün təşviq
var. Onun bərabərində bir də məsuliyyət məsələsi
və əlbəttə ki, zərərli istifadədən
çəkindirmə var”.
“Uşaqlar sosial şəbəkələrdə
gördüklərini təqlid etməyə meyllidirlər”
Zərərli vərdişlər üzrə ekspert Məhbubə
Mehdiyeva bildirib ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uşaqların rəqəmsal mühitdə qorunması ilə
bağlı sərəncamın imzalanmasını yalnız
informasiya təhlükəsizliyi kontekstində deyil, həm də
zərərli vərdişlərin profilaktikası
baxımından olduqca əhəmiyyətlidir: “Bu gün rəqəmsal
mühit sadəcə ünsiyyət platforması deyil,
davranış modellərinin formalaşdığı sosial məkandır.
Uşaqlar sosial şəbəkələrdə gördükləri
həyat tərzini, münasibət formasını və hətta
riskli davranışları təqlid etməyə meyllidirlər”.
“Rəqəmsal asılılıq zərərli vərdişdir”
M.Mehdiyevanın bildirdiyinə görə, xüsusilə
aqressiyanı normallaşdıran, psixoaktiv maddələri
“trend” kimi təqdim edən, erkən yaşda təhlükəli
çağırışları təşviq edən məzmunlar
zərərli vərdişlərin ilkin psixoloji zəminini
yaradır: “Rəqəmsal asılılıq özü də
artıq bir zərərli vərdiş forması kimi qiymətləndirilir.
Uzunmüddətli ekran istifadəsi, virtual təsdiq
ehtiyacı, sosial mediadan asılılıq uşaqlarda emosional
zəiflik, diqqət dağınıqlığı və
real həyatdan uzaqlaşma halları yaradır. Bu isə digər
riskli davranışlara – o cümlədən zərərli
maddələrə meyilliliyin artmasına səbəb ola bilər”.
“Zərərli vərdişlər heç vaxt birdən
formalaşmır”
Ekspert zərərli vərdişlərin heç vaxt
birdən formalaşmadığını, onların mərhələli
şəkildə, təsir və təqlid yolu ilə
yarandığını diqqətə çatdırıb:
“Əgər uşaq rəqəmsal mühitdə siqaret, alkoqol
və ya narkotik maddələrin romantikləşdirildiyini
görürsə, bu, onun şüuraltında təhlükəli
bir normallaşma prosesi yaradır. Buna görə də sosial
medianın tənzimlənməsi yalnız texniki məsələ
deyil, həm də ictimai sağlamlıq siyasətinin tərkib
hissəsidir. Hesab edirəm ki, uşaqların rəqəmsal təhlükəsizliyi
ilə zərərli vərdişlərin
qarşısının alınması bir-biri ilə sıx
bağlıdır. Sağlam informasiya mühiti yaradılmadan
sağlam həyat tərzi təşviq etmək çətindir.
Bu baxımdan qəbul edilən sərəncam preventiv
yanaşmanın gücləndirilməsi və gələcək
nəsillərin sosial-mənəvi
sağlamlığının qorunması istiqamətində
strateji əhəmiyyət daşıyır”.
“Bu, çox vacib sərəncamdır”
Sosioloq Mail Yaqub qeyd edib ki, bu, çox vacib sərəncamdır:
“Bu gün sosial şəbəkələr dünyada yeni
fenomendir. Təəssüflər olsun ki, sosial şəbəkələrin
verdiyi hüdudsuz sərbəstlik bəzi istifadəçilərə
bu vacib vasitədən sui-istifadə etməyə əsaslar
verib. Bu da zərərlidir. Yəni həmin istifadəçilərin
sosial şəbəkədə etdikləri əxlaqsızlıqlar,
özbaşınalıqlar, dəyərlərə, mənəviyyata
qarşı atılan addımlar insanların, xüsusilə
azyaşlı uşaqların mənəviyyatına və
psixologiyasına birbaşa ziyandır”.
“Bəzi ölkələr həyəcan təbili
çalır”
M.Yaqub artıq bəzi ölkələrdə həyəcan
təbili çalındığın, qanuni addımlar
atıldığını deyərək vurğulayıb ki,
nə yaxşı ki, bizim ölkədə də dövlət
səviyyəsində belə bir addım atılıb: “Bu, təqdirəlayiqdir.
İndi bu hüquqi mexanizm necə olacaq, bu başqa məsələdir.
Yəni valideynlərmi bu barədə məsuliyyət
daşıyacaq, yoxsa azyaşlı uşaqların sosial şəbəkəyə
girişi əngəllənəcəkmi, bu artıq hüquqi
və texnoloji məsələlərdir. Amma ümumilikdə
bu, çox vacib addımdır. Çünki uşaqların
az yaşında psixologiyasının, mənəviyyatının
pozulması onların böyük yaşlarda şəxsiyyət
pozuntusuna səbəb olacaq”.
“Rəqəmsal təhlükəsizlik milli məsələdir”
Təhsil İşçilərinin Həmrəyliyi
Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli
qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin uşaqların
rəqəmsal mühitdə təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı imzaladığı sərəncam
müasir dövrün çağırışlarından irəli
gələn strateji və preventiv qərardır: “Rəqəmsal
mühitdə uşaqların üzləşdiyi
zorakılıq, qeyri-etik məzmun, kiberbullinq və manipulyativ
alqoritmlər artıq fərdi problem deyil, milli təhlükəsizlik
məsələsi kimi dəyərləndirilməlidir”.
“Uşaqların rəqəmsal
savadlılığının artırılması əsas
prioritetlərdir”
Ə.Həsənli bildirib ki, sənəd yalnız məhdudiyyətlərə
deyil, sistemli müdafiə mexanizmlərinin qurulmasına
yönəlib: “Burada texniki filtrasiya, valideyn və müəllim
məsuliyyətinin gücləndirilməsi, eləcə də
uşaqların rəqəmsal savadlılığının
artırılması əsas prioritetlərdir. Məqsəd
uşaqları rəqəmsal dünyadan təcrid etmək yox,
onları bu mühitdə təhlükəsiz və
şüurlu şəkildə fəaliyyət göstərə
biləcək bilik və bacarıqlarla təmin etməkdir.”
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-5 mart (¹9).- S.13.