İlqar Cahangir: gözəl insan
istedadlı aktyor
Onu yaxından tanıyıram, aramızda haqq-salam var.
Sadə, təvazökar, şən və mehriban adamdır.
İnsanlarla ünsiyyət qurmağı, isti münasibət
yaratmağı bacarır. Maraqlı həmsöhbətdir,
onunla hansı mövzuda istəsən dərdləşmək
olar. Qeyrətli kişidir, təəssübkeşliyi, mərdanəliyi
də öz yerində. Ağayana hərəkətləri
çoxdur, saymaqla qurtarmaz...
Deyir ki,- “mən Ceyranbatanda doğulmuşam. Atam əslən
Yardımlıdan, anam tərəf isə Cəlilabaddandır.
Böyük əmim İkinci Dünya Müharibəsindən əvvəl
Bakıya gəlib. O vaxtlar rayonlarda yaşayış
yaxşı olmayıb. Çətinlik, aclıq və s. Babam
1942-ci ildə elə savaşda həlak olub. Nənəmiz isə
hələ savaş başlamazdan öncə, atamın iki
yaşı olanda rəhmətə gedib. Atam uşaq
yaşlarından ata-anasız qalıb. Müharibə bitəndən
sonra əmim onu Bakıya gətirib. Bir müddət Bakıda,
hazırki 5 nömrəli xəstəxana ilə üzbəüz
ərazidə yaşayıblar. Atam məktəbi bitirəndən
sonra hərbi xidmətə gedib. O, əsgərlikdən
qayıdana kimi böyük əmim rayona
köçübmüş.
O vaxt Ceyranbatan təzə tikilirdi. Ortancıl əmim
Ceyranbatanda məskunlaşmışdı. Atam hərbi xidmətdən
birbaşa Ceyranbatana qayıdıb və iki qardaş orada
yaşayıblar. Atam bir az gec evlənib, 30 yaşında.
Sürücülüklə dolandırıb ailəsini. Bax
belə, Ceyranbatan qəsəbəsində anadan olmaq mənim
qismətim olub. Sovet dili ilə desək, fəhlə ailəsində
doğulmuşam. Anam evdar qadın idi. Bakıda anadan
olsaydım, ola bilərdi ki, tam fərqli bir həyat
yaşayardım. Bəlkə də, heç aktyor da
olmazdım. Yəqin ki, qəsəbənin abu-havası və
evimizlə üzbəüz yolun o tayındakı Mədəniyyət
evi aktyor olmağıma səbəb olub. Mədəniyyət
evində dərnəklər, xalq teatrı vardı. Məhz o
dərnək mənim aktyor olmağıma bir stimul oldu, mənə
yol açdı. Uşaqlığımın Mədəniyyət
evində keçməsi, musiqi məktəbinə getməyim
bugünkü aktyoru yaratdı. Bəlkə də, şəhərdə,
məsələn, Sovetskidə, yaxud Kubinkada yaşasaydım,
başqa cür ola bilərdi...”.
Haqqında söhbət açdığım əməkdar
artist İlqar Cahangir 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəsində
anadan olub. 1994- cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Unversitetini bitirib. İlk dəfə
teatr fəaliyyətinə Kamera Teatrında başlayıb və
2009-cu ilə qədər orada çalışıb. Sonra bir
müddət Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında işləyib və daha
sonra müstəqil "Oda" teatrının aktyoru olub. Uzun
müddətdir ki, işsizdir, dram və kino aktyoru kimi
yalnız film, serial və reklamlarda çəkilir...
“Orta məktəbi yaxşı oxumadığıma
görə ana dilim çox zəif, xəttim isə pis idi.
Yazdığımı iki saatdan sonra özümə versəydiniz
oxuya bilməzdim. Evdən aktyor olmağımı istəmirdilər.
Mən təkid edirdim. Gəldim ilk dəfə 1984-cü ildə
imtahan verdim. İxtisasdan iki 3, bir 4 aldım. Yazılı
imtahandan kəsildim. İkinci il də ixtisasdan iki 4, bir 3
aldım, yenə yazılıdan kəsildim. Yaşımın
ay fərqinə görə iki dəfə imtahan vermək
imkanım olmuşdu. Sonra hərbi xidmətə getdim.
1985-1987-ci illərdə hərbi xidmət keçdim. Hərbi
xidmətin ilk altı ayını Ukraynada oldum. Tank
sürürdüm. Sonra Çexoslovakiyaya göndərdilər.
İl yarım da orda xidmət etdim. 1987-ci ilin noyabrında əsgərlikdən
gəldim. 1988-də Qarabağ məsələləri
başladı. Sumqayıt hadisələrindən sonra məndə
milli kimliyimiz haqda daha dərin məlumat almaq istəyi
yarandı. Başladım axtarmağa, oxumağa. 1988-ci ilin
noyabrında 11 gün mitinqdə iştirak etmışdim ki,
ayın 30-da bacım rəhmətə getdi və mən bu səbəbdən
mitinqi tərk etdım. 1988-ci ildə yenidən imtahan versəm
də, yazılıdan kəsildim. Dayımın imkanı
yaxşı idi. Adam tapdı ki, mənə institututa daxil
olmağa kömək etsin. Dedim yox ey, mən bu institututa
özüm imtahan verib girməliyəm. 1989-da institututa qəbul
olundum. İnstitututa qəbul olduqdan sonra vəziyyətin gərginliyi
daha artıq hiss olunmağa başladı. 1990-cı ilin 20
Yanvar günü biz də küçələrdə idik.
İki gün idi evə getmirdim. İndiki 20 Yanvar
metrostansiyasından şəhərə çıxdım. O
vaxt oranın adı “XI Qızıl Ordu” adlanırdı. Gördüm,
indiki “Azərsu”nun qabağında ocaq qalayıblar. Hamı
yığışıb ora. Əlimizi bir az isidib qalxdıq
piyada “Şamaxinka”ya. Yollar bağlanmışdı,
yoxlayıb maşını buraxırdılar. Bir az da oralarda
dayandıq. Hardasa saat axşam səkkizə işləyirdi,
üç-dörd nəfər idik, piyada düşdük dəmiryolu
körpüsünə qədər. Bir “Jiquli” saxladı, bizi
Xırdalanın dairəsinə kimi apardı. Ordan da avtobusla
evə getdim ki, azca istirahət edim. Sonradan evdən
çıxıb yola tərəf gedəndə ağsaqqallar:
“Yola çıxma!”-deyib, qoymadılar. Həmin gecə
Bakıda qanlı hadisələr oldu. Səhərisi də
valideynlərimiz bizi eşiyə buraxmadı. Əslində, bu
hadisələr mənə bir həqiqəti anlatdı –
türk olduğumu! 1992-ci il idi. Bir gün anam dedi ki, evdə
olarsız, atanız sizinlə söhbət edəcək. Evdəydik,
atam bir az gec gəldi. Anam dedi ki, ata sizi
çağırır. 5 otaqlı evimiz vardı. Atam zalda
oturmuşdu. Girdik, gördük ki, atam oturub. Anam içəri
girəndə ona dedi ki, sən hələlik otaqdan
çıx. Xeyli bizə baxdı, 5-10 dəqiqə ayaqüstə
dayandıq. Sonra başıyla işarə etdi ki, oturun.
Oturduq. Atam başladı danışmağa. O vaxt mən tələbə
idim. Ortancıl qardaşım da nişanlıydı. Rəhmətlik
kiçik qardaşım durdu ayağa. Əvvəl duruxdum. Mən,
sonra da ortancıl qardaşım ayağa qalxdıq. Atam-
“Biriniz!”- deyə, dilləndi. Başqa heç nə demədi.
Kiçik qardaşım 1972-ci ildən idi. Mən 1967,
ortancıl qardaşım isə 1969. Kiçik
qardaşım- “Ata, Azad nişanlıdı, İlqar da tələbədi,
mən gedirəm.”-dedi. Onda hazırlaş!- deyə, atam fikrini
bildirdi.
Beləcə, qardaşım getdi müharibəyə.
1993-cü ildə mən də hərbi komissarlığa
gedib: - “tankçıyam, ehtiyac varsa, mən də gedə bilərəm.-deyə
müraciət etdim. Qeyd elədilər, yazdılar. Dedilər
ki, lazım bilsək, xəbər edərik. Müharibənin
sonlarıydı. 1994-cü ildə qardaşım şəhid
oldu”,- söyləyir.
Çox istedadlı aktyordur. Bir dəfə Yardımlıda
görüşünü təşkil etmişdim.
Görüş qabağı rayon mərkəzində,
çayxanalardan birində əyləşib, çay
içirdik. İnsanlar ona hörmətlə yanaşıb,
salamlaşırdılar. Birdən biri yaxınlaşıb,
müraciət etdi ki, biz ailəlikcə “Yuxu kimi” serialına
baxırıq. Xahiş edirəm deyəsiniz, filim necə
qurtaracaq? İlqar həmin serialda kriminal rol oynayır. O ərəfədə
canlandırdığı “Maks” obrazı həbsxanaya
düşmüşdü. Gülümsəyərək, sual
verənə- “Məni içəri salıblar, çöldən
xəbərim yoxdur”- deyə cavab verdi...
Deyir ki,- “Tam səmimi deyirəm, çəkildiyim
serialların necə davam edəcəyindən xəbərsiz
oluram. Məsələn, on gün çəkilişdə
olmalıyıq. Doqquzuncu gündür, hələ bilmirəm
ki, onuncu gün yenə çəkiliş var, on birinci gün
yeni serial başlamalıdı. Bilmirəm ki, filim hansı səmtə
yönələcək. Türkiyədə bu xəttdən
istifadə edirlər. Yəni, sonradan görürlər ki,
ssenarinin içində müəyyən bir xəttə
tamaşaçılar daha çox meyl edir. Başlayırlar əsas
xətti qoyub, məhz həmin xətii genişləndirməyə.
Tam deməzdim ki, sonda nə olacağını bilirəm. Bircə
onu bilirəm ki, hadisələr 60 seriyaya qədər gedəcək.
Ondan sonra nə olacağından xəbərsizəm. Serial gedə-gedə
yazılır ssenari. Doğrudur, aktyor bütün hadisələri
əvvəlcədən bilməlidir, oxumalıdır ki, həmin
əhvala köklənə bilsin. Olub ki, ssenari müəllifi
ssenarini gecə saat 01:00-da atıb. Gecə səhərədək
oxumuşam ki, sabah nə edəcəyimi bilim...”.
Bəli, istedadlı aktyor olduğu kimi, həm də
gözəl insandır. Yoldaşlıqda mükəmməl,
dostluqda sədaqətlidir. Ətrafında baş verən hadisələrə
biganə qala bilmir. Əsl ziyalı kimi münasibət bildirməyə
tələsir. Bəlkə də işsiz qalmasının səbəbi
də bundadır, cəzalandırılır. Əslində, bəzən
mən onu Fuad Poladova bənzədirəm. Şəxsiyyət
kimi şəxsiyyət, aktyor kimi aktyor...
“Mən “Pərvanələrin rəqsi”ndən sonra
populyar oldum. Bu seriala qədər teatrda çox
mükafatları almışdım. Teatrda çox adamın
arzusunda olduğu rolları belə oynamışdım. 12 il
Otellonu oynamışam. Səkkiz il Ezop oynamışam. 2 il
Şah Edip oynamışam. Con Steynbekdən “Adamlar və
siçanlar”da oynamışam. Deyirəm ki, 22 illik teatr təcrübəmdə
“Tarqovı”dan başqa heç yerdə tanımadılar. Amma,
iki aylıq televiziyadan sonra “Tarqovı”dan başqa hər yerdə
tanıdılar. Televiziya adamı populyarlaşdırır.
Rövşən İsaxla tələbə
yoldaşıyıq. Seriallar çəkilməyə
başlayan vaxtlar idi. Yeddi-səkkiz nəfər tələbə
yoldaşları görüşmüşdük. Rövşən
işini bilən rejissordu. O vaxt seriallara 5 milyon manat pul
ayrılmşdı. O vaxt 16-ya yaxın serial çəkilib.
Üzdə olan iki-üç dənəsi oldu. “Sirr”, “Məhkumlar”
kimi. Sonra “Sonuncu fəsil” çəkildi. Lider TV-də bir
layihə oldu. Asif Abramov çəkdi. Orda müstəntiqi
oynayırdım. Axırıncı da “Ögey ana” oldu. “Dəfnə
ağacı” serialında da oldum. Xəzər TV-də də
bir layihə başlandı. Amma, o, çox getmədi,
yarımçıq qaldı.”- söyləyir.
Öz üzərində işləməyi, mütaliə
etməyi xoşlayır. Rabindranat Taqoru, Selencerin hekayələrini
sevir. Əvvəllər onları çox oxuyub. Son vaxtlar az
mütaliə etdiyini söyləsə də, “Norveç
meşələri”ni, Xalid Hüseyninin “Çərpələng
uçuran”ı, “Min möhtəşəm günəş”i
və s. müəlliflərin kitablarını oxuduğunu
bildirir...
Deyir ki,- “Bizim serialları türk serialları ilə
müqayisə etmək lazım deyil. Aradakı fərq
uçurum kimidi. Serial da belədir ki, bir müəyyən məbləğ
var. Bu məbləğə 10 seriya çəkilməlidi. Bu
da 1 ay vaxt istəyir. 40 nəfər də işçi var.
Çay verənindən tutmuş, layihənin rəhbərinə
qədər. O verilən məbləğ aşağıdan
yuxarıya bölünməlidir. Yəni, artıq müəyyən
nizam var. Məsələn, bir dəfə bir aktrisanı
çağırdılar. O, deyiləndən ikiqat artıq istədi.
Geri çəkildilər ki, imkan yoxdu. Onu çəkmədilər.
Mən də elə, artıq desəm, məni çəkməzdilər.
Mən deyirəm ki, son nədi? Onu deyirlər,
razılaşıram. Burda maaş da aylıqdır. Qane edir hələ
ki. Bu gün Azərbaycan reallığında budur. Maliyyə
ancaq sponsordan gəlir. Bizdə də əsas serial işləyən
ATV və Xəzər TV-di də. Serialdan gəlirim təxminən
1000-1500 manat arası olur...”
İllər öncə “Əməkdar artist” fəxri
adına layiq görülsə də, İlqar Cahangirə bir
idtededlı aktor kimi, hələ də əsl dəyəri
verilməyib. İnanıram ki, nə vaxtsa həmin
“DƏYƏR” öz ünvanına yetişəcək…
İlqarın 55 yaşı tamam olur. Necə deyərlər,
ömrün 55-ci təntənəsini qeyd edəcək. Yəni
əladan da əla…
Bu münasibətlə onu təbrik edirəm, Allahdan
uzun ömür, firəvan həyat və yaradıcılıq
uğurları diləyirəm. Yanındayıq, gözəl
insan, qoşa "BEŞ"-in mübarək!
Elman Eldaroğlu
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.15.