“Pərdə hər dəfə
açılanda biz sadəcə bir hekayə
danışmırıq...”
Fuad Cavadzadə: “Tamaşaçı ilə birlikdə
nəfəs alırıq”
Ötən həftə Ağdam Dövlət Dram
Teatrı Milli Gənc Tamaşaçılar Teatrında Mirzə
Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat
və dərviş Məstəli şah Cadükuni-Məşhur”
pyesi əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri”
tamaşasının premyerasını keçirib. Səhnə
əsəri tamaşaçılar tərəfindən
böyük maraqla və alqışlarla qarşılanıb.
Bildirək ki, sözügedən tamaşa Ağdam
Dövlət Dram Teatrının aktyorlarına “Aktyorun öz təbiətinin
açılmasından obrazın yaradılmasına qədər
olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri”
mövzusunda keçirilmiş ustad dərsləri zamanı
hazırlanıb. Ustad dərslərini isə gənc rejissor
Fuad Cavadzadə tədris edib.
Tamaşada rolları Kərim Həsənov, Anar
Əhməd, Zərifə Ağayeva, Fərhad Fərhadzadə,
Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə
Xudadatova, Camal Zamanov, Tural Yusifov, Behbud Əsgərov, Turan Nərimanov,
Yusif Ziyadlı canlandırıb. Eləcə də səhnə
əsərinin quruluşçu rəssamı Müşviq
Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə,
musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin
quruluşu Şükür Həsənzadə, rejissor
assistenti Ceyhun Yusifovdur.
Ustad dərsləri və sözügedən
tamaşanın hazırlıq prosesi haqqında Fuad Cavadzadə
“Xalq Cəbhəsi”nə danışıb.
- Fuad bəy, öncə istərdim bu layihə haqqında
məlumat verəsiniz...
- Bu layihə bir başa olaraq Mədəniyyət
Nazirliyinin layihəsidir. Adından da bəlli olduğu kimi hər
iki tərəf üçün faydalı bir layihədir. Gənc
rejissorların özlərini ifadə etməsi, yenilikçi
baxış bucaqlarını ortaya qoya bilməsi istiqamətində
regionlarda teatr prosesinin canlanması, teatr sahəsində
kadrların peşəkarlıq səviyyəsinin
artırılmasına yönəlmiş layihədir.
Seçilmiş gənc rejissorlar burada müxtəlif kollektivlə
işləyir orada öz istəklərini həyata
keçirir, öyrəndilərini bölüşür,
iş prosesində təcrübə əldə edir. Həmin
kollektivlər isə yeni rejissorları tanıyır, yeni
rejissor traktofkasında işləyir, bilmədiklərimi
öyrənir. İstənilən halda, dövr, zaman dəyişir.
Gənclik yeni səsdir, yeni nəfəsdir.
Bütövlükdə, bu layihə hər iki tərəf
üçün olduqca faydalıdır.
Belə ki, Ağdam Dövlət Dram Teatrında bir
aylıq davam edən ustad dərsləri zaman “Aktyorun öz təbiətinin
açılmasından obrazın yaradılmasına qədər
olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri”
mövzusunda təlimlərə başladıq. Ustad dərslərinin
praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi
məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin
“Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş
Məstəli şah Cadükuni-Məşhur” pyesi əsasında
“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri”
adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim
olundu.
- Bildiyim qədəri ilə layihədə daha öncə
səndən başqa şəxslər də iştirak edib,
ölkədə fəaliyyət göstərən
ayrı-ayrı teatrların aktyorlarına müxtəlif
mövzularda ustad dərsləri keçib...
- Bəli, məndən öncə bu layihədə
bir neçə rejissorlar iştirak edib, müxtəlif
teatrlarda olub. Əslində, ilkin olaraq bu layihə bildiyim qədəri
ilə fərqli istiqamətdə başlayıb. Yalnız
ustad dərsləri formatında olub, ilk təlimi keçən
Bəxtiyar Xanızadə olub. Daha sonra bura tamaşa
hazırlanması daxil olub. Məndən öncə bir
neçə teatrda olub. Bildiyim qədəri ilə layihədə
Gümrah Ömər, Abdulla, Nicat Mirzə və digər
rejissorlar iştirak edib.
- Budəfəki ustad dərslərinin tədrisində
necə oldu siz seçildiniz?
- Məhz bu sual görə, təşəkkür edirəm.
Əslində, tam da yerinə düşmüş sual oldu.
Çünki bu haqda məlumat yayılanda bəzi teatr
adamları bu xəbərə müxtəlif cür
yanaşdılar. Bunların içində məni
tanıyanlar da oldu, tanımayanlar da. Qeyd edim ki, mən bu sənətdə
heç də təsadüf birisi deyiləm. 10 yaşımdan
demək olar ki, incəsənət sahəsindəyəm.
İlkin olaraq fəaliyyətimi dram dərnəyi, xalq
teatrlarından başlamışam orta musiqi təhsilim var.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetin Teatr sənəti fakütləsinin
"Rejissorluq" ixtisasını dövlət hesabına
oxuyub, müdafiə eləyib bitirmişəm. Müxtəlif
teatrlarda təəcrübə və praktika keçmişəm.
Təhsil aldığım müddətdə paralel olaraq mədəniyyət
sahəsində çalışmışam, müxtəlif tədbir
və bayramların təşkilatçısı,
quruluşçu rejissoru olmuşam. Müxtəlif teatr
festivallarının iştirakçısı olmuşam,
tamaşalarımı təqdim etmişəm. Media və mətbuat
sahəsində qısa müddət də olsa
çalışmışm. Aktyor kimi fəaliyyətim olub.
Daha sonra Mədəniyyət Nazirliyin dəstəyi ilə
İstanbul Universiteti Dövlət Konservatoriyasında Səhnə
sənətləri fakültəsinin "Teatr"
bölümünə qəbul olan yeganə azərbaycanlı
tələbə olmuşam. Eyni zamanda, təhsil müddətimdə
araşdırma edərək Tükiyədə 1 il üzərində
işlədiyim akademik məqaləm yayımlanıb
(Uluslararası Eğitim Bilimleri Dergisi-"Stanislavski'nin
Oyunculuk Eğitiminde Karakter Yaratımı Yöntemi").
Teatr üçün olduqca əhəmiyyətli olan 2 il mənim
zamanımı alan dissertasiya yazmışam və onu müdafiə
edərək məzun olmuşam. Bütün
gördüyüm işlər Media və mətbuatda
işıqlandırılıb, Türkiyənin Təhsil
Nazirliyinin saytında rəsmi olaraq təsdiqlənib,
yayımlanıb. Təhsil müddətimin son ilində Azərbaycan
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fəaliyyətə
başlamışam. Müstəqil olaraq Sumqayıt Dövlət
Dram Teatrında Ə.Əmirlinin "Xeyir-Xəbər",
K.Həsənovun "Sehrli Yaylıq". Gəncə Dövlət
Milli Dram Teatrında iki müxtəlif kollektivlə
Ə.Əmirlinin "M.S.S" tamaşalarını
hazılamışam. Hər bir tamaşam teatr biliciləri tərəfindən
müsbət və təqdirəlayiq qarşılanıb.
Media və mətbuatda çox geniş şəkildə
ictimailəşdirilib. Hətta paytaxtda Bakı premyeralarım
gerçəkləşib, Mədəniyyət kanalı vasitəsilə
bütün dünyaya yayımlanaraq teatrsevərlərə təqdim
olunub. Arxivə köçürülüb. Bütün
bunlar kifayət eləmir? Sadəcə olaraq bizdə Sovetdən
qalmış yalnış yanaşma var ki, ustad dərsi
keçmək üçün gərək sənin
yaşın 60-dan yuxarı ola ki, səni qəbul etsinlər.
Xeyr, bugünki gənclər dünyaya daha
açıqdırlar, əlçatandırlar, bütün
yeniliklərdən anındaca xəbərdardırlar. Yaxın
qonşumuz olan,Teatrın yaradıcılıq mərkəzi
olan Rusiyada 30 yaşında gənclər var ki, teatrı idarə
eləyir. Məsələ burda yanaşmadadır.
Görünür biz hələ də milli dəyərlərimizə
sadiq qaldığımız halda tam olaraq inkişaf eləməmişik.
Nəyin doğru, nəyin yalnış olduğunu hələ
də tam olaraq ayırd edə bilmirik.
Görünür ki, bütün bu göstəricilərim
nəzərə alınaraq dəyərləndirilmişəm,
seçilmişəm. Çox sağ olsun Mədəniyyət
Nazirliyi və onun səlahiyyətli nümayəndələri,
Teatr sektoru hər zaman mənə diqqət, dəyər və
dəstək göstəriblər və mən də hər
zaman onların etimadını doğrultmağa
çalışmışam.
- Niyə bu əsər fərqlənirildi?
- Bu pyes birbaşa olaraq mənim istəyim üzərində
seçildi. Sağ olsun Mədəniyyət Nazirliyi və
Teatr heç bir etiraz bildirmədi. Seçim birbaşa olaraq
bizim özümüzdə olar. Sadəcə burda
qarşıya qoyulan şərtlər var ki, teatr kollektivinin yaradıcılıq
potensialına uyğun və texniki imkanları danışa
biləcək bir tamaşa olmalıdır. Mənim
seçdiyim pyes olduqca məşhur və demək olar ki, hər
bir teatrda oynanılmış tamaşadır, hətta məktəb
dərsliklərində olduğu üçün hər kəsə
tanışdır. Mənim burda qarşıma qoyduğum məsələ
məhz Qarabağ mövzusu idi. Öz baxış
bucağımdan yaradıcı və innovativ yanaşmamı
ortaya qoyaraq pyesi olduğum yerə - Qarabağa
uyğunlaşdırdım. Tamaşanın əsas süjet xəttini
Fransalı alim Müsyö Jordanın Qarabağa gəlməsi,
Qarabağın adət-ənənələri, məşhur
Qarabağ xalçaları, atları, muğamı, yeməkləri,
bitkiləri ilə yaxından və əyani tanış olmaq
istəməsi, gördülərini bütün dünyaya
çatıra bilməsi məqsədilə Şahbaz bəyi
özü ilə Fransaya apartmaq istəyi təşkil edir. Bu
tamaşa müəllifin ideya və süjet xəttinə
toxunmayaraq milli klassikamızın müasir dövrə milli
adaptasiyasıdır.
- Bəs məşq prosesi necə oldu?
- İlkin olaraq başlanğıcda bir həftəni
təlimlərə həsr elədik. Bu, eyni zamanda, bir-birimizlə
tanışlıq mərhələsi idi. Daha sonra daha çətin
prosesə - rol bölgüsünə və tamaşanın məşqlərinə
başladıq. 1-ci Stolüstü dövr (Analiz), 2-ci Mizan məşqləri
(Ayaqüstü məşqlər), 3-cü Parça və
birləşdirmə məşqləri, 4-cü Baş
(General) məşqləri oldu.
- Çətinliklər oldumu?
- Əlbəttə, oldu özü də çox
böyük çətinliklərim oldu, amma hər bir çətinliklər
mənə təcrübə qatdı. Ümumiyyətlə,
teatr məşqləri heç vaxt hamar bir yol deyil. Əksinə,
yaradıcılıq "sancısı" deyilən bir
anlayış var və prosesin təbiəti elə çətinliklər
üzərində qurulub.
Məşq prosesində ən çox rast gəldiyim əsas
çətinlik Teatrın məcburi köçkünlükdən
sonra kənd klubunda yerləşib fəaliyyətinə davam
elətdirməsi idi. Daha sonra əksər aktyorların təhsilsiz
və təcrübəsiz olması. Daxili müqavimət və
"rola girə bilməmək", fiziki və emosional
yorğunluq, "səhnə boşluğu" və məkan
problemi və ən əsası peşəkar kadrların
olmaması, texniki nasazlıqlar, aktyorların və idarə
heyətinin çox səmimi dostluqları ümumi
yaradıcı prosesini çətinləşdirirdi.
- Məşq zamanı yadda qalan maraqlı hadisə
yaşandımı?
- Teatr məşqləri canlı və emosional proses
olduğu üçün orada hər zaman gözlənilməz,
bəzən gülməli, bəzən isə dramatik hadisələr
yaşanır. Bizim prosesdədə oldu, lakin onları ifadə
eləmək istəmirəm.
- Ağdam Dövlət Dram Teatrının
aktyorları ilə çalışmaq necə idi?
- Çox çətin oldu amma maraqlı oldu.
Əslində, çox fədakar insandırlar. Çünki
bütün yaşadıqları çətinliklərə,
çatışmazlıqlara, şəraitsizliklərə
baxmayaraq dözüb, qalıb, teatrın fəaliyyətini
çətinliklə də olsa davam etdirirlər. Necə davam
etdiriblər, taleləri və yaradıcılıqları kimlərin
əlində olub bu, ayrıca mövzudur. Bu, haqda
danışmaq istəmirəm. Hətta elə aktyorlar var idi
ki, hər gün yaxın rayonlardan, qəsəbələrdən
saatlarla hər gün məşqə gəlməyə məcbur
idi. Əslində, bu, onların öz seçimi idi.
Bütün bunlar isə təqdirəlayiqdir.
- Mövzu “Aktyorun öz təbiətinin
açılmasından obrazın yaradılmasına qədər
olan yol. Stanislavski sisteminin psixofiziki mərhələləri”
idi. Yəqin oxucularımız üçün də
maraqlı olar nədir Stanislavski sisteminin psixofiziki mərhələləri?
- Stanislavskinin yaratdığı sistem sadəcə
bir “oyun qaydaları” toplusu deyil. Bu, aktyorun daxili aləmi ilə
xarici hərəkətləri arasında qırılmaz bir
körpü quran elmi-bədii metodologiyadır. “Aktyorun öz təbiətindən
obraza gedən yolu” əslində bir insanın özünü
yenidən kəşf etməsi prosesidir.
Stanislavski sisteminin psixofiziki mərhələləri
aktyorun həm ruhunu (psixika), həm də bədənini
(fizika) eyni anda hərəkətə gətirməyi hədəfləyir.
Stanislavski karyerasının sonlarına doğru “Fiziki hərəkətlər
metodu”nu kəşf etdi. Bu, sistemin ən inqilabi hissəsidir. O
anlayırdı ki, aktyora “gül” və ya “ağla” demək nəticə
vermir. Amma aktyora fiziki bir tapşırıq verdikdə (məsələn,
itmiş üzüyü axtarmaq), bu hərəkət təbii
olaraq həyəcan və duyğu yaradır.
- Martın 10-u Azərbaycnda Milli Teatr Günü idi.
İstərdim bu haqda da danışasınız...
- Bəli, 10 Mart Azərbaycanın mədəniyyət
təqvimində ən parlaq səhifələrdən biridir.
Bu, sadəcə təqvim günü deyil, milli intibahın,
dilimizin və mənəviyyatımızın səhnədə
qazandığı qələbə günüdür. Teatr –
insanı insana, insanla, insanca anlatmaq sənətidir. Rejissor
olaraq deyə bilərəm ki, pərdə hər dəfə
açılanda biz sadəcə bir hekayə
danışmırıq, tamaşaçı ilə birlikdə
nəfəs alırıq. Azərbaycanda teatr həmişə
cəmiyyətin güzgüsü olub. Gah güldürüb
düşündürüb, gah da faciələrimizlə bizi
silkələyib.
Milli Teatr Gününüz mübarək! İstərdim
ki, bu bayramı sadəcə xatırlamayaq, həm də
teatrlarımızı yaşadaq.
-Mən də səni Milli Teatr Günü münasibətilə
təbrik edirəm və sənə yeni uğurlar
arzulayıram.
Çox sağ olun.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.14.