Yaxın Şərq
yenidən alovlanır: atəşkəs uzaq görünür
"Beynəlxalq hüququn və BMT-nin qəbul etdiyi
qərarların icrası vacibdir”
Yaxın Şərqdə davam edən gərginlik və
regionda baş verən hərbi-siyasi proseslər beynəlxalq
gündəmin əsas mövzularından biri olaraq qalır. Qəzza
zolağında davam edən qarşıdurma, Livan istiqamətində
artan gərginlik, eləcə də Hizbullahın tərksilah
olunması ilə bağlı səslənən
çağırışlar bölgədə sabitliyin nə
qədər kövrək olduğunu bir daha göstərir.
Analitiklərin fikrincə, bu proseslər təkcə regional
qarşıdurma deyil, eyni zamanda böyük güclərin
Yaxın Şərqdəki geosiyasi maraqları ilə də
sıx bağlıdır.
Ekspertlər hesab edirlər ki, İsrailin regionda həyata
keçirdiyi hərbi və siyasi strategiya, həmçinin
ABŞ-nin rəsmi Təl-Əvivə verdiyi siyasi və hərbi
dəstək bölgədəki gərginliyin daha da
artmasına təsir göstərir. Bu fonda Livanda atəşkəsin
mümkünlüyü, Hizbullahın tərksilah olunması məsələsi
və Avropa İttifaqının proseslərə təsir
imkanları geniş müzakirə olunur. Mövzu ilə
bağlı politoloqlar “Xalq Cəbhəsi”nə mövcud vəziyyəti
şərh edərək regionda baş verən proseslərin səbəbləri
və mümkün nəticələri barədə fikirlərini
bölüşüblər.
ABŞ dəstəyi
Politoloq Azad Məsiyev “Xalq Cəbhəsi”nə
açıqlaması zamanı qeyd edib ki, Yaxın Şərqdə
baş verən gərgin proseslər İsrailin regionda həyata
keçirdiyi strateji siyasətlə bağlıdır.
O bildirib ki, son dövrlərdə İsrail rəhbərliyinin
“vəd olunmuş torpaqlar”la bağlı səsləndirdiyi
fikirlər Yaxın Şərqdə daha böyük İsrail
dövləti yaratmaq ideyasının gündəmdə
olduğunu göstərir: “İsrail dövləti
yarandığı vaxtdan etibarən öz ərazisini əsasən
Fələstin torpaqları hesabına genişləndirib və
bunu müxtəlif təhlükəsizlik və siyasi bəhanələrlə
əsaslandırmağa çalışıb. Belə bir
strategiya İsrailin region ölkələri ilə
qarşıdurmaya girməsi deməkdir. İstər Suriya, istər
Livan, istərsə də Yaxın Şərqin digər
bölgələrində baş verən proseslər göstərir
ki, İsrail müxtəlif bəhanələrlə bölgədə
gərginlik yaradır. Terrorla mübarizə adı altında
Fələstin torpaqlarını işğal edir, Suriyada
müəyyən yüksəklikləri ələ keçirərək
bufer zona ideyasını irəli sürür”.
Politoloq bildirib ki, İsrailin bu siyasəti ABŞ-nin
siyasi və hərbi dəstəyi ilə həyata
keçirilir. Onun sözlərinə görə, rəsmi
Tel-Əviv bu dəstək olmadan regionda belə
genişmiqyaslı siyasət yürütməkdə çətinlik
çəkərdi: “Avropa İttifaqı isə əsasən
bəyanatlar verməklə kifayətlənir və bu bəyanatların
regiondakı proseslərə real təsiri olmur. Yaxın Şərqdə
sabitliyin təmin olunması üçün yalnız
diplomatik bəyanatlar kifayət etmir və daha təsirli beynəlxalq
mexanizmlərin tətbiqinə ehtiyac var”.
“İsrail atəşkəsdə maraqlı deyil”
Politoloq Şakir Ağayev deyib ki, Livanda atəşkəsin
bərpa olunacağı ehtimalı çox zəif
görünür.
O bildirib ki, İsrail hazırkı mərhələdə
hərbi əməliyyatları dayandırmaq niyyətində
deyil: "Yadınızdadırsa, bundan əvvəl Livanla
bağlı müəyyən danışıqlar
aparılmışdı. Amma mövcud vəziyyət göstərir
ki, İsrail atəşkəsə getməkdə maraqlı
deyil. Çünki Baş nazir Benyamin Netanyahu hakimiyyətini
qorumaq üçün müxtəlif bölgələrdə
müharibə siyasətini davam etdirir. Müharibələr nə
qədər davam edərsə, Netanyahunun hakimiyyətdə
qalma ehtimalı da bir o qədər artır. Bu baxımdan
yaxın zamanda hər hansı atəşkəsdən
danışmaq çətindir”.
Politoloq qeyd edib ki, Avropa İttifaqının bu proseslə
bağlı çağırışlarının da real təsir
gücü yoxdur: “Artıq Avropa İttifaqının
sözünü beynəlxalq siyasətdə əvvəlki
kimi ciddi qəbul etmirlər. Bu qurumun qlobal proseslərə təsir
imkanları xeyli zəifləyib. Avropa İttifaqının
xarici siyasət rəhbəri Kaya Kallasın səsləndirdiyi
çağırışların da regiondakı balansı dəyişəcəyini
düşünmürəm. Beynəlxalq münasibətlərdə
sözün təsirli olması üçün arxasında
ciddi güc dayanmalıdır”.
Əsas maneə
Politoloq Elşad Həsənov diqqətə
çatdırıb ki, Yaxın Şərqdə gərginliyin
davam etdiyi bir vaxtda Livanda atəşkəsə nail olunması
üçün Hizbullahın tərksilah olunması məsələsi
gündəmə gətirilir: Lakin bu tələbin
reallaşması mövcud siyasi reallıqlar fonunda çətin
görünür".
O qeyd edib ki, Hizbullahın silahlarını
könüllü şəkildə təhvil verməsi məsələsi
yalnız müəyyən şərtlərin yerinə
yetirilməsi ilə mümkündür. Hizbullah əsas şərt
kimi İsrailin Qəzza zolağından tam
çıxmasını və Fələstin dövlətinin
yaradılmasını irəli sürür. Bu, əslində
Birləşmiş Millətlər Təşkilatının
müvafiq qərarlarının yerinə yetirilməsi deməkdir.
Lakin bu qərarlar icra olunmadığı üçün
Yaxın Şərqdə sabitliyin təmin olunması da
çətinləşir.
Regionda baş verən hadisələr İsrailin həyata
keçirdiyi siyasətlə də sıx bağlıdır.
İsrail son dövrlər Livanın cənubuna və Suriyaya
qarşı hərbi əməliyyatlar həyata keçirir.
Bu isə regionda gərginliyin daha da artmasına səbəb
olur. ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqdə
hegemon siyasət yürütməyə
çalışır və bu proses çoxsaylı insan tələfatı
ilə nəticələnir”.
Ekspert vurğulayıb ki, Qəzzada baş verən
hadisələr və mülki əhalinin, xüsusilə
uşaqların həyatını itirməsi dünya ictimaiyyətində
ciddi narahatlıq doğurur: “Bir sıra Avropa ölkələri
də bu məsələlərlə bağlı
etirazlarını ifadə ediblər. Bu baxımdan bəzi beynəlxalq
rəsmilərin məsələyə birtərəfli
yanaşması doğru hesab edilə bilməz”.
Elşad Həsənov hesab edir ki, regionda sabitliyin təmin
olunması üçün ilk növbədə beynəlxalq
hüququn və BMT-nin qəbul etdiyi qərarların icrası
vacibdir: “İsrail öz sərhədləri daxilində hərəkət
etməli və qonşu ölkələrin ərazilərinə
müdaxilə etməməlidir. Əks halda Yaxın Şərqdə
gərginliyin azalması mümkün olmayacaq. Hizbullahın
silahı yerə qoyması İsrailin mövqelərini daha da
gücləndirə bilər.
Bu baxımdan Hizbullahın tərksilah olunması real
görünmür. Çünki bu təşkilat və digər
qruplar İsrailin siyasətinə qarşı mübarizə
apardıqlarını bildirirlər”.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.13.