Xarici ticarət
dövriyyəsi azalır
Azərbaycanın xarici ticarətində azalma meyilləri
müşahidə olunur. Belə ki, 2025-ci ildə ölkəmiz
dünyanın 180 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları həyata keçirib,
128 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən
idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış,
lakin gömrük rəsmiləşdirilməsi tam başa
çatdırılmamış ixrac olunan xam neft və təbii
qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə
alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət
dövriyyəsi 48,9 milyard ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 24,5 milyard dollarını və
ya 50,1 faizini ölkədən ixrac olunmuş məhsulların,
24,4 milyard dollarını (49,9 faizini) isə idxal məhsulları
təşkil edib, nəticədə 146,4 milyon dollar məbləğində
müsbət saldo yaranıb. 2024-cü illə müqayisədə
xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2
faiz artıb, real ifadədə isə 8,6 faiz, o cümlədən
idxal 8,5 faiz, ixrac 8,7 faiz azalıb. Əsas göstərici isə
məhz real rəqəmlərdir. 2025-ci ildə qeyri neft-qaz məhsullarının
ixracı 3628,2 milyon dollar təşkil etmiş və
2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1
faiz artmış, real ifadədə isə 18,1 faiz
azalmışdır.
Azərbaycanın xarici ticarətində real ifadədə
azalmanın müşahidə olunması bir neçə
daxili və xarici iqtisadi amillərlə bağlı ola bilər.
Real ifadədə azalma, əsasən qiymət dəyişiklikləri
və inflyasiya təsirləri aradan qaldırıldıqdan
sonra hesablanır. Bu səbəbdən faktiki artım olsa belə,
real göstəricilərdə azalma müşahidə oluna
bilər. Bu proses xüsusilə ölkə
iqtisadiyyatının enerji sektorundan
asılılığı və qlobal iqtisadi dəyişikliklərlə
əlaqədardır. Azərbaycanın ixracının əsas
hissəsini neft və qaz təşkil edir. Dünya
bazarında neft qiymətlərinin dəyişkənliyi xarici
ticarət dövriyyəsinə birbaşa təsir edir. Məsələn,
Brent Crude Oil qiymətlərində enmə və ya sabitləşmə
ixrac gəlirlərinin real dəyərinin azalmasına səbəb
ola bilər. Neft və qaz hasilatında müəyyən
dövrlərdə baş verən azalma və ya texniki məhdudiyyətlər
ixracın real həcmini azalda bilər.
Dünya iqtisadiyyatında baş verən tənəzzül
və ya artım tempinin zəifləməsi də ölkələrin
idxal tələbatını azaldır. Bu isə Azərbaycanın
əsas ticarət tərəfdaşları tərəfindən
enerji və digər məhsullara olan tələbin
azalmasına gətirib çıxara bilər. Son illərdə
qeyri-neft sektorunun inkişafı prioritet olsa da, ixracın
strukturunda enerji məhsulları hələ də
üstünlük təşkil edir. Qeyri-neft ixracının həcmi
enerji ixracındakı azalmanı tam kompensasiya edə bilmir.
Regional münaqişələr, sanksiyalar, nəqliyyat dəhlizlərində
problemlər və beynəlxalq ticarət qaydalarındakı dəyişikliklər
də ticarət axınlarına təsir göstərə bilər.
İnflyasiya iqtisadiyyatda qiymətlərin artması ilə
bağlı kompleks təsirlər yaradır və istehlak,
istehsal, investisiya və xarici ticarət göstəricilərinə
birbaşa təsir edir. Bu səbəbdən makroiqtisadi
sabitliyin qorunması üçün inflyasiyanın optimal səviyyədə
saxlanılması daha vacibdir.
Azərbaycanın xarici ticarətində real azalma əsasən
qlobal enerji bazarındakı dəyişikliklər, dünya
iqtisadiyyatının zəifləməsi, ixrac strukturunun enerji
sektorundan asılılığı və logistika amilləri
ilə bağlıdır. Bu səbəbdən uzunmüddətli
perspektivdə qeyri-neft ixracının artırılması və
ixracın diversifikasiyası mühüm əhəmiyyət
daşıyır.
Dövlət Gömrük Komitəsindən daxil
olmuş məlumatlara əsasən ölkənin xarici ticarət
dövriyyəsinin 24 faizi İtaliya, 11,6 faizi Türkiyə, 10
faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1
faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş
Krallıq, hər biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və
Yunanıstan, 1,7 faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla
Çexiya və Özbəkistan, hər biri 1,4 faiz olmaqla
Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3 faizi İran, 1 faizi
Ukrayna və s. ölkələrlə aparılmış ticarət
əməliyyatlarının payına düşür.
Ölkəyə idxal olunmuş məhsulların
ümumi dəyərinin 19,6 faizi Çin, 15,3 faizi Rusiya, 9,6
faizi Türkiyə, 6,1 faizi ABŞ, 5,3 faizi İsveçrə,
3,7 faizi Avstraliya, 3,4 faizi Almaniya, 3,3 faizi Birləşmiş
Krallıq, 2,9 faizi Özbəkistan, 2,6 faizi İran, 2,4 faizi
Qazaxıstan, 2,1 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Belarus
və Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və
Meksika, hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi
Afrika Respublikası, 1,1 faizi Fransa, 0,9 faizi Hindistan, 11,4 faizi isə
digər ölkələrlə aparılmış idxal əməliyyatlarıdır.
İxracın 45,3 faizini İtaliyaya, 13,5 faizini
Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,3 faizini Yunanıstana,
3,2 faizini Bolqarıstana, 3,0 faizini Çexiyaya, 2,8 faizini
Gürcüstana, 2,7 faizini Xorvatiyaya, 2,5 faizini Rumıniyaya, 2,2
faizini Almaniyaya, 1,9 faizini İsveçrəyə, 1,7 faizini
Portuqaliyaya, 1,4 faizini Birləşmiş Krallığa, 1,2
faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Tunis və
Ukraynaya, 0,8 faizini Niderlanda, 0,7 faizini Hindistana, 0,6 faizini
Fransaya, hər biri 0,5 faiz olmaqla Suriya, Serbiya, İndoneziya, Birləşmiş
Ərəb Əmirlikləri və Əfqanıstana, 4,2 faizini
isə digər ölkələrə göndərilmiş məhsullardır.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində
Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,5 faiz),
Gürcüstana (9,6 faiz), İsveçrəyə (9,6 faiz),
Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə
(3,1 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,2 faiz), Özbəkistana
(2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,7 faiz),
Almaniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz) göndərilmiş
malların payı üstünlük təşkil edir.
2024-cü illə müqayisədə 2025-ci ildə
xam şəkər idxalı 24,2 faiz, unlu qənnadı məmulatları
– 0,3 faiz, mal əti – 12,9 faiz, təzə tərəvəz –
29,0 faiz, siqaretlər – 3,0 dəfə, minik avtomobilləri –
38,1 faiz, avtobuslar – 2,2 dəfə, mineral gübrələr –
6,8 faiz, polietilen – 20,7 faiz, məişət kondisionerləri –
10,3 faiz, polipropilen – 3,1 faiz, qara metallardan künclüklər
– 5,9 faiz, məişət soyuducuları – 10,3 faiz artıb.
Buğda idxalı isə 1,9 faiz, bitki yağları – 18,5 faiz,
kərə yağı, digər süd yağları və
pastaları – 15,9 faiz, təzə meyvə – 13,1 faiz, şokolad
və şokolad məhsulları – 4,2 faiz, çay – 6,4 faiz,
kartof – 5,6 faiz, quş əti və onun əlavə məhsulları
– 31,6 faiz, dərman vasitələri – 14,9 faiz, polad prokatı –
3,2 faiz, qara metallardan borular – 7,5 faiz, hesablama
maşınları, blok və qurğuları – 9,1 faiz,
ayaqqabılar – 2,2 faiz, rezin şinlər – 5,7 faiz, yük
avtomobilləri – 3,2 faiz, sintetik yuyucu vasitələr – 7,3 faiz,
qara metallardan çubuqlar – 18,0 faiz, paltaryuyan maşınlar –
6,7 faiz, sement – 19,7 faiz azalıb.
2025-ci ildə əvvəlki illə müqayisədə
mühüm məhsul növlərindən təzə meyvə
ixracı 21,4 faiz, təzə tərəvəz – 18,0 faiz,
şəkər – 67,6 faiz, siqaretlər – 38,4 faiz, kartof – 47,8
faiz, bitki yağları – 25,0 faiz, polipropilen – 0,8 faiz, emal
olunmamış alüminium – 87,0 faiz, polietilen – 12,7 faiz, sement
klinkerləri – 11,5 faiz, pambıq ipliyi – 30,5 faiz artıb.
Tütün ixracı isə 30,9 faiz, meyvə və tərəvəz
şirələri – 1,2 faiz, meyvə və tərəvəz
konservləri – 16,4 faiz, çay – 2,9 faiz, marqarin, qida
üçün yararlı digər qarışıqlar – 34,3
faiz, təbii üzüm şərabları və üzüm
suslosu – 14,8 faiz, mineral gübrələr – 3,8 faiz, pambıq
lifi – 8,0 faiz, elektrik enerjisi – 29,8 faiz, qara metallardan borular – 11,3
faiz, qara metallardan çubuqlar – 36,1 faiz, bentonit gili – 15,1 faiz
azalıb.
Ancaq yuxarıda qeyd olunan amillərin fonunda ölkədə
qeyri-neft sektorunda vergi yığımının artması
diqqət çəkir. Belə ki, 2026-cı ilin yanvar-fevral
ayları ərzində İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xəttilə dövlət
büdcəsinə 3 milyard manatdan çox vergi daxil olub ki, bu
da proqnozdan 79,4 milyon manat çoxdur. Qeyri-neft-qaz sektorundan vergi
daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və
büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait
ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən
bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz
artıb.
2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət
sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard
19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 mln.
manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları
üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub. Həmin
dövrdə işsizlikdən sığorta haqları üzrə
daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib, proqnozdan əlavə
1,5 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə
təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı
ötüb. İcbari tibbi sığorta haqları üzrə
daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub,
proqnozdan əlavə 5,5 mln. manatdan artıq vəsait ödənilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar
115,7 milyon manata yaxın olub.
M.Həmzəoğlu
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.12.