Süni intellekt
dövrü: Təhsil sistemi dəyişir?
Süni intellekt və rəqəmsal texnologiyaların
sürətlə inkişafı bütün dünyada olduğu
kimi Azərbaycanda da təhsil sisteminin qarşısında yeni
və mühüm çağırışlar yaradır.
Müasir dövrdə təhsil artıq yalnız ənənəvi
biliklərin ötürülməsi ilə məhdudlaşmır.
Bu gün təhsil sistemi rəqəmsal mühitə uyğun
düşünə bilən, texnologiyaların mahiyyətini
anlayan, məlumatla işləmə bacarığına malik və
innovativ yanaşma nümayiş etdirən mütəxəssislərin
hazırlanmasını tələb edir. Xüsusilə
süni intellektin müxtəlif sahələrdə tətbiqinin
genişlənməsi təhsil proqramlarının yenilənməsi,
yeni ixtisasların yaradılması və kadr
hazırlığı prosesinin müasir tələblərə
uyğunlaşdırılmasını zəruri edir.
Ekspertlərin fikrincə, rəqəmsal transformasiya
dövründə təhsilin qarşısında duran əsas
vəzifələrdən biri tələbələrdə
yalnız texnologiyadan istifadə bacarığı deyil, eyni zamanda
analitik və tənqidi düşüncə, məlumatların
təhlili, alqoritmik yanaşma və innovativ problemlərin həlli
kimi bacarıqların formalaşdırılmasıdır. Bu
baxımdan təhsil müəssisələrində tədris
proqramlarının müasirləşdirilməsi, müəllimlərin
rəqəmsal kompetensiyalarının artırılması və
universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın
genişləndirilməsi xüsusi əhəmiyyət
daşıyır.
Digər tərəfdən, süni intellektin təhsil
sisteminə inteqrasiyası yalnız texniki yenilik kimi deyil, həm
də yeni düşüncə modelinin formalaşması kimi
qiymətləndirilir. Bu proses təhsildə çeviklik,
innovativ yanaşma və yeni metodların tətbiqini tələb
edir. Mövzu ilə bağlı təhsil ekspertləri
süni intellektin təhsildə tətbiqi və bu sahədə
kadr hazırlığının gücləndirilməsinin
vacibliyi barədə “Xalq Cəbhəsi”nə fikirlərini
bölüşüblər.
“Süni intellekt dövründə təhsil modeli”
Təhsil İşçilərinin Həmrəyliyi
Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli
“Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki,
süni intellekt və rəqəmsal transformasiya artıq uzaq gələcəyin
mövzusu deyil, bu gün təhsil sisteminin
qarşısında duran real
çağırışdır.
Ekspert qeyd edib ki, müasir dövrdə kadr
hazırlığı məsələsinə sadəcə
texniki yanaşma ilə yanaşmaq mümkün deyil: "Rəqəmsal
dövrün tələblərinə uyğun kadrların hazırlanması
yalnız yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır.
Biz yaxşı anlayırıq ki, kadr
hazırlığını sadəcə yeni kompüterlərin
alınması və ya proqramlaşdırma dərslərinin
artırılması ilə həll etmək mümkün
deyil. Burada əsas məsələ düşüncə tərzinin
rəqəmsallaşması və çevik yanaşmanın
formalaşdırılmasıdır. Müasir təhsil sistemi
tələbələrə yalnız texnoloji alətlərdən
istifadə etməyi deyil, həmin alətlərin arxasında
duran alqoritmləri anlamağı, data ilə işləməyi
və süni intellekt etikasını mənimsəməyi də
öyrətməlidir”.
Onun sözlərinə görə, bu istiqamətdə
aparılan islahatların mərkəzində təhsil
proqramlarının yenilənməsi dayanır: “Universitetlərdə
və məktəblərdə artıq proqramların məzmunu
dəyişir. Tələbələr yalnız hazır
texnoloji vasitələrdən istifadə edən deyil,
onları analiz edən və inkişaf etdirən bacarıqlara
sahib olmalıdır. Bu prosesdə isə ən böyük məsuliyyət
müəllimlərin üzərinə düşür.
Əgər texnologiyanı tədris edən müəllim
özü rəqəmsal transformasiyanın mərkəzində
deyilsə, keyfiyyətli kadr hazırlığından
danışmaq çətindir”.
Ə.Həsənli vurğulayıb ki, müəllimlərin
rəqəmsal kompetensiyalarının artırılması və
onların tədris prosesində mentor roluna keçməsi
üçün ciddi addımlar atılır: “Müəllim
artıq yalnız bilik ötürən şəxs deyil, tələbəni
istiqamətləndirən və rəqəmsal mühitdə
ona yol göstərən bir mentor rolunu
daşımalıdır. Eyni zamanda universitetlərlə sənaye
sektoru arasında əməkdaşlıq genişlənir. Tələbələrin
real iş mühitində, texnoloji laboratoriyalarda təcrübə
keçməsi onların peşəkar formalaşmasına
mühüm təsir göstərir. Əsas məqsəd
yalnız texnologiyanı istifadə edən mütəxəssislər
deyil, rəqəmsal dünyada problemləri innovativ şəkildə
həll edə bilən kadrlar yetişdirməkdir. Bu gün
qarşımızda duran əsas hədəf süni intellektin
formalaşdırdığı yeni dünya nizamında tənqidi
təfəkkürə malik, rəqəmsal bacarıqlarla
silahlanmış mütəxəssislər yetişdirməkdir.
Biz texnologiyanın arxasınca qaçan deyil, ona istiqamət
verən bir təhsil modeli qurmağa
çalışırıq”.
“Süni intellekt təhsildə kadr
hazırlığı tələb edir”
Təhsil eksperti Elmin Nuri qeyd edib ki, süni intellekt və
rəqəmsal texnologiyaların təhsil sistemində tətbiqi
ilə yanaşı, bu sahədə kadr
hazırlığı məsələsi də xüsusi diqqət
tələb edir.
O bildirib ki, süni intellekt yeni və sürətlə
inkişaf edən istiqamət olsa da, onun təhsil sistemində
effektiv tətbiqi üçün ilk növbədə peşəkar
kadr potensialı formalaşdırılmalıdır: “Bu
gün süni intellekt və rəqəmsal texnologiyaların məktəblərdə
və ümumilikdə təhsil sistemində tətbiqi vacibdir.
Amma bu prosesin uğurlu olması üçün ilk növbədə
kadr hazırlığına diqqət yetirilməlidir. Təhsil
elə bir sahədir ki, dövrün tələblərinə ən
tez uyğunlaşmağı bacarır. Əks halda elm, təhsil,
sənaye və innovasiya arasında əlaqə zəifləyər
və inkişaf ləngiyər”.
Ekspert qeyd edib ki, bu istiqamətdə ilk addım ali təhsil
müəssisələrində, daha sonra isə peşə və
orta ixtisas təhsili səviyyəsində süni intellekt
üzrə kadr hazırlığının gücləndirilməsi
olmalıdır: “Bu sahədə həm kəmiyyət, həm
də keyfiyyət artımına ehtiyac var. Hazırda bir
sıra universitetlərdə süni intellektlə bağlı
dərslər və proqramlar mövcuddur. Lakin bu istiqamətin
bakalavr səviyyəsində ayrıca ixtisas kimi daha geniş
şəkildə tətbiqi məqsədəuyğun
olardı. Orta məktəblərdə süni intellekt fənninin
tədrisi ilə bağlı müzakirələr
aparılır. Lakin bunun üçün əvvəlcə
uyğun müəllim hazırlığı təmin edilməlidir.Bəzən
səsləndirilir ki, süni intellekt məktəblərdə
ayrıca fənn kimi tədris olunmalıdır. Amma bunun
üçün kadr potensialı
formalaşdırılmalıdır. Əgər bu fənni
informatika müəllimləri tədris edəcəksə, bu
yanaşma tam doğru sayılmaz. Necə ki, vaxtilə
informatika fənninin başqa ixtisas müəllimləri tərəfindən
tədris olunması problemlər yaradırdı”.
Ekspert hesab edir ki, gələcəkdə süni
intellekt üzrə ayrıca ixtisasların yaradılması və
bu istiqamətdə müəllim
hazırlığının gücləndirilməsi təhsil
sisteminin inkişafına ciddi töhfə verə bilər:
"Süni intellekt artıq dövrün tələbinə
çevrilib və bu sahədə addımların məhz kadr
hazırlığından başlanması vacibdir”.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.9.