ABŞ-İran
müharibəsi: Türkiyə nə edəcək?
ABŞ-İran müharibəsində gərginlik
azalmır. İran tərəfindən ikinci dəfə
Türkiyəyə ballistik raket atıb. İrandan atılan
ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən
NATO hava və raketdən müdafiə sistemi tərəfindən
zərərsizləşdirilib. İran isə bildirib ki,
Türkiyəyə İran tərəfindəın raket
atılmayıb. Prezident Pezeşkian Türkiyəli həmkarı
Ərdoğana təklif edib ki, məsələnin
araşdırılması üçün ortaq komissiya
yaradılsın.
Politoloq Samir Hümbətov qeyd edib ki, bu cür vəziyyətlərdə
Türkiyə böyük ehtimalla çox təmkinli
davranacaq: “Yəni indiki halda Türkiyənin müharibəyə
qoşulmaq məsələsi yəqin ki, mümkün deyil.
Əslində, mümkündür, sadəcə olaraq
Türkiyə mövcud durumla bağlı qoşulmayacaq. Amma hər
halda Türkiyə İran dövlətindən raketi kimin
atdığını və burada hansı qrupların əlinin
olduğunu araşdırmağı tələb edəcək.
Ancaq faktiki olaraq İrana qarşı müharibəyə
qoşulmaqda isə Türkiyə çox da tələsməz”.
“Türkiyə müharibəyə qoşulmayacaq”
S.Hümbətovun sözlərinə görə, amma
başqa ölkələr Türkiyəni müharibəyə
qoşulmağa təhrik edə bilər: “Mən
qoşulacağına inanmıram. Çünki burada türk
amili var. Yəni İranda əhalinin yarısı
türkdür. İranın parçalanması Türkiyənin
özünə də sərf etmir. Bütün bu amilləri
nəzərə alaraq demək olar ki, Türkiyənin
müharibəyə qoşulmaq ehtimalı çox az
görünür”.
Siyasi şərhçi Anar Əli qeyd edib ki,
Türkiyəyə atılan raket bu dəfə də NATO hava
hücumu müdafiə sistemi tərəfindən Qaziantepin
Şahinbey rayonu üzərindən atılan önləyici
raketlə zərərsizləşdirildi: “Birinci raketdən fərqi
bu raketin birbaşa Türkiyə hava məkanında
vurulması idi. Bu diqqətsizliyin, bəsirətsizliyin və
Türkiyəyə qarşı bu pis niyyətin səbəbi
nə ola bilər? İran rəhbərliyi belə bir vəziyyətdə
NATO üzvü olan bir ölkəni niyə münaqişəyə
cəlb etmək istəsin? Digər tərəfdən, Sepah
daxilindəki bu müharibə tərəfdarı qruplar
müharibəni Qərb bloku ilə yaxşı münasibətləri
olan ölkələrə, əsasən Körfəz dövlətlərinə,
eləcə də Türkiyə və Azərbaycana genişləndirməklə
bu müharibənin region üçün nə qədər
baha başa gəldiyini və dağıdıcı
olduğunu nümayiş etdirməyə
çalışırlar. Lakin İran üçün son dərəcə
riskli xarakter daşıyan bu strateji “qumar”, uzunmüddətli
perspektivdə Tehranın region ölkələri ilə
münasibətlərini normallaşdırmaq imkanlarını
ciddi şəkildə məhdudlaşdıra və müharibədən
sonrakı dövrdə İranın regional diplomatik manevr
imkanlarını daralda bilər”.
“Ankara İranla münasibətlərində
balanslı siyasət yürüdüb”
Onun sözlərinə görə, Türkiyə
üçün əsas sual artıq “raket niyə
atıldı?” deyil, “bu addımlar hansı strateji
hesablamanın nəticəsidir?” sualıdır: “Ankara
İranla münasibətlərində mümkün qədər
balanslı siyasət yürüdüb. Suriya məsələsi
başda olmaqla bir çox sahədə rəqabət olsa da,
enerji, ticarət və regional sabitlik kimi mövzularda əməkdaşlıq
kanalları açıq saxlanılıb. Lakin Türkiyə
hava məkanına doğru iki dəfə ballistik raketin
yönəlməsi bu balans siyasətini ciddi şəkildə
sınağa çəkir. NATO üzvü olan Türkiyəyə
qarşı belə riskli addımların atılması
yalnız Ankara ilə Tehran arasında deyil, eyni zamanda NATO ilə
İran arasında da təhlükəli gərginlik
potensialı yaradır”.
“Bəzi hərbi qrupların daha aqressiv addımlar
atması ehtimalı artır”
A.Əli bildirib ki, digər tərəfdən, İran
daxilindəki radikal hərbi qrupların hesablaması çox
güman ki, fərqlidir: “Onlar düşünə bilər ki,
müharibənin coğrafiyasını genişləndirmək
və region ölkələrini bu qarşıdurmaya dolayı
şəkildə cəlb etmək Qərb üzərində təzyiq
yarada bilər. Lakin bu yanaşma strateji baxımdan son dərəcə
risklidir. Çünki Türkiyə kimi hərbi və siyasi
baxımdan güclü bir aktorun bu gərginliyin mərkəzinə
çəkilməsi regionda nəzarətdən çıxan
yeni bir təhlükəsizlik böhranına səbəb ola
bilər. Bununla yanaşı, İranın daxili siyasi vəziyyəti
də bu hadisələrin arxa planını anlamaq
üçün vacibdir. Uzun müddətdir iqtisadi sanksiyalar,
daxili sosial narazılıq və regional təzyiqlərlə
üzləşən İran rəhbərliyi daxilində
müxtəlif güc mərkəzlərinin mövcudluğu
artıq açıq şəkildə hiss olunur. Mərkəzləşdirilmiş
qərarvermə sisteminin zəiflədiyi belə bir şəraitdə
bəzi hərbi qrupların daha aqressiv addımlar atması
ehtimalı artır. Bu isə region üçün
proqnozlaşdırılması çətin olan təhlükəsizlik
mühitinin formalaşmasına gətirib çıxarır”.
“Tehran üzərində təzyiq artırılacaq”
Siyasi şərhçi diqqətə
çatdırıb ki, Ankara üçün isə prioritet məsələ
bu gərginliyin nəzarət altında
saxlanılmasıdır: “Türkiyə həm NATO üzvü
kimi kollektiv təhlükəsizlik öhdəliklərinə
malikdir, həm də region ölkəsi kimi genişmiqyaslı
müharibənin bölgəyə yayılmasının
qarşısını almaqda maraqlıdır. Bu səbəbdən
Türkiyənin reaksiyası iki istiqamətdə
formalaşacaq: bir tərəfdən diplomatik kanallar vasitəsilə
Tehran üzərində təzyiq artırılacaq, digər tərəfdən
isə hava hücumundan müdafiə sistemləri və
regional təhlükəsizlik mexanizmləri daha da gücləndiriləcək.
Lakin burada İran üçün də mühüm bir
strateji seçim ortaya çıxır. Əgər Tehran
region ölkələri ilə münasibətlərini gələcəkdə
normallaşdırmaq və iqtisadi əməkdaşlıq
imkanlarını qorumaq istəyirsə, bu cür təhlükəli
eskalasiyaların qarşısını almaq məcburiyyətindədir.
Əks halda, bu gün “taktiki risk” kimi görünən
addımlar sabah İranın regional təcridini daha da dərinləşdirə
bilər”.
Təsadüf?
O həmçinin deyib ki, bu səbəbdən məsələ
artıq sadəcə bir raketin haradan atıldığı ilə
bağlı texniki müzakirə deyil: “Məsələ
İran daxilində hansı qüvvələrin regionu daha
böyük bir qarşıdurmaya sürükləməyə
çalışdığıdır. Türkiyəyə
doğru iki dəfə raket atılması təsadüf kimi qəbul
edilə bilməz. Əgər belə hadisələr təkrarlanarsa,
bu artıq “qəza” və ya “səhv” kimi izah oluna bilməz –
bu, açıq şəkildə bir siyasi və strateji
seçim demək olacaq. Tehran isə anlamalıdır ki,
regionu qeyri-sabitliyə sürükləmək üzərindən
qurulan heç bir strategiya uzunmüddətli qazanc gətirmir.
Əksinə, belə addımlar İranı daha böyük
təcridə, daha ağır təhlükəsizlik risklərinə
və öz sərhədlərinə qədər uzanan yeni gərginliklərə
aparır. Region artıq belə riskli “strateji qumar”ların nəticələrini
daşıyacaq qədər sabit deyil. Bu səbəbdən
İran qarşısında seçim çox aydındır:
ya regionda məsuliyyətli aktor kimi davranmaq, ya da
özünün yaratdığı gərginliyin ilk və ən
ağır nəticələri ilə üzləşmək”.
“Türkiyə bu savaşa qatılmayacaq”
Politoloq Əli Mustafa bildirib ki, İran rəsmi olaraq
etiraf etməsə də, amma raketin hər halda İrandan
atıldığı və Türkiyə ərazilərinə
yönləndirildiyi bəllidir: “Əlbəttə, Türkiyə
tərəfi bir daha xəbərdarlıq etdi və bu
halların yolverilməz olduğunu bildirdi. Təbii ki, nə
baş verdiyini Türkiyə tərəfi çox gözəl
bilir. Prezident Ərdoğanın da qeyd etdiyi kimi Ankara bu
gün çalışır ki, Türkiyəni bu atəşdən,
oddan uzaqda tutsun. Digər tərəfdən, Türkiyə
çalışır ki, bu savaş regiona yayılmasın və
mümkün olarsa savaş dayansın. Yəni Türkiyənin
çalışmaları, çabaları bu istiqamətdədir.
Ona görə də düşünürəm ki, Türkiyə
bu savaşa qatılmayacaq”.
“İran çalışmalıdır ki...”
Ə.Mustafa qeyd edib ki, təəssüf ki, bu gün
İran özünü qoruya bilməyib, odun-alovun içinə
girib, bunun sanki qonşularına da yayılmasına cəhdlər
edir: “Ola bilsin ki, bu cəhdlərin arxasında da başqa məqamlar
var. Bəlkə də onlar NATO qərargahlarını,
bazalarını vurmaq, hansısa təsisatları sıradan
çıxarmaq stəyirlər. Bir şeyi
anlamalıdırlar ki, Türkiyə NATO üzvü olan
dövlətdir, onun NATO ilə, ABŞ ilə bağlı
müyyən əlaqələri var. Bütün hallarda
Türkiyə ərazisindən İrana qarşı hər
hansı bir adım atılmır, yəni İranın zərərinə
olan heç nə edilmir. Bunu Türkiyə də, Azərbaycan
da dəfələrlə rəsmi bəyan ediblər. Məncə
İran bunu nəzərə almalıdır və
çalışmalıdır ki, dost, qonşu ölkələri
özünə düşmən etməsin. Yəni yanında
duranları qarşısına almasın”.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.6.