Qlobal gündəm dəyişir:
Ukrayna müharibəsi arxa planda
Yaxın Şərqdə baş verən son hadisələr
və ABŞ/İsrail–İran qarşıdurmasının kəskinləşməsi
qlobal gündəmdə prioritetləri də dəyişib.
Uzun müddətdir beynəlxalq siyasətin əsas
mövzularından biri olan Rusiya–Ukrayna müharibəsi
hazırda dünya mediasında və siyasi dairələrdə
əvvəlki qədər diqqət mərkəzində
görünmür. Analitiklərin fikrincə, regionda
yaranmış yeni gərginlik beynəlxalq gündəmin
fokusunu dəyişməklə yanaşı, Ukrayna müharibəsi
ilə bağlı aparılan danışıqlar prosesinə
də müəyyən təsir göstərir.
Ekspertlər hesab edirlər ki, ABŞ və Qərb
ölkələrinin diqqətinin Yaxın Şərqdəki
proseslərə yönəlməsi Ukrayna müharibəsi ilə
bağlı diplomatik təşəbbüslərin tempinə
də təsir edə bilər. Xüsusilə ABŞ
administrasiyasının İranla bağlı gərginliyə
daha çox siyasi və hərbi resurs ayırması
Vaşinqtonun Rusiya–Ukrayna münaqişəsində əvvəlki
kimi aktiv vasitəçilik imkanlarını müəyyən
qədər məhdudlaşdıra bilər. Mövcud geosiyasi
vəziyyət fonunda beynəlxalq gündəmin dəyişməsi
və regional münaqişələrin bir-biri ilə əlaqəli
şəkildə inkişaf etməsi ehtimalı da istisna
edilmir.
“Ukrayna müharibəsi ikinci planda”
Milli Məclisin deputatı Vüqar İsgəndərov
“Xalq Cəbhəsi”nə açıqlamasında
vurğulayıb ki, Rusiya–Ukrayna müharibəsi artıq bir
neçə ildir ki, dünya gündəminin ən əsas və
narahatlıq doğuran mövzularından biri olaraq qalır.
Deputat bildirib ki, müharibənin
başladığı müddətdən etibarən müxtəlif
vasitəçi ölkələrin iştirakı ilə bir
sıra danışıqlar aparılıb və tərəflər
arasında görüşlər təşkil olunub: “Bu proseslərdə
ABŞ və digər dövlətlərin vasitəçiliyi
ilə, o cümlədən Türkiyənin təşəbbüsü
ilə İstanbulda da görüşlər keçirilib.
Əsirlərin dəyişdirilməsi kimi müəyyən
humanitar addımlar atılsa da, indiyədək tərəflər
arasında əsas məsələlər üzrə konsensus əldə
olunmayıb”.
V.İsgəndərovun sözlərinə görə,
bunun əsas səbəblərindən biri tərəflərin
mövqelərinin kəskin fərqlənməsidir. Onun fikrincə,
Rusiya müharibə müddətində ciddi itkilər versə
də, qarşıya qoyduğu məqsədlərə
çatmadan münaqişəni bitirmək niyyətində
deyil: “Dörd ilə yaxın davam edən müharibə
Rusiyaya həm maliyyə, həm də insan itkisi
baxımından böyük zərər vurub. Bu səbəbdən
Moskva müəyyən nəticə əldə etmədən
müharibənin bitməsini istəmir. Digər tərəfdən,
Ukrayna da ərazilərinin böyük hissəsini itirib, ciddi
insan və iqtisadi itkilərlə üzləşib. Bu da tərəflər
arasında kompromisin əldə olunmasını çətinləşdirir.
ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldikdən
sonra bu münaqişə ilə bağlı vasitəçilik
təşəbbüsü və keçirilən
görüşlər müəyyən ümidlər yaratsa
da, son proseslər fonunda danışıqların aktivliyi
azalıb. Hazırda beynəlxalq gündəmdə əsas
diqqət ABŞ/İsrail–İran qarşıdurmasına
yönəlib və bu səbəbdən Rusiya–Ukrayna
müharibəsi müəyyən qədər ikinci plana
keçmiş kimi görünür.
Hazırkı vəziyyətdə ABŞ rəhbərliyi
üçün əsas prioritetlərdən biri İranla
bağlı yaranmış gərginlikdir. Donald Trampın da
diqqətinin əsasən bu istiqamətə yönəldiyi
müşahidə olunur. Bu fonda Rusiya–Ukrayna müharibəsi
beynəlxalq gündəmdə müəyyən qədər
arxa plana keçmiş kimi görünür”.
“Danışıqların tempi zəifləyə bilər”
Politoloq Oqtay Qasımov qeyd edib ki, Ukrayna Prezidentinin
Rusiya–Ukrayna–ABŞ danışıqlarının təxirə
salınması ilə bağlı verdiyi açıqlama
Vaşinqtonun hazırda diqqətini əsasən İran məsələsinə
yönəltdiyini göstərir.
Onun sözlərinə görə, ABŞ regionda
yaranmış gərginlik və mümkün hərbi
qarşıdurma səbəbindən siyasi və hərbi
resurslarını əsasən bu istiqamətə səfərbər
edib: “İranla qarşıdurmanın başlanmasından
artıq 11 gün keçməsinə baxmayaraq, Tehran
müqavimətini davam etdirir. ABŞ və İsrail tərəfi
isə açıqlamalarında hədəflərinə
planlı şəkildə irəlilədiklərini və
növbəti mərhələdə daha güclü zərbələrin
endiriləcəyini bildirirlər. Bu səbəbdən beynəlxalq
gündəmin əsas diqqət mərkəzi də Yaxın
Şərqdəki proseslərə yönəlib. Bu vəziyyət
fonunda Rusiya–Ukrayna müharibəsi həm ABŞ, həm də
beynəlxalq ictimaiyyət üçün müəyyən qədər
ikinci plana keçmiş kimi görünür.Bu baxımdan
hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında aparılan
sülh danışıqlarının əvvəlki aylarda
müşahidə olunan intensivliyi müəyyən qədər
zəifləyə bilər. Qarşıdakı bir-iki ay ərzində
bu istiqamətdə ciddi irəliləyişin şahidi
olacağımız ehtimalı yüksək deyil”.
Politoloq əlavə edib ki, ABŞ İranla
bağlı proseslərə nə qədər çox cəlb
olunarsa, Vaşinqtonun Rusiya–Ukrayna müharibəsində vasitəçi
kimi aktivliyi də bir o qədər azalacaq. Bu isə müharibənin
dayanmasına deyil, əksinə, müəyyən müddət
daha davam etməsinə gətirib çıxara bilər:
“İran ətrafında yaranmış vəziyyət
böyük ehtimalla qarşıdakı ay ABŞ prezidenti
Donald Trumpın Çinə planlaşdırılan səfəri
zamanı iki qlobal güc arasında aparılacaq
danışıqlarda da müzakirə mövzularından biri
olacaq. Regional münaqişələrin gələcək
gedişinə həmin görüşlərin nəticələri
də müəyyən təsir göstərə bilər”.
“Yeni müharibə, Kremlin mövqeyi”
Politoloq Əli Oruclu diqqətə çatdırıb
ki, ABŞ və İsrail koalisiyasının İrana
qarşı həyata keçirdiyi hərbi əməliyyatlar
qlobal gündəmdə prioritetləri dəyişərək
Ukrayna-Rusiya müharibəsini müəyyən qədər
arxa plana keçirib. Bu isə mövcud geosiyasi şəraitdə
Rusiyanın manevr imkanlarını artırır.
Politoloqun sözlərinə görə, Yaxın
Şərqdə baş verən hadisələr Ukrayna-Rusiya
müharibəsi ilə bağlı danışıqlar
prosesinə də təsirsiz ötüşmür:
“ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi
əməliyyatları beynəlxalq gündəmin əsas
mövzusuna çevrilib və bu fonda Ukrayna-Rusiya müharibəsi
müəyyən qədər arxa plana keçib. Bu isə
Rusiyanın manevr imkanlarını artırır və
Moskvanın Ukrayna-Rusiya-ABŞ xəttində aparılan
danışıqlarda daha üstün mövqedən
çıxış etməsinə şərait yaradır.
Kreml yaranmış situasiyadan istifadə edərək
sanksiyaların yumşaldılması və ya ləğvi ilə
bağlı mövqeyini daha sərt şəkildə irəli
sürə bilər. Hazırda ABŞ prezidenti Donald Trampın
diqqəti əsasən İran ətrafında baş verən
hadisələrə yönəlib. İranla müharibə
Ağ Ev rəhbərinin birbaşa siyasi məsuliyyət
daşıdığı prosesdir və onun İsrailin təhriki
ilə İrana hücum əmri verməsi Trampın siyasi
taleyinə təsir edə biləcək amillərdən
biridir. ABŞ-də noyabr ayında keçiriləcək
aralıq seçkilər də nəzərə alınarsa,
Respublikaçıların müəyyən səs itkiləri
ilə üzləşməsi ehtimalı artır. ABŞ cəmiyyətində
müharibə əleyhinə etirazların da getdikcə
artması Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır”.
Politoloq hesab edir ki, belə bir şəraitdə
ABŞ administrasiyası üçün əsas prioritet Ukrayna-Rusiya
müharibəsi deyil, İran böhranından minimum siyasi
itkilərlə çıxmaqdır: “Qərbin Ukraynaya dəstəyi
ABŞ-nin iştirakı olmadan əvvəlki səviyyədə
davam edə bilməz. Bu isə Rusiyanın mövqelərini
daha da gücləndirir. Putin yaranmış vəziyyətdən
istifadə edərək müharibənin bitməsi ilə
bağlı şərtlərdə daha arxayın mövqe
nümayiş etdirə və hətta iddialarını bir qədər
də artıra bilər. Kiyev isə mövcud şəraitin
çətin olduğunu anlayır və təxirə
salınan danışıqlara qədər beynəlxalq vəziyyətin
dəyişəcəyinə ümid edir”.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.5.