İrana humanitar
yardım: Azərbaycanın xeyirxahlıq missiyası
ABŞ və İsrailin İrana hücumu İranda əhalinin
sosial vəziyyətini pisləşdirib. Belə bir vəziyyətdə
İrana ilk yardım edən ölkə Azərbaycan oldu.
Prezident İlham Əliyevin tapşırığına əsasən
İrana humanitar yardım göndərilib. Belə ki, Prezident
İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian
arasında 2026-cı il 8 mart tarixində baş tutmuş
telefon danışığına əsasən qonşu və
dost İran xalqının hazırkı ehtiyaclarının təmin
edilməsi məqsədilə İrana humanitar yardım yola
salınıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin
tapşırığına uyğun olaraq Fövqəladə
Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar
yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4
tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman
və tibbi ləvazimatlar daxildir.
Humanitar əməkdaşlığın və
qarşılıqlı hörmətin əlaməti
Milli Məclisin deputatı Pərvanə Vəliyeva
vurğulayıb ki, Azərbaycan Prezidentinin
tapşırığı ilə İrana humanitar
yardımın göndərilməsi rəsmi Bakının
uzun illərdir həyata keçirdiyi humanitar və məsuliyyətli
xarici siyasətin növbəti təzahürüdür: “Azərbaycan
regionda və beynəlxalq müstəvidə təkcə
siyasi və iqtisadi layihələrlə deyil, həm də
humanitar həmrəylik və xeyirxahlıq siyasəti ilə
seçilən ölkələrdəndir. İrana göndərilən
humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsullarının,
o cümlədən un, düyü, şəkər, içməli
su, çay, həmçinin dərman və tibbi ləvazimatların
yer alması Azərbaycanın qonşu və dost xalqların
çətin günündə onların yanında olmağa
hazır olduğunu bir daha göstərir. Nəzərə
almaq lazımdır ki, İranda 40 milyona yaxın azərbaycanlı
da yaşayır. Bu addım Prezident İlham Əliyev ilə
İran Prezidenti Məsud Pezeşkian arasında aparılan
telefon danışığından sonra atılıb və
iki ölkə arasında humanitar əməkdaşlığın
və qarşılıqlı hörmətin əlamətidir”.
“Azərbaycanın humanitar siyasəti təkcə
regionla məhdudlaşmır”
P.Vəliyeva Azərbaycanın humanitar siyasətinin təkcə
regionla məhdudlaşmadığını bildirib: “Son illərdə
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən
dövlətimiz tərəfindən müxtəlif ölkələrə
və xalqlara yardım göstərilib. Məsələn, Azərbaycan
Ukrayna xalqına da humanitar dəstək göstərib, enerji
infrastrukturu zərər çəkmiş ərazilərə
generatorlar və digər zəruri avadanlıqlar göndərib.
Bu addımlar Azərbaycanın beynəlxalq hüquqa və
humanitar dəyərlərə sadiqliyini nümayiş etdirir.
Bununla yanaşı, Azərbaycan Fələstin xalqına da
humanitar dəstək verib. Suriyada məktəblərin
tikintisinə və sosial layihələrə göstərilən
dəstək olunub. İrana göndərilən humanitar
yardım karvanı Azərbaycanın xarici siyasətində
insanpərvərlik, həmrəylik və
qarşılıqlı dəstək prinsiplərinin
mühüm yer tutduğunu bir daha təsdiqləyir. Rəsmi
Bakı çətin vəziyyətlə üzləşən
ölkə və xalqlara yardım etməklə həm regional
sabitliyə, həm də beynəlxalq humanitar əməkdaşlığa
real töhfə verir”.
“Azərbaycan imkanları daxilində dəstək
göstərməyə çalışır”
Politoloq Elman Telmanoğlu bildirib ki, Azərbaycanın İrana
humanitar yardım göndərməsi rəsmi Bakının
regionda və beynəlxalq müstəvidə
formalaşdırdığı məsuliyyətli və
humanist siyasətin növbəti nümunəsi kimi qiymətləndirilə
bilər: “Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən verilən tapşırıq əsasında
həyata keçirilən bu addım göstərir ki, Azərbaycan
xarici siyasətində humanitar dəyərlərə və
insan həyatının qorunmasına xüsusi önəm
verir. Rəsmi Bakı dəfələrlə sübut edib ki,
humanitar məsələlərdə siyasi fərqlər və
ya geosiyasi qarşıdurmalar ikinci plana keçir. Azərbaycan
müxtəlif böhran və münaqişə bölgələrində
yaşayan insanların ehtiyaclarına həssas yanaşaraq
imkanları daxilində dəstək göstərməyə
çalışır. Bu baxımdan İrana göndərilən
yardım regionda həm humanitar həmrəylik, həm də
qonşuluq münasibətlərinin qorunması
baxımından mühüm mesaj daşıyır”.
“Azərbaycanın humanitar siyasəti sistemli xarakter
daşıyır”
E.Telmanoğlu Azərbaycanın Ukrayna müharibə
şəraitində olarkən bu ölkəyə də
mütəmadi humanitar yardımlar göndərdiyini, enerji
infrastrukturu və sosial obyektlərin bərpasına dəstək
verdiyini diqqətə çatdırıb: “Bu addımlar Azərbaycanın
beynəlxalq humanitar məsuliyyətini dərk edən dövlət
kimi çıxış etdiyini göstərir. Eyni zamanda, Azərbaycan
Qəzza zolağında sosial layihələrə də dəstək
verərək məktəb tikintisinə və humanitar
proqramlara maliyyə yardımı ayırıb. Bu isə onu
göstərir ki, rəsmi Bakı müsəlman
dünyasında və ümumilikdə beynəlxalq humanitar
gündəmdə aktiv iştirak edən ölkələrdən
biridir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycanın
humanitar siyasəti situativ deyil, sistemli xarakter
daşıyır. Rəsmi Bakı beynəlxalq münasibətlərdə
yalnız siyasi və iqtisadi maraqlarla deyil, eyni zamanda humanizm, həmrəylik
və məsuliyyət prinsipləri ilə
çıxış etməyə çalışır. Bu
yanaşma Azərbaycanın beynəlxalq imicinin güclənməsinə
və ölkənin etibarlı tərəfdaş kimi qəbul
olunmasına da mühüm töhfə verir”.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.4.