Rusiya-Ukrayna
müharibəsi: Rusiyanın resursları azalır?
Artıq beşinci ilini yaşayan Rusiya-Ukrayna
müharibəsində gərginlik azalmır. Həmçinin
müharibə uzun müddət davam etdikcə hər iki tərəfdən
resurslar azalır. Ukrayna ordusunun zabiti Andrey İlyenko isə Rusiyanın
Ukraynada aktiv hücum əməliyyatları aparmaq
imkanlarının tükəndiyini deyib. A.İlyenko bildirib ki,
Rusiya ordusu xeyli itki verib, onlar gec-tez orduya qəbulla
bağlı ciddi böhranla qarşılaşacaqlar.
Bu fikirlər həqiqəti əks etdirirmi?
“Xalq Cəbhəsi” mövzunu politoloqlar və hərbi
ekspertlərlə müzakirə edib.
Politoloq Yeganə Hacıyeva söyləyib ki,
Rusiya-Ukrayna müharibəsi kimi uzunmüddətli müharibələrdə
əsas müəyyənedici faktor insan resursu, iqtisadi imkan və
siyasi iradə olur: “Böyük itkilər nəticəsində
mobilizasiya çətinləşir və insan
ehtiyatının azalması hücum əməliyyatlarının
zəifləməsinə gətirib çıxarır. Ukrayna
rəsmiləri tez-tez Rusiyanın ordusunun zəiflədiyini,
mobilizasiya böhranının
yaxınlaşdığını və iqtisadi resursların
azaldığını vurğulayaraq müharibənin
qazanıla bilən olduğunu göstərməyə
çalışırlar. Bu mesajların əsas məqsədi
müharibəni qazanıla bilən kimi göstərərək
Qərbin yardımını davam etdirməsinə nail
olmaqdır”.
İnsan resursuna əsaslanan strategiya
Y.Hacıyevanın bildirdiyinə görə, paralel
olaraq həmçinin Rusiya cəmiyyətində mobilizasiyaya
qarşı narazılığı artırmaq və Ukrayna cəmiyyətində
motivasiyanı gücləndirmək məqsədi
güdülür: “Rusiya müharibədə tez-tez insan
resursuna əsaslanan strategiyasından istifadə edir. Tarixi
nümunə olaraq İkinci Dünya Müharibəsi zamanı
SSRİ-nin geniş insan ehtiyatına arxalanaraq uzunmüddətli
müharibə aparmasını göstərə bilərik.
Andrey İlyenkonun fikri müəyyən hərbi məntiqə
əsaslanır, lakin bu, tam obyektiv hərbi qiymətləndirmə
deyil. İlyenkonun vurğuladığı Rusiya bütün cəbhə
boyunca kifayət qədər qoşun toplaya bilmir fikri strateji
baxımdan məntiqlidir. Çünki cəbhə xətti
1000 km-dən çoxdur. Bu halın özü
qoşunların bir istiqamətdə artırılması
zamanı digər istiqamətdə boşluq yaradır”.
“Bu, müharibənin taleyini yenidən müəyyən
edə bilər”
Politoloq əlavə edib ki, Ukraynanın taktiki
strategiyası isə əsasən bu zəif nöqtələrdən
istifadə etməyə, lokal hücumlarla cəbhə xəttində
boşluqlar yaratmağa yönəlib: “Müharibənin
gedişatına təsir edən əsas faktorlar Qərbin
Ukraynaya hərbi yardımı, Rusiyanın mobilizasiya və sənaye
imkanları, cəbhədəki taktiki uğurlar və həmçinin
siyasi iradə ilə ictimai dəstək faktorlarıdır.
Bunlardan hər hansı birinin ciddi şəkildə dəyişməsi
münaqişənin balansını əhəmiyyətli dərəcədə
dəyişdirə və müharibənin taleyini yenidən
müəyyən edə bilər. Amma bu açıqlama həm
də informasiya müharibəsinin və siyasi kommunikasiya
strategiyasının bir hissəsi kimi dəyərləndirilə
bilər. Rusiyanın resursları azalsa belə böyük
dövlətlərdə müharibənin taleyi adətən
uzunmüddətli iqtisadi və siyasi dözümlülük
ilə müəyyən olunur”.
Yeni hərbçilərin cəlb olunması
Hərbi ekspert Anar Şuşalı qeyd edib ki, Ukrayna
ordusunun zabiti Andrey İlyenko tərəfindən səsləndirilən
fikirlər Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi
ilə bağlı diqqət çəkən məqamları
ortaya qoyur: “O qeyd edir ki, Rusiya ordusunun Ukraynada aktiv hücum əməliyyatları
aparmaq imkanları tədricən azalır və bunun əsas səbəblərindən
biri böyük canlı qüvvə itkiləridir. Müharibə
uzandıqca Rusiya üçün yeni hərbçilərin cəlb
olunması daha çətinləşir və bu, artıq
müəyyən səviyyədə hiss olunmağa
başlayır. Xüsusilə uzunmüddətli müharibələrdə
insan resursları hərbi gücün
davamlılığını müəyyən edən əsas
faktorlardan biridir”.
“Rusiya ordusu müxtəlif üsullara əl atır”
Ekspert bildirib ki, son illərdə Rusiya ordusu itkiləri
kompensasiya etmək üçün müxtəlif üsullara əl
atıb: “Müqaviləli hərbçilərə yüksək
maaş təklif olunması, regionlardan könüllülərin
cəlb edilməsi, hətta həbsxanalardan məhbusların cəbhəyə
göndərilməsi kimi addımlar bunun nümunəsidir.
Lakin müharibə uzandıqca cəmiyyət daxilində
“müharibə yorğunluğu” yaranması və potensial
insan resursunun azalması ehtimalı da artır. Bu faktorlar
hücum əməliyyatlarının intensivliyinə və
davamlılığına birbaşa təsir göstərə
bilər. Digər tərəfdən, Rusiyanın əsas
üstünlüklərindən biri geniş hərbi-sənaye
potensialıdır. Qərb sanksiyalarına baxmayaraq Moskva hərbi
istehsalı artırmağa çalışır və
dövlət büdcəsinin böyük hissəsini
müdafiə xərclərinə yönəldir. Bu
baxımdan Rusiyanın resurslarının qısa müddətdə
tam tükənəcəyini demək doğru olmaz. Lakin
müharibənin davam etməsi resursların daha baha başa gəlməsinə
və onların səmərəliliyinin azalmasına səbəb
ola bilər”.
“Bu, müharibənin gedişinə təsir göstərə
bilər”
A.Şuşalının sözlərinə görə,
cəbhədəki vəziyyətə gəldikdə isə,
bəzi istiqamətlərdə rus qüvvələrinin
sayının azalması Ukrayna üçün müəyyən
taktiki imkanlar yarada bilər: “Belə hallarda Ukrayna ordusu cəbhə
xəttində zəif nöqtələri müəyyən edərək
lokal əks-hücumlar həyata keçirməyə və
logistik xətləri hədəfə almağa
çalışır. Bu isə müharibənin
dinamikasına müəyyən təsir göstərsə də,
genişmiqyaslı dönüş üçün hələ
də ciddi hərbi üstünlük tələb olunur.
Ümumilikdə, Rusiyanın resurslarının tədricən
azalması müharibənin gedişinə təsir göstərə
biləcək amillərdən biridir. Bu, hücum əməliyyatlarının
tempinin zəifləməsinə, müharibənin daha
çox mövqe xarakteri almasına və müəyyən mərhələdə
danışıqlar ehtimalının artmasına səbəb
ola bilər. Bununla belə, müharibənin yekun nəticəsi
təkcə Rusiyanın resurs imkanlarından deyil, həm də
Ukraynanın Qərbdən aldığı hərbi dəstəyin
davamlılığından və tərəflərin cəbhədə
əldə edə bildiyi taktiki üstünlüklərdən
asılı olaraq formalaşacaq”.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.4.