İrəvanın
konstitusiya sınağı: sülh, yoxsa köhnə iddialar?
Cənubi Qafqazda sülh gündəliyinin mühüm
mövzularından biri Ermənistanın konstitusiya islahatı
məsələsidir. Ermənistanın hakim “Mülki
Müqavilə” partiyasının iclasında yeni konstitusiya
layihəsinin müzakirəyə çıxarılması bu
mövzunu yenidən regional siyasi gündəmin mərkəzinə
gətirib. Xüsusilə də sənəddə Azərbaycana
qarşı ərazi iddialarının aradan
qaldırılıb-qaldırılmayacağı məsələsi
Azərbaycan-Ermənistan sülh prosesinin gələcək
taleyi baxımından xüsusi əhəmiyyət
daşıyır.
Ekspertlər qeyd edir ki, Ermənistan konstitusiyasında
mümkün dəyişikliklər təkcə ölkənin
daxili siyasi sisteminə deyil, eyni zamanda regionda formalaşan yeni
geosiyasi reallıqlara və Azərbaycanla münasibətlərin
normallaşması prosesinə də təsir göstərə
bilər. Bu baxımdan konstitusiya islahatlarının məzmunu
və hansı istiqamətdə həyata keçiriləcəyi
regionda sülh və sabitliyin təmin olunması
üçün mühüm amillərdən biri kimi qiymətləndirilir.
“Konstitusiya dəyişərsə…”
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalqcəbhəsi”nə
açıqlamasında bildirib ki, Ermənistanda konstitusiyada
ediləcək dəyişikliklərin mart ayında
yekunlaşdırılacağı əvvəlcədən proqnozlaşdırılırdı
və yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim
olunacağı gözlənilirdi.
Deputatın sözlərinə görə, hakim
“Mülki müqavilə” partiyasının iclasında bu məsələnin
müzakirəyə çıxarılması onu göstərir
ki, konstitusiyanın yekun variantı artıq hazırlanıb və
yaxın zamanda ictimai müzakirəyə təqdim ediləcək:
“Bu, onu göstərir ki, layihə üzərində əsas
işlər tamamlanıb və növbəti mərhələdə
cəmiyyətin müzakirəsinə
çıxarılması nəzərdə tutulur”.
H.Babaoğlu hesab edir ki, yeni konstitusiyada Ermənistanın
siyasi sistemi ilə bağlı kardinal dəyişikliklərin
olacağı gözlənilmir: “Mən düşünmürəm
ki, Ermənistan yenidən prezident üsul-idarəsinə
qayıtsın. Çox güman ki, mövcud parlament idarəetmə
modeli saxlanılacaq və dəyişikliklər daha çox
digər siyasi və hüquqi məsələləri əhatə
edəcək”.
Deputat vurğulayıb ki, Azərbaycan
üçün əsas məsələ Ermənistan
konstitusiyasında yer alan və müstəqillik bəyannaməsinə
istinad edən, Azərbaycana qarşı ərazi
iddialarını ehtiva edən müddəaların aradan
qaldırılmasıdır: “Əgər həmin müddəalar
konstitusiyadan çıxarılarsa, bu, sülhə gedən
yolda ən ciddi hüquqi maneələrdən birinin aradan
qalxması demək olacaq. Azərbaycan haqlı olaraq fundamental
və hüquqi əsaslara söykənən, cəmiyyət tərəfindən
qəbul edilə biləcək sülh istəyir. Əgər
konstitusiya referendum yolu ilə dəyişdirilərsə və
yeni sənəddə Azərbaycana qarşı ərazi
iddiaları yer almazsa, bu, həm də Ermənistan cəmiyyətinin
Azərbaycanla sülhə hazır olduğunun göstəricisi
kimi qiymətləndirilə bilər. Bu halda regional sülh
üçün ciddi maneələrin aradan
qalxdığını söyləmək mümkün
olacaq”.
Sülh üçün əsas şərt
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı
qeyd edib ki, Azərbaycanın sülh müqaviləsinin
imzalanması üçün irəli sürdüyü əsas
tələblərdən biri Ermənistan Konstitusiyası və
qanunvericilik aktlarında Azərbaycana və qardaş Türkiyəyə
qarşı ərazi iddialarının aradan
qaldırılmasıdır.
Deputat qeyd edib ki, bu məsələ artıq ən
yüksək səviyyədə – Azərbaycan Prezidenti tərəfindən
dəfələrlə səsləndirilib: “Rəsmi Bakı
haqlı olaraq hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməzsə,
gələcəkdə hakimiyyətə gələ biləcək
revanşist qüvvələr yenidən Azərbaycana
qarşı ərazi iddiaları ilə çıxış
edə bilərlər. Ermənistan tərəfi konstitusiya dəyişikliklərinə
gedərsə və bu sənəddən Azərbaycana
qarşı ərazi iddiaları çıxarılarsa, bu
müsbət addım kimi qiymətləndirilə bilər. Bu,
o demək olacaq ki, rəsmi İrəvan doğrudan da
konstruktiv mövqeyə gəlmək niyyətindədir”.
Deputatın sözlərinə görə, Ermənistanda
yeni konstitusiya məsələsi artıq uzun müddətdir
gündəmdədir: “Baş nazir Nikol Paşinyan bu mövzuya
dəfələrlə toxunsa da, ölkədəki siyasi vəziyyət
səbəbindən konkret addımlar atmaqdan çəkinir.
Paşinyan ehtiyat edir ki, ona qarşı olan qüvvələr
– o cümlədən sabiq xunta rejiminin nümayəndələri,
revanşist dairələr və kilsə seçki ərəfəsində
bu məsələni siyasi alətə çevirərək
hakimiyyətinə qarşı istifadə edə bilərlər.
Buna görə də müəyyən proseslər getsə də,
hələlik konkret qərarlar verilməyib. Ermənistan rəsmiləri
yeni Konstitusiya layihəsinin demək olar ki, hazır olduğunu
bildirsələr də, sənədin preambulası, birinci fəsli
və Baş nazirlə bağlı bəzi məsələlər
hələ də müzakirə olunur. Azərbaycan
üçün əsas məsələ Ermənistan
Konstitusiyasının ümumilikdə dəyişməsi
deyil, məhz bu sənəddə ölkəmizə
qarşı ərazi iddialarının
çıxarılmasıdır”.
T.Rüstəmxanlı vurğulayıb ki, belə bir
referendumun keçirilməsi Ermənistan daxilində ciddi
siyasi risklər yarada bilər və bu məsələdə
Ermənistan cəmiyyətinin mövqeyi də mühüm rol
oynayacaq: “Konstitusiya islahatı ilə bağlı referendum
ideyası müsbət olsa da, bu prosesin hansı zaman çərçivəsində
həyata keçiriləcəyi də xüsusi əhəmiyyət
daşıyır”.
Ermənistanda yeni konstitusiya mərhələsi
Milli Məclisin deputatı Azay Quliyev vurğulayıb
ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik
etdiyi “Mülki Müqavilə” partiyasında yeni konstitusiya
layihəsinin müzakirəyə çıxarılması
ölkənin həm daxili siyasi transformasiyası, həm də
regionda formalaşmış yeni geosiyasi reallıqlar fonunda
atılan addım kimi qiymətləndirilə bilər.
Deputatın sözlərinə görə, müzakirələrin
əsas məzmunu Ermənistanın dövlət
ideologiyasının, təhlükəsizlik
strategiyasının və xarici siyasət kursunun yeni
konstitusiya çərçivəsində necə
formalaşdırılacağından ibarətdir:
“Paşinyanın tez-tez vurğuladığı kimi, burada
söhbət “mifik Ermənistan”dan deyil, “real Ermənistan”
konsepsiyasının qurulmasından gedir. Bu yanaşma Ermənistanın
uzun illər apardığı revanşist siyasətdən
imtina etməsini, o cümlədən qondarma
“soyqırımı” və Azərbaycanla Türkiyəyə
qarşı ərazi iddiaları kimi yanaşmalardan
uzaqlaşmasını nəzərdə tutur. Yeni
konstitusiyanın qəbul olunması Azərbaycan-Ermənistan
münasibətlərinə və sülh prosesinə də
ciddi təsir göstərə bilər. Onun fikrincə, Azərbaycanın
sülh müqaviləsinin imzalanması üçün əsas
şərti Ermənistan Konstitusiyasının preambulasında
Müstəqillik Bəyannaməsinə edilən istinadın
aradan qaldırılmasıdır. Həmin bəyannamədə
Azərbaycana qarşı ərazi iddiaları ilə
bağlı müddəalar yer aldığından bu istinad
hüquqi baxımdan problem yaradır. Əgər yeni
konstitusiya çərçivəsində bu məsələ
öz həllini tapsa, Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşması üçün
hüquqi maneələr aradan qalxa bilər. Belə bir dəyişiklik
iki ölkə arasında sülh müqaviləsinin
imzalanmasına, diplomatik münasibətlərin qurulmasına və
regionda iqtisadi, nəqliyyat və kommunikasiya əməkdaşlığının
genişlənməsinə şərait yarada bilər. Bu isə
bütövlükdə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin
möhkəmlənməsinə xidmət edəcək”.
Azay Quliyev əlavə edib ki, yeni konstitusiyanın qəbul
olunması üçün Ermənistanda referendum
keçirilməsi tələb olunur və bu proses yalnız
parlament seçkilərindən sonra baş tuta bilər:
“Konstitusiyanın taleyi müəyyən mənada Nikol
Paşinyanın seçkilərdə əldə edəcəyi
siyasi dəstəkdən asılı olacaq. Başqa sözlə,
erməni cəmiyyəti faktiki olaraq sülh və
qarşıdurma, sabitlik və revanşizm arasında
seçim etməli olacaq. Konstitusiya dəyişiklikləri Ermənistanın
siyasi sistemində də müəyyən institusional yeniliklərə
səbəb ola bilər. Bu dəyişikliklər dövlət
institutlarının fəaliyyətinin daha səmərəli
təşkili, parlament və hökumət arasında səlahiyyət
balansının yenidən tənzimlənməsi və yeni
geosiyasi reallıqlara uyğun təhlükəsizlik
yanaşmasının formalaşması ilə nəticələnə
bilər. Belə bir proses Ermənistanın siyasi diskursunda uzun
illər dominant olmuş radikal yanaşmaların tədricən
zəifləməsinə və daha praqmatik dövlət
modelinin formalaşmasına gətirib çıxara bilər”.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.-12 mart (¹10).- S.3.