Kənd təsərrüfatında
yenilik: dron və robot texnologiyaların tətbiqi nəyi dəyişəcək?
Milli Məclisin Aqrar siyasət komitəsinin “Kənd təsərrüfatında
süni intellektin tətbiqi: nəticələr və
perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə
deputat Vüqar İskəndərov kənd təsərrüfatında
aqrar dron və robot texnologiyasının tətbiqi haqqında
məlumat verərək “Ağıllı Fermer” milli süni
intellekt platformasının yaradılmasından
danışıb.
Deputat bunun nəticəsində
kənd təsərrüfatının daha müasir, effektiv və
rəqabətqabiliyyətli sahəyə çevrilə biləcəyini
vurğulayıb.
Bəs sözügedən texnologiyaların Azərbaycanda
kənd təsərrüfatında tətbiqi nə dərəcədə
mümkün ola bilər?
“Xalq Cəbhəsi” məsələni mütəxəssislərlə
müzakirə edib.
İT mütəxəssisi Fərhad Mirəliyev Azərbaycanda
kənd təsərrüfatında aqrar dron və robot
texnologiyalarının tətbiqinin mümkün olduğunu
qeyd edib: “Düşünürəm ki, bunun üzərinə
gedilsə, resurslar ayrılsa bu, mümkün ola bilən bir
sahədir. Burada həm əmək, maliyyə resurslardan, həm
inzibati və digər resurslardan söhbət gedir. Bu məsələ
dövlət səviyyəsində kurasiya olunsa məncə
çox yaxşı nəticələr əldə etmək
olar. Burada mən fermerlərə məlumatın verilməsini
bu işlərin ən primitiv yanaşması kimi qəbul edirəm.
Çünki süni intellektin tətbiq olunması ilə
yaradıla biləcək istiqamətlər, yəni burada
müvafiq avadanlıqlar, hansı ki, süni intellekt əsaslı
həllərlə işləyir, məsələn, dronlar,
robotlar bunlar müxtəlif təsərrüfat sahələrində
fermerlərin, bağbanların köməkçisinə
çevrilə bilər. Məsələn, hansısa bir zərərvericilər,
həşəratlar və yaxud xəstəliklərin
aşkarlanması üçün əvvəllər
bağbanlar hektarlarla sahəyə baxış keçirirdisə,
buna müəyyən günlər sərf olunurdusa, indi dronlar
vasitəsilə səmadan baxış keçirilərək
oradan müəyyən bir istiqamətlərdə mövcud
problemləri aşkarlamaq olar”.
“Müxtəlif tədbirlər planı hazırlamaq
olar”
F.Mirəliyevin sözlərinə görə, yaxud da
daha yaxşı inkişaf üçün müxtəlif tədbirlər
planı hazırlamaq olar: “Sahədə zərərvericilər
və ya xəstəliklər varsa onu yüksəkdən
görmək olar. Sahə qurudursa, onun suvarmaya ehtiyacı varsa
bunu da müəyyən etmək olar. Yəni artıq burada
insan əməyi avtomatlaşdırılmış olur. Təsərrüfatlardakı
ağaclarda müxtəlif xəstəlikləri aşkar etmək
üçün dronlar və ya robot texnologiyası vasitəsilə
yarpaqları, gövdəni, budağı analiz edərək
konkret deyə bilərik ki, bu xəstəlik var və bu dərmanlar
ayrılmalıdır. Hansısa bir robotlar özləri o dərmanları
təmin edə bilər və ya həmin bağ sahəsində
və xəstəliklərlə, zərərvericilərlə
mübarizə apara bilər. Eləcə də suvarma sistemini
təşkil edə bilər. Yəni bu, bu gün
üçün dünyada tətbiq olunan aktual sahələrdəndir”.
Yeni texnologiyaların tətbiqinə ehtiyac varİqtisadi
və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri
Eyyub Kərimli deyib ki, kənd təsərrüfatında məhsuldarlığın
artırılması üçün yeni texnologiyaların tətbiqinə
ciddi surətdə ehtiyac var: “Beynəlxalq təcrübənin
öyrənilməsinə və tətbiq olunmasına, həm
innovativ texnologiya, həm yeni suvarma sistemlərinin
quraşdırılması, eləcə də bu istiqamətdə
digər ölkələrin təcrübəsinin öyrənilməsinə
ehtiyac var. Çünki bəzi hallarda biz görürük
ki, iqlim şəraiti bizdən qat-qat aşağı olan
ölkələrdə çox böyük məhsuldarlıq
əldə edirlər. Sözsüz ki, bu istiqamətdə biz
mütəxəssisləri cəlb etməliyik. Eyni zamanda, yeni
sort toxumlar və ya digər məhsulları istifadə etməliyik
ki, bizim kənd təsərrüfatında məhsuldarlıq
yüksəlsin”.
Müsbət və mənfi tərəflər
Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis
Asif İbrahimov diqqətə çatdırıb ki, Azərbaycanda
kənd təsərrüfatında dron və robot
texnologiyaların tətbiqi mümkündür, ancaq bunun
müsbət və mənfi tərəfləri var: “Azərbaycan
neft ölkəsi ilə yanaşı, eyni zamanda, aqrar ölkədir.
Azərbaycan SSRİ zamanından plan iqtisadiyyatında
bütün aqrar planların yerinə yetirilməsində
qabaqcıl ölkələrdən biri olub. Belə olduğu
halda Azərbaycanda kənd təsərrüfatı ənənələrinin,
həmçinin iqliminin, toprağının da ona uyğun
olması məsələsi ortaya çıxır. Amma burada
bir məsələ var. Dünya təcrübəsində bu
texnologiyaların tətbiqi ən çox onu özləri
istehsal edə biləndə faydalı olur”.
“Xərclərə təsir edəcək”
A.İbrahimov qeyd edib ki, Azərbaycanda reallıq odur
ki, biz nə ediriksə, əlavə dəyər yarada bilmirik
və ucuz məhsul istehsal edə bilmirik: “Nə istehsal ediriksə
bizdə baha başa gəlir. Bunun da səbəbləri var.
Yekun məhsulun qiymətini formalaşdıran məsələlər
var ki, onlardan biri xərclərdir. Yəni sənin xammalın,
maya dəyərin nə qədər yüksək olursa, yekun
qiymətin də yüksək olacaq. Bizdə istər aqrar sahədə,
istər digər sahələrdə istehsal etdiyimiz məhsulların
maya dəyəri çox yüksək başa gəlir. Ona
görə də bu texnologiyaları ölkədə tətbiq
etsək qiymətindən asılı olaraq xərclərə
təsir edəcək. Daha baha başa gələcək.
Düzdür, sənayeləşdirilmiş əkinə
keçirsən, bir sıra sahədə nizam gətirirsən,
maddi-texniki bazan güclənir, məlumatların idarə
olunması güclənir, daha keyfiyyətli məhsul əldə
edirsən. Ancaq burada dediyim kimi, bir məsələ var ki, bu,
xərclərə öz təsirini göstərir”.
“Gərək maya dəyərini qaldırmasın”
Onun bildirdiyinə görə, dünyada bu
texnologiyaları özü istehsal etməyən ölkələr
həmin texnologiyaların tətbiqi ilə bağlı təcrübəni
həyata keçiriblər: “Məsələn, ilkin olaraq
ABŞ tətbiq etməyə başladı. Hətta
özü istehsal etsə belə maya dəyəri yüksək
başa gəldi. Yəni bu məsələləri tənzimləmək
lazımdır. Əslində, dron və robot texnologiyaların
tətbiqi çox gözəl bir şeydir. Bunu
alqışlamaq lazımdır. Ancaq bunu elə formada etmək
lazımdır ki, bu, maya dəyərini qaldırmasın,
aşağı salsın”.
Kadr məsələsi
Mütəxəssis həmçinin deyib ki, bu, eyni
zamanda, kadr məsələsidir: “Bu kadrların yetişdirilməsi
də zaman alan məsələdir. Texnologiyaların
alınması, tətbiqi, hazırlıq mərhələsi,
ixtisaslı kadrların yetişdirilməsi, həmin o
texnikalara planlı, plandan kənar texniki qulluq məsələsi
- bunların hamısı xərcdir. Yəni biz bunları tətbiq
edək, lakin elə bir formasını tapaq ki, bu, məhsuldarlığa,
yekun qiymətin formalaşmasında ən önəmli amil
olan maya dəyərini aşağı salsın, yuxarı
qaldırmasın”.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.15.