Ət
bahalaşır: səbəblər nədir?
Bayramqabağı ölkədə bir çox ərzaqməhsulların
qiymətində artım müşahidə edilir. Artım
müşahidə olunan məhsullardan biri də dana ətidir.
Qeyd edilir ki, paytaxtın müxtəlif yerlərində bir
müddət əvvəl 16-17 manata satılan dana əti son
günlərdə 18 manata alıcılara təklif olunur.
Bəs qiymətin artmasında əsas səbəb nədir
və dana ətinin qiyməti yenidən ucuzlaşa bilərmi?
“Xalq Cəbhəsi” bu istiqamətdə
iqtisadçıların fikirlərini öyrənib.
“Əhalinin ətə tələbatı yüksəkdir”
İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki,
bayramqabağı ətə olan tələbat daha da yüksəlib:
“Ona görə də qiymətlər bir az da artıb.
Ümumiyyətlə, bayramla olan qiymət artımları
bayramdan sonra düşəcək. Amma digər qiymət
artımları həmişə qalacaq”.
X.Kərimli vurğulayıb ki, dana əti və ətin
digər növləri də bundan sonra ancaq bahalaşacaq:
“Bunun səbəbi odur ki, əhali çoxdur və əhalinin
yüksələn qiymətlərlə də ətə tələbatı
yüksəkdir. Yəni ət alırlar. Ət xaricdən gələndə
daşıma xərcləri olur. Vətəndaşların təzə
ətlə müqayisədə dondurulmuş ətə o qədər
də tələbatı yoxdur. Fermer də bilir ki, tələbat
çoxdur və qiyməti yüksəldir”.
“Daha da bahalaşacaq”
Ekspert bildirib ki, qiymətin aşağı
düşməsi üçün yeganə şərt daha
çox heyvanın saxlanılmasıdır: “Amma indi
insanların çoxu şəhərə gəlir və
heyvandarlıqla məşğul olan insanların sayı
azalır. Qiymətin artması bir az perspektiv yaradır ki, bu fəaliyyət
gəlirli olduğuna görə investorlar, sahibkarlar bu sahəyə
diqqət yetirəcək. Riskli olduğuna, xəstəlik
heyvanları tez sıradan çıxardığına
görə bu, sahibkarlara ziyan vurur. Təbii ki, onlar bu
ziyanı sonradan qiymətin üstünə qoyub satırlar”.
Onun qeyd etdiyinə görə, qısamüddətli,
yəni həftəlik, aylıq qiymət çoxalıb-azala
bilər, amma ümumilikdə qiymət həmişə
arta-arta gedəcək: “İlin sonunda baxsaq görəcəyik
ki, ilin əvvəli ilə müqayisədə ətin qiyməti
artıb”.
“Burada xarici amillərin də təsiri var”
İqtisadçı ekspert Emin Qəribli söyləyib
ki, ətin qiymətinin artmasının səbəbləri
müxtəlifdir: “Qeyd edim ki, burada xarici amillərin də təsiri
var. Birləşmiş Millətlər Təşkilatının
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) hesabatlarına baxsaq, ilin əvvəlində artıq
müvafiq məhsulların qiyməti bir 1 faizdən çox
artıb”.
“İstehlak məhsullarının qiymətində 5
faiz artım var”
Ekspert qeyd edib ki, digər tərəfdən Azərbaycanda
istehlak məhsullarının qiymətində 5 faiz artım
müşahidə olunur: “Yəni burada həm xarici amillər,
həm də daxili amillər rol oynayır. Daxildə bayramlarla
əlaqədardır, ümumiyyətlə isə yaz
aylarında nisbətən belə gərginliklər olur. Bu səbəbdən
ətin qiymətinə də təsir göstərib”.
E.Qəriblinin sözlərinə görə, həmçinin
bunun mühüm bir səbəbi də mövsümlə əlaqədardır:
“Çox güman ki, bu, yay aylarına stabilləşə bilər.
Amma ümumi tendensiyaya baxdıqda görürük ki, istehlak
məhsullarının qiymətində müəyyən
artımlar var. Ümid edək ki, mövsüm bitdikdən
sonra qiymətlərdə müəyyən dərəcədə
eniş müşahidə olunar”.
“Otlaqlar, örüş yerləri məhdudlaşıb”
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin
sədri Ruslan Atakişiyev son dövrlər ətin qiymətinin
qalxmasının bir sıra səbəbləri olduğunu
deyib: “Məsələ bundan ibarətdir ki, bu gün rayon ərazilərində
otlaqlar, örüş yerləri məhdudlaşıb. Yəni
artıq kəndlilər heyvanları otarmaq üçün
müxtəlif sahələrə apara bilmirlər. Əslində,
yem tədarükünün bir hissəsi də məhz təbiətdən
alınırdı. Bunlar olmayanda həmin kəndlilər məcburdur
ki, yem alsınlar və heyvanları axır şəraitində
saxlasınlar. Bu, həm də quru yemə olan tələbatı
və digər əlavələri artırır. Nəticədə,
onların qiymətləri də bahalaşır və bu da yem
tədarükündə çətinlik yaradır”.
Saxlama xərcləri
Onun qeyd etdiyinə görə, ikinci məsələ
odur ki, heyvandarlıq sahəsində olan xəstəliklərə
qarşı mübarizə, saxlanma xərcləri də istər-istəməz
qiymətləri artırır: “Son dövrlər Nazirlər
Kabinetinin də kənd yerlərində axırların, pəyələrin
tikilməsi ilə bağlı müəyyən tələbləri
qoyması, bu icazələrin alınması da bir sıra
çətinliklər yaradır və əlavə xərclərin
formalaşmasına gətirib çıxarır. Digər bir
məsələ ondan ibarətdir ki, kənd yerlərində məşğul
olanlar görürlər ki, heyvandarlıqla
çalışıb, onunla əldə olunan gəlirdənsə,
onun alqı-satqısı ilə məşğul olmaq daha gəlirlidir
və əziyyətə də dəyməz. Ona görə də
bir sıra insanlar bu işdən imtina etməyə
başlayır. Amma fermer təsərrüfatları çərçivəsində
bu işlər həyata keçirilir. Ona görə də
fermada baxılan mal-qaranın ətinin satış qiyməti
kənd yerlərində, fərdi təsərrüfatlarda
baxılan mal-qaranın ətinin satış qiymətindən
ucuzdur”.
Əlavə xərclər
R.Atakişiyev bildirib ki, o cümlədən son
dövrlər Beyləqan, Ağcabədi, Bərdə və
digər rayonlarda yerləşən heyvan satış
bazarlarının çoxunun Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən fəaliyyəti
dayandırılıb, yeni şərait quruldu: “Amma şərait
qurulandan sonra da heyvanların orada satılması əlavə
xərcləri artırır, nəqliyyat xərcləri
artır. Bunların hamısını topladıqda bu gün
bir heyvana baxıb, onu bazarda satmağın səmərəliliyi
getdikcə aşağı düşür. Ona görə də
kəndlinin marağı azalır”.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.14.