Uşaqların gələcəyi
risk altında: çıxış yolu sistemli inkişaf
modelidir
Müasir dövrdə uşaq və gənclərin
sağlam, hərtərəfli inkişafı təkcə ailə
daxilində həll olunan məsələ deyil,
bütövlükdə cəmiyyətin strateji prioritetlərindən
birinə çevrilib. Qloballaşma, sürətli texnoloji
inkişaf və rəqəmsal mühitin genişlənməsi
uşaqların həyat tərzinə, düşüncə
sisteminə və davranış modellərinə birbaşa təsir
göstərir. Bu reallıq fonunda onların həm fiziki, həm
də mənəvi sağlamlığının qorunması
daha sistemli, planlı və çoxşaxəli yanaşma tələb
edir.
Ekspertlər qeyd edir ki, uşaqların inkişafı
təsadüfi proses deyil və bu istiqamətdə yalnız
epizodik tədbirlərlə nəticə əldə etmək
mümkün deyil. Sağlam nəsil formalaşdırmaq
üçün paralel şəkildə bir neçə
istiqamətdə davamlı fəaliyyət həyata
keçirilməlidir. Burada əsas məsuliyyət yalnız
bir tərəfin üzərinə düşmür. Əksinə,
dövlət qurumları, təhsil sistemi, ailə institutu və
cəmiyyətin digər seqmentləri arasında
koordinasiyalı əməkdaşlıq həlledici rol
oynayır.
Xüsusilə müasir dövrdə uşaqların
üzləşdiyi risklər də dəyişib. Rəqəmsal
asılılıq, passiv həyat tərzi, qeyri-sağlam
qidalanma, psixoloji gərginlik və sosial təzyiqlər
onların inkişafına mənfi təsir göstərən
əsas amillər sırasındadır. Bu səbəbdən
fiziki sağlamlıqla yanaşı, emosional və psixoloji
dayanıqlığın təmin olunması da prioritet məsələlərdən
biri kimi çıxış edir.
Bu baxımdan mütəxəssislər hesab edir ki,
uşaqların sağlam inkişafı üçün vahid
və sistemli yanaşmanın tətbiqi
qaçılmazdır. Ailə mühitində düzgün tərbiyə,
məktəblərdə keyfiyyətli və müasir təhsil,
eyni zamanda dövlət səviyyəsində həyata
keçirilən sosial və maarifləndirici proqramlar bir-birini
tamamlamalıdır. Yalnız bu halda gələcəyin
sağlam, düşünən və cəmiyyətə
faydalı fərdlərini yetişdirmək mümkün
olacaq.
Sağlam və vətənpərvər gənclik
Deputat Mehriban Vəliyeva “Xalq Cəbhəsi”nə
açıqlaması zamanı söyləyib ki, təhsil, ailə
və cəmiyyət institutları uşaqların və gənclərin
formalaşmasında bir-birini tamamlayan üç əsas sosial
mühit kimi çıxış edir”.
Onun sözlərinə görə, müasir dövrdə
bu institutların qarşılıqlı əməkdaşlığı
yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin
dayanıqlı inkişafının əsas şərtlərindən
biridir: “Uşaqların və gənclərin həm fiziki, həm
də mənəvi inkişafının təmin olunması
üçün bu üç institut arasında koordinasiyalı
və sistemli əməkdaşlığın qurulması
xüsusi əhəmiyyət daşıyır. Təhsil
sistemi bu prosesdə əsas institusional mühit kimi
çıxış edir və məktəblər yalnız
bilik verən qurumlar deyil, eyni zamanda vətəndaşlıq dəyərlərinin,
sosial məsuliyyət hissinin və sağlam həyat tərzinin
formalaşdırıldığı mühüm sosial məkanlardır.
Bu baxımdan məktəblərdə idman fəaliyyətlərinin
genişləndirilməsi, sağlam həyat tərzinin təşviqi,
vətənpərvərlik ruhunda tərbiyə və milli-mənəvi
dəyərlərin aşılanması xüsusi əhəmiyyət
kəsb edir. Eyni zamanda təhsil müəssisələrinin
ailə və ictimai institutlarla əməkdaşlığının
gücləndirilməsi uşaqların sosiallaşma prosesinin
daha sağlam müstəvidə formalaşmasına imkan
yaradır”.
Mehriban Vəliyeva bildirib ki, ailə uşağın
formalaşdığı ilk və ən vacib sosial mühitdir
və uşağın xarakterinin, davranış modelinin, mənəvi
dəyərlərinin əsasının qoyulduğu məkan məhz
ailədir. Valideynlərin uşaqlara göstərdiyi diqqət
və tərbiyə üsulları gənclərin
dünyagörüşünə və gələcək həyat
yoluna birbaşa təsir edir”.
Deputat əlavə edib ki, cəmiyyət və ictimai
institutlar da gənclərin fiziki və mənəvi
inkişafında mühüm rol oynayır: “Gənclər təşkilatları,
idman klubları, mədəniyyət müəssisələri,
qeyri-hökumət təşkilatları və media gənclərin
sosial fəallığının artmasına, onların asudə
vaxtlarının səmərəli təşkilinə və
dünyagörüşlərinin formalaşmasına
mühüm töhfə verir. Qloballaşma və sürətli
sosial dəyişikliklər fonunda sağlam, savadlı, vətənpərvər
və sosial məsuliyyətli gənc nəslin yetişdirilməsi
dövlət və cəmiyyət üçün strateji
prioritetdir. Bu məqsədə nail olmaq üçün təhsil
sistemi, ailə və cəmiyyət institutları arasında
güclü tərəfdaşlıq qurulmalı və gənclərin
hərtərəfli inkişafını təmin edən
kompleks yanaşma həyata keçirilməlidir.
Uşaq inkişafında sistemli yanaşma
Təhsil eksperti Rizvan Fikrətoğlu “Xalq Cəbhsi”nə
bildirib ki, uşaqların həm fiziki, həm də mənəvi
sağlamlığının qorunması təsadüfi proses
deyil və bu istiqamətdə kompleks, ardıcıl və
sistemli yanaşma vacibdir.
Onun sözlərinə görə, yalnız maarifləndirmə
ilə kifayətlənmək düzgün deyil, konkret və
işlək mexanizmlər tətbiq olunmalıdır: “Fiziki
inkişaf üçün ilk növbədə idmanın əlçatanlığı
artırılmalıdır. Məktəblərdə idman dərsləri
formal xarakter daşımamalı, real və effektiv şəkildə
təşkil olunmalıdır. Rayonlarda pulsuz idman
zallarının yaradılması, uşaqların hərəkətli
həyata cəlb olunması mühüm əhəmiyyət kəsb
edir. Eyni zamanda uşaqların telefon və digər texnoloji
vasitələrdən həddindən artıq istifadəsinin
qarşısı alınmalı, onlar daha aktiv həyat tərzinə
yönləndirilməlidir. Sağlam qidalanma məsələsi
də diqqətdən kənarda qalmamalıdır. Məktəb
bufetlərində zərərli qidaların, fast food və
qazlı içkilərin satışına ciddi nəzarət
olunmalı və bu məhsulların istifadəsi məhdudlaşdırılmalıdır.
Valideynlər üçün qidalanma ilə bağlı
maarifləndirici proqramların təşkili də vacibdir.
Bununla yanaşı, uşaqların fiziki inkişafı ilə
paralel olaraq psixoloji sağlamlığı da daim nəzarətdə
saxlanılmalıdır. Məktəblərdə psixoloji xidmətlər
formal xarakter daşımamalıdır.
Hər bir təhsil müəssisəsində peşəkar
və aktiv fəaliyyət göstərən psixoloqlar
olmalı, aqressiya, depressiya və digər psixoloji problemlər
erkən mərhələdə aşkarlanaraq
qarşısı alınmalıdır. Mənəvi
inkişaf baxımından valideynlərin rolu həlledicidir.Valideyn
uşağa yalnız nəzarət edən yox, onu
düzgün istiqamətləndirən əsas şəxs
olmalıdır. Uşaqlara qarşı fiziki və psixoloji
zorakılıq, hətta tərbiyə məqsədilə belə,
yolverilməzdir və bunun qarşısı qəti şəkildə
alınmalıdır”.
Ekspert əlavə edib ki, təhsil sistemində də
yanaşma dəyişməlidir:
“Yaddaşa əsaslanan modeldən uzaqlaşaraq
düşüncəyə əsaslanan, analitik
bacarıqları inkişaf etdirən müasir təhsil
yanaşması tətbiq olunmalıdır. Şagirdlərdə
problem həll etmə bacarıqları və həyat vərdişləri
formalaşdırılmalıdır”.
O, həmçinin vurğulayıb ki, uşaqların
sağlam inkişafı üçün dövlət, məktəb
və valideyn üçbucağı paralel və effektiv şəkildə
fəaliyyət göstərməlidir: “Bu üç istiqamət
arasında koordinasiya təmin olunmadığı halda,
heç bir islahat real nəticə verməyəcək”.
“Emosional sağlamlıq, güclü nəsil”
Psixoloq Nizami Orucov deyib ki, uşaq və gənclərin
sağlam fiziki və mənəvi inkişafı yalnız ailənin
deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir
və bu proses kompleks və davamlı yanaşma tələb
edir.
Onun sözlərinə görə, bu inkişafın
təməlində ilk növbədə sağlam ailə
mühiti dayanır: “Uşaq üçün əsas psixoloji
baza emosional təhlükəsizlikdir. Valideynlər yalnız nəzarət
edən yox, həm də anlayan və dinləyən tərəf
olmalıdır. Sevgi, diqqət və sərhədlərin
balanslı şəkildə təqdim olunduğu ailələrdə
böyüyən uşaqlar həm psixoloji, həm də fiziki
baxımdan daha sağlam inkişaf edir. Təhsil sistemi də
bu prosesdə mühüm rol oynayır. Məktəblər
yalnız akademik bilik verən məkan deyil. Burada emosional
intellektin inkişafı, stressin idarə olunması, ünsiyyət
bacarıqları və konfliktlərin həlli kimi həyat
bacarıqları da öyrədilməlidir. Psixoloji xidmətlər
formal xarakter daşımamalı, real və əlçatan dəstək
mexanizminə çevrilməlidir. Hənclərin enerjisinin
düzgün istiqamətə yönləndirilməsi vacibdir.
İdman, incəsənət və sosial fəaliyyətlər
gənclərin sağlam inkişafı üçün
mühüm vasitədir. Boşluq aqressiya və
asılılıqlar üçün zəmin yaradır.
Alternativ fəaliyyətlər isə gənclərə
özünü ifadə etmək və daxili gərginliyi
sağlam şəkildə boşaltmaq imkanı verir”.
O əlavə edib ki, rəqəmsal mühitin təsiri
də diqqətdə saxlanılmalıdır:
“Sosial şəbəkələr və rəqəmsal
platformalar nəzarətsiz istifadə edildikdə
uşaqların davranışlarına və dəyərlərinə
təsir göstərir. Bu səbəbdən erkən
yaşlardan tənqidi düşünmə və
düzgün media istifadəsi vərdişlərinin
formalaşdırılması vacibdir. Psixoloji dəstək
almaq cəmiyyətdə düzgün qəbul
olunmalıdır. Psixoloji yardım zəiflik deyil,
inkişafın bir hissəsidir. Uşağın səsinin
eşidildiyi, onun şəxsiyyət kimi qəbul olunduğu
mühit formalaşdırılmalıdır. Sağlam nəsil
emosional olaraq güclü, özünü tanıyan və cəmiyyətə
uyğunlaşa bilən fərdlərdən ibarət
olmalıdır”.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.13.