Novruz: milli birlik, həmrəylik
bayramı
Azərbaycanın tarixində bir çox bayramlar var.
Novruz bayramı isə onlar içində xüsusi çəkiyə
malikdir. Çünki bu, Azərbaycanın ən böyük,
qədim milli bayramıdır. Novruz özündə bir
çox mənəvi dəyərləri cəmləyir,
insanları birliyə, bərabərliyə səsləyir.
“Xalq Cəbhəsi” Novruz bayramının Azərbaycan
tarixində önəmi haqqında alimlərin fikirlərini
öyrənib.
Mədəniyyət və İncəsənət
Universitetinin Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət
kafedrasının müdiri, professor Mübariz Süleymanlı
bildirib ki, Novruzun uzun zamanlardan bəri davam edib gəlməsinin
səbəbi hər şeydən əvvəl, onun təsərrüfatçılıqla,
xalqın əmək və məişəti ilə
bağlı olmasıdır: “Əsas etibarilə maldarlıq və
əkinçiliklə məşğul olan xalqların həyatında
təbiət hadisələrinin rolu daha böyük olub.
Baharın gəlməsi, təbiətin oyanması sayəsində
çöllərin laləzara dönməsi, bağların və
meşələrin yaşıl don geyinməsi, mal-qaranın
çölə çıxması, döl tutması kimi təbii
hadisələr qədim insanlar üçün bolluq və bərəkət
gətirən müqəddəs hadisələrdir. Bu hadisələr
insanları təbiətə uyğunlaşmağa, arandan
dağa, dağdan arana köçməyə məcbur edir,
bununla yanaşı, onların mənəvi aləminə də
müəyyən dərəcədə təsir göstərirdi”.
“Novruz insanın torpaqla təmas bayramıdır”
Professor Novruzun əkinçilik və insanın
torpaqla təmas bayramı olduğunu diqqətə
çatdırıb: “Azərbaycanlıların təbiət
hadisələri, əkinçilik, maldarlıq və
ovçuluqla bağlı olan mərasimləri içərisində
ən təntənəli qeyd ediləni Novruz bayramıdır.
Əslində, Novruz bayramı silsilə mərasimlər
sisteminin zirvəsi və məntiqi yekunudur. Çünki
qışın bitməsi və yazın gəlməsinə
hazırlıqla başlanan, insanlara bahar sevinci aşılayan,
onları yeni təqvim ilinə ruhlandıran mərasimlər
silsiləsinə, məhz Novruz təntənələri ilə
yekun vurulur. Yaz yaxınlaşdıqca təbiət canlanır,
günəş çıxıb insanları
qızdırır, istər-istəməz adamlar həvəsə
gəlir, sevinir və özlərini bəxtiyar hiss edir”.
“Bu bayram ürəklərdə yaşadılıb”
AMEA Folklor İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru,
dosent Elçin Qaliboğlu qeyd edib ki, Novruz bayramında milli
ruhumuzun, qədimliyimizin zəngin çalarları
yaşayır: “Minillər əvvəl əcdadlarımız
inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız
öz ömründə yaradıb və yaşadıb:
qışın yazı əvəzləməsini öyüb,
təbiətlə birgə ruhən yenidən doğulub,
içəridən arınıb, bu təmizlənməni mənalandırıb,
bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb,
sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən
bəri yol gələn, çoxlu müqavimətlərə,
dəyişmələrə məruz qalan Novruz ötən
müddətdə xəlqi ruhumuzun özünəməxsusluğunu
qoruyub saxlayıb. Xalq o zaman var olur ki, qədim ruhunun
soraqlarını, adət-ənənəsini, bir sözlə,
özünəməxsus nəyi varsa, hamısını
qoruyub saxlayır. Belə də tarixin dolanbaclarında
sarsılmır, başını itirmir. Tariximizin ən
çətin məqamlarında belə bu bayram ürəklərdə
yaşadılıb”.
“Novruz bəşəriliyimizi təsdiq edir”
E.Qaliboğlu deyib ki, Şərq düşüncəsində
Novruz bayramı ilə bağlı zəngin, maraqlı
yanaşmalar – adət-ənənələr olsa da, Azərbaycan
Novruzu bunların hamısından fərqlənir:
“Xalqımız minillərdən bəri ağlında
yaşatdığı, yaşamına gətirdiyi
bütün gözəl duyğularını həmişə
Novruzla bağlayıb, mənalandırıb. Ona görə
ki, bayramın başlanğıcı – yaranışı ifadə
etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan
birliyinin ifadəsi kimi anlaşılıb.
Əcdadlarımızdan gələn düşüncə
tarixən ruhumuzun özgüvənliyini, yenilməz nikbinliyini
yaradıb. O deməkdir ki, xalq bayramı o dərəcədə
ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb,
inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin
özülünə çevirib, öz
davranışlarını bayram kuralları ilə
nizamlayıb. Bu, artıq xalqımızın ruhunun ifadəsi
olan, heç bir xalqda rast gəlinməyən
davranışlar sisteminin bayram-mərasim kompleksindən
güc alması demək olub”.
O qeyd edib ki, Novruz bayramı milli ruhumuzu təsdiq etdiyi
dərəcədə bəşəriliyimizi də təsdiq
edir, ona görə bizə belə doğmadır: “Dövlət
amili ciddi hadisədir. Soydaşlarımızın
ağlında ardıcıl olaraq dövlət sevgisinin
yaradılması gərəkdir. Əsl ulusal (milli) dəyər
həmişə çağdaşdır. Azərbaycanın
bağrından qopan dəyərləri buna ən gözəl
misaldır və bəşərə örnəkdir. Novruz
bayramı bu dəyərlərin bənzərsiz birləşdiricisi
və ifadəçisidir”.
“Burada insanın təbiətlə həmahəng
olması bir daha görünür”
Azərbaycan Turizm və Menecment Universitetinin professoru,
tarix elmləri doktoru Minaxanım Əsədova qeyd edib ki,
Novruz bayramı xalqımızın ən qədim və mənəvi
dəyərlərlə zəngin bayramıdır: “O, mədəniyyətimizdə,
əsrlərlə davam edən milli mənəvi dəyərlərimizdə,
adət və ənələrdə əks olunur. Ölkəmiz
öz müstəqilliyini bərpa etdikdən sonra bu bayram
dövlət səviyyəsində daha möhtəşəm
milli mədəniyyətlərin qloballaşması hər bir
ölkə üçün əhəmiyyətli bir məsələdir.
Bu mənada Novruz bayramının 2009-cu ildə YUNESKO-nun
reprezentativ siyahısına daxil edilməsi və 2010-cu ildə
BMT Baş Assambleyasının 21 mart tarixini “Beynəlxalq Novruz
günü” kimi elan etməsi mühüm hadisələrdəndir.
Bu bayram yenilənmə, birlik və ümid ideyalarını
ifadə edir. Novruz təbiətin oyanışını,
qışın bitib həyatın yenidən
canlanmasını simvolizə edir. Təbiətin yenilənməsi
ilə həm ev-eşiyin təmizlənməsi, həm də
mənəvi cəhətlərdən saflaşma
özünü küsülülərin barışması
ilə, saflıq və təmizliyə önəm verməklə
biruzə verir. Burada insanın təbiətlə həmahəng
olması bir daha görünür”.
Güclü sosial bağlar
M.Əsədovanın sözlərinə görə,
Novruzun gözəlliyi onun zəngin ənənələrində
və rəngarəng atributlarında əks olunur: “Səməni
– həyatın və bolluğun rəmzi, Tonqal – mənfiliklərin,
neqativin təmizlənməsi, rəngli xonçalar və
şirniyyatlar – sevinc və paylaşma, milli oyunlar və musiqi
– mədəni irsin yaşadılması bayrama xüsusi istilik
və estetik gözəllik qatır. Novruz insanları bir araya
gətirən güclü sosial bağlara malikdir: Ailənin
ağsaqqalları və ağbirçəkləri ziyarət
olunur, ehtiyacı olanlara yaddımlar edilir. Ailə üzvləri
və qohumlar bir süfrə ətrafında toplaşır,
qonşularla bayramlaşmaq və pay vermək ənənəsi
var, küsülülər barışır, insanlar bir-birinə
xoş niyyət göstərir, yardımlaşma və
paylaşma ruhu güclənir. Bu xüsusiyyətlər Novruzu sadəcə
bir bayram deyil, həm də cəmiyyətin həmrəyliyini
möhkəmləndirən mühüm dəyərə
çevirir. Novruz bayramı təbiətin yenilənməsi ilə
yanaşı, insanların da mənəvi olaraq
saflaşmasını, birləşməsini və gələcəyə
ümidlə baxmasını təmin edən bənzərsiz
bir bayramdır”.
“Novruzda yeniləşmə baş verir”
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
şöbə müdiri, türkoloq alim Faiq Ələkbərli
söyləyib ki, dünyanın qədim bayramlarından
birinin Novruz, yəni Yaz bayramının olması şübhəsizdir:
“Çünki bu bayramda bütün təbiət canlanır -
donmuş çaylar axır, qurumuş ağaclar
çiçək açır, qan təzələnir və
s. Bir növ Novruz bayramı adı ilə qeyd edilən bu
bayramda bir dəyişilmə, yeniləşmə baş verir.
Bəlkə də, məhz bu səbəbdəndir ki, bir
çox qədim xalqlar vaxtilə Yazın gəlişini bayram
kimi qeyd ediblər. Bu baxımdan hazırda azərbaycanlılar,
iranlılarla yanaşı, başqa millətlərin də
Novruzu milli bayram kimi qeyd etmələri başa
düşüləndir. Ancaq o başqa məsələdir ki,
hazırda Novruzu milli bayram kimi daha çox türksoylu
(Türkiyə və Azərbaycan türkləri, özbəklər,
qazaxlar, türkmənlər və b.) və irandilli xalqlar
(farslar, kürdlər, əfqanlar və b.) qeyd edirlər”.
Milli birliyimizin nümunəsi
F.Ələkbərli bildirib ki, bizə elə gəlir
ki, Novruz-Yaz bayramının hansı xalqa məxsus
olmasından daha çox, onun mahiyyətini təşkil edən
məsələlərə işıq salmaq daha maraqlı
olardı: “Yəni biz tarixi vərəqləsək görərik
ki, bəzi mütəfəkkirlər (Firdovsi və b.) Novruzu
yalnız İranla bağladığı halda, onun türklərlə
əlaqəsindən bəhs edənlər (Ə.Hüseynzadə
və b.) da az deyildi. Məsələn, Firdovsi “Şahnamə”
əsərində yazır ki, Novruz bayramını ilk dəfə
qeyd edən qədim İran şahı Cəmşid olub. Onun
fikrincə, Cəmşidin dövründə Novruz rəsmi
şəkildə İranın milli bayramına çevrilib.
Türk dünyasının, o cümlədən Azərbaycanının
tanınmış mütəfəkkiri Əli bəy
Hüseynzadə hələ, 20-ci əsrin əvvəllərində
bu iddiaya cavab olaraq yazırdı ki, Novruz bayramının
yalnız İranla bağlanması doğru deyildir. Belə ki,
baharın gəlişini bayram kimi qeyd etmək yalnız
İrana aid olmayıb, bütün atəşpərəst
millətlər, o cümlədən türk atəşpərəstləri
də bu günü bayram olaraq qeyd ediblər. Xüsusilə,
türk şamanlar və türk atəşpərəstlər
tərəfindən bu bayram qeyd edilmiş, şamanlar və atəşpərəstlər
Yaz bayramında 4 ünsürlə (od, su, hava və torpaq)
bağlı ayinləri icra ediblər”.
O əlavə edib ki, Novruzun bütün xalqlar, o
cümlədən azərbaycanlılar üçün birlik
və bərabərlik bayramı kimi qeyd olunması vacibdir:
“Çünki Azərbaycan əhalisi əksəriyyəti
türklər olmaqla, digər etnik qruplarla da təmsil olunur.
Xüsusilə, Azərbayanda Azərbaycan türkləri ilə
yanaşı, irandilli (talış, tat, kürd və b.) və
qafqazdilli (ləzgi, avar və b.) etnosların yaşaması və
onların hamısının Novruza-Yaz bayramına olan isti
münasibəti milli bərabərliyimizin və birliyimizin
nümunəsidir”.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.9.