Avropa
İttifaqı-ABŞ arasında strateji ayrılıq: ziddiyyətlər
dərinləşir
Hörmüz boğazı ətrafında artan gərginlik
və Yaxın Şərqdə təhlükəsizlik risklərinin
dərinləşməsi fonunda Avropa Birliyi ilə ABŞ
arasında münasibətlərdə yeni və daha mürəkkəb
tendensiyalar müşahidə olunur. Qlobal enerji
marşrutlarının təhlükəsizliyi, regionda
mümkün hərbi eskalasiya ehtimalları və geosiyasi
maraqların toqquşması transatlantik tərəfdaşlar
arasında yanaşma fərqlərini daha aydın şəkildə
üzə çıxarır. Xüsusilə Vaşinqtonun hərbi
iştirakın genişləndirilməsi ilə bağlı təşəbbüsləri
Avropa paytaxtlarında birmənalı qarşılanmır və
bu məsələ artıq yalnız taktiki deyil, strateji
müzakirə predmetinə çevrilib.
Mövcud reallıq göstərir ki, tərəflər
arasında fikir ayrılıqları getdikcə dərinləşir
və bu fərqlər təhlükəsizlik, iqtisadi maraqlar və
siyasi prioritetlər müstəvisində özünü
göstərir. Avropa İttifaqı regiondakı qeyri-müəyyənlikləri,
mümkün risklərin miqyasını və nəticələrini
nəzərə alaraq daha ehtiyatlı, ölçülü
və balanslı mövqe sərgiləməyə
çalışır. Bu yanaşma bir tərəfdən
risklərdən yayınmaq məqsədi daşıyırsa,
digər tərəfdən Avropanın öz strateji
maraqlarını qorumaq niyyətini ortaya qoyur. Nəticə
etibarilə, bu proses həm NATO daxilində, həm də
ümumilikdə transatlantik münasibətlərdə yeni
güc balansının və daha selektiv əməkdaşlıq
modelinin formalaşdığını göstərir.
“Aİ ABŞ-dən uzaqlaşır”
Politoloq Elman Telmanoğlu “Xalq Cəbhəsi”nə
bildirib ki, Hörmüz boğazı ətrafında
yaranmış təhlükəsizlik mübahisələri
fonunda Avropa İttifaqı ilə ABŞ arasında fikir
ayrılıqları artıq taktiki səviyyəni aşaraq
daha çox strateji xarakter almağa başlayır.
Onun sözlərinə görə, bu proses transatlantik
münasibətlərdə yeni mərhələnin
formalaşdığını göstərir: “Avropa
İttifaqının Vaşinqtonun təşəbbüslərinə
ehtiyatla yanaşması ilk növbədə regiondakı risklərin
qeyri-müəyyənliyi və ABŞ-nin siyasətində
ardıcıllıqla bağlı yaranan suallardan
qaynaqlanır. Avropa ölkələri Yaxın Şərqdə
hərbi eskalasiyanın birbaşa iştirakçısına
çevrilmək istəmir. Onlar daha çox diplomatik və
siyasi həll yollarına üstünlük verərək, gərginliyin
artmasının qarşısını almağa
çalışırlar. ABŞ-nin region siyasətində
tez-tez dəyişən yanaşmalar – xüsusilə İranla
bağlı sərt və yumşaq xətt arasında
keçidlər – Avropada etimad mühitinə mənfi təsir
göstərib.
Bu faktor Avropa paytaxtlarında ABŞ-nin uzunmüddətli
strategiyasına qarşı müəyyən şübhələrin
yaranmasına səbəb olub və nəticədə daha
ehtiyatlı mövqe formalaşdırılıb”.
Təhlükəsizlik təşəbbüsləri
Elman Telmanoğlu vurğulayıb ki, Avropa tərəfi
təhlükəsizlik təşəbbüslərinin kollektiv
qərar əsasında və geniş beynəlxalq mandatla həyata
keçirilməsini daha məqsədəuyğun hesab edir:
“Bu yanaşma həm qərarların legitimliyini
artırır, həm də mümkün risklərin daha ədalətli
şəkildə bölüşdürülməsinə
imkan yaradır.
Avropa İttifaqının mövqeyi ABŞ-a
qarşı açıq qarşıdurma kimi deyil, daha
çox “strateji məsafə saxlamaq” siyasəti kimi qiymətləndirilməlidir.
Avropa tərəfi Vaşinqtonla münasibətləri kəskinləşdirmək
niyyətində deyil. Lakin eyni zamanda öz təhlükəsizlik
maraqlarını, iqtisadi əlaqələrini və siyasi
prioritetlərini qorumağa çalışır. Bu, daha
balanslı və praqmatik yanaşmadır”.
Onun fikrincə, mövcud vəziyyət transatlantik
münasibətlərdə dərin böhran kimi deyil,
maraqların fərqlənməsi və risklərin müxtəlif
cür qiymətləndirilməsi kimi xarakterizə
olunmalıdır: “Hazırda tərəflər arasında
müəyyən məsafə yaransa da, bu, əməkdaşlığın
tam zəifləməsi demək deyil. Əksinə, bu proses gələcəkdə
daha çevik və selektiv əməkdaşlıq modelinin
formalaşmasına gətirib çıxara bilər. Yaxın
perspektivdə Avropa İttifaqının ilə ABŞ
arasında münasibətlər daha çox
qarşılıqlı maraqlar üzərində qurulacaq və
tərəflər hər bir məsələyə fərdi
yanaşma əsasında qərar verməyə
üstünlük verəcəklər. Bu isə transatlantik
münasibətlərdə yeni balansın yaranmasından xəbər
verir".
“Avropa İran riskinə görə…”
Politoloq Əli Mustafayev bildirib ki, ABŞ-nin NATO
üzvü olan ölkələri İran ətrafında
mümkün hərbi qarşıdurmaya cəlb etmək təşəbbüsü
məsələnin sadə olmadığını və
çoxşaxəli risklər
daşıdığını göstərir.
Onun sözlərinə görə, bu, təkcə hərbi
deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik
aspektlərini özündə birləşdirən mürəkkəb
prosesdir: “Vaşinqtonun müttəfiqlərdən hərbi gəmilərini
bölgəyə göndərməyi və prosesdə
iştirak etməyi istəməsi faktiki olaraq onları
münaqişənin birbaşa tərəfinə çevirmək
deməkdir. Bu isə Avropa ölkələri üçün
yalnız regional deyil, daha geniş miqyaslı risklər
doğurur. Belə bir addım həm görünən, həm
də əvvəlcədən proqnozlaşdırılması
çətin olan təhlükələri özündə
ehtiva edir. Məhz buna görə Avropa İttifaqı məsələyə
daha ölçülü və ehtiyatlı yanaşmağa
üstünlük verir. Avropa ölkələrinin İran
körfəzi regionunda ciddi iqtisadi və ticarət maraqları
mövcuddur.
Bu ölkələrin gəmiləri mütəmadi
olaraq Hörmüz boğazından istifadə edir, region
dövlətləri ilə geniş ticarət əlaqələri
qurulub. İranla mümkün müharibə isə bu əlaqələrin
pozulmasına, enerji və ticarət marşrutlarının təhlükə
altına düşməsinə səbəb ola bilər ki, bu
da Avropa iqtisadiyyatı üçün əlavə risklər
yaradır”.
Əli Mustafayev vurğulayıb ki, təhlükəsizlik
faktoru Avropa üçün ən həssas məsələlərdən
biridir: “İranın arsenalında olan uzaqmənzilli və
yüksək dəqiqlikli raketlər, o cümlədən
2000–2500 kilometr məsafəni vura bilən sistemlər Avropa
ölkələri üçün real təhlükə deməkdir.
Bu isə o anlama gəlir ki, Avropa dövlətləri potensial
olaraq bu silahların əhatə dairəsinə
düşür və birbaşa hədəfə çevrilə
bilər.
İranın rəsmi bəyanatları da bu riskləri
daha da aktuallaşdırır. Tehran dəfələrlə
açıq şəkildə bildirib ki, ABŞ-yə dəstək
verən ölkələr onun raketlərinin hədəfi
olacaq. Bu mesaj Avropa paytaxtlarında ciddi şəkildə nəzərə
alınır və qərarların qəbuluna birbaşa təsir
edir. Avropanın ehtiyatlı mövqeyinin formalaşmasında
siyasi amillər də mühüm rol oynayır. Son illərdə,
xüsusilə Donald Tramp administrasiyası dövründə
ABŞ-nin Avropaya münasibətdə sərt və bəzən
qeyri-proqnozlaşdırılan siyasəti, müəyyən təhlükəsizlik
məsələlərində Avropanın tək
buraxılması bu ölkələrdə etimadın zəifləməsinə
səbəb olub. Bu da hazırkı qərarlara təsirsiz
ötüşmür.Avropa ölkələri eyni zamanda
prinsipial mövqedən çıxış edirlər.
Onlar hesab edirlər ki, bu cür hərbi təşəbbüslər
NATO çərçivəsində kollektiv şəkildə
müzakirə olunmalı və
razılaşdırılmalı idi. Əgər əvvəlcədən
onların mövqeyi nəzərə alınmayıbsa, sonradan
bu prosesə qoşulmaq istəyi də zəif olur”.
Politoloq onu vurğulayıb ki, bütün bu amillər
fonunda Avropa ölkələri Yaxın Şərqdə yeni hərbi
cəbhədə yer almaqdan çəkinir:
“Onlar həm təhlükəsizlik risklərini, həm
iqtisadi maraqları, həm də siyasi nəticələri nəzərə
alaraq daha balanslı və praqmatik siyasət yürütməyə
çalışırlar. Bu isə göstərir ki, Avropa
hazırkı mərhələdə birbaşa
qarşıdurmadan daha çox risklərin idarə
olunmasına üstünlük verir”.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.6.