“Avropa belə əməliyyatlara
başlamaq üçün hazırlıqlı deyil”
Dördüncü ili tamam olan və eyni gərginlikdə
davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı
Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib.
O qeyd edib ki, Avropa İttifaqı müharibəyə
hazırlaşır və Ukraynada avropalı əsgərlərin
görünməsi zaman məsələsidir. V.Orban həmçinin
Brüsselin Ukraynada müharibəyə
başladığını və hərbi iqtisadiyyata
keçdiyini bildirib.
Belə olduğu təqdirdə bu, Rusiya-Ukrayna
müharibəsinin gedişinə necə təsir edə bilər?
Politoloq Aytən Qurbanova qeyd edib ki, Viktor Orbanın bəyanatı
Rusiya–Ukrayna müharibəsi fonunda Avropada təhlükəsizlik
siyasəti ilə bağlı gedən müzakirələrin
yeni mərhələyə keçdiyini göstərən
mühüm məqamdır: “Onu da qeyd etmək lazımdır
ki, bu çıxış yalnız siyasi ritorika kimi deyil, eləcə
də Avropa daxilində mövcud olan fərqli təhlükəsizlik
yanaşmalarının ifadəsi kimi də qiymətləndirilməlidir.
məlum olduğu kimi 2022-ci ildə Rusiyanın Ukraynaya
qarşı genişmiqyaslı hərbi müdaxiləsi
Avropanın təhlükəsizlik arxitekturasını
köklü şəkildə dəyişdirib”.
Politoloqun bildirdiyinə görə, bu proses nəticəsində
Avropa İttifaqı və NATO ölkələri müdafiə
xərclərini artırmaq, hərbi sənayeni gücləndirmək
və Ukraynaya genişmiqyaslı dəstək göstərmək
xəttinə üstünlük veriblər: “Avropa
Şurasının rəsmi sənədlərində də
qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi
Avropa üçün uzunmüddətli təhlükəsizlik
çağırışı kimi qiymətləndirilir və
buna cavab olaraq müdafiə potensialının
artırılması strateji prioritetə çevrilib. Son illərdə
Avropa İttifaqı ölkələri tərəfindən
Ukraynaya verilən hərbi, maliyyə və humanitar dəstəyin
həcmi yüz milyardlarla avroya çatıb. Lakin bu proses
Avropa dövlətlərinin Ukraynada birbaşa hərbi əməliyyatlara
qoşulması demək deyil”.
A.Qurbanova qeyd edib ki, həmçinin indiki məqamda
Avropa belə hərbi əməliyyatlara başlamaq
üçün hazırlıqlı da deyil: “Avropa
İttifaqının rəsmi mövqeyi əsasən
Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi,
hərbi təlim proqramlarının həyata keçirilməsi
və müdafiə sənayesinin genişləndirilməsi
üzərində qurulub. Məsələn, Avropa
İttifaqının Ukrayna üzrə hərbi təlim
missiyası çərçivəsində on minlərlə
ukraynalı hərbçi Avropa ölkələrində
hazırlıq keçib. Bu isə göstərir ki, rəsmi
Brüssel hazırkı mərhələdə müharibəyə
birbaşa qoşulmaqdan daha çox Ukraynanın müdafiə
imkanlarını artırmaq strategiyasına üstünlük
verir. Digər tərəfdən isə Avropa daxilində
Ukraynanın təhlükəsizliyi ilə bağlı daha
geniş mexanizmlərin müzakirəsi də davam edir.
Xüsusilə də, Fransa və Böyük Britaniya tərəfindən
irəli sürülən təşəbbüslərdə gələcək
sülh razılaşması əldə olunacağı halda
Ukraynaya beynəlxalq təhlükəsizlik təminatlarının
verilməsi və mümkün çoxmillətli missiyanın
yaradılması ehtimalı müzakirə olunur. Lakin bu ideya
hazırda yalnız sülh sazişi və ya atəşkəs
əldə olunacağı halda mümkün ssenari kimi nəzərdən
keçirilir və Ukraynada birbaşa döyüş əməliyyatlarında
iştirak edən Avropa qoşunlarının göndərilməsi
barədə rəsmi qərar hələ ki, mövcud deyil”.
O həmçinin əlavə edib ki, məhz bu
baxımdan yanaşdıqda Viktor Orbanın bəyanatı
müəyyən dərəcədə Avropada artan hərbi
hazırlıq və təhlükəsizlik
narahatlıqlarına istinad etsə də, onun ifadə etdiyi
ssenari hazırkı mərhələdə rəsmi qərar
kimi mövcud deyil: “Macarıstan hökuməti son illərdə
Ukrayna müharibəsi məsələsində daha
ehtiyatlı mövqe nümayiş etdirərək Avropa
İttifaqının bəzi qərarlarına tənqidi
yanaşma nümayiş etdirir və ölkəni “sülh və
sabitlik tərəfdarı” olduğunu konkret şəkildə
ifadə edir. Nəticə etibarilə, mövcud vəziyyət
göstərir ki, Avropa dövlətləri Rusiya–Ukrayna
müharibəsini qitənin təhlükəsizlik sistemini dəyişdirən
strateji hadisə kimi qəbul edir və buna uyğun olaraq
müdafiə potensialını gücləndirir. Lakin indiki mərhələdə
Avropa İttifaqının birbaşa müharibəyə
qoşulması deyil, Ukraynanın müdafiə
imkanlarının artırılması və uzunmüddətli
təhlükəsizlik balansının
formalaşdırılması əsas prioritet kimi qalır. Ona
görə də, Orbanın bəyanatı daha çox siyasi
mövqenin ifadəsi kimi qiymətləndirilsə də,
Avropada təhlükəsizlik mühitinin getdikcə daha hərbiləşmiş
xarakter aldığını göstərən mühüm
siyasi mesaj kimi də qəbul edilə bilər”.
Röya İsrafilova
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.5.