NATO-nun gələcəyi:
tərəflər kompromisə gəlməsə...
Son dövrlərdə beynəlxalq münasibətlər
sistemində baş verən dəyişikliklər, xüsusilə
ABŞ ilə Avropa İttifaqı arasında müşahidə
olunan fikir ayrılıqları transatlantik əməkdaşlığın
gələcəyi ilə bağlı müzakirələri
daha da intensivləşdirib. Qlobal təhlükəsizlik
mühitində artan risklər, regional münaqişələrin
genişlənməsi, enerji və iqtisadi sahələrdə
qeyri-müəyyənliklər fonunda Avro-Atlantik məkanın
dayanıqlılığı məsələsi yenidən
diqqət mərkəzinə çıxır.
Xüsusilə NATO daxilində müşahidə olunan
fikir ayrılıqları, müdafiə xərcləri,
strateji prioritetlər və qlobal yanaşmalarla bağlı fərqli
mövqelər alyansın gələcək fəaliyyət
mexanizmləri barədə suallar doğurur.
Aİ-də birlik çağırışı
Deputat Könül Nurullayeva “Xalq Cəbhəsi”nə
açıqlamasında söyləyib ki, Son dövrlərdə
transatlantik münasibətlərin gələcəyi ilə
bağlı müzakirələrin intensivləşməsi
beynəlxalq siyasi gündəmin əsas mövzularından
birinə çevrilib: “Xüsusilə ABŞ ilə Avropa
İttifaqı arasında müşahidə olunan fikir
ayrılıqları bu münasibətlərin hansı istiqamətdə
inkişaf edəcəyi ilə bağlı yeni suallar
doğurur. Mövcud geosiyasi şərait, təhlükəsizlik
çağırışları və qlobal güc
balansında baş verən dəyişikliklər tərəflər
arasında koordinasiyanın əhəmiyyətini daha da
artırır”.
Onun sözlərinə görə, Avropa
İttifaqının xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi
Kaya Kallasın ABŞ-nin Avropa ilə vahid blok kimi deyil, daha az
təsir gücünə malik ayrı-ayrı dövlətlər
toplusu kimi işləməyə üstünlük verə biləcəyi
ilə bağlı fikirləri Brüssel və Vaşinqton
arasında münasibətlərin mürəkkəb mərhələyə
daxil olduğunu göstərir: “NATO onilliklərdir Şimali
Amerika ilə Avropanı kollektiv müdafiə prinsipi əsasında
birləşdirən Avro-Atlantik təhlükəsizlik
sisteminin əsas sütunu kimi çıxış edir. Lakin
son illərdə müdafiə xərcləri, strateji prioritetlər,
ticarət münasibətləri və geosiyasi yanaşmalar
üzrə ortaya çıxan fikir ayrılıqları alyans
daxilində müəyyən narahatlıqlar yaradır”.
Deputat qeyd edib ki, Vaşinqtonun getdikcə
ayrı-ayrı Avropa paytaxtları ilə ikitərəfli
münasibətlərə üstünlük verməsi
Brüsselin ortaq təhlükəsizlik gündəmini
formalaşdırmaq imkanlarını zəiflədə bilər:
“Belə bir tendensiya NATO kimi konsensus əsasında fəaliyyət
göstərən təşkilatın qərar qəbuletmə
mexanizmlərini daha mürəkkəb vəziyyətə sala
bilər. İttifaq daxilində mümkün parçalanma isə
yeni təhlükəsizlik çağırışlarına
qarşı kollektiv reaksiyanın zəifləməsinə gətirib
çıxara bilər”.
Könül Nurullayeva vurğulayıb ki, Kaya Kallasın
səsləndirdiyi çağırış əslində
Avropa İttifaqı daxilində daha sıx koordinasiyanın və
vahid mövqenin formalaşdırılmasının vacibliyinə
işarə edir: “Bu mesaj onu göstərir ki, NATO-nun gələcək
gücü və effektivliyi böyük ölçüdə
Avropa ölkələrinin birlik və həmrəyliyindən
asılı olacaq. Əgər bu birlik zəifləyərsə,
alyansın təsir imkanları da məhdudlaşa bilər”.
Onun fikrincə, hazırda əsas məsələ
transatlantik tərəfdaşlar arasında yaranan fikir
ayrılıqlarının dərinləşməsinin
qarşısını almaq və onları konstruktiv dialoq
müstəvisinə yönləndirməkdir: “Əslində
NATO-nun gələcəyi tərəflərin kompromis tapmaq və
ortaq təhlükəsizlik maraqlarını qorumaq qabiliyyətindən
asılıdır. Lakin mövcud geosiyasi reallıqlar fonunda bu
kompromisin əldə olunması asan görünmür”.
Deputat əlavə edib ki, qlobal təhlükəsizlik
arxitekturasının dəyişdiyi bir dövrdə həm
ABŞ, həm də Avropa İttifaqı
qarşılıqlı etimadı qorumaqla yanaşı, yeni əməkdaşlıq
mexanizmləri formalaşdırmağa
çalışmalıdır. Yalnız bu halda mövcud risklərin
idarə olunması və kollektiv təhlükəsizlik
sisteminin dayanıqlılığı təmin edilə bilər.
“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
Politoloq Rəşad Bayramov vurğulayıb ki, ABŞ
və Avropa Birliyi arasında mövcud fikir
ayrılıqları NATO daxilində müəyyən gərginlik
yaratsa da, bu, alyansın bütövlüyünü qısa
müddətdə sarsıdacaq səviyyədə deyil.
Onun sözlərinə görə, NATO-nun fəaliyyətinin
əsasında dayanan kollektiv müdafiə prinsipi həm
ABŞ, həm də Avropa ölkələri üçün
strateji əhəmiyyətini qoruyur və bu mexanizm alyans
daxilində əsas birləşdirici faktor kimi
çıxış edir: “Rusiya–Ukrayna müharibəsi və
ümumilikdə qlobal təhlükəsizlik risklərinin
artması fonunda NATO üzvlərinin bir-birinə olan
ehtiyacı daha da güclənib. Bu reallıq tərəfləri
mövcud fikir ayrılıqlarına baxmayaraq əməkdaşlığı
davam etdirməyə məcbur edir”.
Politoloq qeyd edib ki, son illərdə Avropa ölkələri
tərəfindən daha çox səsləndirilən
“strateji muxtariyyət” ideyası da bu kontekstdə qiymətləndirilməlidir:
“Avropa İttifaqı müdafiə sahəsində daha müstəqil
imkanlar formalaşdırmağa çalışır. Lakin bu
yanaşma NATO-nun alternativi kimi deyil, daha çox Avropanın
öz təhlükəsizlik potensialını gücləndirməsi
kimi təqdim olunur. Yəni məqsəd alyansı əvəzləmək
yox, onu tamamlayan əlavə imkanlar yaratmaqdır”.
Rəşad Bayramov hesab edir ki, mövcud geosiyasi şərait
tərəfləri daha praqmatik davranmağa vadar edir: “Artan təhlükəsizlik
riskləri, regional münaqişələr və qlobal
qeyri-müəyyənlik ABŞ və Avropa ölkələrini
əməkdaşlığı qorumağa, dialoq mexanizmlərini
gücləndirməyə sövq edir. Çünki alternativ
təhlükəsizlik platformalarının qısa müddətdə
NATO-nu əvəz etməsi real görünmür”.
Onun fikrincə, NATO daxilində münasibətlərin
gələcək inkişafı böyük
ölçüdə tərəflərin maraqlarını nə
dərəcədə uzlaşdıra bilməsindən
asılı olacaq: “Əgər ABŞ və Avropa ölkələri
təhlükəsizlik prioritetləri üzrə ortaq mövqe
formalaşdıra bilsələr, alyansın
dayanıqlılığı qorunacaq. Əks halda isə
müəyyən fikir ayrılıqları davam etsə də,
bu, NATO-nun fəaliyyətini tam iflic edəcək səviyyəyə
çatmayacaq”.
Sonda politoloq vurğulayıb ki, hazırkı mərhələdə
əsas məsələ mövcud fikir
ayrılıqlarını dərinləşdirmək yox,
onları konstruktiv dialoq və əməkdaşlıq çərçivəsində
idarə etməkdir. Bu yanaşma NATO-nun uzunmüddətli
sabitliyi və effektivliyi baxımından həlledici əhəmiyyət
daşıyır.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.5.