Neft bahalaşır:
dollara necə təsir edəcək?
Qlobal maliyyə bazarlarında baş verən proseslər,
xüsusilə dolların digər əsas valyutalara nisbətən
möhkəmlənməsi və enerji qiymətlərində
artım dünya iqtisadiyyatında yeni tendensiyalar
formalaşdırır. Bu dəyişikliklər fonunda neft
ixrac edən ölkələrdə valyuta
axınlarının artması müşahidə olunsa da,
milli valyutaların davranışı hər zaman bazar
qanunlarına uyğun formalaşmır. Azərbaycan
timsalında isə manatın məzənnəsi daha çox
inzibati idarəetmə və makroiqtisadi amillərin təsiri
altında müəyyən olunur. Ekspertlər hesab edir ki,
qlobal proseslərə baxmayaraq, ölkədə məzənnə
siyasətinin əsas istiqamətini Mərkəzi Bankın qərarları
və neft gəlirlərinin dinamikası müəyyənləşdirir.
Dollar güclənir
Deputat Vüqar Bayramov “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, hazırda qlobal bazarlarda
dolların digər əsas valyutalara nisbətən möhkəmlənməsi
müşahidə olunur və bu, ilk növbədə beynəlxalq
iqtisadi mühitdə qeyri-müəyyənliyin artması ilə
bağlıdır.
Onun sözlərinə görə, strateji məhsulların,
xüsusilə enerji resurslarının qiymətində
artım dollara olan tələbatı yüksəldir:
“Bu proses fonunda biz avronun dollara nisbətən zəiflədiyini
görürük. Nəticədə dolların digər
valyutalara qarşı məzənnəsi yüksəlir və
bu, qlobal maliyyə bazarlarında əsas tendensiyalardan birinə
çevrilir.
Azərbaycanda isə manatın məzənnəsinin
formalaşması klassik bazar mexanizmlərindən daha çox
Mərkəzi Bankın mövqeyi ilə müəyyən
olunur. Azərbaycan tam sərbəst məzənnə rejiminə
keçmədiyi üçün manatın məzənnəsinin
müəyyənləşdirilməsində həlledici rol Mərkəzi
Banka məxsusdur. Mərkəzi Bankın qərarlarına təsir
edən əsas amillər ölkəyə daxil olan valyuta
axını, tədiyyə balansının vəziyyəti və
xüsusilə də neftin dünya bazarındakı qiymətidir.
Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə
tutulmuş səviyyədən xeyli yüksəkdir. Əgər
büdcədə bir barel üçün 65 dollar
götürülürsə, faktiki qiymətlər 100 dollardan
yuxarıdır. Bu isə ölkəyə əlavə valyuta
daxilolmaları deməkdir və tədiyyə balansını
gücləndirir”.
Onun fikrincə, bu vəziyyət Mərkəzi Banka
manatın sabitliyini qorumaq üçün əlavə imkanlar
yaradır: “Artan neft gəlirləri məzənnə üzərində
təzyiqləri azaldır və sabitlik üçün daha əlverişli
şərait formalaşdırır. Buna baxmayaraq, qlobal
bazarlarda geosiyasi risklərin artması və qeyri-müəyyənlik
fonunda manatın məzənnəsinin gələcək
dinamikası yenə də Mərkəzi Bankın qərarlarından
asılı olacaq. Bu səbəbdən Azərbaycanda məzənnə
dəyişikliklərini yalnız bazar faktorları ilə izah
etmək mümkün deyil. Burada əsas müəyyənedici
amil həyata keçirilən pul-kredit və məzənnə
siyasətidir”.
Sonda Vüqar Bayramov vurğulayıb ki, mövcud şəraitdə
dolların qlobal möhkəmlənməsi fonunda manatın məzənnəsinin
sabit saxlanılması siyasətinin davam etdirilməsi əsas
prioritet olaraq qalır.
Məzənnə inzibati idarə olunur
İqtisadçı ekspert Natiq Cəfərli "Xalq
Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycanda
dolların məzənnəsinin formalaşmasında klassik
bazar iqtisadiyyatı mexanizmləri həlledici rol oynamır.
Onun sözlərinə görə, ölkədə tətbiq
olunan məzənnə rejimi daha çox inzibati tənzimləmə
xarakteri daşıyır və sərbəst bazar prinsipləri
ilə tam uyğunlaşmır: “Azərbaycanda məzənnə
tələb və təklif balansı əsasında sərbəst
şəkildə formalaşmır. Bu, daha çox inzibati
qaydalarla müəyyən edilən və dövlətin nəzarət
etdiyi bir rejimdir. Yəni bazar faktorları ikinci planda qalır, əsas
rolu isə idarəetmə mexanizmləri oynayır”.
Ekspert qeyd edib ki, manatın sabitliyi birbaşa ölkəyə
daxil olan valyuta axınından, xüsusilə enerji sektorundan əldə
olunan gəlirlərdən asılıdır: “Azərbaycan
iqtisadiyyatı hələ də böyük
ölçüdə neft gəlirlərindən
asılıdır. Ölkəyə nə qədər
çox neft dolları daxil olursa, manat da bir o qədər
özünü sabit hiss edir. Bu, məzənnənin
dayanıqlığını təmin edən əsas amillərdən
biridir və bu baxımdan bazar mexanizmlərindən daha
çox valyuta axını həlledici rol oynayır”.
Natiq Cəfərli vurğulayıb ki, mövcud şəraitdə
məzənnədə baş verən dəyişikliklər
bazarın təbii dalğalanmalarından çox, inzibati qərarlarla
bağlı olur: “Bu səbəbdən Azərbaycanda məzənnə
dinamikasını klassik bazar iqtisadiyyatı çərçivəsində
izah etmək çətindir. Çünki burada əsas təsiredici
faktor bazar deyil, dövlətin tətbiq etdiyi idarəetmə
mexanizmləridir. Bu isə o deməkdir ki, məzənnə
daha çox iqtisadi qərarlardan deyil, siyasi və inzibati
yanaşmalardan asılı şəkildə
formalaşır”.
Ekspert əlavə edib ki, uzunmüddətli perspektivdə
məzənnənin daha dayanıqlı və
proqnozlaşdırıla bilən olması üçün
iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft
sektorunun inkişafı mühüm əhəmiyyət kəsb
edir. Bu, həm valyuta asılılığını azalda, həm
də məzənnənin bazar mexanizmlərinə daha
yaxın formalaşmasına şərait yarada bilər".
Neft bahalaşır…
İqtisadçı ekspert Rəşad Həsənov
isə "Xalq Cəbhəsi"nə bildirib ki, qlobal
bazarlarda neftin qiymətinin artması Azərbaycana daxil olan
valyuta axınını əhəmiyyətli dərəcədə
artırır və bu, ölkənin əsas makroiqtisadi
göstəricilərinə birbaşa təsir edir.
Onun sözlərinə görə, neft gəlirlərinin
yüksəlməsi ilk növbədə xarici ticarət
balansının möhkəmlənməsinə, tədiyyə
balansında profisitin genişlənməsinə və strateji
valyuta ehtiyatlarının artmasına şərait yaradır:
“Bu proseslər ümumilikdə ölkənin maliyyə
dayanıqlığını gücləndirir və hökumətin
manatın məzənnəsini sabit saxlamaq siyasətini daha
rahat şəkildə həyata keçirməsinə imkan
verir. Azərbaycan gündəlik təxminən 450–500 min barel
neft ixrac edir və bu baxımdan qiymətdə baş verən
hər bir artım ölkəyə ciddi əlavə vəsait
daxilolması deməkdir.Neftin qiymətində hər 1 dollar
artım belə gündəlik yüz minlərlə dollar əlavə
gəlir formalaşdırır. Aylıq və illik
ölçüdə bu rəqəmlər daha böyük həcm
alır. Hazırda isə qiymətlərin əvvəlki
dövrlərlə müqayisədə xeyli yüksək
olması ölkəyə milyardlarla dollar əlavə valyuta
axını yaradır. Bu qədər böyük həcmdə
valyuta daxilolmasına baxmayaraq, manatın məzənnəsində
möhkəmlənmə baş vermir: “Azərbaycanda tətbiq
olunan məzənnə rejimi sabitlik üzərində qurulub və
bu siyasət uzun illərdir davam etdirilir. Hökumət ABŞ
dollarının manata qarşı möhkəmlənməsi
istiqamətində yaranan təzyiqləri ardıcıl şəkildə
neytrallaşdırır və məzənnəni stabil səviyyədə
saxlayır. Bu səbəbdən əlavə valyuta
axını məzənnənin dəyişməsinə
deyil, onun qorunmasına xidmət edir”.
Onun fikrincə, qlobal geosiyasi proseslər – xüsusilə
müharibələr, enerji infrastrukturuna yönələn
risklər, strateji marşrutlarla bağlı gərginliklər
– neft qiymətlərinə təsir etsə də, bu amillər
Azərbaycanda məzənnənin möhkəmlənməsinə
səbəb olmur: “Bu cür proseslər daha çox mövcud
sabit məzənnə siyasətinin davam etdirilməsi
üçün əlavə maliyyə resursları yaradır.
Artan gəlirlər manatın daha uzun müddət sabit
saxlanması üçün imkanları genişləndirsə
də, müəyyən risklər də mövcuddur...”.
Rəşad Həsənov onu da qeyd edib ki,
hazırkı şərtlər daxilində neftin
bahalaşması manatın məzənnəsinin möhkəmlənməsinə
gətirib çıxarmır. Lakin bu amil milli valyutanın
daha uzun müddət sabit saxlanmasına, mövcud məzənnə
siyasətinin davam etdirilməsinə və iqtisadi sabitliyin
qorunmasına mühüm töhfə verir.
Günel Elxan
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.3.