Diqqət dağınıqlığı və sosial
media: valideynlər nə etməlidir?
Sosial media və video oyunların yeniyetmələr və
uşaqlar üzərində təsiri getdikcə daha çox
diqqət mərkəzinə çıxır. Ardıcıl
ekran istifadəsi, sürətli paylaşımlar, daimi bildirişlər
və qısa videolar uşaqların diqqətini zəiflədir,
öyrənmə motivasiyasını azaldır və emosional
gərginlik yaradır. Bu yalnız dərs zamanı diqqət
dağınıqlığına səbəb olmur, həm də
uşaqların davranış tərzinə, geyim seçimlərinə
və həmyaşıdları ilə münasibətlərinə
təzyiq göstərir.
Düzgün və məqsədli nəzarət olmadan
sosial media istifadəsi uşaqların tərbiyəsinə mənfi
təsir göstərə bilər. Eyni zamanda, interaktiv təhsil
metodları, elektron dərsliklər və interaktiv oyunlar bu
riskləri azaldaraq öyrənmə prosesini daha effektiv edir.
Valideynlər və məktəblər uşaqların sosial
mediadan ölçülü və məqsədli istifadə
etməsinə diqqət yetirməlidir.
“Sosial media və oyunlar uşaqlara təsir edir”
Mövzu ilə “Xalq Cəbhəsi”nə
açıqlama verən, Milli Məclisin deputatı Fariz
İsmayılzadə bildirib ki, sosial şəbəkələrin
və video oyunların yeniyetmələr və uşaqlar
üzərində mənfi təsiri geniş yayılıb və
bir çox ölkələr artıq bu təsirləri
qanunvericilik səviyyəsində məhdudlaşdırır.
Fariz İsmayılzadə qeyd edib ki, sosial media
yalnız uşaqların təhsilinə və tərbiyəsinə
təsir göstərmir, həm də onların geyim,
davranış və həmyaşıdları ilə
münasibətlərinə təzyiq yaradır: “Uşaqlar
internetdə gördükləri dəbdəbəli həyat tərzini
təqlid etməyə çalışır ki, bu da
onların tərbiyəsi üçün riskdir.Eyni zamanda
ekspert vurğulayıb ki, müasir təhsildə interaktiv
yanaşmaların tətbiqi zəruridir. Müəllimlər dərs
zamanı interaktiv oyunlar, elektron və interaktiv dərsliklərdən
istifadə etməlidirlər. Uşaqların müasir
dövrdə öyrənmə tərzi yalnız mətn
üzərində deyil, interaktivlik, oyunlar, simulyasiyalar və
virtual reallıq üzərində qurulub. Bu səbəbdən
dərsliklər və tədris vasitələri də
interaktiv tədris prosesini tam əhatə etməlidir.
Sosial media və video oyunlardan düzgün istifadə
edilməməsi həm diqqət yayınıqlığına,
həm emosional gərginliyə, həm də tərbiyə
problemlərinə səbəb ola bilər. Lakin interaktiv və
düzgün dizayn olunmuş təhsil metodları bu riskləri
azalda bilər”.
“Yeniyetmələrdə diqqət və sosial media”
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu əlavə
edib ki, sosial mediada aktiv və tez-tez istifadə –
paylaşım etmək, şərh yazmaq, daimi
girib-çıxmaq – yeniyetmələrin impuls nəzarətinə
mənfi təsir göstərir.
Onun sözlərinə görə, tam qadağa deyil,
yaşa uyğun və məqsədli məhdudlaşdırma tətbiq
olunmalıdır: “Bütün yaş qrupları
üçün cəza və qadağa mərkəzli
yanaşma yerinə, vaxtın məqsəd və məzmun
üzərində nəzarət prinsipi əsas
olmalıdır. Sosial media uşaqlar üçün istirahətin
yeganə forması olmamalıdır; yuxu, dərs və real
ünsiyyət hər zaman prioritet olmalıdır”.
Ekspert valideyn və məktəblər
üçün tövsiyələr verib:
• 11–13 yaş: Sosial media ümumiyyətlə tövsiyə
olunmur. İstifadə varsa, gündə 30–45 dəqiqə,
valideyn nəzarəti altında, profillər qapalı
olmalıdır. Telefon gecə yataq otağında
saxlanılmamalıdır, alternativ fəaliyyətlər –
idman, stolüstü oyunlar, ailə ilə vaxt – təşviq
edilməlidir.
• 14–15 yaş: Sosial media gündə maksimum 60 dəqiqə
istifadə oluna bilər. Valideyn uşağın platforma və
istifadə saatlarını izləməli, sosial medianın təsirini
izah etməlidir.
• 16–17 yaş: Gündə 1–2 saat istifadə
mümkündür, dərs və yuxu vaxtına mane
olmamalıdır. 22:00-dan sonra istifadəsi məsləhət
görülmür.
Ekspert bildirib ki, sosial media və video oyunlardan
düzgün istifadə edilməməsi diqqət
yayınıqlığı, emosional gərginlik və tərbiyə
problemlərinə səbəb ola bilər. Video oyunlar nisbətən
daha təhlükəsiz olsa da, limitsiz istifadəsi təhlükəsiz
hesab edilmir.
Rizvan Fikrətoğlu əlavə edib ki, ekran istifadəsi
uşaqlarda dərin diqqət bacarığını zəiflədir,
tez-tez stimullar və qısa videolar diqqətin
dağılmasına, motivasiya və öyrənmənin
azalmasına gətirib çıxarır: “Gündə bir
saatdan artıq sosial media istifadəsi təkbaşına xəstəlik
yaratmasa da, milyonlarla yeniyetmədə diqqət problemlərinin
ölçülə bilən dərəcədə
artmasına səbəb olur.
Valideynlər və məktəblər uşaqların
sosial mediadan məqsədli və nəzarət altında
istifadə etməsinə diqqət etməli, milli yeniyetmə
sağlamlıq strategiyalarında rəqəmsal
davranış vərdişləri ayrıca nəzərə
alınmalıdır”.
Diqqət dağınıqlığının gizli səbəbi
Psixoloq Nizami Orucov diqqətə çatdırıb
ki, sosial şəbəkələrdə ardıcıl və
sürətli paylaşımlar, davamlı
sürüşdürmə və bildirişlər yeniyetmələrin
diqqətini ciddi şəkildə parçalayır.
Onun sözlərinə görə, bu vəziyyət dərin
düşüncə və uzunmüddətli diqqət tələb
edən fəaliyyətlərə mənfi təsir göstərir:
“Yeniyetmələr dərs oxumaqda, uzun
tapşırıqları sona çatdırmaqda və problem həll
etmədə çətinlik yaşayırlar. Çünki
sosial mediada diqqət daim dəyişir və beyin davamlı
olaraq yeni stimullara uyğunlaşmağa məcbur qalır.
Sosial mediada mövcud olan qısa mükafat mexanizmləri
impulsiv davranışları gücləndirir. Bəyənmələr,
reaksiyalar və tez-tez dəyişən məzmun beynin
impulsivliklə əlaqəli sistemlərini aktivləşdirir.
Bu da hərəkətliliyin artması, diqqətin tez
yayılması kimi simptomlarla özünü göstərə
bilər”.
Nizami Orucov axşam saatlarında sosial şəbəkə
istifadəsinin risklərinə də diqqət çəkib:
“Gecə saatlarında telefon və sosial media istifadəsi yuxu
ritmini pozur, yuxu müddətini azaldır. Halbuki yuxu diqqətin
qorunması, emosional tənzimləmə və psixoloji sabitlik
üçün əsas şərtdir. Yuxu
çatışmazlığı mövcud problemləri daha
da dərinləşdirir.Sosial media bəzi yeniyetmələrdə
emosional gərginlik yaradır.Özünə hörmət,
özünü bəyənmə və sosial müqayisə
ilə bağlı narahatlıqlar depressiya, təşviş və
emosional qeyri-sabitliklə əlaqələndirilə bilər”.
Psixoloq valideynlərə də tövsiyələr
verib: “Məqsəd sosial şəbəkələri tam
qadağan etmək deyil, məsuliyyətli və
ölçülü istifadə vərdişləri
formalaşdırmaqdır. Ekran vaxtı
strukturlaşdırılmalı, bildirişlər məhdudlaşdırılmalı
və axşam istifadəsinə nəzarət
olunmalıdır. Eyni zamanda idman, kitab oxuma və real sosial fəaliyyətlər
təşviq edilməlidir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (¹1).- S.15.