Kredit yükü ağırlaşır: banklar ödəniş
və uzadılma qərarlarını necə verir?
Son dövrlərdə kredit faizlərinin artması və
yaşayış xərclərinin yüksəlməsi minlərlə
vətəndaşı kredit öhdəliklərini yerinə
yetirməkdə çətin vəziyyətə salıb.
Xüsusilə istehlak kreditləri üzrə gecikmələr
artmaqda, borcalanlar isə banklardan ödənişlərin
dayandırılması və ya kredit müddətinin
uzadılması ilə bağlı çıxış yolu
axtarırlar. Lakin cəmiyyətdə formalaşan gözləntilərin
əksinə olaraq, kredit ödənişlərinin təxirə
salınması və ya restrukturizasiya edilməsi avtomatik proses
deyil və hər kəs üçün keçərli
sayılmır.
Banklar bu məsələdə həm mövcud
qanunvericiliyi, həm də öz daxili risk siyasətlərini əsas
götürür. Müştərinin əvvəlki ödəniş
intizamı, gəlir vəziyyəti, kreditin məbləği
və təqdim olunan sənədlər qərarvermə
prosesində həlledici rol oynayır. Digər tərəfdən,
problemli kreditlərin artması bank sektorunda riskləri yüksəltdiyindən,
maliyyə qurumları kredit uzadılması məsələsinə
daha ehtiyatla yanaşır. Nəticədə, ödənişdə
çətinlik çəkən hər vətəndaşın
müraciəti müsbət cavablanmır və bir çox
hallarda banklar kredit şərtlərinin dəyişdirilməsindən
imtina edir.
Mövcud vəziyyət kredit götürənlərlə
banklar arasında qarşılıqlı məsuliyyət məsələsini
yenidən gündəmə gətirir. Bir tərəfdə
maliyyə yükü altında qalan borcalanlar, digər tərəfdə
isə risklərini minimuma endirməyə çalışan
banklar dayanır. Bu balansın necə qurulduğu və kreditlə
bağlı qərarların hansı prinsiplər əsasında
verildiyi isə cəmiyyət üçün getdikcə daha
aktual mövzuya çevrilir.
Banklar kredit ödənişlərinə necə qərar
verir?
Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə
danışan Milli Məclisin deputatı Vüqar Bayramov
bildirib ki, kredit ödənişlərinin dayandırılması
yalnız bankla müştəri arasında imzalanmış
müqavilə və bankın qərarı əsasında
mümkündür.
Deputatın sözlərinə görə, son
dövrlərdə vətəndaşların kredit öhdəliklərini
yerinə yetirməkdə çətinlik çəkməsinin
əsas səbəblərindən biri kredit faizlərinin
artmasıdır: “Təəssüf ki, son bir il ərzində
kredit faizlərində artımlar müşahidə olunub.
Xüsusilə istehlak kreditləri götürən vətəndaşlarımızın
ödənişlərində çətinliklər
yaranıb ki, bu da problemli kreditlərin həcminin artmasına
gətirib çıxarıb.
Hazırda ölkə üzrə istehlak kreditlərinin
ümumi həcmi 8 milyard manatdan çoxdur və bu vəziyyət
bank sektorunda riskləri artırır.
Mövcud şəraitdə banklar kredit ödənişlərinin
müvəqqəti dayandırılması və ya yenidən
strukturlaşdırılması ilə bağlı qərarları
müştərinin ödəmə qabiliyyətini nəzərə
alaraq verir”.
Deputat vətəndaşlara tövsiyə edib ki,
ödəniş çətinliyi yarandığı halda
banklara vaxtında müraciət etsinlər: “Əgər
kreditin ödənilməsi ilə bağlı problem
yaranıbsa, ən düzgün addım banka müraciət edərək
yeni ödəniş qrafikinin istənilməsidir. Bank tərəfindən
müraciətə baxıldıqdan sonra müqavilə
çərçivəsində müvafiq qərar qəbul
oluna bilər. Kredit ödənişlərinin
dayandırılması avtomatik mexanizm deyil və hər bir
müraciət fərdi qaydada qiymətləndirilir”.
“Kreditin uzadılmasına imtina səbəbləri”
İqtisadçı ekspert Günay Hüseynova
söyləyib ki, aktiv kreditin müddətinin istənilən
vaxt uzadılması mümkün deyil və vətəndaşlar
bu məsələdə yanlış gözləntilərə
qapılmamalıdırlar.
Ekspertin sözlərinə görə, kredit müddətinin
uzadılması yalnız müəyyən hallarda və əsaslandırılmış
səbəblər rəsmi sənədlərlə sübut
edildiyi təqdirdə mümkündür: “Vətəndaş
düşünməməlidir ki, kredit müqaviləsinin
şərtlərini öz istəyinə uyğun olaraq,
xüsusilə də son ödəniş günündə dəyişə
bilər. Əgər belə bir ehtiyac yaranırsa, bu barədə
banka əvvəlcədən və əsaslı izahatlarla
müraciət olunmalıdır.
Kreditin restrukturizasiyası üçün əsaslı
səbəblər sırasında əmək qabiliyyətinin
itirilməsi, ağır xəsarət, ailə
başçısının vəfatı, ciddi xəstəlik
və digər sosial risk hallarını göstərmək
olar. Bu zaman vətəndaş müvafiq rəsmi sənədlərlə
birlikdə banka yazılı ərizə təqdim etməlidir.
Lakin müraciət hüququnun olması avtomatik olaraq
müraciətin təsdiqlənməsi demək deyil. Bu proses
bankların daxili qaydaları və risk siyasəti çərçivəsində
tənzimlənir. Kredit müddətinin uzadılması
müraciətçi üçün də əlavə risklər
yaradır.Restrukturizasiya yeni ödəniş qrafiki və tarif
cədvəli deməkdir. Nəticədə kreditin ümumi məbləği
artır, yəni vətəndaş faizlərə görə
daha çox borc ödəməli olur”.
Banklar üçün risklərə toxunan Günay
Hüseynova əlavə edib ki, problemli kreditlərin
çoxluğu, likvidlik imkanlarının məhdudlaşması,
eləcə də təqdim olunan sənədlərin yetərli
və əsaslı olmaması hallarında banklar müraciəti
tamamilə rədd edə bilərlər.
Ekspert sonda qeyd edib ki, əgər bank kreditin müddətinin
uzadılmasına imtina edərsə, vətəndaşın
inzibati qaydada məhkəməyə müraciət etmək
hüququ qanunvericiliklə qorunur.
Kredit uzadılması hansı hallarda
mümkündür?
İqtisadçı ekspert Akif Nəsirli deyib ki,
banklar kredit ödənişində çətinlik çəkən
müştərilərə müddətin
uzadılmasını yalnız müəyyən hallarda tətbiq
edir.
Onun sözlərinə görə, banklar ilk növbədə
müştərinin əvvəlki kredit davranışına
diqqət yetirirlər: “Əgər müştərinin gəliri
azalıbsa, lakin indiyədək kredit ödənişlərini
vaxtında edibdirsə, bank ona daha etibarlı müştəri
kimi yanaşır. Bu cür hallarda kredit müddətinin
uzadılması ehtimalı artır. Müştərinin maliyyə
vəziyyətindəki dəyişikliklər mütləq sənədlərlə
təsdiqlənməlidir.Maaş bordrosu, işdən
çıxma ilə bağlı arayış, tibbi və ya
digər fövqəladə xərcləri təsdiqləyən
sənədlər bank üçün əsas rol oynayır.
Sənədsiz müraciətlər, demək olar ki, nəzərə
alınmır. Kreditin məbləği də qərara ciddi təsir
göstərir.Kiçik və orta məbləğli kreditlərdə
risk nisbətən az olduğuna görə banklar daha elastik
davranır. Lakin iri məbləğli və uzunmüddətli
kreditlərdə banklar riskləri artırılmış
hesab edir və müddətin uzadılmasına daha ehtiyatla
yanaşır. Bu imkan bütün müştərilər
üçün keçərli deyil.
Hər bir müştərinin ödəniş tarixi və
maliyyə vəziyyəti fərqlidir. Banklar risk analizi
aparır və yüksək riskli müştərilərə
kredit müddətinin uzadılmasını məqsədəuyğun
hesab etmir. Üstəlik, bankların öz maliyyə öhdəlikləri
var və hər kəsin kreditini uzatmaq mümkün deyil.
Ödənişləri sistemli şəkildə pozan
və ya bankı yanlış məlumatlarla təmin edən
müştərilər üçün bu imkan daha da məhduddur.
Bəzi hallarda qanunvericilik və bank daxili qaydalar da
kredit müddətinin uzadılmasını yalnız
işsizlik və ya ciddi tibbi səbəblər kimi fövqəladə
hallarla məhdudlaşdırır”.
Akif Nəsirli bildirib ki, kredit müddətinin
uzadılması avtomatik hüquq deyil və hər müraciət
fərdi qaydada qiymətləndirilir.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (¹1).- S.14.