Tramp dönəmində Latın Amerikası – yeni
geosiyasi realıqlar
Venesuelada Amerika Birləşmiş
Ştatlarının həyata keçirdiyi əməliyyat
yalnız ölkənin daxili siyasi mühitinə təsir
göstərməklə qalmayıb, həm də
ABŞ-ın Latın Amerikasında strateji
üstünlüyünü bərpa etməsi və təsir
dairəsini genişləndirməsi məqsədini ortaya qoyub.
Prezident Donald Tramp dövründə ABŞ-ın Venesuelaya
müdaxiləsi, həmçinin Kubaya, Meksikaya və
Kolumbiyaya münasibətdə sərgilədiyi mövqelər,
regionda ABŞ-ın dominant rolunu qorumaq və digər dövlətlərin
nüfuzunun artmasına imkan verməmək siyasətinin tərkib
hissəsi kimi qiymətləndirilir.
Müdaxilənin arxasında yalnız siyasi maraqlar
dayanmır; Venesuelanın zəngin təbii sərvətləri,
xüsusilə neft yataqları ABŞ üçün strateji əhəmiyyət
kəsb edir. Bu baxımdan əməliyyat həm dialoji, həm
də geosiyasi təzyiq xarakteri daşıyır. ABŞ
regiondakı ölkələrin digər güclərin təsir
dairəsinə daxil olmasına imkan verməmək
üçün ardıcıl və planlı addımlar
atır. Bu proses yalnız Venesuelada deyil, Latın Amerikanın
digər ölkələrində də ABŞ-nin mövqeyinin
gücləndirilməsinə xidmət edir və gələcəkdə
bu siyasətin davam etdiriləcəyi gözlənilir.
Amma, prosesin fərqli inkişafı da istisna deyil.
“ABŞ Venesuelada təsirini gücləndirir”
Deputat Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, Venesuellada Amerika Birləşmiş
Ştatlarının həyata keçirdiyi əməliyyat
artıq başa çatıb, lakin bu müddət ərzində
ölkəyə qarşı ciddi təzyiqlər və
müxtəlif siyasi təsirlər müşahidə olunub.
O qeyd edib ki, ABŞ-ın məqsədi yalnız
konkret müdaxilə deyil, eyni zamanda Latın Amerikasında
öz təsir dairəsini gücləndirmək, regionda digər
dövlətlərin nüfuzunu məhdudlaşdırmaqdır:
“Əslində, təklif verilmişdi ki, Venesuelanın
prezidenti hakimiyyətdən getsin və məlumdur ki, ABŞ
orada baş verənləri diqqətlə izləyirdi,
narahatlığını açıq şəkildə ifadə
edirdi. Eyni zamanda məlumdur ki, Venesuellaya Rusiya və Çin də
təsir imkanlarını artırmışdılar. Son illər
bu ölkələr regionda öz mövqelərini genişləndirmişdi.
ABŞ isə yaxın çevrəsindəki ölkələrin
başqa dövlətlərin təsir dairəsinə girməsinə
heç vaxt razı olmayacaq. Gec-tez Venesuelaya müdaxilə
olunacağı məlum idi.
Donald Tramp dövründə yalnız Venesuellaya deyil,
həmçinin Kubaya, Meksikaya və Kolumbiyaya da təhdid
xarakterli mövqe sərgiləmişdi. O qeyd edib ki, ABŞ-nin
əsas məqsədi bölgədə strateji üstünlüyü
qorumaq, regiondakı hakimiyyətlərin ABŞ-nin təsir dairəsinə
tam daxil olmasını təmin etməkdir. Bu baxımdan,
Venesuelaya müdaxilə yalnız siyasi məqsədlərlə
bağlı deyil, həm də ölkənin zəngin təbii
sərvətləri, xüsusilə neft yataqları ilə
bağlıdır. ABŞ bu resursları öz nəzarətinə
almağı hədəfləyirdi və bu məsələdə
Donald Tramp tərəfindən açıq mövqe sərgiləndi.
Prosesdə iqtisadi maraqlar siyasi maraqlarla birləşir və
ABŞ-nin strateji addımlarında üstünlük təşkil
edir. ABŞ-nin regiondakı fəaliyyəti ardıcıl və
planlıdır. Venesuelada başlanmış proses yalnız
bir başlanğıcdır. ABŞ regionda təsir dairəsini
genişləndirməyə, Latın Amerikasında strateji
üstünlüyü qorumağa davam edəcək. Bununla
bağlı digər ölkələr üçün də
real təhlükə mövcuddur, xüsusilə də
hazırki hakimiyyətlər üçün ciddi risklər
var. Bu siyasət davamlıdır və gələcəkdə
ardıcıl addımların atılması gözlənilir”.
Arzuxan Əlizadə qeyd edib ki, ABŞ-nin müdaxiləsi
həm strateji, həm də iqtisadi maraqlara əsaslanır və
regionda mövcud geosiyasi balansı öz xeyrinə dəyişmək
məqsədini güdür: “Venesuelada başlanan proses Amerika
üçün bir göstəricidir ki, Latın
Amerikasında yaxın çevrəsindəki ölkələrdə
digər dövlətlərin nüfuzunun artmasına heç
vaxt imkan verməyəcək və bu siyasət davamlı
olacaq”.Sərt mövqe
Milli Məclisin deputatı Samir Vəliyev qeyd edib ki,
Venesueladakı hərbi əməliyyatdan sonra Donald Trampun Kuba,
Meksika və Kolumbiya barədə səsləndirdiyi bəyanatlar
Amerika Birləşmiş Ştatlarının Latın
Amerikasında daha aqressiv xarici siyasət mövqeyinə
keçdiyini göstərir.
Deputat vurğulayıb ki, bəzi ekspertlər bu
yanaşmanı siyasi müdaxilə kimi qiymətləndirirlər,
digər tərəfdən isə daha çox siyasi təzyiq
və diplomatik siqnal kimi qiymətləndirilə bilər:
“Maduronun həbs olunması faktiki olaraq ABŞ-nin Latın Amerikasına
gələcəkdə də sərt mövqe nümayiş
etdirəcəyinin göstəricisidir. Bu həmçinin
ABŞ-nin regiondakı təsirini artırmaq niyyətini
simvolizə edir. ABŞ-nin Venesueladakı əməliyyatı
geosiyasi təzyiq xarakteri daşıyır. Venesuela
dünyanın ən böyük neft yataqlarına sahibdir və
ABŞ-nin burada iqtisadi maraqları mövcuddur. ABŞ
Venesuelanı narkobiznesdə ittiham etsə də, əsl hədəfi
neft yataqlarıdır. Digər tərəfdən, Kolumbiya,
Meksika və Kubaya münasibətdə sərt mövqe sərgiləməsi,
bu ölkələrdə narkotik istehsalı və onun
ABŞ-yə axını ilə bağlıdır. Donald
Trumpun Latın Amerikasına yanaşması isə əsasən
"Amerika yalnız amerikalılar üçündür"
prinsipi üzərində qurulub”.
“Tramp Venesuelada çəkindirmə bərpa edir”
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı
isə diqqətə çatdırıb ki, Venesuelada Nikolas
Maduronun hakimiyyətdən uzaqlaşdırılması
ABŞ-nin 2025-ci il Milli Təhlükəsizlik Strategiyasında
göstərilən Monro Doktrinasının “Tramp əlavəsi”nin
faktiki işə salınmasıdır.
O qeyd edib ki, bu addım ABŞ-nin Mərkəzi və
Cənubi Amerikadakı strateji üstünlüyünü
yenidən bərpa etmək məqsədi daşıyır və
təkcə Kuba, Kolumbiya və Meksikaya deyil, həmçinin
Pekin və Moskvaya açıq
çağırışdır: “Baş verənlərdən
ən çox narahat olan ölkələrdən biri
Çinidir. Pekin Maduronun razılığı ilə Venesuela
neftinin əsas alıcılarından biri idi və Çin
şirkətləri nadir torpaq elementlərinin
çıxarılması layihələrinə cəlb
olunmuşdular. ABŞ-nin dəstəklədiyi siyasətçi
Venesuelaya rəhbər təyin olunarsa, Çin bu ölkənin
zənginliklərindən faydalana bilməyəcək. Tramp
administrasiyasının təhdidləri yalnız Latın
Amerikası ilə məhdudlaşmır. ABŞ prezidenti
Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayaraq
Danimarkanı hədələyib, Kanadaya qarşı da
oxşar mesajlar verib. Eyni zamanda ABŞ Avropa
İttifaqını zəiflətmək və iqtisadi rəqiblər
sırasından çıxarmaq niyyətindədir. Tramp
administrasiyasının hədəfində təkcə
Latın Amerikası deyil. Venesuelada Maduronun hakimiyyətdən
uzaqlaşdırılması ABŞ-nin həm də qlobal
çəkindirmənin yenidən bərpası cəhdidir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (¹1).- S.10.