Qələbədən liderliyə: Cənubi Qafqazda
sülh dövrü və yeni hədəflər
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də
yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmizin
2025-ci ildə keçdiyi yolu, əldə etdiyi uğurları
və 2026-cı ildə həyata keçirilməsi nəzərdə
tutulan strateji planları ətraflı şəkildə
açıqlayıb. Dövlət başçısı
müsahibəsində Azərbaycanın regionda və beynəlxalq
aləmdə artan nüfuzunu, strateji təşəbbüslərini
və iqtisadi üstünlüklərini diqqətə
çatdırıb, ölkəmizin hərtərəfli
inkişafını təmin edən tədbirlərin
planlı şəkildə icra edildiyini bir daha
vurğulayıb.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın
nəqliyyat dəhlizlərinin inkişafı,
yükdaşımaların artırılması,
“yaşıl” enerji sahəsində perspektivlər və
elektrik enerjisinin ixracı, həmçinin Qarabağ regionunun
bərpası və turizmin inkişafı kimi əsas sahələrdə
əldə olunan nəticələrə toxunub. Dövlət
başçısı Azərbaycanın dünya siyasətində
yalnız müşahidəçi deyil, eyni zamanda aktiv aktor
olduğunu, regional və transregional əhəmiyyətinin
artdığını, strateji layihələrdə, o cümlədən
“Bir Kəmər, Bir Yol” layihəsi və Zəngəzur dəhlizi
kimi təşəbbüslərdə mərkəzi rol
oynadığını qeyd edib.
Müsahibədə Prezident İlham Əliyev həmçinin
Azərbaycanın iqtisadi imkanlarını gücləndirən,
regionda etibarlı tərəfdaş rolunu möhkəmləndirən
addımların vacibliyini vurğulayıb, qeyri-neft sektorunun
inkişafı, tranzit imkanlarının genişləndirilməsi
və turizm sahəsində əldə olunan irəliləyişlərin
ölkəmizi daha da cəlbedici etdiyini açıqlayıb.
Dövlət başçısı həmçinin ölkəmizin
güclü orduya malik olmasının sülhün qorunmasına
xidmət etdiyini və gələcək nəsillər
üçün davamlı rifah və təhlükəsizliyin
təmin edilməsinin prioritet olduğunu bir daha qeyd edib.
“Azərbaycanın qəti qələbəsi və
strateji üstünlüyü…”
Azərbaycan Respublikası Milli Məclisi sədrinin
müavini Musa Qasımlı “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, cənab Prezident İlham
Əliyevin yerli televiziya kanallarına müsahibəsi dövlətimizin
həm daxili, həm də beynəlxalq siyasəti sahəsində
2025-ci ildə keçilən yolun dərin təhlili və
yeni ildə görüləcək işlərin yol xəritəsi
olduğundan xüsusi əhəmiyyət daşıyır, dərindən
öyrənilməlidir.
O qeyd edib ki, ötən il dövlətimizin xarici siyasəti
uğurlu olub: “Döyüş meydanında qazanılan tam və
qəti qələbə regionda sülh və
qarşılıqlı faydalı əməkdaşlığın
tərəfdarı olan cənab Prezidentin təşəbbüsü
və gərgin səyləri nəticəsində avqustun 8-də
Vaşinqtonda Ağ Evdə ABŞ dövlətinin şahidliyi
ilə masada təsdiqləndi. Bununla da ölkə rəhbərimiz
millətimizin və dövlətimizin qarşısında
dayanan başlıca vəzifəni həll etdi. Cənubi
Qafqazda sülh dövrü başladı. Bu səfərlə
həmçinin 1992-ci ildə qəbul edilmiş
“Azadlığa dəstək aktı”na olan 907-ci düzəlişin
ləğvindən ötrü addımlar atıldı. 25 ilə
yaxın mövcud olmuş ədalətsizliyi aradan qaldıran
cənab Prezidentimiz bununla həm də Co Bayden və onun kimilərin
üzərində əzici qələbə qazandı, Azərbaycan
əleyhinə olan qüvvələrə və Azərbaycan-Amerika
münasibətlərini pozmağa çalışan dairələrə
sarsıdıcı zərbə endirdi. Azərbaycan-ABŞ
münasibətlərində yeni səhifə
açılmasından ötrü tarixi addım
atıldı.
Ötən il Azərbaycanın Çinlə hərtərəfli
strateji tərəfdaşlığı rəsmiləşdirildi.
Əgər Birləşmiş Ştatlarının dövlət
başçısı Ağ evdə qəbul zamanı cənab
Prezidenti böyük lider adlandırdısa, Çin Xalq
Respublikasının sədri “əziz dostum” deyərək
salamladı. Dövlət başçımız aralarında
ticarət müharibəsinin getməsinə baxmayaraq, Çin
Xalq Respublikasının “Bir kəmər, bir yol” layihəsini
ABŞ-nin maraqları ilə uzlaşdıraraq Azərbaycanın
başlıca məqsədlərindən birini
reallaşdırdı. Bu, cənab Prezidentimiz İlham
Əliyevin böyük uğuru, diplomatiya tarixinin nadir hadisəsidir.
Ötən il Mərkəzi Asiyanın Məşvərət
Şurasına üzv olması dövlətimizin beynəlxalq
mövqelərinin möhkəmlənməsi və dünya
siyasətində rolunun artması deməkdir. Çindən, Mərkəzi
Asiya ölkələrindən Avropaya daşınacaq mallar tək
bir ölkədən – Azərbaycandan keçəcək, bir
neçə yolla çıxacaq. Bu, dünya siyasətində
Azərbaycanın rolunun artırılmasının konkret
nümunələrindən biridir. Etibarlı tərəfdaş
olan, həqiqi sülh üçün çalışan və
qarşılıqlı faydalı əməkdaşlığa
açıq Azərbaycan birləşdirici gücdür.
Cənab Prezidentin müsahibəsində 2026-cı ildə
görüləcək işlərə yer ayırması bir
daha göstərdi ki, ölkəmizdə həyata keçirilən
bütün işlər əvvəlcədən ciddi şəkildə
planlaşdırılır və həyata keçirilir. Bu il
bir çox beynəlxalq toplantılar keçiriləcək və
dünyanın gözü Azərbaycanda olacaq.
Bütün görülən işlərin
başlıca məqsədi Azərbaycanın güclü
dövlət olması, millətimizin təhlükəsiz
yaşaması və rifah halının daha da
yaxşılaşdırılmasıdır. 2026-cı il də
dövlətimiz və millətimiz üçün yenə də
uğurlu olacaq”.
“Azərbaycan İpək Yolunun üç şaxəsinin
mərkəzinə çevrilir”
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin
sədri Musa Quliyev diqqətə çatdırıb ki,
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya
kanallarına verdiyi müsahibədə Azərbaycanın
keçdiyi yola nəzər saldı, xüsusilə son 5 ildə
tarixi qələbədən sonrakı dövrdə ölkəmizin
regionda və beynəlxalq aləmdə rolu və nüfuzu barədə
danışdı: “Eyni zamanda, dövlət
başçısı Azərbaycanın dünyada aktiv aktor
olduğunu bir daha təsdiqlədi. Müsahibədə
xüsusi olaraq Azərbaycanın regional və transregional əhəmiyyəti
vurğulandı. Prezident qeyd etdi ki, Çinin
başlatdığı “Bir kəmər, bir yol” layihəsinə
öncədən dəstək verən Azərbaycan artıq
layihənin əsas mərkəzinə çevrilib.
Bakı-Tiblisi-Qars dəmiryolu vasitəsilə orta dəhliz Azərbaycanın
bir şaxəsini təşkil edirdisə, indi Zəngəzur
dəhlizi və Araz dəhlizi – İran üzərindən
Naxçıvanla birləşən dəmiryolu ilə qədim
İpək Yolunun üç şaxədən keçməsi
təmin olunub. Bu, həm iqtisadi, həm də siyasi əhəmiyyətə
malikdir. Çinlə Azərbaycan arasında münasibətlər
yalnız iqtisadi deyil, həm də liderlərin dostluğu
üzərində qurulub. Bu, Azərbaycanı Şərq-Qərb
kolidorunda əsas oyunçuya çevirir. Azərbaycanın
D8-ə üzvlüyü isə ölkəmizə əlavə
strateji və siyasi dəyər qatır”.
Musa Quliyev vurğulayıb ki, türk dövlətlərinin
Xankəndi, Şuşa və Qəbələdə
keçirilən qeyri-rəsmi zirvə toplantıları Azərbaycanın
güclü müttəfiqlərə malik olduğunu göstərir.
Prezidentin “bizim ailəmiz türk dünyasıdır” fikri
ölkəmizin regional həmrəyliyini bir daha ortaya qoyur.
Həmçinin, Azərbaycan regionda canlı
körpü və etibarlı tərəfdaş rolunu gücləndirir.
Tranzit həcmlərinin artması, Ələt xüsusi iqtisadi
zonasının fəaliyyətə başlaması, turizm
imkanlarının genişləndirilməsi, Şərqi Zəngəzurun
və Qarabağın bərpası ölkəmizi iqtisadi və
strateji baxımdan cəlbedici edir. Bu proses qeyri-neft sektorunun
inkişafına təkan verəcək və Azərbaycanın
iqtisadi yüksəlişini sürətləndirəcək.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın
regionda artan rolunu, iqtisadi və siyasi strategiyasını bir
daha təsdiqləyir və ölkəmizin həm regional, həm
də transregional miqyasda mövqeyini gücləndirir”.
“Azərbaycan iqtisadi yüksəliş və sülh
yolunda”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri, professor Hicran Hüseynova qeyd edib ki, Azərbaycan
Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya
kanallarına verdiyi müsahibədə ölkə
iqtisadiyyatının inkişafının əsas
vektorlarını açıqlayıb: “Dövlət
başçısı ABŞ və Çinlə strateji tərəfdaşlığın
üstünlüklərini, nəqliyyat dəhlizlərinin
inkişafı və yükdaşımaların
artımını, “yaşıl enerji” sahəsində
perspektivləri və elektrik enerjisinin ixracını diqqətə
çatdırıb. Eyni zamanda, Qarabağ regionunun bərpası
və turizmin inkişafı sahəsində əldə olunan
uğurlar, regionda sülh və təhlükəsizliyin
qorunması da müsahibədə əsas mövzulardan olub.
Ötən ilin ən mühüm beynəlxalq hadisələrindən
biri Azərbaycan–ABŞ münasibətlərində baş
vermiş tarixi irəliləyişdir. Prezident İlham
Əliyev avqust ayında ABŞ Prezidenti Donald Trampın
iştirakı ilə Ağ Evdə keçirilən mərasim
zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu (TRIPP)” adlı nəqliyyat dəhlizinin
yaradılması haqqında sazişin
imzalandığını vurğulayıb. Bu layihə Zəngəzur
dəhlizinin inkişafını sürətləndirəcək
və Azərbaycanın əsas ərazisi ilə
Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin
edəcək. Azərbaycan–Çin əməkdaşlığı
da ötən il uğurla davam edib. Dövlət
başçısı ikitərəfli ticarət dövriyyəsinin
4 milyard ABŞ dollarını keçdiyini, 20 faizdən
çox artım qeydə alındığını və
investisiya xarakterli müqavilələrin
imzalandığını açıqlayıb. Çin
şirkətləri Azərbaycanda bərpaolunan enerji sahəsinə
investisiyalar yatırır, günəş və külək
elektrik stansiyaları tikilir, elektrobusların
yığımı həyata keçirilir və gələcəkdə
lokallaşdırmanın artırılması
planlaşdırılır”.
Komitə sədri bildirib ki, Prezidentin müsahibəsində
sülh və təhlükəsizlik məsələlərinə
xüsusi diqqət yetirilməsi diqqətçəkəndir:
“Dövlət başçısı qeyd etdi ki, ‘Biz yeni
müharibəyə hazırlaşmırıq. Bizim
üçün müharibələr arxada qalıb”. Bu, yetkin
və məsuliyyətli dövlət təfəkkürünün
təzahürüdür. Güclü ordu Azərbaycan
üçün təzyiq aləti deyil, sülhün təminatıdır.
Vətən müharibəsində qalib gəlmiş ölkənin
Prezidenti tərəfindən səsləndirilən bu fikirlər,
gücün, siyasi yetkinliyin və dinc həyatın dəyərinin
dərindən dərk edilməsinin göstəricisidir. Bu
sülhü qorumaq, müdafiə etmək və gələcək
nəsillərə ötürmək dövlətin strateji vəzifəsidir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (¹1).- S.4.