Azərbaycan və Türkiyə arasında yeni
saziş: qardaş ölkələrin enerji əməkdaşlığı
güclənir
Azərbaycan və Türkiyə iki qardaş ölkə
olaraq müxtəlif istiqamətlərdə güclü əməkdaşlığa
malikdir və zaman keçdikcə bu əməkdaşlıq
daha da irəliyə daşınır. Elə bir neçə
gün öncə Azərbaycan və Türkiyə arasında
15 il müddətinə təxminən 33 milyard kubmetr təbii
qazın tədarükünü nəzərdə tutan yeni qaz
sazişi imzalanıb.
Bu barədə Türkiyənin enerji və təbii
ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib. Saziş 2029-cu
ildə qüvvəyə minəcək və 2040-cı illərə
qədər davam edəcək. Sazişə görə
Abşeron yatağından ildə 2,25 milyard kubmetr təbii qaz
Bakı–Tbilisi–Ərzurum boru kəməri ilə Türkiyəyə
tədarük ediləcək.
“Xalq Cəbhəsi” sözügedən sazişin əhəmiyyəti
ilə bağlı millət vəkillərinin,
iqtisadçıların fikirlərini öyrənib.
“İki qardaş ölkənin enerji əməkdaşlığı
güclənəcək”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib
ki, Türkiyə və Azərbaycan arasında bağlanan yeni
qaz sazişi iki ölkə arasında strateji münasibətlərin
daha da dərinləşməsinə və eyni zamanda Azərbaycan
ilə Türkiyə arasında enerji əməkdaşlığının
gücləndirilməsinə imkan verəcək: “Türkiyə
Azərbaycandan enerji alan əsas ölkələrdən biridir
və Azərbaycanın mavi qazı hazırda 14 ölkəyə
nəql edilir. O cümlədən məhz TANAP vasitəsilə
Azərbaycanın mavi qazı Türkiyə bazarına
çıxarılır. Amma yeni anlaşmaya əsasən Azərbaycanın
Türkiyəyə ixracedici mavi qazın həcmini
artırması nəzərdə tutulur”.
“Azərbaycan qazının nəql imkanları
genişdir”
V.Bayramov əlavə edib ki, bu da nəticə
etibarı ilə Azərbaycanın Türkiyə
bazarındakı mövqeyinə və payına birbaşa təsir
göstərəcək: “Ona görə də enerji əməkdaşlığı
birmənalı şəkildə iki ölkə arasında
strateji münasibətlərin yeni bir mərhələyə qədəm
qoyduğunu bir daha təsdiq edir. Bu, ondan xəbər Azərbaycan
mavi qazının nəql imkanları kifayət qədər
genişdir. Xüsusən də Türkiyə bazarı
dayanıqlı bir bazardır. Çünki mavi qaza tələbin
yüksək olduğu bazarlardan biridir. Bu, bir tərəfdən
Türkiyənin enerji təhlükəsizliyinin güclənməsi,
digər tərəfdən isə Azərbaycan mavi
qazının qardaş ölkə bazarına daxil olmasına
imkan verəcək. Bu da hər iki ölkə
üçün də iqtisadi baxımdan faydalı hesab
olunur”.
“Türkiyə Avropaya qaz ixracı habına çevriləcək”
İqtisadi və Sosial Araşdırmalara Yardım
İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib ki, bu
sazişin imzalanması ölkəmizin qaz ixracını daha
da diversifikasiyalaşdıracaq: “Həmçinin Türkiyəni
Avropaya qaz ixracı habına çevirəcək. Türkiyə
qazı alaraq gələcəkdə Avropa ölkələrinə
də ixrac edə bilər. Bu baxımdan, sözsüz ki,
ölkəmizin qaz ixracı coğrafiyası da genişlənə
bilər. Buna gələcəkdə digər türk dövlətləri
də qoşula biləcək. Bu da qardaş Türkiyənin həm
qaz təminatını yaxşılaşdıracaq, həm də
Türkiyənin digər ölkələrə qaz
ixracını təmin edəcək və gəlirlərinə
təsir edəcək. Ölkəmiz bu istiqamətdə qaz
ixracatçısı kimi dünyada nüfuzunu artırır,
yerini, mövqeyini möhkəmləndirir, potensialını
yüksəldir”.
“İqtisadiyyatımız yeni gəlirlər əldə
edəcək”
E.Kərimli bildirib ki, digər tərəfdən gələcəkdə
qaz tranzitindən də əlavə tranzit haqları əldə
edəcək ki, bu da iqtisadiyyatımızın yeni gəlirlərin
əldə olunmasını təmin edəcək: “Hesab edirəm
ki, qaz ixracatımızın həm də həcm olaraq ilbəil
artırılması nəzərdə tutulur. Bu gün
dünyada tək qazın əldə edilməsi deyil, həm də
satışı məsələsi var ki, ölkəmiz də
addım-addım bu istiqamətdə geniş bazar münasibətləri,
xarici iqtisadi əlaqələr qurur və qazını
dünya bazarına sata bilir. Bu da qeyd etdiyim kimi xarici ticari əlaqələrimizin
və xarici ticarət dövriyyəmizin artmasına müsbət
təsir göstərir”.
“Ən böyük çəkiyə sahib ölkələrdən
biri...”
İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, 15
il müddətinə 33 milyard kubmetr həcmində qazın tədarük
olunmasını illərə böldükdə, əslində,
o qədər də böyük həcm deyil: “Onsuz da Azərbaycan
Türkiyəyə öz qazını ixrac edir və ixraclar
arasında ən böyük çəkiyə sahib olan
ölkələrdən biri məhz Türkiyədir. Bu
kontekstdə hansısa təəccüblü bir məqam
yoxdur. Qarşıdakı dönəmdə isə uzunmüddətli
bir dövrün olması daha çox Türkiyənin
sığortalı davranması anlamına gəlir. Ümumiyyətlə,
Azərbaycan tək Türkiyəyə qarşı deyil,
dünyanın bütün ölkələrinə
qarşı etibarlı tərəfdaş mövqeyi tutub.
Heç zaman öz resursundan və ondan olan
asılılıqdan müxtəlif məqsədlər
üçün istifadə etməyib. Türkiyə də
qardaş ölkə olduğundan bu söhbət, ümumiyyətlə,
müzakirə edilə bilməz”.
“Risk və maneə yoxdur”
E.Əmirov bu gün Azərbaycanın illik 50 milyard
kubmetrdən artıq qaz hasilat etdiyini bildirərək əlavə
edib ki, onun da yarıdan çoxu 25 milyard kubmetrdən artıq
ixrac olunur: “Yəni belə bir ortamda 25 milyard kubmetrdən
artıq qaz ixrac edən bir ölkə üçün təbii
ki, bu həcmdə ixracın da reallaşdırılması hər
hansısa bir risk və problem daşımır. Təbii ki,
risklər hər zaman var. Risklər boru kəməri ilə
bağlı, geosiyasi şoklarla bağlı, regionda hər
hansısa bir qaynar nöqtələrin yaranması ilə
bağlı ola bilər. Amma bu faktorlardan kənar ölkəmizin
öz öhdəliklərini yerinə yetirməsi
üçün hər hansısa bir risk və maneə
yoxdur”.
Prosesin Türkiyə üçün əhəmiyyəti
İqtisadçı diqqətə
çatdırıb ki, Türkiyə üçün bu
prosesin ən böyük əhəmiyyəti odur ki, Türkiyə
bilir ki, nə baş verirsə versin Azərbaycan qardaş,
etibarlı tərəfdaş olaraq fasiləsiz öz öhdəliyini
yerinə yetirəcək və Türkiyə də bununla
öz qaz idxal istiqamətində diversifikasiya prosesini daha da
möhkəmləndirəcək: “Azərbaycan
üçünsə qazı Türkiyəyə satdı,
Avropaya satdı, yəni kimə satdı o qədər də əhəmiyyətli
deyil. Azərbaycanın onsuz da qazı onun sata biləcəyi həcmdədir.
Hətta bu gün Azərbaycan mövcud qazından 2 dəfə
artıq hasilat həyata keçirə bilərsə belə
onu da asanlıqla sata bilər. Sadəcə həm qaz hasilat həcmləri
buna imkan vermir, eyni zamanda, qaz boru kəmərləri. Amma
mövcud hasilat həcmi və mövcud boru kəmərləri,
eyni zamanda, Azərbaycandan qaz istəyən tərəflər
hazırda balanslı şəkildə ölkənin qaz ixrac
prosesini uğurla həyata keçirməsinə imkan verir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (¹1).- S.5.