Moskvada Şahin Növrəslinin
konserti keçirilib
Rusiya paytaxtındakı İqor Butman Caz Klubunda azərbaycanlı
caz pianoçusu və bəstəkar, Əməkdar artist
Şahin Növrəslinin görkəmli musiqiçi, caz
muğamının banisi Vaqif Mustafazadənin 85 illiyinə həsr
olunmuş konserti keçirilib.
Konsert İqor Butman Caz Klubu və
Vadim Alxazov Mədəni və Sosial Layihələrin Dəstəklənməsi
və İnkişafı Fondu – “Forteforma” tərəfindən
Azərbaycanın Rusiyadakı səfirliyinin və Vaqif
Mustafazadə Xeyriyyə Fondunun dəstəyi ilə təşkil
olunub.
Moskva səhnəsi üçün xüsusi proqram
hazırlanıb. Ev-muzeyinin direktoru və Vaqif Mustafazadə
Xeyriyyə Fondunun İdarə Heyətinin sədri Afaq
Əliyeva qeyd edib ki, belə sənət axşamları
böyük musiqiçinin musiqi irsinin qorunması və
inkişaf etdirilməsi üçün xüsusilə
vacibdir. O əlavə edib ki, müasir ifaçılar Vaqif
Mustafazadənin yolunu davam etdirir, beynəlxalq səhnədə
yüksək qiymətləndirilən öz caz
üslublarını inkişaf etdirirlər. “Bu gün bu irsin ən
görkəmli davamçılarından biri olan Şahin
Növrəsli səhnədə həm öz əsərlərini,
həm də Vaqif Mustafazadənin musiqisini ifa edir. Məhz bu
unikal yanaşma beynəlxalq səviyyədə musiqiçilərimizə
olan marağı artırır və onlara Azərbaycanı
şöhrətləndirməyə imkan verir”, - deyə o
bildirib.
Öz növbəsində, Şahin Növrəsli
İqor Butman Caz Klubunda çıxış etməyin
böyük şərəf olduğunu vurğulayıb O,
tamaşaçıların hərarətli münasibətini
və konsertin anşlaqla keçməsini qeyd edərək
bildirib ki, bu, təkcə onun solo çıxışına
deyil, həm də əsərləri bir neçə
musiqiçi nəslinə dərin təsir göstərmiş
Vaqif Mustafazadəyə dərin hörmət əlamətidir.
Konsertdə Vaqif Mustafazadənin əsərləri, eləcə
də Şahin Növrəslinin muğam və improvizasiyaya əsaslanan,
milli ənənə ilə müasir caz düşüncəsini
mükəmməl şəkildə birləşdirən
orijinal əsərləri səsləndirilib.
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.16.