Ankarada Kərküklü yazıçının Azərbaycana həsr olunan kitablarının təqdmatı olub

 

  

Türkiyənin Qazi Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçinin Azərbaycana səfərləri əsasında yazdığı kitabların təqdmatı keçirilib.

Öllkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbrdə, Azərbaycanlı və İraqlı diplomatlar, Gazi Universitetinin rəhbər şəxsləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminin moderatoru Azərbaycan Dili Tədris Ocağının müəllimi Dr. Şəhla İbişova əvvəlcə İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində xidmətləri ilə tanınan Ş. Kuzəçinin, yaradıcılığı haqqında iştırakçılara məlumat verib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında araşdırmaçı, jurnalist və şair Şəmsəddin Küzəçinin Azərbaycan-İraq ədəbi əlaqələri, dostluq münasibətlərimizin inkişafında xidmətlərini haqqında danışaraq, onun fəaliyyətinin xalqlarımız arasında dostluq, qardaşlıq körpüsünün möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

“Şəmsəddin Kuzəçinin əsərlərində mənə ən çox təsir edən məqam, 1918-ci ildə Azərbaycanın köməyinə gələn Qafqaz İslam Ordusunun tərkibində savaşan yeddi İraqlı türkmanın ölkəmizin azadlığı uğrunda şəhid olmasıyla bağlı məlumatdır.

S.Abbasov Türk dünyası ailəsi arasında bu cür ortaq dəylərin, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğinin əhəmiyyətini qeyd edərək, Ş.Kuzəçinin əsərlərində Azərbaycanı Kərküklü türkmanlər üçün “mənəvi məkan” adlandırdığını, Azərbaycanla İraq arasındaki tarixi dostluq, ədəbi əlaqələrə diqqət çəkib.

Qazi Universiteti prorektoru, prof. Dr. Selami Candan, Türk dünyası Araşdırma və Uyğulama Mərkəzinin rəhbəri, professor, dr. Bülent Aksoy, Araştırmacı-Yazar, professor, dr. Hayrettin İvgin və başqa çıxışçılar Şəmsəttin Kuzəçinin " Azərbaycan Səyahətlərim" kitabının sadəcə bir səyahət gündəliyi deyil, qardaşlıq səfərinin nəticələrinin bədii salnaməsi olduğunu qeyd edərək, Türk dünyası ailəsinin zəngin mədəniyyəti, eyni dil, din, folklor, musiqi, ənənə yaxınlığının bu qardaşlıq münasibətlərinin bariz göstəricisi olduğunu söyləyiblər.

İraq Səfirliyinin ikinci katibi Usame Kemali tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçinin yaradıcılığı, Azərbaycana səfərləri əsasında yazdığı kitabların tanıdılmasında dəstək üçün təşəkkür çıxışı edərək, bu cür layihələrin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.

Tədbirə Azərbaycanda İraq-Türkman ədəbiyyatı üzrə tanınmış araşdırmaçı, professor Qəzənfər Paşayev canlı videobağlantı ilə çıxış edərək, Azərbaycan və İraq-Türkmanları arasında ədəbi-mədəni əlaqələrin qurulması, ədəbi fəaliyyətlərindən danışaraq, araşdırmaçı, yazar Şəmsəddin Kuzəçinin uzun illər xalqlarımız arasında dostluq və ədəbi əlaqələrə töhfə verən yaradıcılığından bəhs edib.

Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi öz çıxışında Azərbaycan səfərləri, qardaş Azərbaycanla mədəni-ədəbi əlaqələrdən danışıb. O, bildirib ki, İraq-türkman ədəbiyyatı ümumtürk ədəbiyyatının ayrılmaz tərkib hissəsidir.

Ş.Kuzəçi, türkmanların ədəbi-mədəni inkişafında mühüm rol oynayan şair və yazıçıların araşdırmaları, kitabları və tədqiqat məqalələrindən bəhs edib. “İraq-türkmanları xalqın mənəvi bütövlüyünü təmin edən zəngin folklor irsinə sahibdirlər. Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır”, deyən yazıçı, Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb.

O, ədəbi-mədəni əlaqələrə tövhə verəcək “Kərküktən Azərbaycana” adlı saytın da fəalyyətə başladığını qeyd edib.

 

Xalq Cəbhəsi .- 2026.-  15 yanvar (¹2).- S.16.