Əziz ADAM...
Axırıncı dəfə onunla illər öncə
görüşmüşdük. Onda saçı qapqara,
yaraşıqlı cavan idi. Dünən təsadüfən əlimə
düşən bu şəklinə baxıb xeyli dəyişdiyinin
şahidi oldum. Yaşı elə çox olmasa da
yavaş-yavaş ahıllığa doğru yol gedir...
Sabir Abdin həmişə mənə əziz adam olub.
Bildiyimə görə, doğmalığı da
çatır. Onun ata nənəsi ilə mənim atamın
babası qan qohumu olublar. Yazılı tərcüməyi
halı onu daha çox prokuror, hüquqşünas kimi təqdim
etsə də, əslində o, gözəl şairdir...
... Sabir Məzlumağa oğlu Abdinov 1962-ci ilin yanvar
ayının 16-da Bakı şəhərində anadan olub.
1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci
ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini
bitirib. İxtisasca hüquqşünasdır. Uzun illər
prokurorluq orqanlarında çalışıb. Yardımlı
rayon prokurorunun köməkçisi, Kürdəmir rayon
prokurorunun köməkçisi və böyük köməkçisi,
Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər
prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon
prokuroru, Baş prokurorluğun Müraciətlərə
baxılması idarəsinin prokuroru, Baş prokurorluğunun
Dövlət ittihamının müdafiəsi üzrə idarənin
Ağır cinayətlər məhkəmələrində
Dövlət ittihamının müdafiəsi üzrə
şöbəsinin prokuroru vəzifələrində işləyib.
Təqaüddə olan baş ədliyyə müşaviridir.
Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə
yetirilməsində göstərdiyi xidmətlərə
görə "Dövlət qulluğunda fərqlənməyə
görə" medalı ilə təltif olunub...
Bu, onun rəsmi tərcümeyi halı idi. Amma o, uzun
illərdir ki, bədii yaradıcılıqla məşğul
olur. İlk şeiri 1978-ci ildə Yardımlı rayonunda
çıxan "Yeni kənd" qəzetində dərc
edilib. Müxtəlif illərdə şeirləri müntəzəm
olaraq "Azərbaycan", "Ulduz", "Mütərcim",
"Kür-Araz", "Mingəçevir leysanı",
"Söz" jurnallarında, "Ədəbiyyat və incəsənət",
"Ədəbiyyat naminə", "525-ci qəzet",
"Ədalət", "Yeni Azərbaycan",
"Kredo", "İnam" və digər qazetlərdə,
habelə "Dağların söz xəzinəsi",
"Poeziya günü", "Qayalardan süzülən
söz” almanaxlarında dərc edilib...
Sabir Abdin bütün bunlardan əlavə "Demə,
mənə heç nə demə", "Qınamasın bu
yurd məni", "Mənə dəniz verin", "Sənə
məktublarım", "Sizsiz, sizinlə…"
kitablarının müəllifidir. Tanınmış bəstəkarlar
Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov,
Sahil Əliyev və başqaları tərəfindən 100-dən
çox şeirinə mahnılar bəstələnib. 2001-ci
ildə bəstəkar Nadir Əzimov tərəfindən
şeirlərinə yazılmış nəğmələrdən
ibarət "Dünyadan böyük sevgimiz" adlı audio
kaset və disk böyük tirajla müsiqisevərlərin
ixtiyarına verilib. Onun sözlərinə yazılmış
"Mənə dəniz verin", "Yağış istədim",
"Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin"
(ifaçı Qədir Qızılsəs), "Xəbərin
yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm,
getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq
yağışı" (ifaçı İlhamə Quliyeva),
"Bir gün" (ifaçı Mətanət İsgəndərli),
"Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu
axşam" (ifaçı Emin Nəsirli) və digər
mahnılar dillər əzbəridir...
Eşitdiyimə görə, Sabir hazırda Bakıda,
vəkil bürolarının birində vəkil kimi
çalışır. İnanıram ki, o, bu işində də
ləyaqətlə xalqa xidmət edir. Bəli, Sabir alayı
adamdır- xarizmatik, qürurlu, sözün deyən, ağayanə
kişilərdəndir. Yanvarın 16-sı Sabir Abdinin 64
yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir,
möhkəm can sağlığı, işində və
yaradıcılığında uğurlar arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(№2).- S.15.