Şəhidlik zirvəsindən
boylanan qəhrəman Sehran
23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi
kəndində dünyaya göz açan Sehran Vəliyev 44
günlük haqq savaşımızda minlərlə qeyrətli
oğul kimi Vətənini canından üstün tutdu. Belə
ki, 30 il yağıya əsir düşən
Qarabağımızın azadlığı naminə odlardan,
alovlardan keçərək son damla qanına qədər
yağıya qarşı döyüşdü. Öz şərəfli
ölümü ilə adını şanlı tariximizə
yazdı. Ölümündən sonra Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin sərəncamları ilə
təltif edilən "Vətən uğrunda",
Füzulinin və Qubadlının azadlığına görə
medalları isə Sehranın hünər dastanına daha bir
şərəf qatdı.
Keçdiyi rəşadətli döyüş yolunun
hər səhifəsi fədakarlıqla, mərdliklə,
qürur doğuran məqamlarla dolu olan Sehran Nizami oğlu Vəliyev
doğma Azərbaycana məhəbbət,
işğalçı erməni quldurlarına qarşı
nifrət hissi ilə yetkinlik yaşına çatır. Orta təhsilini
başa vurub Vətən torpağını qorumaq, ən əsası
mübarizliklə düşmənə qalib gəlmək
amalı onu 2011-ci ilin aprelində mərdlik-kişilik məktəbi
olan ordu sıralarına aparır. Dövlət Sərhəd
Xidmətində müqəddəs əsgəri borcunu şərəflə
yerinə yetirir. Hər işdə bacarığı, şəxsi
igidliyi və Vətənə olan dərin sevgisi əsgər
Sehrana hörmət qazandırır. Doğma yurduna,
torpağına əsl oğul olmağını göstərməklə
2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə
bitirib, başıuca doğma kəndinə qayıdır.
Qaldı ki, canına yağı dadanmış yurdunun çətin
günündə evdə heç cür qərar tutmur. Belə
bir vaxtda öz yerini yalnız cəbhə bölgəsində-
düşmənə qarşı döyüşdə
görür.
Sehran yenidən hərbiyə yazılır. Cəbhə
bölgəsində xidmətə başlayır. Bütün
hərbi təlimlərdə fərqlənir və
yağıdan alacağı öcə hazırlaşır.
İgidliyini, mərdliyini, dürüstlüyünü
görüb 2016-ci ildə ona gizir rütbəsi verilir. Sonra kəşfiyyat
manqasının komandiri kimi məsuliyyətli bir iş Sehrana
tapşırılır. Ürəyi Vətənlə
döyünən igid həm də Silahlı Qüvvələrin
təlim və tədris mərkəzində (TTM) iki aylıq
"fəaliyyət göstərən qoşun kəşfiyyatı
taqım komandirinin müavini-qrup komandiri" kursunu da mükəmməl
qaydada keçir. "N" saylı hərbi hissəyə təyinat
alır və kəşfiyyat manqasının komandiri olur. Hərbin
sirlərinə yüksək səviyyədə yiyələndikcə
ona inam da artır. Üç il nümunəvi xidmətdən
sonra Sehrana kəşfiyyat taqımının komandiri vəzifəsi
etibar olunur.
Nəhayət, 27 sentyabr 2020-ci ilin 27 sentyabrında Vətən,
torpaq uğrunda canından-qanından keçməyə
hazır olan Sehran illərlə ürəyində gəzdirdiyi
istəyinə çatır. Müharibənin ilk günü ən
qaynar nöqtələrdə gedən döyüşlərə
qatılır. Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki
ağır əməliyyatlarda xüsusi qəhrəmanlıq
göstərir. Düşmən üzərində
qazandığı qələbələrlə adı
iftixarla çəkilir. Oktyabrın 2-də Füzulidən
çıxıb Cəbrayıl istiqamətində yaxın təmasda
gedən ölüm-dirim savaşında 20-dən çox erməni
dığasını məhv etdikdən sonra özü də
hər kəsə qismət olmayan ən ali mərtəbəyə
yüksəlir.
Bəli, Azərbaycan, eləcə də dünya hərb
tarixində möhtəşəm yeri olan 44 günlük haqq
savaşımızda öz qan bahasına qələbəni
bizə bəxş edən qəhrəman Vətən
övladların ömrü əbədidir. Zəfər şəhidi
Sehran Vəliyev də belə...
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(№2).- S.15.