Bazarda süni
bahalaşma: alıcılar zərər görür
Son vaxtlar bazarda məhsulların qiymətində
qeyri-təbii artımlar müşahidə olunur ki, bu da həm
alıcılar, həm də ölkənin iqtisadi sabitliyi
üçün ciddi çağırışlar yaradır.
Xüsusilə tikinti və daşınmaz əmlak sektorunda
qiymətlərin süni şəkildə yüksəldilməsi
alıcılara əlavə maliyyə yükü gətirir,
bazarda rəqabət prinsiplərini pozur və yerli
istehsalçılar üçün çətinliklər
yaradır.
Ekspertlər qeyd edirlər ki, gömrük
yığımlarında edilən dəyişikliklər
qüvvəyə minməzdən əvvəl bəzi məhsullar
anbarda saxlanılır, sonradan isə baha qiymətə
satışa çıxarılır. Eyni zamanda, real olmayan
fakturalarla formal alqı-satqılar həyata keçirilir və
məhsullar süni şəkildə şirkətlər
arasında əl dəyişdirərək qiymət
şişirdilir. Bu cür halların qarşısının
alınmaması alıcılarda etimadsızlıq yaradır və
bazarın şəffaflığına mənfi təsir
göstərir.
Mütəxəssislər vurğulayırlar ki, bu
problemlərin həlli üçün yalnız bazar nəzarətinin
gücləndirilməsi kifayət etmir. Yerli istehsalın
inkişafı, vergi və sığorta güzəştlərinin
tətbiqi, sosial mənzil layihələrinin genişləndirilməsi
və ipoteka ilə uzunmüddətli kredit imkanlarının əlçatanlaşdırılması
qiymət artımının təsirini yumşalda bilər.
Eyni zamanda dövlət orqanlarının bazarda monitorinqi və
süni qiymət artımına qarşı dərhal
müdaxiləsi də vacibdir.
Belə yanaşmalar həm bazarda ədalətli qiymətlərin
qorunmasına, həm də alıcıların əlavə
maliyyə yükündən qorunmasına şərait yarada
bilər və iqtisadi sabitliyin təmin edilməsinə
töhfə verə bilər.
Qiymətlər niyə artır?
Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə
açıqlama verən İqtisadçı ekspert Günay
Hüseynova bildirib ki, gömrük yığımlarında dəyişikliklər
qüvvəyə minməzdən əvvəl bazarda süni
qiymət artımının və işbazlığın
qarşısının alınması daha məqsədəuyğun
olardı.
Onun sözlərinə görə, bəzi hallarda məhsullar
anbarda saxlanılaraq sonradan baha qiymətə satışa
çıxarılır, real olmayan fakturalarla formal
alqı-satqılar həyata keçirilir, eyni məhsul
müxtəlif şirkətlər arasında süni şəkildə
əl dəyişdirərək qiyməti şişirdilir: “Bu
cür halların qarşısının alınması
Dövlət Vergi Xidmətinin nəzarət mexanizmləri
çərçivəsində təmin edilməlidir.
Gömrük yığımlarının artması fonunda
tikinti bazarında qiymət artımının
qarşısını almaq real mexanizmlər baxımından
çətindir. “Tikinti sektorunda yüksək tələbat
var və mənzil bazarında qiymətlər davamlı olaraq
yüksəlir. Tələbat olduğu halda məhsulun qiymətinin
150 yox, 200 manat olması belə bazarda alıcının
olmasına mane olmur.Tətbiq olunan rüsumlar idxal məhsullarına
şamil edildiyi üçün əsas çıxış
yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu istiqamətdə
yerli istehsalçılar üçün vergi və
sığorta güzəştlərinin tətbiqi, eyni zamanda
sosial mənzil layihələrinin genişləndirilməsi
qiymət artımının təsirini qismən azalda bilər.
Alternativ bazarlara yönəlmənin isə real
çıxış yolu olmadığını deyən
G.Hüseynova əlavə edib ki, keyfiyyət amili və illərdir
formalaşmış ticarət əlaqələrindən
imtina sahibkarlar üçün asan deyil. İqtisadçı
ekspert hesab edir ki, hazırkı mərhələdə ən
real çıxış yolu ipoteka mexanizmlərinin və
uzunmüddətli kredit imkanlarının genişləndirilməsidir:
“Artan qiymətlər fonunda nağd ödənişlə
daşınmaz əmlak almaq çətinləşib. Bu
baxımdan yaxın dövrdə daha güzəştli ipoteka
və kredit şərtlərinin tətbiqi zəruri
görünür.”
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.14.