Mineral
razılaşması Ukrayna müharibəsini bitirəcək?
Rusiya-Ukrayna müharibəsi artıq uzun müddətdir
davam edir. ABŞ müharibəni bitirmək üçün
müxtəlif səylər göstərir. Bu çərçivədə
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Ukrayna ilə minerallar və
gəlirlər üzrə razılaşmanın Rusiya-Ukrayna
müharibəsini “bitirmək” məqsədini
daşıdığını qeyd edib.
Sözügedən razılaşma müharibəni
bitirə bilər?Sual ətrafında politoloqlar “Xalq Cəbhəsi”nə
danışıblar.“Burada Rusiyanın da marağı
olmalıdır”
Politoloq Oqtay Qasımov bildirib ki, ABŞ ilə Ukrayna
arasında nadir torpaq elementlərinin istismarı və gəlirlər
üzrə anlaşma əldə edilməsi, əlbət ki,
ABŞ-nin bu prosesdə daha aktiv iştirakı
üçün müəyyən stimul ola bilər: “Amma nəzərə
almaq lazımdır ki, Ukraynada savaşın bitməsi
yalnız ABŞ və Ukrayna tərəfindən asılı
deyil. Burada Rusiyanın da marağı olmalıdır. Bu
baxımdan əsas maneə məhz Rusiyanın işğal
siyasətini və savaşı davam etdirmək cəhdləridir.
Əlbəttə, ABŞ, Donald Tramp Rusiyaya daha ciddi təzyiqlər
edərsə, o zaman savaşın dayanma ehtimalı daha
yüksək ola bilər. Əks halda, bu proses davam edəcək”.
“Savaşın bitmə ehtimalı real
görünmür”
Politoloq əlavə edib ki, eyni zamanda, nəzərə
almaq lazımdır ki, Rusiya-Ukrayna savaşı yalnız iki tərəf
arasında deyil, həm də qlobal güclərin, yəni
ABŞ-nin və Çinin də mövqeyindən ciddi şəkildə
asılıdır: “O baxımdan yaxın dövr
üçün bu savaşın bitmə ehtimalı real
görünmür. Ən azı bu savaşın bitməsi
üçün aylarla vaxta ehtiyacı olduğu
düşünülür. Reallıq da belədir.
Çünki bir daha qeyd edirəm ki, Rusiyanın savaşı
dayandırması üçün həm ABŞ, həm də
Çin tərəfindən təzyiqlərin
artırılması vacibdir”.
“Bu, müharibənin taleyini birbaşa dəyişdirəcək
mexanizm deyil”
Politoloq Tural İsmayılov söyləyib ki,
ABŞ-Ukrayna mineral razılaşması müharibənin
taleyini birbaşa dəyişdirəcək mexanizm deyil: “Bu,
daha çox iqtisadi və geosiyasi alət kimi
görünür. ABŞ-nin Ukraynanın nadir torpaq elementləri
və strateji minerallarına marağı həm Ukraynanın
iqtisadi dayanıqlığını gücləndirmək, həm
də Qərbin texnoloji üstünlüyünü qorumaq məqsədi
daşıyır. Trampın bunu “müharibəni bitirmək”
vasitəsi kimi təqdim etməsi isə siyasi ritorikadır:
iqtisadi razılaşma münaqişənin əsas səbəbi
olan Rusiyanın işğal siyasətini aradan
qaldırmır”.
“Avropa İttifaqı üçün bu
razılaşma ikili məna daşıyır”
T.İsmayılov deyib ki, razılaşma Ukraynaya maliyyə
resursu qazandıraraq müharibəni davam etdirmək
gücünü artıra bilər, ABŞ-nin dəstəyini
davam etdirmək üçün motivasiya yarada bilər, lakin
bu, Moskvanın strateji hədəflərini dəyişdirmir:
“Əksinə, Rusiyanın gözündə Qərbin Ukrayna
resurslarını “ələ keçirməsi”
iddiasını gücləndirə bilər və Kremlin daxili
təbliğatına əlavə material verər. Avropa
İttifaqı üçün bu razılaşma ikili məna
daşıyır: bir tərəfdən Ukraynanın iqtisadi
güclənməsi müsbət görünür, digər tərəfdən
ABŞ-nin mineral maraqları Avropanın enerji və texnologiya
siyasəti ilə toqquşa bilər. Bu isə transatlantik həmrəyliyi
zəiflətmək riskini daşıyır”.
“Mineral razılaşması müharibəni bitirmək
üçün kifayət deyil”
Onun sözlərinə görə, nəticə
etibarilə, mineral razılaşması müharibəni bitirmək
üçün kifayət deyil: “O, yalnız Ukraynanın
iqtisadi gücünü artırmaq və ABŞ-nin
maraqlarını təmin etmək vasitəsidir. Müharibənin
sonu isə yalnız təhlükəsizlik zəmanətləri,
ərazi məsələlərinin həlli və Rusiyanın
işğal siyasətindən imtinası ilə
mümkündür”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.13.