Neft-qaz gəlirlərimiz...
Hesablama Palatası 2026-cı ildə neft və qaz
yataqlarından gözlənilən gəlirlərlə
bağlı proqnozlarını təqdim edib. Trend bu barədə
Hesablama Palatasına istinadən məlumat verir. 2026-cı ildə
Azərbaycan Respublikasının payına düşən
karbohidrogenlərin satışından əldə edilən
xalis gəlirlər 5 milyard ABŞ dolları və ya 8,551
milyard manat olması proqnozlaşdırılıb ki, bu da
2024-cü il faktiki icra göstəricisindən 2,9 milyard manat və
ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1,2 milyard manat və
ya 12,7% azdır.
Energetika Nazirliyinin məlumatlarına əsasən,
2025-ci ildə respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə
birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin,
3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron”
yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına
düşüb. Hesabat dövründə 23,1 milyon ton neft (qaz
kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20
milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon
tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, 2025-ci il ərzində xam neft
hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barrel),
kondensat hasilatı 13,5 min ton (111 min barrel) təşkil edib.
Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9
min ton (571 min barrel) olub. Ötən il ərzində neftin emalı
6,2 milyon ton təşkil edib.
2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii
qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin,
27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri
“Abşeron” yatağının, 7,9 milyard kubmetri isə
SOCAR-ın payına düşüb. Bu dövrdə qaz
ixracı 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard
kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən
TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5
milyard kubmetr isə Suriyaya ixrac edilib.
“Azəri-Çıraq-Günəşli” və
“Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar
2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz
kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil
edilib. “Azəri-Çıraq-Günəşli”dən 617,8
milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə
52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz
çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft,
191,2 milyard kubmetr qaz ixrac edilib.
Göründüyü kimi, 2025-ci ildə də Azərbaycanda
neft hasilatının həcmi azalamaqda davam edib. Neftin dünya
bazar qiymətlərinin də aşağı düşmsəi
“qara qızıl”dan gəlirlərimizin azalması ilə nəticələnir.
2026-cı ilin dövlət büdcəsinin gəlirlərində
neftin qiyməti 65 dollar nəzərdə tutulub. Hazırda qiymətlər
60 dollar ətrafında dəyişir. Proqnozlar isə heç
də ürəkaçan deyil.
2027-ci ildə dünya birjalarında neft qiymətləri
aşağı enəcək. Bu proqnozla ABŞ-ın
qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”
çıxış edib. “Goldman Sachs”a görə, 2027-ci ildə
“Brent” markalı xam neftin bir barelinin orta qiyməti 58 dollar,
“Light” markalı neftin qiyməti isə 54 dollar/barel olacaq. Bank
hər iki neft növü üçün qiymət proqnozunu 5
dollar/barel aşağı endirib. Bunda başqa, “Goldman Sachs”
2026-cı il üçün qiymət proqnozlarını dəyişdirməyib.
Cari ildə “Brent” neftinin orta qiymətinin 56 dollar/barel,
“Light”ın qiymətinin isə 52 dollar/barel olacağı
gözlənilir. İl ərzində neft bazarında gündəlik
2,3 milyon barel profisit yaranacağı
proqnozlaşdırılır. Banka görə, ABŞ,
Venesuela və Rusiyada artan tədarük səbəbindən
neft qiymətləri bu ilin son rübündə kəskin
aşağı düşəcək, sonra isə uzunmüddətli
və daha tədricən bərpa prosesinə keçəcək.
Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF)
büdcə gəlirləri xam neftin hasilat həcmi və ixrac
qiymətinin azalması, həmçinin gəlir mənbələrinin
daralması fonunda son beş il (2022–2026) ərzində ən
aşağı səviyyədə
proqnozlaşdırılıb. Trend bu barədə Hesablama
Palatasına istinadən xəbər verir. Bildirilib ki, fərman
layihəsinə əsasən, 2026-cı il üzrə Fondun
büdcə gəlirləri 13,032 milyard manat həcmində
proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin müvafiq
icra göstəricisindən 5 milyard manat və ya 27,8%, 2025-ci
ilin təsdiq olunmuş büdcə gəlirindən 1,420
milyard manat və ya 9,8%, gözlənilən icra göstəricisindən
isə 1,039 milyard manat və ya 7,4% azdır.
2026-cı il üçün Fondun büdcəsinin
baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti
növbəti il üçün 65 ABŞ dolları, qazın
Avropa Hub qiyməti 1000 kub metr üçün 440,0 ABŞ
dolları (BP tərəfindən təqdim edilən məlumata
əsasən), Azərbaycan manatının ABŞ dollarına
qarşı orta illik məzənnəsi dövlət büdcəsi
ilə eyni səviyyəsində götürülüb. Eyni
zamanda, Fondun 2022–2025-ci illər üzrə gəlir
proqnozları ilə müqayisədə 2026-cı il
üçün gəlirlərin həcmi həmin dövr ərzində
ən aşağı səviyyədə
proqnozlaşdırılıb.
Keçən ilin 9 ayı üzrə Fondun büdcə
gəlirlərinin 90,5%, büdcə xərclərinin isə
74,6% icra olunması, müvafiq tarixə xam neftin orta
satış qiymətinin (71,4 ABŞ dolları)
proqnozlaşdırılan (70 ABŞ dolları) məbləğdən
1,4 ABŞ dolları yuxarı olması, Fondun vəsaitlərinin
idarəedilməsindən gəlirlərin büdcədə nəzərdə
tutulandan (2036,6 mln. ABŞ dolları) 151,2% icra edilməsi ,
neft-qaz layihələrinin həyata keçirilməsi ilə
bağlı nəzərdə tutulmuş dividend məbləğinin
(396,2 mln. manat) daxil olmamasına baxmayaraq Fondun aktivlərinin dəyəri
cari ilin əvvəli ilə müqayisədə (60 031,4 mln.
ABŞ dolları) 16,9% artaraq 70,2 milyard ABŞ dollarına
(büdcədənkənar gəlirlər nəzərə
alınmaqla 10,1 milyard dollar) çatmasına şərait
yaratmışdır. Fondun gəlir və xərclərinin 9
aylıq icra göstəricilərinin yüksək olmasına
və xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə
tutulan proqnoz göstəricilərini üstələməsinə
baxmayaraq, Razılaşma Protokolu üzrə 209,4 mln. manat,
neft-qaz layihələrinin həyata keçirilməsi ilə
bağlı dividendlər üzrə 396,2 mln. manat vəsaitin
daxil olmaması, həmçinin tranzit gəlirlərinin
proqnozdan geri qalması nəticəsində Fondun 2025-ci ilin
sonuna gözlənilən ümumi daxilolmaları üzrə
381,3 mln. manat azalma proqnozlaşdırılıb.
Dünya bazarında hazırda əsas tendensiya təklifin
tələbı üstələməsi və qiymətlərin
aşağı meyilli olmasıdır. Qlobal neft təklifi
artmaqda davam edəcək. ABŞ, Braziliya, Kanada və digər
ölkələr istehsalı yüksəldirlər, OPEC+ isə
istehsal artımını saxlayıb bazarı stabilləşdirməyə
çalışır. Dünya Energetika Agentliyinin (IEA) və
Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozlarına
görə, tədarük 2026-da tələbatdan əhəmiyyətli
dərəcədə çox ola bilər.
Neftə tələbat iqtisadi artımın zəif
olması, yanacaq səmərəliliyinin artması və
elektrik avtomobillərinin yayılması ilə
aşağı düşür. Çin və digər Asiya
iqtisadiyyatlarında benzin və dizel tələbatının
genişlənməsi proqnozu əvvəlki illərlə
müqayisədə zəifləyib ki, bu da qlobal tələbat
artımına təsir edir. Geosiyasi risklər də var:
İran, Rusiya, Venesuela və Yaxın Şərqdəki
qeyri-sabitlik bazar qeyri-müəyyənliyini artırır və
qiymət volatilliyinə səbəb ola bilər. OPEC+ bəzi
dövrlərdə istehsal həcmini artırıb, 2026-da daha
konservativ mövqe sərgiləyərək əlavə
artımları dayandırıb. Bu bazar balansını qorumaq
cəhdidir, lakin təklif hələ də yüksəkdir.
Aşağı qiymətlər ABŞ-da qazma fəaliyyətinin
yavaşlaması ilə nəticələnə bilər, bu isə
2026-da istehsalın artımını məhdudlaşdıra
bilər.
Bəzi analitiklər 2026-da neft və qaz sektorunun digər
əsas əmtəələrdən (məsələn,
metallardan) daha zəif performans göstərə biləcəyini
proqnozlaşdırır. Davam edən enerji keçidi, emissiya
tələbləri və təmiz enerji investisiyaları neft və
qaz tələbatını uzun müddətdə azaltmağa
davam edə bilər.
2026-cı il üçün dünya neft və qaz
bazarında üstünlük hələ də təklifin
çox olması istiqamətindədir və bu, qiymətlərə
aşağı təzyiq yaradır. Tələbat
artımı struktur dəyişiklik, geosiyasi risklər və
enerji keçidi ilə bağlıdır. Təbii qaz
bazarında isə qiymətlər nisbətən sabit qalacaq və
LNG ixracı vacib rol oynayacaq. Bu proqnozlar iqtisadiyyatı neft-qaz
gəlirləri ilə birbaşa bağlı olan Azərbaycan
üçün də çox əhəmiyyətlidir. Bu, həm
makroiqtisadi, həm də sektorlar səviyyəsində
mühümdür. Çünki bütün bunlar ölkənin
neft gəlirlərini azalda bilər və büdcə gəlirlərini
təsir edə bilər. Bu durumun nəticəsi olaraq Azərbaycan
2026-da neft və qazdan əldə etdiyi ixrac gəlirlərinin
azalması gözlənilir. Belə bazar şəraitində
dövlət büdcəsinin və sosial xərclərin maliyyələşdirilməsi
üçün neft gəlirlərinin sabitliyi mühüm
amildir. Bununla belə, qlobal təbii qaz bazarında qiymət və
tələbatın nisbətən sabit qalması Azərbaycanın
üçün əlverişli perspektivlər yarada bilər.
Azərbaycan təbii qaz hasilatını artırmaqdadır. Bu
isə Avropa və digər regional bazarlara satış
imkanlarını genişləndirir və neftdən əldə
olunacaq gəlirlərin azalmasının bir hissəsini
kompensasiya edə bilər.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.12.