“Güc siyasəti
beynəlxalq hüququ kölgədə qoyur”
Əfsər Sadıqov: “Heç bir dövlət
öz milli qanunvericiliyinə istinad edərək beynəlxalq
öhdəliklərini poza bilməz”
“Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq hüququ
açıq şəkildə pozaraq müstəqil dövlətə
qarşı həyata keçirdiyi hərbi təcavüzü
özünün daxili hüquqi mexanizmləri ilə əsaslandırmağa
çalışması beynəlxalq hüquq baxımından
tamamilə qəbuledilməzdir”.
Bunu “Xalq Cəbhəsi”nə hüquq elmləri doktoru,
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Ümumi
Hüquq kafedrasının professoru Əfsər Sadıqov
deyib.
Professor qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hərbi
müdaxiləni “xüsusi hərbi əməliyyat” adı
altında təqdim etməsi beynəlxalq hüququn fundamental
prinsiplərinin – xüsusilə dövlətlərin
suverenliyi, ərazi bütövlüyü və gücdən
istifadə qadağası prinsiplərinin kobud şəkildə
pozulmasıdır: “Bir dövlətin başqa bir müstəqil
dövlətə qarşı silahlı təcavüzü
beynəlxalq hüquqda açıq şəkildə
qadağandır. Bu cür təcavüzün terminoloji
manipulyasiyalarla, yəni müharibə əvəzinə
xüsusi hərbi əməliyyat kimi təqdim edilməsi
hüquqi mahiyyəti dəyişmir və məsuliyyəti
aradan qaldırmır.
Hərbi təcavüzün daxili hüquq normaları
ilə “əsaslandırılması” beynəlxalq hüquq
sisteminə ciddi zərbədir. Beynəlxalq hüquq daxili
hüquqdan üstün hüquq sistemidir. Heç bir dövlət
öz milli qanunvericiliyinə istinad edərək beynəlxalq
öhdəliklərini poza bilməz. Əks halda bu, beynəlxalq
hüququn universal xarakterini inkar etmək deməkdir.
Alyaska görüşündən sonra Rusiya və
ABŞ arasında formalaşan siyasi dialoq və mümkün
razılaşmalar daha təhlükəli bir tendensiyanın
göstəricisidir.
Müşahidə olunan proses ondan ibarətdir ki,
böyük güclər öz qanunsuz regional
maraqlarını qarşılıqlı razılaşmalar
vasitəsilə leqallaşdırmağa
çalışırlar. Bu isə beynəlxalq hüquq
qaydasının mahiyyətini heçə endirir və güc
hüququnun yenidən legitimləşdirilməsi cəhdidir.
Belə yanaşma BMT Nizamnaməsinin ruhuna və məqsədlərinə
ziddir. Əgər beynəlxalq münasibətlərdə
hüquq deyil, siyasi razılaşmalar və güc balansı əsas
meyar kimi çıxış edərsə, bu, beynəlxalq
sistemin anarxiyaya sürüklənməsi deməkdir.
Xüsusilə kiçik və orta dövlətlər
üçün bu, ciddi təhlükələr yaradır”.
Professor əlavə edib ki, ABŞ-nin bu prosesdə
iştirakı Vaşinqtonun beynəlxalq hüquqa əsaslanan
dünya nizamı ilə bağlı illərdir səsləndirdiyi
mövqelərlə ciddi ziddiyyət təşkil edir: “Beynəlxalq
hüququ selektiv şəkildə tətbiq etmək olmaz.
Əks halda bu hüquq norma olmaqdan çıxaraq siyasi alətə
çevrilir. Beynəlxalq ictimaiyyət bu tendensiyaya
qarşı prinsipial mövqe ortaya qoymasa, beynəlxalq
hüququn normativ dəyəri sürətlə
aşınacaq”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.8.