Azərbaycandakı
dini tolerantlıq nümunələri başqa ölkələrin
məktəbinə çevrilir
Bütün tarixi dövrlərdə çoxmillətli
və çoxkonfessiyalı bir ölkə olan Azərbaycanın
tolerantlıq ənənələri Azərbaycan
multikulturalizminin səciyyəsidir. Azərbaycan
torpağını özünə məskən seçən
müxtəlif dilli tayfa və xalqlar bu ərazidə
qaynayıb-qarışmış, belə tarixi-siyasi-iqtisadi
proseslər ölkənin mürəkkəb etnik tərkibini və
mədəni simasını müəyyənləşdirib.
Dini tolerantlıq hüquqi əsaslara malikdir ki, burada vicdan və
dini etiqad azadlığı xüsusi yer tutur. Çünki,
dini dözümlülüyün inkişafı və
qorunması bu azadlıqların təmin olunması ilə
sıx şəkildə bağlıdır. Azərbaycan
Respublikasının Konstitusiyasına görə, hər kəsin
vicdan azadlığı vardır. Hər kəsin dinə
münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç
bir dinə etiqad etməmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq
hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi,
ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə,
sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna
bəraət qazandırmır. Heç kəs öz dini
etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasinin Qanununa görə, şəxsin dini
etiqadını ifadə etməsinə, ibadətlərdə,
dini ayin və mərasimlərdə iştirak etməsinə və
ya dini öyrənməsinə hər hansı maneə törədilə
bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq
etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə,
habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik
yaratmaq məqsədi ilə təbliğinə yol verilmir.
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların)
yayılması və təbliği qadağandır. Dini
ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər
üçün dinlərarası və dinlərdaxili fərqlərin
istifadəsinə yönəldilmiş fəaliyyət yolverilməzdir.
Dini tolerantlıq Azərbaycanda qədim tarixə
malikdir və Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan
ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün
dövrlərdə bu istiqamətdə nümunəvi ölkə
kimi özünü göstəribdir. Əsrlərboyu ölkəmizdə
bütün dinlərin, bütün etnik qrupların nümayəndələri
bir ailə kimi sülh, mehribanlıq, dostluq,
qarşılıqlı anlaşma şəraitində
yaşayıblar. Azərbaycan çoxkonfessiyalı,
çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz
bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu
inkişafın, sabitliyin bərqərar olması istiqamətində
atılmış bütün addımların arxasında dini
və milli dözümlülük, tolerantlıq və multikultural
dəyərlər dayanır”. Dini dözümlülük
xalqımızın milli-mənəvi sərvəti kimi, dini-mədəni
həmrəyliyin möhkəmlənməsində mühüm
rol oynayır. Tolerant mühitdə dini konfessiyalar arasında
qarşılıqlı əməkdaşlıq möhkəmlənir,
dini müxtəliflik qorunur və dinlərarası dialoq
inkişaf edir.
Azərbaycan əhalisinin tərkibi dini baxımdan zənginliyi
ilə seçilir. Dini tolerantlığa bağlılıq
xalqımızın milli-mənəvi dəyərlərindən
irəli gəlir və onun əsasında müxtəlif dinlərə
hörmətlə yanaşmaq ənənəsi
formalaşmışdır. Ölkə üzrə 970 dini
qurum qeydiyyatdan keçmişdir ki, onların 933-ü
İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8;
krişna – 1; bəhai – 2) təmayüllüdür. Respublika ərazisində
2253 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq, 748 pir və
ziyarətgah fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət
göstərən bütün dini konfessiyalara dövlət
qayğısı göstərilir.
Xatırladaq ki, yanvarın 7-də Prezident İlham
Əliyevin Sərəncam ilə Azərbaycanda dini qurumlara
ümumilikdə 6,3 mln. manat maliyyə yardımı göstərilib.
Sərəncamla dini qurumlara maliyyə yardımı
göstərmək üçün dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat
fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5
milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri
Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin
Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin
Bakı dini icmasına 400 min manat, Azərbaycan
Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini
qurumuna 400 min manat və Azərbaycan Respublikasının
Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər
qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi Dəyərlərin Təbliği
Fonduna 400 min manat ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni
təmin etmək tapşırılıb.
Mövzu ilə bağlı danışan
ilahiyyatçı Tural İrfan qəzetimizə deyib ki,
ölkədə dinlər və millətlərarası
tolerantlığın qorunması hər zaman prioritet təşkil
edən məsələlərdəndir. Bu yöndə mütəmadi
olaraq mühüm addımlar atılır. Dövlət - din
münasibətlərinin qorunması, inkişafı,
tolerantlıq mühitinin səmərəli şəkildə
davamiyyəti, mənəvi dəyərlərin
yaşadılması dövlət üçün
mühüm əhəmiyyət kəsb edir.
Tolerantlığın inkişafı üçün
müvafiq addımlar atılır, səmərəli işlər
görülür. Eyni zamanda ölkədə dini qurumların
səmərəli və sağlam fəaliyyəti
üçün hər il dövlət maliyyə
yardımı göstərir, Prezident bununla bağlı
müvafiq Sərəncam imzalayır: “Bu il də eyni qaydada yenə
mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi,
dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi,
dini maarifçilik işinin müasir tələblərə
uyğun aparılması, eyni zamanda mənəvi-əxlaqi dəyərlərin
təbliğinin gücləndirilməsi məqsədi dini
qurumlara maddi vəsait ayrılacaq. Hesab edirəm ki, bu bir
çox yöndən müsbət haldır. Dini qurumların,
dini konfessiyaların xarici təsirlərə düşməməsi,
asılı olmaması üçün fəaliyyət
göstərdiyi dövlətin yardımını alması
labüddür. Tolerantlığın inkişafı, dinlərarası
münasibətlərin, həmrəyliyin, harmoniyanın sağlam
formada yaşadılması naminə dini qurumlara dəstək
lazımdır. Eyni zamanda dövlət - din münasibətlərinin
yüksək səviyyədə təşkili,
inkişafı, mənəvi - əxlaqi dəyərlərin cəmiyyətə
faydalı aşılanması istiqamətində işlərin
görülməsi üçün də bu önəmlidir.
Dövlət başçısının dövlət - din
siyasəti dünyada nümunə olacaq nəticələr
verməkdədir. Artıq Azərbaycandakı dini
tolerantlıq nümunələri başqa ölkələrin
məktəbinə çevrilir, öyrənilir. Dinlər və
məzhəblərarası tolerantlıq, ümumbəşəri
- insani dəyərlər, humanizm, mənəvi - əxlaqi
irsimizin bəxş etdiyi ənənələrlə vəhdət
təşkil edərək müasir formatda bir nümunə
meydana gətirir. Bir çox yönlərdən dini qurumlara
göstərilən bu qayğı, diqqət, maddi dəstək
hesab edirəm ki, öz faydasını verir və gələcəkdə
də daha səmərəli işlərin görülməsinə
vəsilə olacaqdır. Ancaq gərək dini qurumlar da bu vəsaiti
səmərəli şəkildə istifadə etsinlər,
dövlətə xidmət etsinlər. Doğrudur, bu bir
yardımdır. Ölkədə din dövlətdən
ayrıdır. Ancaq dini konfessiyaların da borcudur ki, dövlətin
onlara yaratdığı münbit şəraiti, verdiyi önəmli
dəstəyi dəyərləndirsin. Dini qurumlar
xalqımızın vəhdətinə, həmrəyliyinə,
dəyərlərin yaşadılmasında xidmət etməlidir.
Multikultural dəyərlərin sınaqdan
çıxmış ənənələrini hər zaman
diri saxlamağa çalışmalı, tolerantlığımızın
dünyaya nümunə olan formatını daha da təkmilləşdirəcək
addımlar atmalıdır. Dinlər və məzhəblərarası
münasibətlərin sağlamlaşmasına, dilaloq
mühitinin davamiyyətinə, ümumilikdə dövlət -
din münasibətlərinin öz qaydasında
inkişafına çalışan dini qurumlar
üçün bu vəsaitin böyük rolu olduğunu
düşünürəm. Millətlərarası münasibətlər,
mədəni-mənəvi əlaqələr hər zamanki kimi
sıxdır və tolerantlıq şəraitində daha da
inkişaf etməkdədir”.
Millət vəkili Fazil Mustafanın fikrincə, Azərbaycanda
dini tolerantlıq məsələsində dövlət siyasəti
kifayət qədər aydındır və cəmiyyətin
böyük əksəriyyəti bu siyasətə uyğun
davranır. Bu yanaşma təkcə dövlətin mövqeyi
deyil, bilavasitə cəmiyyətin özündən qaynaqlanan
bir istəkdir. İnsanlar dini və milli zəmində
qarşıdurmaların yaşanmasını istəmir və
bu mövqe bundan sonra da sabit xətt olaraq qalacaq.
Onun sözlərinə görə, xaricdən idarə
olunan müəyyən elementlər mövcuddur ki, onlar dini və
milli tolerantlığa qarşı təbliğat aparmağa
çalışırlar. Lakin bu cəhdlər cəmiyyət
tərəfindən qəbul edilmir: “Dövlət həm dini,
həm də milli dəyərlərin qorunmasını, eyni
zamanda insanların inanc və vicdan azadlığı çərçivəsində
sərbəst yaşamasını təmin edir. Azərbaycanda
hər kəs öz dini inancını siyasiləşdirmədən
yaşaya bilər. Eyni zamanda, hər bir vətəndaş
milli kimliyinə aid olan mədəni komponentləri sərbəst
şəkildə mənimsəyə və yaşada bilər.
Dövlət bu prosesə müdaxilə etmir, lakin bu
mövzuları kənar qüvvələrin təsiri ilə
problemə çevirmək istəyənlər qanun
qarşısında cavabdeh olurlar və bundan sonra da olacaqlar”.
Deputat vurğulayıb ki, Azərbaycan bütöv və
bölünməz dövlətdir və dövlətin
bütün məsələlərə baxışı məhz
bu bütövlüyün qorunmasına yönəlib: “Bu
yanaşma eyni zamanda ölkədə dini və milli
tolerantlığın, eləcə də sağlam ictimai
münasibətlərin qorunması deməkdir”.
Cavid
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.9.