Sülh prosesinə
töhfə: etimad mühiti möhkəmlənərsə…
Azərbaycan və Ermənistan arasında sülh
prosesində irəliləyişlər əldə olunur. Azərbaycandan
Ermənistana neft ixracı da bu prosesə dəstək verən
səbəblərdən biridir. Belə ki, məlumatlara
görə, 2025-ci ilin sonundan Azərbaycandan Ermənistana neft
məhsullarının tədarükü başlayıb. Bu
proses davam etdirilərək bir neçə gün öncə
1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla,
ümumilikdə, 2 698 ton yük Biləcəri stansiyasından
Ermənistana göndərilib.
Həmçinin 979 ton Aİ-92 markalı avtomobil
yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri
stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Bu çərçivədə millət vəkilləri,
politoloqlar Ermənistana göndərilən yanacağın
sülh gündəliyinə təsiri haqqında fikirlərini
“Xalq Cəbhəsi”nə bölüşüblər.
“Neft məhsullarımızın Ermənistana
ixracı mühüm inkişafdır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov
deyib ki, Azərbaycanın neft məhsullarının Ermənistana
ixracı, iki ölkə arasında sülh gündəliyi
çərçivəsində baş tutan mühüm bir
inkişafdır: “Ümumiyyətlə, bu ticarət əlaqələrinin
normallaşması və regional inteqrasiyanın güclənməsi
istiqamətində atılan ilk addımdır.
İşğal dövründən bəri qadağan olan
tranzit daşımaların bərpası, normal münasibətlərə
doğru irəliləyişdir. Neft məhsullarının
tranziti, bölgədə iqtisadi əməkdaşlığın
və inteqrasiyanın genişlənməsinə xidmət edəcəkdir.
Xüsusilə neft məhsullarının Gürcüstan
üzərindən tranziti, Qafqazda nəqliyyat və logistika dəhlizlərinin
əhəmiyyətini artırır. Azərbaycan və Ermənistan
arasında uzun illər davam edən münaqişə
böyük etimad uçurumu yaratmışdı. Artıq
neft və neft məhsulları kimi strateji əhəmiyyətli
məhsulların ticarəti tərəflər arasında
siyasi sabitlik və etimad artıracaqdır.
Düşünürəm ki, bunun davamı olaraq Azərbaycan
qazının Ermənistana nəqli müzakirə ediləcək”.
“İlk növbədə iqtisadi əlaqələri bərpa
etməliyik”
Deputat həmçinin bildirib ki, digər tərəfdən
də Azərbaycandan neft və neft məhsullarının
idxalı Ermənistanda yanacağın qiymətini
ucuzlaşdıra bilər: “Elə qarşı tərəfdə
cəmiyyətin gözləntisi də budur. Bir sözlə, əgər
biz regionda sülh və sabitlik istəyiriksə, ilk növbədə
iqtisadi əlaqələri bərpa etməliyik, bunu da
yavaş-yavaş reallaşdırırıq. Çünki Ermənistanla
imzalanan hər hansı bir sənəd elə kağız
üzərində də qala bilər, amma bərpa olunmuş
iqtisadiyyat münasibətlər siyasi sabitlikdə hər zaman
daha faydalı olacaq”.
“Yanacaq təchizatı sülh gündəliyinə dəstək
verə bilər”
Liberal İqtisadçılar Mərkəzinin sədri
Akif Nəsirli söyləyib ki, Ermənistana göndərilən
yanacaq kontekstdən asılı olaraq sülh gündəliyinə
həm müsbət təsir göstərə bilər:
“Humanitar və iqtisadi ehtiyacların qarşılanmasına
yönəlmiş addım kimi təqdim edildikdə bu, gərginliyin
azalmasına, etimadın formalaşmasına və dialoq
üçün daha sakit mühitin yaranmasına töhfə
verə bilər. Xüsusən də enerji təminatının
sabitləşməsi sosial narahatlıqları azaldaraq siyasi
proseslərə diqqətin artmasına imkan yarada bilər”.
Onun bildirdiyinə görə, təsirin müsbət
olması üçün addımın humanitar xarakteri
açıq vurğulanmalı, beynəlxalq normalara uyğun və
şəffaf şəkildə icra olunmalı, paralel olaraq
siyasi dialoq və etimad quruculuğu tədbirləri ilə
müşayiət edilməlidir: “Bu şərtlər daxilində
yanacaq təchizatı sülh gündəliyinə dəstək
verən praktik vasitəyə çevrilə bilər”.
Mərhələli proses
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Şəbnəm Həsənova qeyd edib ki, Prezident
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində
səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan
münasibətlərində mövcud mərhələnin
mahiyyətini olduqca dəqiq və korrekt şəkildə ifadə
edir: “8 avqustdan bu yana elə də böyük zaman məsafəsi
keçməsə də, artıq praktik nəticələrin
mövcudluğu tərəflərin de-fakto sülh şəraitində
yaşadığını göstərir. Hazırda biz
sülhün nə demək olduğunu mərhələli
şəkildə öyrənirik. Uzun illər iki ölkə
və iki xalq arasında münasibətlər qopuq olub, etimad
isə faktiki olaraq mövcud deyildi. Bu vəziyyəti dəyişmək
üçün yalnız siyasi iradə kifayət etmirdi, eyni
zamanda, cəmiyyətlər arasında ilkin təmaslar, iqtisadi
münasibətlərin ilk nümunələri
formalaşmalı idi. SOCAR tərəfindən yerli mənşəli
neft məhsullarının ilk dəfə Ermənistana ixrac
edilməsi məhz bu mərhələli və təmkinli
yanaşmanın nəticəsidir. Bu prosesdə Ermənistanın
özəl sektorunun da iştirak etməsi təsadüfi deyil.
Dövlət və özəl tərəfdaşlığın
paralel şəkildə cəlb olunması son dərəcə
ağıllı və praqmatik yanaşmadır”.
Kommersiya xarakteri
Ş.Həsənovanın sözlərinə görə,
təsadüfi deyil ki, bundan sonra Ermənistanın baş
naziri Nikol Paşinyan məsələni yüksək qiymətləndirərək
Azərbaycan Prezidentinə təşəkkürünü
ifadə etdi: “Azərbaycanın neft məhsullarının Ermənistana
ixracı sırf kommersiya xarakteri daşıyır və bu,
heç bir halda Bakının prinsipial mövqeyinin
yumşalması kimi dəyərləndirilə bilməz.
Hazırda de-yure sülh müqaviləsi mövcud deyil və
onun imzalanması üçün Azərbaycanın şərtləri
bəllidir. Benzin və digər neft məhsulları heç
bir güzəşt olmadan, beynəlxalq bazar qiymətlərinə
uyğun şəkildə satılır. Burada imtiyazdan və
ya siyasi jestdən söhbət gedə bilməz. Azərbaycan
bu addımla həm enerji tədarükünü şaxələndirir,
həm də regionu iqtisadi mərkəzə çevirmə
strategiyasını davam etdirir. Ermənistanın illərdir bu
məhsullara ehtiyacı var idi. De-fakto sülh gündəliyi
çərçivəsində həyata keçirilən bu
ixrac hər iki tərəfə iqtisadi və siyasi dividendlər
qazandırır. Söhbət cəmiyyət üçün
həyati əhəmiyyət daşıyan ilkin tələbat
məhsullarından gedir”.
Politoloq hesab edir ki, bu proseslər, eyni zamanda, etimad
quruculuğuna xidmət edir və gələcəkdə
de-yure sülhün əldə olunmasına fundamental zəmin
yaradır:
“Bu addımlar iki dövlətin, iki xalqın və iki
cəmiyyətin iqtisadi mübadilədə nə qədər
uğurlu ola biləcəyini ölçən real meyardır.
De-yure sülh əldə edildikdən və digər regional
layihələr reallaşdıqdan sonra mövcud
razılaşmalara yenidən baxılması mümkün ola
bilər”.
İqtisadi əməkdaşlığın
inkişafı
Politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycandan
Ermənistana neft məhsullarının göndərilməsi
iki ölkə arasında iqtisadi əməkdaşlığın
inkişafına yönəlmiş mühüm
addımdır: “Bu proses etimad mühitinin yaradılması və
sülh müqaviləsinin imzalanması üçün zəruri
addımdır. Vaşinqtonda artıq sülh müqaviləsi
paraflanıb və növbəti mərhələ onun rəsmi
imzalanmasıdır. Lakin bu mərhələyə keçməzdən
əvvəl siyasi və iqtisadi əlaqələrin
normallaşması, etimadın formalaşması vacibdir.
Ekonomik addımlar siyasi etimadın güclənməsinə
xidmət edir. Ermənistan artıq Azərbaycan neftinin
ixracına başlayıb, paralel olaraq Azərbaycandan da Ermənistana
məhsulların göndərilməsi mümkündür”.
Z.Əmrəliyev qarşılıqlı ticarət
dövriyyəsinin formalaşdığını və
iqtisadi əlaqələrin inkişaf etdiyini bildirərək əlavə
edib ki, bu addım həm hökumətlər, həm də
xalqlar arasında münasibətlərin
yaxınlaşmasına kömək edəcək: “Bu proses
kommersiya xarakterli olsa da, sülhün əldə olunması
prosesinə də töhfə verir. Etimad mühiti
formalaşarsa, iki ölkə arasında daha geniş ticarət
əlaqələri qurula, fərqli sahələrdə əməkdaşlıq
imkanları inkişaf edə bilər. Hazırda Azərbaycan
neftini göndərir və yaxın gələcəkdə Ermənistandan
Azərbaycana məhsul ixracının da şahidi
olacağıq. Ermənistan mediasında bununla bağlı məlumatlar
artıq paylaşılır. Bu addımlar həm etimad
mühitinin yaradılmasına, həm də iki ölkə
arasında münasibətlərin normallaşmasına real dəstək
verir”.
Günel
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.6.