“Sülh sazişinə
qarşı real maneə qalmayacaq”
“Azərbaycan və Ermənistan arasında real sülh
gündəliyi mövcuddur və bu gündəlik üzrə
münasibətlərin normallaşdırılması istiqamətində
ciddi addımlar atılır”.
Bunu politoloq Elçin Xalidbəyli Xalqcebhesi.az-a
açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın
öz ərazisi vasitəsilə Ermənistana yüklərin
daşınmasına imkan yaratması, eləcə də rəsmi
Bakının siyasi iradə nümayiş etdirərək Ermənistana
enerji resurslarının satılması barədə qərar
qəbul etməsi mühüm etimad qurucu addımlardır:
“Artıq bir neçə ildir ki, neftlə yüklənmiş
Azərbaycan qatarları Ermənistana göndərilir. Bu, iki
ölkə arasında münasibətlərin
normallaşdırılması üçün kifayət qədər
əlverişli mühitin formalaşdığını
göstərir.Bütün bunlara baxmayaraq, yekun sülh
sazişinin imzalanması yolunda hələ də müəyyən
problemlər qalmaqdadır. Onun fikrincə, bu problemlərin
başında Rusiyanın Cənubi Qafqazdakı maraqları və
Moskvanın Ermənistan üzərində təsir mexanizmlərinin
müəyyən dərəcədə qorunub
saxlanılması dayanır. Düzdür, avqustun 8-də Azərbaycan,
ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə
əldə olunan anlaşmadan sonra Rusiyanın təsiri nisbətən
balanslaşdırılıb, hətta müəyyən mənada
zəiflədiyi də müşahidə olunur. Ancaq bu faktor hələ
də tam aradan qalxmayıb”.
Politoloqun sözlərinə görə, yekun sülh
sazişinin imzalanması üçün ümumilikdə
münbit şərait mövcuddur, lakin iki mühüm amil
prosesi həlledici şəkildə təsirləndirir:
“Bunlardan biri Ermənistanda keçiriləcək növbəti
parlament seçkiləridir. Rusiya bütün diqqətini bu
seçkilərə yönəldib və Paşinyan hakimiyyətinin
dəyişdirilməsinə çalışır. Əgər
Kreml buna nail olarsa, Azərbaycan və Ermənistan arasında
yekun sülh sazişinin imzalanması ciddi şəkildə əngəllənə
bilər. Çünki Rusiyaya bağlı siyasi şəbəkələrin
hakimiyyətə gətirilməsi Kremlin təlimatları ilə
idarə olunan yeni siyasi sistemin formalaşması deməkdir”.
Elçin Xalidbəyli əlavə edib ki, əgər
Paşinyan hakimiyyəti parlament seçkilərində
mövqeyini qoruya bilsə, bu halda ilin sonunadək Ermənistanda
referendumun keçirilməsi və konstitusiyaya dəyişiklik
edilərək Azərbaycana qarşı ərazi
iddialarından tam imtina olunması ehtimalı yaranacaq: “Bu
ssenari reallaşarsa, Azərbaycan və Ermənistan arasında
yekun sülh sazişinin imzalanması qarşısında
heç bir real maneə qalmayacaq. Məhz bu səbəbdən
Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin
olunması baxımından Ermənistanda mövcud hakimiyyətin
parlament seçkilərində qalib gəlməsi olduqca vacib və
həlledici amildir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.4.