“Su təminatı
üzrə aydın dövlət strategiyası mövcuddur”
Bakı şəhəri və Abşeron
yarımadasında su təchizatı, tullantı və
yağış sularının idarə olunması məsələləri
uzun illərdir ki, həm paytaxt sakinlərinin gündəlik həyatına
birbaşa təsir göstərən, həm də dövlət
qurumlarının diqqət mərkəzində olan əsas
problemlərdən biri kimi qalmaqdadır. Əhalinin
sayının artması, şəhərsalmanın sürətlənməsi,
yeni yaşayış komplekslərinin və sənaye obyektlərinin
inşası mövcud su infrastrukturuna əlavə yük
yaradır. Eyni zamanda, bəzi kommunikasiya xətlərinin
köhnəlməsi, sistemsiz urbanizasiya və iqlim dəyişiklikləri
fonunda intensiv yağıntıların artması Bakı və
Abşeron yarımadasında su təchizatı və drenaj
sistemlərində problemlərə yol açır.
Son illər xüsusilə güclü
yağışlardan sonra müşahidə edilən subasma
halları, küçə və yolların qısa müddətdə
istifadəyə yararsız hala düşməsi, bəzi
yaşayış massivlərində içməli su təminatında
yaranan fasilələr bu sahədə köklü və
kompleks yanaşmaya ehtiyac olduğunu bir daha ortaya qoyub. Bu
problemlərin aradan qaldırılması yalnız cari texniki tədbirlərlə
deyil, uzunmüddətli strateji planlaşdırma, müasir idarəetmə
mexanizmləri və mərhələli icra tələb edir.
Məhz bu reallıqlar fonunda Prezident İlham
Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və
Abşeron yarımadasında su təchizatı, tullantı və
yağış suları sistemlərinin təkmilləşdirilməsinə
dair Dövlət Proqramına həsr olunan müşavirə
su təsərrüfatı sahəsində yeni, sistemli və məqsədyönlü
mərhələnin başlandığını göstərir.
Dövlətin bu sahədə vahid yanaşma, konkret hədəflər
və aydın yol xəritəsi ilə hərəkət etməsi
mövcud problemlərin mərhələli şəkildə həll
ediləcəyinə və paytaxtın su infrastrukturunun
müasir tələblərə uyğun qurulacağına
dair ciddi gözləntilər formalaşdırır.
Bu barədə “Xalq Cəbhəsi”nə
açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Bakı şəhəri və Abşeron
yarımadasında su təchizatı, tullantı və
yağış suları sistemlərinin təkmilləşdirilməsinə
dair Dövlət Proqramına həsr olunan müşavirə
Azərbaycanda su ehtiyatlarının və su infrastrukturunun idarə
olunması istiqamətində tamamilə yeni mərhələnin
başlanğıcı kimi qiymətləndirilə bilər.
Aydın yol xəritəsi
Deputat qeyd edib ki, xüsusilə Bakı və
Abşeron yarımadasında su təchizatı ilə
bağlı problemlər uzun illərdir müzakirə
mövzusudur və müxtəlif mütəxəssislər,
qurumlar bu istiqamətdə fikirlər səsləndiriblər.
Lakin Prezident İlham Əliyevin son müşavirədə səsləndirdiyi
məsələlər problemin həm miqyasını, həm
də səbəblərini daha dəqiq və əhatəli
şəkildə ortaya qoyub: “Bu, dövlət
başçısının mövcud vəziyyətlə
bağlı dərin və sistemli məlumata malik olduğunu,
eyni zamanda məsələyə emosional deyil, təmkinli və
həllyönümlü yanaşdığını göstərir.
Su təsərrüfatı sahəsi həm maliyyə, həm
də texniki baxımdan mürəkkəb istiqamət olsa da,
Azərbaycan dövləti bu problemlərin həlli
üçün konkret plan və mexanizmlərə malikdir.
Cari Dövlət Proqramı da məhz bu sahədə dövlətin
aydın yol xəritəsinin mövcudluğunu təsdiqləyir.
Ötən dövrdə əldə olunan təcrübə bu
baxımdan mühüm əhəmiyyət daşıyır.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun
işğaldan azad olunmasından sonra su ehtiyatlarının səmərəli
istifadəsi sahəsində atılan addımlar, eləcə
də Bakının və Abşeron yarımadasının su
təminatı ilə bağlı görülən işlər
uğurlu nümunələrdir. Bu təcrübə qəbul
edilən Dövlət Proqramının da uğurla icra olunacağına
dair ciddi əsaslar yaradır.
Deputat qeyd edib ki, hazırda Azərbaycan dövləti
üçün su təsərrüfatı ilə
bağlı qaranlıq məqam yoxdur: “Su təchizatı
sistemlərinin modernləşdirilməsi, tullantı və
yağış sularının idarə olunması, eləcə
də Xəzər dənizinin duzlu suyunun
duzsuzlaşdırılması istiqamətində dövlətimizin
çox aydın və ardıcıl yol xəritəsi
mövcuddur”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.3.