Qafqazda tarixi proses:
sülh sazişi ilə bağlı yeni dövr
Hazırkı mərhələdə Azərbaycan və
Ermənistan arasında sülh gündəliyinin
formalaşması region üçün tarixi əhəmiyyət
kəsb edir. Vaşinqtonda əldə olunan tarixi
razılaşmalar, xarici işlər nazirlərinin sülh
sazişini paraflaması və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin
dayandırılması sülh prosesinin institusional əsaslarla
irəliləməsinə imkan yaradıb. Azərbaycanın
ardıcıl və prinsipial diplomatik siyasəti, həmçinin
beynəlxalq dəstək bu prosesi geridönməz xarakterə
çevirən mühüm amillərdəndir.
Eyni zamanda, Ermənistan daxilində revanşist və
anti-Azərbaycan qüvvələrin fəaliyyəti, Moskva və
Tehran kimi regional aktorların skeptik yanaşmaları, həmçinin
qlobal və regional geosiyasi dəyişikliklər sülh
prosesinə təsir göstərən kritik faktorlar kimi
qalır. Xüsusilə Zəngəzur dəhlizi və
TRİPP marşrutunun reallaşması, həm siyasi, həm də
iqtisadi cəhətdən regionun gələcək
inkişafını müəyyənləşdirəcək.
Bu fon Azərbaycan–Ermənistan sülh müqaviləsinin
yaxın dövrdə imzalanmasının perspektivlərini həm
şərtləndirir, həm də prosesin mürəkkəbliyini
ortaya qoyur.
Qafqazda sülh mərhələsi
Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi
elmlər doktoru Rizvan Nəbiyev “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, Azərbaycan hökuməti
sülh sazişini ədalətli, beynəlxalq hüquqa əsaslanan
və qarşılıqlı hörmət prinsiplərinə
söykənən siyasi-hüquqi sənəd kimi
görür.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistanın Baş naziri arasında
ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş
görüş Prezident Donald Trampın şahidliyi ilə
imzalanan Birgə Bəyannamə ilə sülh prosesinin
geridönməz xarakter aldığını açıq
şəkildə təsdiqlədi: “Birgə Bəyannamədə
ölkələr arasında sülhün təmin edilməsi
və gücləndirilməsinin vacibliyinin xüsusi
vurğulanması onu göstərir ki, tərəflər
artıq münaqişə mərhələsini geridə
qoyaraq institusional sülh mərhələsinə keçid
ediblər. 2025-ci il Azərbaycan–Ermənistan münasibətlərində
davamlı sülhün formalaşması baxımından həlledici
mərhələ kimi tarixə düşüb. 2025-ci ilin mart
ayında mətni tam razılaşdırılan “Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında
sülhün və dövlətlərarası münasibətlərin
təsis olunması haqqında Saziş avqustun 8-də
Vaşinqtonda paraflanıb. Onun sözlərinə görə,
eyni zamanda ATƏT-in Minsk Qrupunun və əlaqəli mexanizmlərin
fəaliyyətinin dayandırılması barədə qərar
münaqişənin beynəlxalq gündəlikdən
çıxarılmasının hüquqi-siyasi təsdiqi oldu.
Dekabrın 1-də ATƏT-in 57 üzv dövlətinin
qərarı ilə Ermənistan–Azərbaycan münaqişəsi
tarixin arxivinə göndərildi. Bu, Azərbaycanın 2020 və
2023-cü illərdə əldə etdiyi hərbi-siyasi nəticələrin
diplomatik masada beynəlxalq hüquq çərçivəsində
təsdiqlənməsi deməkdir.
2026-cı ildə sülh sazişinin imzalanması və
ratifikasiyası üçün Ermənistan
Konstitusiyasının preambulasından Azərbaycana
qarşı ərazi iddialarının
çıxarılması əsas şərt olaraq qalır.
Prezident Trampın şahidliyi ilə imzalanmış
Birgə Bəyannamədə bu məsələ açıq
şəkildə əksini tapıb və bu, Ermənistan
qarşısında konkret hüquqi öhdəlik
formalaşdırır”.
Rizvan Nəbiyev təhlükəsizlik müstəvisində
ən ciddi risklərin Ermənistan daxilində revanşist
meyllərlə bağlı olduğunu bildirib. Onun sözlərinə
görə, Azərbaycanın 44 günlük müharibədə
əldə etdiyi qələbə regionda güc
balansını köklü şəkildə dəyişib və
bu amil sülh prosesinin əsas təminatçılarından
biridir: “Bakının güclü mövqeyi potensial yeni hərbi
qarşıdurma riskini minimuma endirir. Bununla belə, Ermənistanda
bəzi siyasi qüvvələrin anti-Azərbaycan ritorikası
sülhün davamlılığına mənfi təsir
göstərə bilər. Rusiyanın Ukrayna müharibəsi
fonunda Cənubi Qafqazdakı rolunun zəifləməsi ABŞ
və Türkiyənin prosesdə fəallaşması
üçün yeni imkanlar yaradıb. Xüsusilə
Vaşinqtonda qəbul edilən razılaşmalar ABŞ-ın
regionda artan diplomatik təsirinin göstəricisidir.
Vaşinqton razılaşmaları Zəngəzur dəhlizi
və TRİPP marşrutunun reallaşdırılması
baxımından da strateji əhəmiyyət
daşıyır.
Bu layihələr regionun uzun illər davam edən nəqliyyat-tranzit
izolyasiyasını aradan qaldırmaqla yanaşı, Cənubi
Qafqazda sülhü iqtisadi əsaslarla möhkəmləndirən
real mexanizm rolunu oynayır”.
Deputat qeyd edib ki, Azərbaycan tərəfindən Ermənistana
münasibətdə ticarət və humanitar istiqamətdə
atılan addımlar etimad quruculuğu baxımından
mühüm əhəmiyyət daşıyır və
2026-cı ildə diplomatiyanın əsas vəzifəsi məhz
dayanıqlı sülhün hüquqi və siyasi cəhətdən
tam təsbit edilməsidir.
“Sülh müqaviləsi artıq real mərhələdədir”
Milli Məclisin deputatı Elman Nəsirov
vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında
sülh müqaviləsinin imzalanması heç vaxt indiki qədər
real və yaxın olmayıb: “Xüsusilə ötən ilin
avqustun 8-də Vaşinqtonda əldə olunan tarixi
razılaşmalar, eləcə də Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin sülh müqaviləsini
paraflaması bu proses üçün geniş imkanlar pəncərəsi
açıb.Mövcud dinamika fonunda 2026-cı ilin Cənubi
Qafqazda uzunmüddətli və dayanıqlı sülhün bərqərar
olduğu il kimi tarixə düşməsi tamamilə
mümkündür. Bu gün sülh üçün həm
siyasi iradə, həm də beynəlxalq dəstək
mövcuddur. Prosesin bu mərhələyə gəlib
çatması Azərbaycanın prinsipial və ardıcıl
siyasətinin nəticəsidir. Buna baxmayaraq, regionda gedən
geosiyasi proseslər diqqətdən kənarda
saxlanılmamalıdır”.
Onun sözlərinə görə, Moskva və Tehran
Vaşinqton razılaşmalarına skeptik yanaşır və
müxtəlif yollarla sülh prosesini ləngitməyə
çalışırlar: “Xüsusilə Zəngəzur dəhlizi,
yaxud bəzi dairələrdə
adlandırıldığı kimi Tramp marşrutu məsələsində
Rusiya və İran açıq şəkildə sərt
mövqe nümayiş etdirir və bu prosesə mane olmağa cəhd
göstərirlər.Rusiyanın təbliğat
maşını bu istiqamətdə artıq aktiv fəaliyyətə
başlayıb. Kremlin əsas təbliğat ruporlarından
biri olan Vladimir Solovyovun son açıqlamaları bunu
açıq şəkildə sübut edir.Solovyov
açıq mətnlə bildirir ki, ABŞ Monro doktrinasına
əsaslanaraq Qərb yarımkürəsində hegemonluq edirsə,
Rusiya da postsovet məkanını öz eksklüziv təsir
zonası hesab etməlidir. Bu yanaşma beynəlxalq hüquqa və
müasir geosiyasi reallıqlara ziddir”.
Elman Nəsirov qeyd edib ki, bu cür bəyanatlar
Rusiyanın Cənubi Qafqazda baş verən son proseslərdən,
xüsusilə Zəngəzur dəhlizinin işə
düşməsi ilə bağlı Vaşinqtonda əldə
edilən razılaşmalardan ciddi narahatlığının
göstəricisidir. Deputat əlavə edib ki, Tehran da analoji
mövqedən çıxış edir və regionda
status-kvonun dəyişməz qalmasına
çalışır.
Hazırda İranın diqqəti daha çox daxili
problemlərə yönəlib. İranda dərin siyasi və
iqtisadi böhran yaşanır. Bu amil Tehranın regional proseslərə
real təsir imkanlarını xeyli məhdudlaşdırır.
Vaşinqton razılaşmalarının arxasında
ABŞ kimi qlobal gücün dayanması Zəngəzur dəhlizinin
reallaşmasını labüd edir. Bu, artıq
qarşısıalınmaz prosesdir. Zəngəzur dəhlizi
açılacaq, regionda yeni geosiyasi və iqtisadi reallıqlar
formalaşacaq. Bu, sadəcə zaman məsələsidir”.
Günelı Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.4.