İranda rejim dəyişir?
İran küçələrində dəhşət
yaşanır. Dekabrın sonundan başlayan aksiyalar davam edir və
son görüntülər narahatlığı daha da
artırır. Ekspertlər isə etirazların sosial-iqtisadi
narazılıq mərhələsini keçdiyini, ölkənin
siyasi gələcəyini müəyyən edəcək həlledici
fazaya daxil olduğunu deyirlər. Həmçinin
iğtişaşlar zamanı ölənlərin
sayının 2 mini keçdiyi bildirilib.
Baş verən bütün bu hadisələrin
İranda rejimi dəyişəcəyini önə sürənlər
də var.
“Xalq Cəbhəsi” İranda yaşananlarla
bağlı politoloqların fikirlərini öyrənib.
“Bu, geniş coğrafiya üçün narahatlıq
doğurur”
Politoloq Elman Telmanoğlu qeyd edib ki, İran İslam
Respublikasında son günlər müşahidə olunan
proseslər və baş verən hadisələr regionda siyasi
və təhlükəsizlik mühitinə birbaşa təsir
göstərən mühüm məqamlarla müşayiət
olunur: “Daxili sabitlik, ictimai asayiş və idarəetmə
mexanizmləri ətrafında yaranan gərginlik yalnız
İran cəmiyyəti üçün deyil, eyni zamanda,
Yaxın Şərq və Cənubi Qafqaz daxil olmaqla geniş
coğrafiya üçün narahatlıq doğurur”.
E.Telmanoğlu bildirib ki, baş verənlər bir daha
göstərir ki, sosial-iqtisadi problemlər, ictimai
narazılıqlar və siyasi dialoqun məhdudluğu
uzunmüddətli perspektivdə dövlətlər
üçün ciddi çağırışlara
çevrilir: “Hadisələrin zorakılıq müstəvisinə
keçməsi isə vəziyyəti daha da
ağırlaşdırır və regional sabitliyə risklər
yaradır. Beynəlxalq hüququn prinsiplərinə uyğun
olaraq, dövlətlərin daxili işlərinə müdaxilə
edilməməsi əsas şərt olmaqla yanaşı, insan
hüquqlarının qorunması, ictimai təhlükəsizliyin
təmin edilməsi və gərginliyin dialoq yolu ilə aradan
qaldırılması vacibdir. Mövcud vəziyyətin
eskalasiyası nə İran xalqının, nə də region
ölkələrinin maraqlarına cavab verir. Ümid edək
ki, İran ətrafında baş verən proseslər sülh,
sabitlik və qarşılıqlı anlaşma müstəvisində
həllini tapacaq, bölgədə yeni
qarşıdurmaların yaranmasına yol verilməyəcək”.
“Vəziyyət axarından çıxır”
Politoloq Samir Hümbətov İranda artıq vəziyyətin
axarından çıxmaqda olduğunu vurğulayıb:
“Problem ondadır ki, kütlələrə rəhbərlik
yoxdur. Aksiyalar spontan xarakterlidir. Bu spontan bir tərəfdən
İran hökumətini narahat edir. Ona görə ki, aksiyalar
bir neçə əraziyə daha geniş formada yayıla bilər.
Amma bir şey də var. İran hökuməti gözləyir
ki, müəyyən bir sakitlik yaransın. Lakin heç də
yaranacaq duruma oxşamır. Çünki Xameneinin ölkəni
tərk edəcəyi, Rusiyaya sığınacağı ilə
bağlı kəşfiyyat məlumatları yayılıb.
Digər tərəfdən isə etiraz aksiyaları daha da
qızışır”.
“Azərbaycanlılar aksiyalara çox geniş formada
qatılmırlar”
Politoloq bildirib ki, aksiyalara azərbaycanlılar
çox geniş formada qatılmırlar: “Bunun da səbəbi
bəllidir. Hökumətə prezident Məsud Pezeşkian rəhbərlik
edir. Bəlkə də ona görə azərbaycanlılar bir
az səbrlə davranırlar. Çox da dərinə getmirlər.
Amma hər halda hadisələrin gedişatını da
gözləyirlər. Orada həlledici qüvvə faktor olaraq
Azərbaycan türkləri iştirak edir. Ancaq hələki
onlar gərginliyə qoşulmurlar. Düşünürəm
ki, əgər İran hökuməti lazım olan
addımları atıb, üsyanları yatırmaq
üçün yox, sadəcə iqtisadi baxımdan
üsyançıların tələblərini həyata
keçirərsə, bəlkə də müəyyən
sakitlik yaratmaq olar”.
“İran dövləti parçalana bilər”
S.Hümbətov qeyd edib ki, azərbaycanlıların
qatılmamasının digər səbəbi odur ki, indiki
üsyanlar iqtisadi məsələlərlə başlayıb
siyasi faktora çevrilir və Pəhləvilərin hakimiyyətə
qayıdışı ilə bağlı tələblər səslənir:
“Bu da azərbaycanlıları qane etmir. O baxımdan
düşünürəm ki, azərbaycanlılar hələ
ki, gözləyir. İran dövləti qeyd edilən məsələləri
həll etməzsə, bu artıq gələcək
üçün çox ciddi problemə çevrilib İran
dövlətini nəinki molla rejimini devrilməsi, hətta
parçalanmaya qədər gedib çıxara biləcək
bir durum yarada bilər”.
“Hadisələr həlledici fazaya daxil olub”
Politoloq Turan Rzayev qeyd edib ki, İranda baş verən
hadisələr göstərir ki, etirazlar artıq təkcə
sosial-iqtisadi narazılıq mərhələsini keçərək
ölkənin siyasi gələcəyini müəyyən edəcək
həlledici fazaya daxil olub: “Xüsusilə Təbriz, Urmiya, Xoy,
Zəncan və digər güney şəhərlərində
kütləvi aksiyaların başlaması prosesin xarakterini dəyişdirib
və etirazların ideoloji xəttini tamamilə yenidən
formalaşdırıb. “Azadlıq, ədalət, milli hökumət”
kimi şüarların səslənməsi göstərir ki,
mərkəzi hakimiyyətin legitimliyi açıq formada
sorğulanır və etirazlarda milli kimlik faktoru əsas
ideoloji dayaqlardan birinə çevrilib. Təbriz
bazarının bağlanması isə vəziyyətin
ağırlığını daha da artırır,
çünki bazarın bağlanması həm tarixi
baxımdan siyasi mesaj sayılır, həm də etirazların
küçələrdən çıxıb iqtisadi həyatın
iflici mərhələsinə keçdiyini nümayiş
etdirir”.
“Pəhləvi tərəfdarları prosesləri
yönləndirməyə çalışır”
Onun sözlərinə görə, etirazların fars
bölgələrindəki aksiyalardan fərqli istiqamət
almasının əsas səbəblərindən biri Pəhləvi
tərəfdarlarının prosesləri yönləndirməyə
çalışmasıdır: “Fars mərkəzli müxalif
çevrələrin şahın oğlu ilə bağlı
şüarlar səsləndirməsi Güney Azərbaycanda
“hakimiyyət dəyişikliyi adı altında köhnə
farsçı sistemin bərpası” qorxusunu gücləndirib.
Bu səbəbdən güneylilərin aksiyaları həm
molla rejiminə, həm də Pəhləvi alternativinə
qarşı paralel reaksiyaya çevrilib”.
“Güney Azərbaycan prosesin həlledici siyasi aktoru
olacaq”
T.Rzayev deyib ki, hadisələrin inkişafı göstərir
ki, Güney Azərbaycan bundan sonra adi iştirakçı yox,
prosesin həlledici siyasi aktoru olacaq və yaranacaq yeni siyasi
düzən qarşısında muxtariyyət, ana dilində təhsil
və özünüidarəetmə kimi fundamental tələblərlə
çıxış edə biləcək. O əlavə edib
ki, bu reallıq İranın gələcək siyasi xəritəsinin
Güney Azərbaycan faktoru olmadan formalaşmasının
mümkünsüz olduğunu açıq şəkildə
ortaya qoyur.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.5.