“Bir var alın yazısı, biri də var özün
yazdıqların...”
Qarabağda döyüşlər başlayan gündən
dəfələrlə cəbhə bölgələrində,
səngərlərdə olub və torpaqlarımızı
qoruyan könüllülərə, ordu heyətinə mənəvi
dayaq durmağa çalışıb. 1988-1994-cü illərdə
Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan,
Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər,
Qazax, Tovuz və Gədəbəyə dəfələrlə
səfər edib. Şahidi olduğu hadisələr,
döyüşçülərin vəziyyəti, problemləri
ilə bağlı yazılarını, canlı
döyüş hekayətlərini çoxsaylı mətbu
orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan
yaralı əsgər və zabitlərimizə, şəhid
ailələrinə baş çəkib,
qayğılarını bölüşüb...
Deyir ki:- “Bir var alın yazısı, biri də var
özün yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə,
əzminlə, istəyinlə əldə etdiklərin,
qazandıqların. Və bunlar səni taleyini yenidən
yazmağa, dəyişməyə, başqa səmtə
yönləndirməyə, səni özün kimi var
olmağa kömək edir...”
Əməkdar jurnalist, yazıçı, alim Zemfira Məhərrəmli
yazır: “Onun imzasını və səsini ilk dəfə
radio dalğalarından dinlədim. Çox maraqlı və rəngarəng
müəllif verilişləri vardı.
Tanışlığımız isə Respublika Qadınlar Cəmiyyətində
oldu. Hər ikimiz ölkənin ictimai həyatında
iştirak edir, bu qurumun mətbuat xidmətində ictimai əsaslarla
fəaliyyət göstərirdik. Fəal qadınlarla bərabər
dəfələrlə ön cəbhədə
döyüşən hərbçilərimizə sovqat - ərzaq,
geyim əşyaları, müxtəlif gündəlik tələbat
malları aparırdıq. Onlarca şəhid ailəsini himayəyə
götürərək onların problemlərini əlaqədar
təşkilatlar qarşısında qaldırır və həllinə
nail olurduq. Müharibənin ağrı-acısını bu
günə qədər qəlbində daşıyan yüzlərlə
insanla, ailələrlə dostluq əlaqələrini davam
etdirir, nisgilli insanların xeyir-şərində yanlarında
olmağa çalışırıq. Qocalar və uşaq evlərinə,
internatlara, əqli zəif uşaqlara baş çəkərək,
onlara maddi və mənəvi dəstək olurduq. Bu, bizim birgə
fəaliyyətimizdən kiçik bir ştrixdir.”
Bəli, bugünkü söhbətimin qəhrəmanı
Əməkdar jurnalist Əntiqə Qonaqdır. O, Xaçmaz
rayonunun Maqsudkənd kəndində dünyaya gəlib.
1983-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsini, 2010-cu ildə isə Hüquq fakültəsinin
qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik
illərindən başlayaraq Azərbaycan Televiziya və Radio
Verilişləri Komitəsinin “Gənclik verilişləri
baş redaksiyası”nda müəllif proqramları ilə dinləyicilərin
və tamaşaçıların qarşısına
çıxıb. "Magistral" qəzetində korrektor,
müxbir, "Həyat" qəzetində baş müxbir,
"Biznes" qəzetində şöbə müdiri,
"Azərbaycan" qəzetində müxbir işləyib,
"Ana" müstəqil qadın qəzetinin təsisçisi
və baş redaktoru olub. 2001-2017-ci illərdə Azərbaycan
Respublikası Baş Prokurorluğu Hüquqi təminat və
informasiya idarəsinin mətbuat xidmətində
çalışıb...
Təbiətcə çox məsuliyyətli
adamdır. Maraqlandığı mövzunu diqqətlə
araşdırmasa sakitləşmir. Emosional və
çılğındır. Azadlığına məhdudiyyət
qoyulmasını xoşlamır. Xüsusi xarakterə malik
insandır. Olduqca qərarlıdır və əldə etmək
istədiklərinə mütləq sahib olur. Bu xüsusiyyətlərini
uzun müddət onu tanıyan dostları yaxşı bilirlər.
Hər kəslə yaxşı yola getməyi bacarır.
Mehriban və dostcanlıdır. Elə bu səbəbdən də
yaxınları, tanışları tərəfindən
çox sevilir...
Zemfira xanım Məhərrəmli onun haqqında daha
sonra deyir: “Əntiqə xanım həm də gözəl
dostdur, sadiq yoldaşdır, dərddaşdır, xeyirxah
insandır. Həmişə qarşısındakını
özündən öndə bilib, onun problemini, dərdini
özününküləşdirib. Buna görə də
çox vaxt öz çətinliklərini belə unudub.
Köməyə ehtiyacı olan insanların vaxtında
yanında olmaq, onlara bacardığı kimi yardım etmək,
qəlbindən keçən ən ülvi arzuları bildirmək.
Nə gözəlmiş, elə deyilmi? Əntiqə deyir ki,
bir qadın kimi, ailə qurmaq, təmənnasız sevgiylə
övladlarına bağlı ana olmaq bir borcdur. Bunlarla
yanaşı, həm də əsas olan cəmiyyətdə
tutduğun mövqe və sağlam düşüncənlə
dövlətinə və xalqına verdiyin xeyirdir.”
Cəmiyyətdə məntiqi davranışı ilə
tanınır. Heç kimin işinə, şəxsi həyatına
qarışmağı sevmir. Təbiiliyi sevir və bununla ətrafdakıları
özünə heyran etməyi bacarır. Çox səxavətlidir,
necə deyərlər, bəzən bədxərclik də
edir. Daxilində liderlik ruhu yaşadır. Bu ruhun sayəsində
bir çox işlərdə uğur qazanır. İş həyatına
gəldikdə isə yeniliklərə açıqdır.
Ümumi işlərdə bacarıqlı, nizamlı və
intizamlıdır. Xoşu gəlmədiyi insanlarla ünsiyyətdə
olmağı xoşlamır...
"Müharibələr həmişə dəhşətləriylə,
faciələriylə, səfalət və xarabalıqlarıyla,
ölüm və itkiləriylə,
ağrı-acılarıyla, viranəlikləriylə, ürəklərdə
açdığı əbədi yaraları ilə
müşaiyət olunub. Müharibənin canlı şahidi
olmaq normal yaşam alışqanlıqlarını bircə
anda unutmaq deməkdi. İllər boyu özün
üçün, doğmaların üçün
yaratdığın düzənin bircə anda pozulması deməkdi.
Canının bir parçası olan əzizlərinin bircə
anda, gözünün qarşısında məhv olması
deməkdi. Keçmişinin, bu gününün, gələcəyinin
bircə anda yox olması deməkdi. Arzularının, xəyallarının
alt-üst olması deməkdi. Havasızlıq deməkdi,
boğulma deməkdi, yaşaya-yaşaya ölmək deməkdi,
həm də ölmək istədiyində ölə bilməməkdi,
çarəsizlik, ümidsizlik… deməkdi."- söyləyir.
Yanvarın 21-i Əntiqə xanımın növbəti
ad günüdür. Bu münasibətlə onu təbrik edir,
möhkəm can sağlığı, yaradıcılıq uğurları
arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.15.