Dilini itirən xalq məhvə məhkumdur
Ey öz doğma dilində danışmağı ar
bilən,
Bunu iftixar bilən, modalı ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq vətən çörəyi, bir də ana
ürəyi
Sizlərə qənim olsun.
(Bəxtiyar Vahabzadə)
Bir vaxtlar rusca danışmayana dükanlardan
çörək belə verilməzdi. Bəlkə də
Sovetlər birliyi dağılmasaydı indi hamımızı
ruslaşdırmışdılar. Çünki elə bir
zaman yetişmişdi ki, millətin dirisi ilə rusca,
ölüsü ilə yalnız ərəbcə
"haqq-hesab" çəkilərdi. Dövlət idarələri
cəhənnəm, hətta dükan-bazarda rusca danışmaq
dəb halını almışdı. Şükür bundan
qurtulduq. Amma indi yeni bəlaya düçar oluruq deyəsən.
Son illərdə də ingiliscə danışmaq dəb
halın alıb. Xüsusən işəgötürmədə
əsas kriteriya ingilis dilin bilməkdir.
Teleməkanlarımızda isə qeyri-peşəkar
aparıcılar da dilimizi korlamaqla məşğuldurlar. Elə
nitq etiketlərindən istifadə edirlər ki, baş
aça bilmirsən. Restoran, bar, kafe, market adları, adi
reklamlar ucdantutma ingiliscə verilir. Bəxtiyar Vahabzadə
demiş,
Bir vaxt rusca idi, bütün reklamlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var
Bircə öz dilimiz yaramır bizə!
Unutmayaq ki, Şah İsmayıl Xətainin bizə
miras qoyduğu əmanətlərdən biri və ən
başlıcası dilimizdir. Dilimizin saflığını
qorumaq ümumxalq, hamının birgə işidir. Xalq
şairi Bəxtiyar Vahabzadə yazırdı:
Bu dil - bizim ruhumuz, eşqimiz. canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər
şeyi.
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ana dili hər bir xalqın varlığını təsdiq
edən başlıca amildir. Hər bir xalqın öz Ana dili
onun milli sərvəti, varlığının təsdiqi, həmçinin
milli kimliyidir. Millətin dili, əlifbası onun millət
olaraq formalaşmasında vacib şərtlərdən biri kimi
qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni
səviyyəsi, birinci növbədə onun Ana dilində
öz əksini tapır. Ana dili həm də çətin
tarixi-siyasi dövrlərdə millətin
varlığının yaşadılması üçün
əsas vasitələrdən də hesab olunur. Dilini itirən
xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan
dili xalqımızın milli sərvətidir. Tarix
yaşadıqca xalqımız bu sərvətin
qayğısına qalmalı və dilimiz gələcək nəsillərə
ötürülməlidir.
Malik Balaşov, publisist
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (№3).- S.15.