İnvestisiyalar və
gözləntilər...
Ölkə iqtisadiyyatına investisiya
qoyuluşlarında azalma müşahidə olunur ki, bu da diqqət
çəkməyə bilməz. Belə ki, AR Dövlət
Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci
ildə əsas kapitala 21,226 milyard manat məbləğində,
yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya
yönəldilib. Neft-qaz sektoruna investisiyaların həcmi 10,3
faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların
həcmi isə 3,9 faiz azalıb.
İstifadə olunmuş investisiyanın 10,972 milyard
manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə,
7,2 milyard manatı (33,8 faizi) xidmət sahələrinə, 3
milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin
tikintisinə sərf olunubş Əsas kapitala yönəldilmiş
investisiyaların 17 milyard manatını və ya 80,2 faizini
daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş
investisiyaların 16 milyard manatı və ya 75,5 faizi bilavasitə
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
yönəldilib.
Göründüyü kimi, həm neft-qaz, həm də
qeyri-neft sektoruna investisiyalar azalıb. Digər tərəfdən
daxili sərmayələr üstünlük təşkil edir,
xarici ölkə investorlarının ölkəyə cəlb
edilməsi öz aktuallığını saxlayır. Sənaye
istehsalında da azalma qeydə alınıb. Belə ki, sənaye
müəssisələri və bu sahədə fəaliyyət
göstərən fərdi sahibkarlar tərəfindən
2025-ci ildə 63,1 milyard manatlıq və ya 2024-cü illə
müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.
Neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, ancaq
qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb. Sənaye məhsulunun
59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda,
5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların
təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma
sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalmış,
əmtəəlik qaz hasilatı isə 0,7 faiz
artmışdır.
Neft-qaz sektoruna sərmayələrin azalması
başa düşüləndir, lakin ötən il qeyri-neft
sektorunda azalma narahatlıq doğurmaya bilməz. 2026-cı ildə
bu sektorda özəl sərmayə qoyuluşlarının
artacağına ümid etmək olar. Hər halda hökumət
müəyyən təşviq siyasəti həyata
keçirir. 2025-ci ildə investisiya forumlarında əldə
olunmuş razılaşmalar növbəti illərdə
müsbət dinamika yarada bilər. Belə ki, 22-23 sentyabr
tarixlərində Bakıda "Parçalanmış qlobal
iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin
gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10
milyard ABŞ dollarından çox olan investisiya layihələrinə
dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə
xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə
həyata keçirilməsi nəzərdə tutulan layihələrin
dəyəri 7 milyard ABŞ dollarından çoxdur.
Yüksək dəmir tərkibli isti briketləşdirilmiş
dəmir istehsalı birgə müəssisənin
yaradılmasına dair Sazişə əsasən ölkəmizə
təqribən 700 mln. ABŞ dolları dəyərində
xarici investisiya yatırılacaq. Sənəd “Daşkəsən
Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited”
investisiya şirkəti arasında imzalanıb.
Səudiyyə Ərəbistanının “ACWA Power”
şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması
zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi
və istismarına dair dəyəri 407 milyon ABŞ dolları
olan və xarici investisiya hesabına maliyyələşdirilən
Dövlət-Özəl Tərəfdaşlığı
Müqaviləsi imzalanıb. Bu layihə İqtisadiyyat Nazirliyi
tərəfindən dövlət-özəl tərəfdaşlığı
çərçivəsində ölkəmizdə icrası
nəzərdə tutulan ilk pilot layihədir.
İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb
Əmirliklərinin “Modon Holding”i arasında "Şəhər
daxilində şəhər" ("City within a City")
konsepsiyasının inkişafına dair Əməkdaşlıq
Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən
5 milyard ABŞ dolları təşkil edən konsepsiya
Böyükşor gölü ətrafında sağlamlıq,
ticarət, təhsil və mehmanxana obyektlərini əhatə
edən müasir sahilyanı zonanın yaradılmasını
nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə
Korporasiyası (IFC) arasında dövlət-özəl tərəfdaşlığı
sahəsində potensialın artırılması,
İqtisadiyyat Nazirliyi ilə “MAN Truck & Bus SE” və “Improtex
Trucks & Buses” şirkətləri arasında Azərbaycanda
elektrik avtobuslarının istehsalı, İqtisadiyyat
Nazirliyinin tabeliyində İqtisadi Zonaların
İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co”
şirkəti arasında Azərbaycanda “Yaşıl Enerji Sənaye
Parkı”nın yaradılmasına dair anlaşma
memorandumları, Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi - AZPROMO və Dünya İqtisadi Forumu arasında Assosiativ
Mərkəz Əməkdaşlıq Sazişi, Azərbaycan
Biznesinin İnkişafı Fondu (ABİF) və “Basalt Group” MMC
arasında “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə
İştirak Müqaviləsi, ABİF və “ARGS Holding” MMC
arasında “AzerFloat” QSC-nin nizamnamə kapitalına investisiya
qoyuluşuna dair Birgə İştirak Müqaviləsi, “EEL
electric” MMC və “ABB Group” arasında Modulyar Panel Sistemlərinin
Quraşdırılması üzrə Müqavilə
imzalanıb.
“See Breeze Resort” turizm zonası və “Crowne Plaza Hotels
& Resorts by IHG”, “MEAIT and Rixos”, “Radisson Blue”, “Digital Residence”,
“Sana Hospital Group”, “Don Agro Intl” kimi tərəfdaşlar
arasında imzalanan anlaşma memorandumları ümumilikdə
ölkəmizə 500 mln. ABŞ dolları xarici
investisiyanın cəlbini nəzərdə tutur.
Forum çərçivəsində imzalanan sənədlər
və əldə edilən razılaşmalar Azərbaycanın
xarici sərmayə üçün açıq və
dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr
və uzunmüddətli əməkdaşlıqlar
üçün etibarlı tərəfdaş olduğunu
nümayiş etdirir. Böyük miqyaslı sərmayələr
Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə
yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir,
dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda
yeni imkanlar açır.
Bu yaxınlarda Ağdərə rayonunun Canyataq kəndində
“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyətə
başlaması da qeyri-neft sektoruna özəl
investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir.
Kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı,
elektrik yarımstansiyası və digər tikililər daxildir.
Mədən və istehsalat üzrə ümumi sahəsi 929
hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında
yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə
15,3 milyon manat özəl investisiya yatırılıb. “Dəmirli”
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
dağ-mədən sənayesi üzrə işə
başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən
çıxarılan filiz emal ediləcək və son məhsul
- mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik
istehsal gücü 5,6 milyon ton filiz emalıdır.
1993-cü ildən Ermənistanın işğalı
altında olan “Dəmirli” mis yatağı 2013-cü il
mayın 13-dən etibarən təqribən 10 il ərzində
qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün
məlum olan 311 min ton çıxarılabilən mis
ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə
hasil edilib. Hazırda qalıq ehtiyatların ilkin istismar
dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə
Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində
konsentrat şəklində 85 min ton mis metalının
ixracı nəzərdə tutulur. Bununla belə,
qarşıdakı illərdə mədənin mis ehtiyatlarının
artırılması proqnozlaşdırılır. İlkin
geoloji kəşfiyyat məlumatlarına əsasən, burada
470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur.
Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat
proqramı nəticəsində bu ehtiyatların
çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.
Kompleksdə ilkin mərhələdə 980 nəfər
daimi işlə təmin olunub. Onlardan 260 nəfəri
keçmiş məcburi köçkün, o cümlədən
işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır.
Növbəti illərdə əksəriyyəti yerli
icmaları təmsil edən vətəndaşlar
üçün daimi iş yerlərinin sayının 1250-yə
çatdırılması planlaşdırılır. Mədəndə
hasilat Azərbaycan ərazisində bir sıra filiz
yataqlarının kəşfiyyatı, işlənilməsi və
hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə
ABŞ-ın “R.V. Investment Group Services” şirkəti
arasında 2024-cü ildə bağlanmış saziş
üzrə əməliyyat şirkəti “Azerbaijan International
Mining Company Limited” tərəfindən aparılır.
Bu layihənin icrası ölkəmizin qeyri-neft
sektorunda ixrac qabiliyyətinin artması, işğaldan azad
edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli
və qanuni istifadəsinin təmin olunması, dağ-mədən
sahəsinin müasirləşdirilməsi və şaxələndirilməsi,
bölgədə iqtisadi fəallığın
artırılması və yeni iş yerlərinin
yaradılması baxımından əhəmiyyətlidir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.12.