Suriyada yeni
reallıq: terror dönəmi bitir?
Son günlər Suriyada baş verən hərbi əməliyyatlar
regionda yeni bir reallıq yaradıb. Suriya ordusunun
apardığı uğurlu hücumlar nəticəsində
SDQ və PYD qüvvələri ciddi şəkildə zəifləyib,
nəzarət etdikləri ərazilər xeyli azalıb.
Xüsusilə Ərəb əşirətlərinin
yaşadığı bölgələrdə PYD
yaraqlılarının mövqeləri demək olar ki, tam
sıradan çıxarılıb.
Hazırkı proses tam xaotik şəraitdə getmir və
müəyyən nəzarət altında baş verir. ABŞ,
İsrail və digər xarici güclərin təsiri ilə
kürd qüvvələri müəyyən məhdudiyyətlərə
məhkum edilib. Bu isə göstərir ki, yaranmış vəziyyət
müvəqqəti pauza xarakteri daşıyır və gərginliyin
tam bitməsi hələ mümkün deyil.Bölgədəki
hərbi əməliyyatlar, manevrlər və diplomatik
gedişatlar Suriya ərazisində qarşıdurmanın davam
edə biləcəyini göstərir. Hələlik vəziyyət
tam sabitləşməyib və gələcəkdə regionda
baş verəcək hadisələr diqqətlə izlənilməlidir.
Suriyada yenidən gərgin vəziyyət
Politoloq Əli Mustafa “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, Suriyada son günlər
baş verən hərbi əməliyyatlar yeni bir reallıq
yaradıb.
Onun sözlərinə görə, Suriya ordusunun
apardığı uğurlu əməliyyatlar nəticəsində
SDQ və PYD terror qüvvələri ciddi şəkildə zəifləyib
və onların nəzarətində olan ərazilər xeyli
azalıb: “Xüsusilə Ərəb əşirətlərinin
yaşadığı bölgələrdə PYD
yaraqlıları demək olar ki, ciddi şəkildə təmizlənib.
Bu proses tam xaotik şəraitdə getmir, müəyyən nəzarət
altında baş verir. ABŞ səfirinin iştirakı ilə
Suriya və PYD qüvvələri arasında hər hansı rəsmi
uzlaşma olsa da, bu razılaşma tam deyil. Yeni şərtlər
PYD üçün məcburi olsa da, onların bunu qəbul
etməməsi və qarşıdurmaların davam etməsi
ehtimalı yüksəkdir. Müvəqqəti pauza ola bilər,
amma gərginliyin tam bitməsi hələ mümkün
görünmür. Yeni vəziyyəti həzm etmək PYD
yaraqlıları və tərəfdarları üçün
asan deyil. Suriya ordusunun gücü və əməliyyat
imkanları isə kifayət qədərdir. ABŞ və bəzi
Avropa ölkələrinin maraqları da prosesi təsir edir. Tərəflər
uzlaşmağa çalışacaq, amma bu asan olmayacaq.
Suriya ordusunun fəaliyyəti regionda yeni şərtlər
yaradıb və gələcək qarşıdurmaların
tamamilə dayandığını söyləmək hələ
tezdir”.
Regionda təhlükəli ssenarilər
Politoloq Tofiq Abbasov qeyd edib ki, son dövrlərdə
gündəmə gətirilən razılaşmalar real və
davamlı dəyişiklik vəd etmir və əslində
müvəqqəti xarakter daşıyır: “Bu
razılaşmaların heç vaxt münasibətlərdə
ciddi və müsbət dönüş yaradacaq gücü
olmayacaq. Proseslər əsasən İran zəminində gedir.
Terror qruplaşmalarına müəyyən ümidlər
verildi, lakin onların hədəflərinə çatması
mümkün olmadı. ABŞ, İsrail və Böyük
Britaniyanın kəşfiyyat strukturları bu qüvvələrdən
istifadə etməyə çalışsalar da, nəticə
əldə edə bilmədilər. Hazırda kürdlərə
yalnız Suriya hökuməti ilə müəyyən formada
barışıq imkanı tanınır. Qərb mərkəzləri,
xüsusilə ABŞ və London, Yaxın Şərqdə
kürd dövlətinin yaradılması ideyasından hələ
də əl çəkməyiblər. Bu planlar İsrailin
regional siyasətinin davamı kimi nəzərdə tutulur.
İsrail təkbaşına artan təzyiqlərə tab gətirməkdə
çətinlik çəkir və buna görə yeni bir
aktorun meydana çıxması zəruridir. Kürdlər isə
bu prosesdə alətə çevrilir, onlara reallıqdan uzaq vədlər
verilir. Mövcud şəraitdə isə kürd dövlətinin
yaradılması üçün heç bir real zəmin
yoxdur”.
Ankara və Tehrandan ortaq mövqe
Politoloq əlavə edib ki, region ölkələrinin,
xüsusilə Türkiyə və İranın təhlükəsizlik
strukturlarının əməkdaşlığı bu
planların qarşısını almaqda mühüm rol
oynayır: “İrana yerləşdirilən silahlı kürd
qruplaşmalarının qısa müddətdə zərərsizləşdirilməsi
göstərdi ki, Ankara və Tehran bu məsələdə
ortaq mövqedən çıxış edir. Bu, kənar
güclərin planlarına ciddi zərbə vurdu. Suriyanın
parçalanması və ərazisində bir neçə
kiçik dövlətin yaradılması planı hələ
də gündəmdədir. ABŞ, İsrail və
Böyük Britaniya Suriyanı unitar dövlət kimi görmək
istəmir. Məqsəd ölkəni bölmək və bu ərazilərdən
birində kürd dövləti yaratmaqdır. Bütün
bunlar Yaxın Şərqi daha böyük qarşıdurmalara
sürükləyə bilər. Vəziyyət son dərəcə
gərgindir və regionu alova çevirə biləcək
ssenarilər hələ də gündəmdədir. İranla
bağlı proseslər də paralel şəkildə davam
edir və regionda geosiyasi qarşıdurma mərhələli
şəkildə genişlənir”.
“Suriyada terror dövləti qurulur”
Politoloq Oqtay Qasımov diqqətə
çatdırıb ki, özünü “Suriya Demokratik Qüvvələri”
adlandıran, əslində isə PKK/PYD tərəfindən
formalaşdırılmış bu terror qruplaşması
Suriyada vətəndaş müharibəsi başladıqdan
sonra ölkə ərazilərinin təxminən üçdə
birini nəzarət altına alıb.
O qeyd edib ki, PKK/PYD-nin Suriyada bu qədər geniş ərazilərə
nəzarət etməsi onların öz imkanları hesabına
deyil, ABŞ, bir sıra Avropa ölkələri və
İsrailin uzunmüddətli və sistemli dəstəyi nəticəsində
mümkün olub: “2011-ci ildən bu günə qədər
PKK/PYD məhz ABŞ-nin verdiyi çoxşaxəli siyasi, hərbi
və maliyyə dəstəyi ilə Suriyanın ən bərəkətli
və ən zəngin torpaqlarını nəzarətdə
saxlayıb. Suriyada rejim dəyişikliyindən sonra ötən
ilin mart ayında Suriya müvəqqəti hökumətinin
başçısı Əhməd Şaara ilə SDQ-nin rəhbəri
Mazlum Abdi arasında anlaşma imzalanıb. Həmin
razılaşmaya əsasən, SDQ-nin silahlı qüvvələrinin
Suriya ordusuna inteqrasiya olunması və bu prosesin başa
çatdırılması nəzərdə tutulurdu. Lakin
PKK/PYD-nin bunu real şəkildə həyata keçirəcəyi
inandırıcı görünmürdü və məhz bu səbəbdən
proses uzandı”.
O, bildirib ki, aparılan danışıqlarda ABŞ
iki tərəf arasında vasitəçi rolunu oynayıb və
hazırda da bu prosesi yönləndirməyə
çalışır: “Mazlum Abdi açıq şəkildə
nəzarətləri altında olan ərazilərdən geri
çəkilməyəcəklərini bəyan edir. Eyni
zamanda Dəməşqə gedəcəyini və Suriya rəhbərliyi
ilə görüşlərin keçiriləcəyini
açıqlayır. Əhməd Şaaranın
imzaladığı son fərmanla SDQ üzvlərinin fərdi
qaydada Suriya ordusuna üzv ola bilməsi nəzərdə
tutulur. Bununla yanaşı, kürdlərə müəyyən
hüquqların tanınması, kürd dilinin istifadəsi və
Novruz bayramının Suriyada qeyd olunması ilə
bağlı qərarların verilməsi müsbət
addımlar kimi qiymətləndirilə bilər. Lakin
bütün bunlar Suriyanın unitar dövlət quruluşunun
qorunması məqsədi daşıyır”.
Oqtay Qasımov vurğulayıb ki, buna baxmayaraq,
PKK/PYD/SDQ-nin real qərarvermə mexanizmi öz əlində
deyil: “Bu qruplaşma ABŞ və İsraildən gələn
təlimatlara uyğun hərəkət edir. ABŞ bu prosesə
müsbət yanaşacağı təqdirdə PKK da buna
razı olacaq. Əks halda razılaşmaların pozulması
riski qalmaqdadır. Son dövrlərdə baş verən
proseslər Suriyanın ərazi bütövlüyü və
suverenliyi baxımından mühüm əhəmiyyət
daşıyır və bu ölkə üzərində
aparılan geosiyasi oyunların pozulmasına yönəlib.
Müəyyən ümidlər var ki, PKK ilə Suriya hökuməti
arasında müəyyən razılaşmalar əldə
oluna bilər. Lakin bu prosesin taleyi əsasən ABŞ-nin
mövqeyindən asılı olacaq”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.11.