Vətənpərvər gənclik: təhlükəsiz
gələcək
Gənclərin milli şüuru və vətənpərvərlik
hisslərinin formalaşdırılması hər bir cəmiyyətin
gələcəyi üçün prioritet məsələdir.
Bu prosesdə əsas rol ailəyə, məktəbə və
cəmiyyətə məxsusdur. Ailə uşağın ilkin
tərbiyəsini təmin edən, milli və mənəvi dəyərləri
aşılamaqla onun dünyagörüşünün və
şəxsiyyətinin formalaşmasında təməl rol
oynayan institutdur. Məktəb isə bu təməli sistemli
şəkildə inkişaf etdirir, tarix, ədəbiyyat və
vətənpərvərlik dərsləri vasitəsilə gənclərin
milli kimlik şüurunu möhkəmləndirir. Cəmiyyət
isə media, mədəniyyət, sosial layihələr və
ictimai təcrübə vasitəsilə gənclərin maarifləndirilməsi
və vətənpərvərlik ruhunun gücləndirilməsində
mühüm rol oynayır.
Bu üç əsas elementin birgə fəaliyyəti
nəticəsində gənclər yalnız sağlam ruhlu və
milli kimlikli deyil, həm də cəmiyyətə
bağlı, Vətən sevgisi ilə dolu vətəndaş
kimi formalaşır. Beləliklə, ailədə emosional əsaslar
üzərində qoyulmuş təməl, məktəbdə
intellektual təsir və cəmiyyətdə əldə olunan
təcrübə gənclərin milli şüuru və vətənpərvərlik
hissinin möhkəmlənməsini təmin edir.
“Gənclərin milli şüuru ailədə
formalaşır”
Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə
danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin üzvü, deputat Müşfiq Məmmədli
bildirib ki, gənclərin milli mənlik şüurunun möhkəmləndirilməsi,
öz mənsubiyyətini bilməsi və gələcək
şəxsiyyətinin formalaşması üçün ailə
və məktəb əsas bünövrəni təşkil
edir: “Bu prosesdə ilk və əsas rol anaya məxsusdur. Ana
uşağın tərbiyəsində və həyata
hazırlanmasında öncül mövqeyə malikdir.
Sağlam övladın böyüməsi, bədən və
ruh sağlamlığına diqqət yetirilməsi, milli və
mənəvi dəyərlərlə
tanışlığı şəxsiyyətin düzgün
formalaşması üçün vacibdir. Sonrakı mərhələdə
məktəb və cəmiyyət prosesləri
uşağın milli kimlikli şəxsiyyət kimi
inkişafında mühüm rol oynayır. Ailə və məktəb
arasındakı koordinasiya, müəllimlərin istiqamətləndirməsi
və dövlət proqramlarının tətbiqi
uşağın milli şüurunun möhkəmlənməsini
təmin edir. Eyni zamanda, cəmiyyətdə gedən proseslərin
izlənməsi və ailənin bu prosesi düzgün yönləndirməsi
də vacibdir. Bütün bunlar birlikdə gənclərin
milli ideallar əsasında yetişməsinə imkan
yaradır”.
Deputat vurğulayıb ki, yalnız ailə, məktəb
və cəmiyyətin uzlaşmış fəaliyyəti nəticəsində
gənclər sağlam ruhlu, milli kimlikli və vətənpərvər
şəxsiyyət kimi formalaşa bilər.
Milli kimlik – vətən sevgisinin təməli
Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib
ki, milli kimlik fərdin özünü müəyyən bir
millətə aid bilməsi, həmin millətin dili, tarixi, mədəniyyəti
və mənəvi dəyərləri ilə özünü
eyniləşdirməsidir. Milli kimlik həm fərdi, həm də
ictimai şüurun ayrılmaz tərkib hissəsi olmaqla, cəmiyyətin
bütövlüyünü və
davamlılığını təmin edir.
O qeyd edib kİ, milli kimlik insanın “mən kiməm?”
sualına verdiyi cavabda özünü göstərir və
onun formalaşması ailə, məktəb və cəmiyyətin
birgə fəaliyyəti ilə daha səmərəli olur:
“Milli kimlik aşağıdakı sahələrdə
özünü göstərir:
• Xalqın tarixi yaddaşının qorunması və
gələcək nəsillərə ötürülməsi
• Milli dəyərlərə hörmət və sədaqət
hissinin formalaşması
• Dövlətə və vətənə
bağlılığın güclənməsi
• Qloballaşma şəraitində milli kimliyin itirilməsinin
qarşısının alınması
Mehriban Vəliyeva vurğulayıb ki, böyük
türk dünyasının yazarı Çingiz Aytmatovun
yaratdığı “manqurt” obrazı milli kimliyini, tarixi
yaddaşını itirən toplumun faciəsini göstərir.
Yaddaşını itirən millətin varlığı sual
altına düşür. Azərbaycan xalqı isə bu faciəyə
məhkum olmayıb. Azərbaycan xalqının tarixi
yaddaşı əsrlər boyu işğallar,
soyqırımlar və deportasiyalar fonunda formalaşıb. Buna
baxmayaraq, xalqımızın milli kimliyi qorunub saxlanıb.
Analardan, nənələrdən gələn nağıllar,
laylalar, oğullarımızın igidliyi Azərbaycan
yaddaşını yaşadıb. Azərbaycan qadını
tarix boyu xalqımızın ‘Nayman anası’ olub və Vətən
sevgisini heç vaxt itirməyib”.
Deputat bildirib ki, ailədə milli dəyərlərin
aşılanması, məktəbdə tarix, ədəbiyyat və
vətənpərvərlik dərslərinin aparılması,
cəmiyyətdə isə sağlam ictimai mühitin
yaradılması gənc nəslin milli kimlik və vətənpərvərlik
şüurunun güclənməsində əsas amillərdir:
“Gənclərimizə milli kimliyi yaşatmaq, tariximizi və dəyərlərimizi
qorumaq bizim əsas vəzifəmizdir. Yalnız yaddaşı
canlı olan millət öz kimliyini itirməz və gələcəyə
ümidlə baxa bilər”.
Milli dəyərlərlə formalaşmaq
Deputat Könül Nurullayeva əlavə edib ki, cəmiyyətlərin
aparıcı qüvvəsi olan gənclərin maarifləndirilməsi
ən məsuliyyətli və təxirəsalınmaz vəzifələrdən
biridir: “Milli mənlik şüurunun formalaşmasında və
vətənpərvərlik hisslərinin gücləndirilməsində
ailə, məktəb və cəmiyyət əvəzsiz rol
oynayır. Milli dəyərlərimizə xas olan
anlayışlar ilk növbədə ailə mühitində mənimsənilir.
Gənclərin mənəviyyatı və
dünyagörüşü əsasən ailədə
formalaşır. Ailə təməl tərbiyə
ocağıdır və burada ana dili, milli dəyərlər,
adət-ənənələr və Vətənə
bağlılıq öyrədilir. Ailədə
aşılanan tərbiyə baza rolunu oynayaraq məktəb və
cəmiyyətin təsirini daha da gücləndirir”.
Könül Nurullayeva vurğulayıb ki, vətənpərvərlik
ruhunun inkişafında təhsil sistemi də mühüm rol
oynayır: “Elm və maarifçilik insan kamilliyinin əsas təminatıdır.
Təhsil, keçirilən tədbirlər, layihələr və
tədris olunan fənnlər milli şüurun və vətənpərvərlik
hissinin formalaşmasında sistemli təsir mexanizmi rolunu
oynayır. Amma maarifləndirmənin keyfiyyəti çox
önəmlidir. Qeyri-dəqiq, şablon təqdimatlar əks
effekt verə bilər, peşəkar və dəqiq maarifləndirmə
isə gənclərin təfəkkürünü inkişaf
etdirir. Cəmiyyət də bu prosesdə əhəmiyyətli
rol oynayır. Milli mənəvi dəyərlərin
qorunduğu cəmiyyətlərdə daha çox vətənpərvər
gənclər yetişir. Cəmiyyət media, mədəniyyət
və sosial layihələr vasitəsilə gənclərə
təsir göstərir və ictimai həmrəylik
formalaşdırır. Beləliklə, milli mənlik
şüuru və vətənpərvərlik hissi ailədə
emosional əsaslar üzərində, məktəbdə
intellektual təsir vasitəsilə, cəmiyyətdə isə
təcrübə ilə möhkəmlənir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.9.